Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-da elektron xidmətlərə həsr olunmuş müşavirə keçirilib

15-05-2024 [ 09:46 ] [ oxunub:199 ]
printerA+ | A-
104552

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sədrliyi ilə Akademiyada elektron xidmətlər sahəsində qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.

Müşavirəni giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın dünya elmi ilə rəqabət apara biləcək səviyyədə fəaliyyətini təşkil etmək və dünya elmi məkanına inteqrasiyasına nail olmaq üçün qısa müddətdə Akademiyada müvafiq işlərin görüldüyünü diqqətə çatdırıb. Akademiyada elektron xidmətlər sahəsində elektron sənəd dövriyyəsinin texniki təminatı və təhcizatı məsələlərinin həlli istiqamətində əhəmiyyətli addımların atıldığını vurğulayan akademik İsa Həbibbəyli AMEA-da elmmetrik göstəricilərin qiymətləndirilməsi, elektron resursların hazırlanması layihələri, həmçinin beynəlxalq elmi bazalarda alimlərimizin istinad göstəriciləri ilə bağlı məsələlərə də toxunub. Elmmetrik bazalarda AMEA əməkdaşlarının profilllərinin yaradılması işində əhəmiyyətli nəticələrin əldə olunduğunu deyən AMEA rəhbəri bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, artıq 3 elmi jurnal TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) DərgiPark  bazasına daxil edilib və həmin jurnallar TR Dizin reytinqli nəşrlər sırasında yer almaqdadır.

Akademik İsa Həbibbəyli AMEA-nın elmi bölmələri üzrə rəqəmsal inkişaf, süni intellektlə əlaqədar elmi problemlərin müəyyən edilməsi və davamlı işin qurulması üçün ixtisaslı mütəxəssislərin fəaliyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.

Tədbirdə AMEA-da keçiriləcək “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda konfransa hazırlıq məsələsi də müzakirə edilib.

“Akademiya süni intellekt sahəsində dünya təcrübəsini mənimsəməli, tətbiqi ilə bağlı işlərə başlamalıdır. Bu yöndə inkişaf bizim prioritetimizdir. Süni intellektin humanitar və ictimai elmlər sahəsinə, eləcə də idarəetməyə tətbiqi işində dünya təcrübəsini öyrənmək hədəfimizdir”, - deyə akademik İsa Həbibbəyli bildirib. 

AMEA rəhbəri bu istiqamətdə Milli Aviasiya Akademiyası ilə qarşılıqlı əməkdaşlıq məqsədilə Anlaşma Memorandumunun imzalanmasının nəzərdə tutulduğunu bildirib.

Akademik İsa Həbibbəyli hazırkı mərhələdə beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək, tərəfdaşlarla konkret layihələr üzərində işləmək, süni intellekt və rəqəmsal inkişafı prioritetə çevirmək, süni intellektin humanitar və ictimai elmlərə tətbiqi mexanizmlərini öyrənmək, robot texnologiyasını modernləşdirmək kimi məsələlərin də AMEA-nın diqqət mərkəzində olduğunu vurğulayıb.

Sonra müşavirədə AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin robot texnologiyaları sahəsində fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə edilib.

Tədbirdə “Elektron Akademiya” şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov “Elektron Akademiya” şöbəsinin fəaliyyət istiqamətləri və görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, ötən müddət ərzində elmi nəticələrini müasir səviyyədə tərtib etmək, elmmetrik bazalardan istifadə etməklə yüksək reytinqli jurnallarda çap olunmaq, elmi profillər yaratmaq və inkişaf etdirmək, son nəticədə öz elmi göstəricilərini populyarlaşdırmaq istiqamətində alim və mütəxəssislərlə görüşlərdə müvafiq tövsiyələr verilib.

Tədbirdə “Elektron Akademiya” şöbəsi tərəfindən hazırlanmış “Humanoid SUFİ” (Sözlərin Üniversal Funksionallıqla İşlənilməsi) adlı robotun təqdimatı olub. Şöbənin əməkdaşı, “Humanoid SUFİ” robotunu hazırlayan Anar Nəbiyev çıxış edərək robotun idarəetmə sistemi və bacarıqları barədə məlumatları bölüşüb. Robotun hərf, söz və cümlələri Azərbaycan dilində düzgün səsləndirmək, ünsiyyət zamanı uyğun hərəkətlər etmək, vizual təqdimat və məlumatları əlavə monitorda nümayiş etdirmək, məkanın radar və kameralar vasitəsilə xəritəsini çəkmək, keçə biləcək maneələri analiz etmək, insanları üz görünüşlərinə görə tanımaq, yaş və cinsi təsnifatlandırması, mövzulara maraqlılığın təsnifatlandırılması, müvafiq hesabatların hazırlanması və digər imkanlara malik olduğunu diqqətə çatdırıb.

Müşavirədə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent  Fərhad Quliyev, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov,  AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənov və başqaları çıxış edərək alim və mütəxəssislərin beynəlxalq elmi bazalarda fərdi profillərinin yaradılmasının əhəmiyyəti, onların rəqəmsallaşma və elektron xidmətlərdən istifadə fəallığı ilə bağlı imkanlarını genişləndirmək üçün təlimlərin təşkil edilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirdə Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarında elektron xidmətlər sahəsində çalışan alim və mütəxəssislər iştirak ediblər.

© www.science.gov.az

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR