Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib

01-10-2024 [ 16:08 ] [ oxunub:330 ]
printerA+ | A-
104858

Oktyabrın 1-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Elmi şuranın üzvləri, müəssisənin əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.

Şuranı giriş sözü ilə akademik İsa Həbibbəyli açıb və iclasın gündəliyi təsdiqlənib.

Əvvəlcə fəlsəfə elmləri doktoru, dosent Rahid Xəlilov və İbrahim Yusifoğlu 70, filologiya üzrə fəlsəfə doktoru, dosent Mahmizər Mehdibəyova, Elmira Bağırova və Maral Poladova 75 illik yubileyləri münasibətilə təltif olunublar.

Sonra akademik İsa Həbibbəyli Elmi şura adından Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Elnarə Akimovanı Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilməsi münasibətilə təbrik edib.

Elmi şuranın iclasında, həmçinin Ədəbiyyat İnstitutunun əməkdaşlarının müəllifi olduqları, eyni zamanda onların elmi redaktorluğu ilə respublikada işıq üzü görmüş nəşrlər nümayiş etdirilib.

Daha sonra akademik İsa Həbibbəyli Elmi şuranın üzvlərinə Prezident İlham Əliyevin və oğlu Heydər Əliyevin iştirakı ilə baş tutan Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılış mərasimi barədə məlumat verib.

Qeyd edib ki, Azərbaycan ictimaiyyətinin də iştirak etdiyi tədbirdə dövlət başçısı dərin məzmunlu nitq ilə çıxış edərək alimlərimiz qarşısında bir sıra vəzifələr qoyub, 97 yaşında öz torpağından köçməyə məcbur olmuş Aşıq Ələsgərin 100 yaşında yenidən öz yurduna qayıtmasını əyilməz ruha malik xalqımızın yenidən Qarabağa və Şərqi Zəngəzura qayıtması ilə əlaqələndirib.

Akademik İsa Həbibbəyli açılış mərasimində, həmçinin Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Məhərrəm Qasımlının da çıxış etdiyini deyib.

AMEA rəhbəri Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin yaradıcılığına verdiyi yüksək qiymətə görə Prezident İlham Əliyevə alimlərimiz adından dərin minnətdarlığını bildirib.

Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.

Müzakirəyə çıxarılan ilk məsələ Prezident İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq görülən işlər və qarşıda duran vəzifələr haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, Ədəbiyyat İnstitutunda Məhəmməd Füzulinin həyatı və yaradıcılığına dair misilsiz işlər görülüb, Füzulişünaslıq sektorunda ədiblə bağlı mühüm tədqiqatlar aparılıb, konfranslar keçirilib. Oktyabr ayında AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin təşkilatçılığı ilə Məhəmməd Füzuliyə həsr olunmuş konfransın keçiriləcəyini bildirib. Bundan əlavə, Türkiyənin Qazi Universiteti ilə birgə konfransın təşkil olunacağını söyləyib. Eyni zamanda dekabr ayında Kərkükdə Məhəmməd Füzuliyə həsr olunmuş konfransda AMEA-nın da təmsil olunacağını diqqətə çatdırıb. Həmçinin Azərbaycan alimlərinin Özbəkistanda və Qazaxıstanda Füzuli günləri tədbirlərində iştirak etdiklərini də vurğulayıb. Almaniyada Füzulinin 530 illiyinə həsr olunmuş poçt markasının da buraxıldığını diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli sözügedən Sərəncamdan irəli gələrək həm ölkəmizdə, həm Türk dünyasında, həm də Qərbdə Füzuli yaradıcılığının geniş təbliğ olunduğunu söyləyib.

İclasda, o cümlədən Prezident İlham Əliyevin 9 sentyabr 2024-cü il tarixli “Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq qarşıda duran vəzifələr haqqında da müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli dövlət başçısının Sərəncamında Nəbi Xəzrinin yaradıcılığına yüksək qiymət verildiyini bildirib. Qeyd edib ki, Ədəbiyyat İnstitutunda da Nəbi Xəzri yaradıcılığına dair elmi iş müdafiə olunaraq kitab ərsəyə gətirilib. Akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəbi Xəzrinin yaradıcılığına həsr olunmuş konfransın keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Daha sonra Bakı Ekspo Mərkəzində Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı müzakirələr aparılıb. Akademik İsa Həbibbəyli sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadiminin, 60 minə yaxın ziyarətçinin iştirakının gözlənildiyini, Türk dövlətlərinin hər birinin iştirak edəcəyini bildirib. Qeyd edib ki, sərgi çərçivəsində ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar keçiriləcək və gənclərin, doktorantların iştirakı onların gələcək fəaliyyətində faydalı ola bilər. Akademik İsa Həbibbəyli sərginin dünya ədəbiyyatşünaslığının istiqamətlərini müəyyənləşdirmək baxımından da önəmli olduğunu deyib, Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyasının da xüsusi stendlə iştirak edəcəyini bildirib, tapşırıqlarını verib.

Elmi şurada Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi Proses – 2024” yaradıcılıq müşavirəsinin məruzəçilərinin müəyyən edilməsinə dair məlumat verərək, mövzular üzrə müəlliflərin adlarını təqdim edib.

Həmçinin Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva 2024-cü il üçün elmlər doktorluğu və fəlsəfə doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olanların elmi rəhbərlərinin, dissertasiya mövzularının və təhkim olunduqları şöbələrin təsdiq edilməsi haqqında məlumat verib.

Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı dosentlik, çap və müsabiqə məsələləri ilə bağlı təklifləri qeyd edib, təkliflər səsə qoyularaq qəbul olunub.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR