Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-da “Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur” mövzusunda elmi konfrans keçirilib

16-02-2024 [ 10:59 ] [ oxunub:361 ]
printerA+ | A-
104263

Fevralın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur” mövzusunda elmi konfrans keçirilib.

Tədbir AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Özbəkistan elmi-ədəbi əlaqələrinin inkişafından danışıb, iki ölkənin tarixi köklərinin, mədəniyətinin, dilinin, ədəbiyyatının bir-birinə yaxın olduğunu bildirib. O, 10 ildən çoxdur ki, Akademiyada Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur yaradıcılığına həsr olunan birgə silsilə tədbirlərin keçirildiyini, AMEA-da özbək ədəbiyyatı klassiklərinin irsinin geniş tədqiq edildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli fevralın 14-də Milli Məclisdə baş tutmuş Prezident İlham Əliyevin andiçmə mərasimində dövlət başçısının Türk dünyası ilə Azərbaycan Respublikasının əlaqələri haqda irəli sürdüyü fikirləri xatırladıb. Qeyd edib ki, Prezident İlham Əliyev andiçmə mərasimində “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur. Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”, – deyərək Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərinin olduğunu və ölkəmizin siyasətinin Türk Dövlətləri Təşkilatını gücləndirməkdən ibarət olduğunu vurğulayıb.

Hazırda Türk Dövlətləri Təşkilatının öz coğrafiyasını genişləndirməkdə olduğunu söyləyən akademik İsa Həbibbəyli bu təşkilatın Ağsaqqallar Şurasının, Türk Universitetlər Birliyinin, Qadınlar Birliyinin yaradıldığını bildirib. O, Türk Dövlətləri Təşkilatının elmi heyətinin də yaxın gələcəkdə formalaşdırılmasının zəruriliyini qeyd edib.

Alim Özbəkistanla davam edən elmi əlaqələrin daha da inkişaf etdirilməsinin önəmini vurğulayaraq, Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda özbək ədəbiyyatının araşdırılması üçün Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin, həmçinin Əlişir Nəvai Ədəbiyyatşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bundan başqa, Əlyazmalar İnstitutunda yaradılan Türk əlyazmaları və Şərqşünaslıq İnstitutunda yaradılan Türk ölkələri ilə əlaqə şöbələrinin Türk dünyasının görkəmli nümayəndələrinin yaradıcılığının öyrənilməsinə xidmət göstərdiyini bildirib.

“Böyük dövlətçilik ənənəsi olan Özbəkistan dünyaya Əlişir Nəvai, Zahirəddin Məhəmməd Babur kimi görkəmli şəxsiyyətlər bəxş etmişdir”, - deyən AMEA prezidenti Baburun dünyaca məşhur “Baburnamə” əsərinin Özbəkistanın dövlətçilik prinsiplərini, dövlətçilik tarixini ədəbiyyat dili ilə ifadə edən nadir əsərlərdən olduğunu diqqətə çatdırıb. O, həmçinin Əlişir Nəvainin Xəmsəsinin·türk dilində yazılmış ilk Xəmsə əsəri kimi Türk dünyasına böyük töhfə verdiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli ölkə başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən bu il ölkəmizdə Füzulinin yubileyinin geniş şəkildə qeyd edildiyini deyib. Əlavə edib ki, Əlişir Nəvaini özünün müəllimi hesab etmiş Məhəmməd Füzuli onun yaradıcılığından ciddi dərəcədə təsirlənmişdi. Əlişir Nəvai təkcə özbək xalqının deyil, Türk dünyasının qüdrətli sənətkarıdır.

O, “Əlişir Nəvai və Zahirəddin Məhəmməd Babur” konfransını ortaq mədəniyyətimizi qiymətləndirməyə meydan açan əhəmiyyətli tədbir kimi səciyyələndirib, elmi konfransın işinə uğurlar arzulayıb.

Daha sonra AMEA rəhbəri 1926-cı ildə azərbaycanlı rəssam Əzim Əzimzadə tərəfindən çəkilən və yaxın günlərdə Əlyazmalar İnstitutunun fondundan tapılan Məhəmməd Füzulinin nadir fotosunu Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət Mərkəzinə hədiyyə edib.

Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov son illərdə Əlişir Nəvai və Zahiriddin Məhəmməd Baburun zəngin yaradıcılıq irsinin öyrənilməsi, onların ölməz əsərlərinin ölkəmizdə və xaricdə təbliği, xatirələrinin əbədiləşdirilməsi istiqamətində bir sıra işlərin görüldüyünü söyləyib. Bildirib ki, müstəqillik illərindən başlayaraq təkcə Özbəkistanda deyil, Fransa, Belçika, Yaponiya, Koreya, Rusiya, ABŞ, Almaniya, Qazaxıstan və Azərbaycanda Əlişir Nəvainin yaradıcılığına həsr olunmuş çoxsaylı beynəlxalq konfranslar keçirilməkdədir.

Səfir Bakı şəhərində Əlişir Nəvainin heykəlinin ucaldılmasını qardaş ölkənin özbək şairinin xatirəsinə ehtiramının ifadəsi olduğunu deyib. Vurğulayıb ki, Əlişir Nəvainin müəllimi Nizami Gəncəvinin heykəlinin Özbəkistanın paytaxtı Daşkənddə ucaldılması da iki ölkə arasındakı birlik və qardaşlıq əlaqələrinin möhkəmliyindən xəbər verir.

Bəhram Əşrəfxanov Zahiriddin Məhəmməd Baburun da dünya elminin və incəsənətinin inkişafına təsir edən böyük şəxsiyyətlərdən biri olduğunu bildirib: “Babur erkən yaşlarından o dövrdə bir sıra ölkələrin hökmdarları ilə sıx hərbi-siyasi əlaqələr təsis etmişdir. Onların arasında Azərbaycan xüsusi yer tutur və “Boburnoma”da Azərbaycanın adı dəfələrlə çəkilir”.

Çıxışının sonunda səfir konfransın iki qardaş ölkənin elmi-mədəni əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfransda AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli çıxış edərək Azərbaycan-Özbəkistan xalqının qədim və zəngin ədəbiyyat ənənələrinə malik olduğunu söyləyib. O, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Əlişir Nəvaini ən böyük sənətkarlardan biri hesab etdiyini bildirib. Həmçinin türk dövlətinin sərkərdəsi və şairi olmuş böyük tarixi şəxsiyyətlər Zahirəddin Məhəmməd Babur və Şah İsmayıl Xətainin münasibətlərindən danışıb.

Sonra Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Zahirəddin Məhəmməd Babur yaradıcılığında Əlişir Nəvai izləri” adlı məruzəsini təqdim edib.

Tədbirdə Özbəkistanlı alimlərdən - Daşkənd İctimai Elmlər Universitetinin professoru Sultanmurad Alim “Babur – nəvaişünas”, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin baş müəllimi filologiya elmləri doktoru Gülbahar Aşurova “Bir əsrin iki mütəfəkkiri: Nəvai və Babur”, Özbəkistan EA Ədəbiyyat, Dil və Folklor İnstitutunun direktor müavini professor Maqsud Asadov “Əlişir Nəvai yaradıcılığında “Təb” motivi” və Kokand Universitetinin professoru Zeba Qalibova “Siracəddin Səyyidin “Yüz ah Zahirəddin Məhəmməd Babur” dastanı haqqında” mövzusunda məruzələrlə çıxış ediblər.

Həmçinin Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevanın “Nəvainin fars divanında Nizami Gəncəvi poeziyasının ənənələri”, Füzulişünaslıq sektorunun müdiri filologiya elmləri doktoru Ataəmi Mirzəyevin “Azərbaycan lirik şeirində Nəvai təsirinin təzahür formaları”, Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Yelena Teyerin “Nizami Gəncəvi və Nəvainin “Leyli və Məcnun” poemalarında faciəvi eşq mövsuzu: müqayisəli elmi təhlil”, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Yaşar Qasımbəylinin “Nəvai “Xəmsə”sində bədii çevrilmə” adlı məruzələri dinlənilib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR