Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ulu Öndər Heydər Əliyev müstəqillik dövrü ədəbiyyatının memarı kimi - Tehran Əlişanoğlu

23-01-2023 [ 09:45 ] [ oxunub:109 ]
printerA+ | A-
103038

1990-cı ilin 20 yanvarı Azərbaycan cəmiyyətini silkədi, ictimai şüurda inqilab oldu. Qarabağ hadisələrinin yedəyində gələn Millət oyanışı pik həddinə çatdı. Bu həm də bütövlükdə sovet rejiminə qarşı köklənmiş 1960-1980-ci illər ədəbiyyatının pik və son həddi idi:

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Az bir zamanda (bütün 90-cı illər ərzində) böyük bir sıra yaradan İstiqlal və 20 yanvar ədəbiyyatı, şedevrlərindən kütləviliyinəcən, uzun bir dövrü (1960-1980-ciləri) əhatə edən Müqavimət və etiraz ədəbiyyatının son ifadəsi oldu:

 

Azadlığı istəmirəm

Zərrə-zərrə, qram-qram

Qolumdakı zəncirləri qıram gərək

Qıram! Qıram!

 

Etiraz ediləsi, müqavimət göstəriləsi rejim qalmamışdı. Müqavimət hərəkatının liderlərindən biri elə belə də deyirdi: "Demişdim ki, bu quruluş dağılacaq..."

Müstəqillik nəfəsi ədəbiyyata yeni hava, yeni tələbat, yeni tələblər gətirdi. Yağışdan sonra göbələklər kimi çoxlu manifestlər, ədəbi bəyanatlar, şüarlar səslənir, təzə-təzə ədəbi qruplar, estetik "-izm"lər peyda olurdu (bax: T.Mustafayinin "Ədəbiyyat söhbəti". Bakı, Alatoran, 2020, s. 12-34). "Köhnəsi" də, yeniSi də... - Ədəbiyyat alatorandan yollar axtarırdı. Çox vaxt "yeni"nin harada-necə-nədən gizləndiyini bilmək, ayırd etmək asan olmadığından, tez bir zamanda "köhnə"dən qurtulmaq, "xərabələri" üzərində bayram, şadyanalıq etmək həvəsləri daha böyük idi. Yeni "etirazçılar" köhnə rejimi yerində görməyib, kölgəsini qılınclayır, o cümlədən "sovetdənqalma" ədəbi təsisatları kor-koranə hədəfə götürürdülər. Hələ də oturduğu budağı bir anlıq unudaraq, Azərbaycan Yazıçılar Birliyini (AYB), hətta bu qurumun sükanı arxasına keçmiş məşhur "60-cılar"ı az qala daş-qalaq edəcəkmişlər. Bir anlıq unudulurdu ki, həmincə rejimin qəbir qazıyanlarından birisi elə 60-cılar olmuşdur. Unudulurdu ki, 60-cılar bu "sovetdənqalma" bastionu tamlıqda hələ təzəlikcə, 1987-ci ildə Anarın başa gəlməsi ilə ələ keçirmiş; rəsmən siyasi müstəqilliyimizdən də öncə (1991, mart) milliləşdirərək, "İttifaqdan" (Azərbaycan Yazıçılar İttifaqı) AYB-yə dəyişmişdilər. Unudulurdu ki, 1980-ci illər Qarabağ hadisələrinin arxasınca gələn böyük Müstəqillik hərəkatının beşiyi başında durmuş və durasılardan birisi elə AYB olmuş və bu bastion bizə hələ çox lazım olacaqmış.

Ən nəhayət, fərqində də deyildilər ki, "ədəbi yenilər" havada deyil, çox vaxt ədəbi iddialarını, bəyanatlarını, təzə "-izm" və müstəqillik sevdalarını elə AYB-nin təşəbbüsü ilə yaranmış, onun nəzdində yeni qurumlar - Azərbaycan Tərcümə Mərkəzi, ədəbi orqanları "Xəzər", "Yol" dərgilərində bəyan və əyan edir, bir növ yenə də AYB-yə söykənirdilər. Təsadüfi deyil ki, 1990-cıların ortalarında AYB, onun qurumları və ədəbi orqanları böhran və demək olar ki, çıxılmazlıq durumuna düşərkən, onu əvəz etmək, yerini tutmaq bəyanatları da birdən-birə səngidi, heç yoxmuş kimi ədəbi mühitdən sovrulub getdi. Ədəbiyyat gölünə sanki daş atıldı. Görünür, sütunları sökmək heç də hünər deyilmiş, təməlində yeniSini qurmaq çətinmiş. Dağılan onsuz da dağılmış, quruculuq zamanları gəlmişdi...

Ulu Öndər Heydər Əliyev iqtidara yenidən gəlişi ilə, ölkənin vəziyyətini 1993-cü il sentyabrın 20-də Akademiya binasında ziyalılarla görüşündə belə ifadə edirdi: "Baxmayaraq ki, indi respublika dağılmış vəziyyətdədir. Təəssüf ki, dənizdə qasırğanın dağıtdığı gəmini dalğalar sahilə atmışdır. Həmin gəmini yenidən tikmək, elə vəziyyətə salmaq lazımdır ki, bir daha dənizə çıxa bilsin. Bəlkə də mən səhv edirəm, lakin Azərbaycan indi təxminən belə vəziyyətdədir..." (Heydər Əliyev, Ədəbiyyatın yüksək borcu və amalı. Nitqlər, məruzələr, çıxışlar. Bakı, "Ozan", 1999, s.192; Heydər Əliyevdən bütün sitatlar bu mənbədəndir)

Ulu Öndər ədəbi ictimaiyyətlə sonrakı görüşlərində, o cümlədən 1997-ci ilin oktyabrında Azərbaycan yazıçılarının X qurultayı günlərindəki sıra çıxışlarında Ədəbiyyat dəryasında Azərbaycanı xilas edəcək "gəmi" missiyasında məhz AYB-ni - Azərbaycan Yazıçılar Birliyini gördü və dövlət başçısı kimi onu hərtərəfli dəstəklədi: "Mən hesab edirəm ki, Azərbaycanın Yazıçılar Birliyi bu altı il müddətində - keçən qurultaydan indiyə qədər çox iş görübdür. Yazıçılar Birliyini qoruyub saxlayıb, onun parçalanmasına, dağılmasına yol verməyibdir. Axı Yazıçılar Birliyi də böyük sınaqlardan keçib. Görürsünüz, bu altı ildə bizim Azərbaycanın başına nə işlər gəlibdir. Yazıçılar Birliyi də bütün imtahanlardan, sınaqlardan keçibdir. Ona görə də şəxsən mən belə hesab edirəm ki, bunu yüksək qiymətləndrmək lazımdır. Yazıçılar Birliyinə rəhbərlik edən şəxslərin fəaliyyətini yüksək qiymətləndirmək lazımdır..." (s.410)

Ulu Öndər Azərbaycan milli-ictimai və mədəni-mənəvi şüurunun inkişafında AYB-nin tarixi roluna önəm verdi, onu heç vəchlə itirməməyə çağırdı: "...Yazıçılar İttifaqının yaşamasında bir neçə nəsil öz xidmətlərini göstəribdir. Yazıçılar İttifaqı yazıçıların yaşaması, inkişaf etməsi, yaradıcılıqla məşğul olması üçün çox işlər görübdür... Mən bunu dünən də dedim, bizim keçmişdə yaranmış adət-ənənələrimiz çox gözəldir və biz onları itirməməliyik, saxlamalıyıq, onlardan bu gün də, gələcəkdə də istifadə etməliyik. "Keçmişdə nə vardı, hamısını pozmaq, yenidən yaratmaq lazımdır" kimi cılız fikirlər fəlakətdən başqa heç bir şey gətirə bilməz..." (s. 390)

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırladığı "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyində oxuyuruq: "1990-cı illərin ortaları üçün olduqca çətin durumda olan Azərbaycan Yazıçılar Birliyinə Heydər Əliyev Dövlət himayəsini bərpa etdi. Birliyin əsas nəşrləri - "Ədəbiyyat qəzeti" və "Azərbaycan" jurnalının dövlət hesabına çıxması təmin olundu. C.Məmmədquluzadə, H.Cavid, S.Vurğun, S.Rüstəm, R.Rza, İ.Əfəndiyev və b. XX əsr ədəbiyyatı korifeylərinin yubiley mərasimlərinin də təntənəli surətdə qeyd olunması ədəbiyyata ümumxalq sevgisinin qaytarılmasında böyük rol oynadı. Heydər Əliyevin klassiklərlə yanaşı, müasir yazıçıları da dəyərləndirməsi, B.Vahabzadə, X.R.Ulutürk kimi canlı klassiklərə xəstə ikən baş çəkməsi, qayğı göstərməsi, M.Araz, M.Dilbazi, Anar, Y.Səmədoğlu, M.İbrahimbəyov və b. yazıçıların yubileylərində iştirakı, Xalq yazıçısı fəxri adı, İstiqlal və Şöhrət ordenləri ilə təltif etməsi də ədəbiyyata diqqətin qayıtmasını nümayiş etdirirdi. Ümummilli liderin 1997-ci ilin oktyabr ayında keçirilən Azərbaycan Yazıçıları Birliyinin X qurultayında şəxsən iştirakı, qurultaydan qabaq Prezident İqamətgahında yazıçıların nümayəndələri ilə, həmçinin ədəbi gəncliklə səmimi görüşləri ədəbi ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratdı" (Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. İki cilddə. I cild. Bakı, "Elm və təhsil", 2016, s. 73)

Ulu Öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində Cəmiyyət həyatında Ədəbiyyata, sənətə son dərəcə önəm vermiş, böyük təsir gücündən milli tərəqqi naminə, dövlətçiliyin inkişafında daim faydalanmışdır. Dünyaşöhrətli klassiklərin - Nizami Gəncəvinin 840, İmadəddin Nəsiminin 600 illik yubileylərinin ümümxalq bayramı kimi, İttifaq və UNESKO səviyyəsində təşkili ənənəsini Ulu Öndər, ictimai-siyasi həyatdakı bütün çətinliklərə baxmayaraq, müstəqillik illərində də bərpa və davam etdirdi. Müstəqilliyin ilk onilliyində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin 1994-1996-cı illərdə Bakıda, Türkiyədə, İraqda, Moskvada, Parisdə, "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin 1997-2000-ci illərdə Bakıda, Türkiyədə, Drezdendə, Parisdə UNESKO səviyyəsində geniş qeyd olunması cəmiyyət quruculuğunda klassik dəyərlərə geniş yer verməklə yanaşı, mahiyyətcə həm də Azərbaycan ədəbiyyatı və mədəniyyətinin millli tarixi kontekstlərini dirçəltməyə yönəlmişdi.

Ulu Öndər deyirdi: "Doğrudur, tarixin cürbəcür mərhələlərində ədəbiyyatın çox güclü inkişaf dövrü də, süqut dövrü də olubdur. Biz enişli-yoxuşlu bir tarix keçmişik, ancaq ədəbiyyatımız yaşayıbdır. Əgər indi biz "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyini qeyd ediriksə və bunu bütün dünyaya bəyan ediriksə, demək, bizim bədii sözümüzün 1300 illik tarixi göz qabağındadır. Ədəbiyyatı, şeiri, bədii sözü yaradan insanlar, şübhəsiz ki, fitri istedada malik olublar. Onlar xalqına, millətinə, dilinə, dininə, milli ənənələrinə sadiq insanlar olublar, yazıblar, yaradıblar. Ona görə də bizim ədəbiyyatımız daim yaşayacaqdır. Ayrı-ayrı dövrlərin çətinlikləri ədəbiyyatı heç vaxt nə söndürə bilər, nə öldürə bilər, nə də onu zəiflədə bilər" (s. 398)

Ulu Öndər Heydər Əliyev milli müstəqillik hərəkatında, ictimai-siyasi müstəqilliyimizin qazanılmasında ədəbiyyatın əvəzsiz rolunu yaxşı bilir və bunu dəyərləndirirdi. Xalq şairi Məmməd Arazın yaradıcılıq gecəsindəki çıxışında deyirdi: "Uzun müddət Azərbaycanda olmadıqdan sonra, 90-cı ildə Azərbaycana qayıtdıqdan sonra hara gedirəm - Məmməd Arazın şeirləridir, Bəxtiyar Vahabzadənin şeirləridir. O vaxt bizdə çox coşqun ictimai-siyasi vəziyyət yaranmışdı. İnsanlar 20 Yanvar hadisələrindən sonra çox coşmuşdular. Çox inciklik vardı cəmiyyətdə. Eyni zamanda milli azadlıq ruhunda fikirlər daha da açıq deyilirdi. Hər yerdə Məmməd Arazın, Bəxtiyar Vahabzadənin şeirləri oxunurdu. Başqalarının da..."

Xalq şairi Bəxtiyar Vahabzadə ilə söhbətində məxsusi vurğulayırdı: "Bu söhbəti sən saldın və mən də bir daha deyirəm ki, Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə Bəxtiyar Vahabzadənin xidmətləri böyükdür. Ölkəmizin, xüsusən o çox gərgin vəziyyətində siz vətəndaşlıq, ziyalılıq cəsarəti göstərmisiniz. Ona görə də nə mən, nə də xalqımız bunu unuda bilmərik və onu yüksək qiymətləndiririk..."

Xalq şairi Xəlil Rza Ulutürklə vida mərasimində fərdi duyğu və yaşamlarını bildirməklə yanaşı, Ulu Öndər ədibin ictimai siqlətini, vətən, xalq qarşısında xidmətlərini ümdə olaraq qabardır: "O, daim Aərbaycanın müstəqilliyi duyğuları ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir. Allaha şükürlər olsun ki, o, Azərbaycanın müstəqilliyinin şahidi olmuş, bunu görmüşdür... Güman edirəm ki, Xəlil Rzanın parlaq həyatı, onun böyük vətəndaşlığı, milli azadlıq uğrunda mübarizliyi bütün azərbaycanlılar üçün nümunə olacaqdır. Əminəm ki, Xəlil Rza Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır..."

Ulu Öndərin təsis etdiyi Müstəqil Azərbaycan Respublikasının ən ali "İstiqlal" ordeni ilə ilk olaraq bu üç şairi təltif etməsi də ədəbiyyata verdiyi önəmin bariz ifadəsi idi: "Bildiyiniz kimi, müstəqil Azərbaycanın ən yüksək ordeni "İstiqlal" ordenidir. İndiyə qədər bu ordenlə heç bir vətəndaş, heç kəs təltif olunmayıbdır. Dünən isə mən fərman verərək Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, mərhum Xəlil Rzanı "İstiqlal" ordeni ilə təltif etmişəm. Bu bir təsadüf, yaxud ki, birdən meydana çıxmış, mənim tərəfimdən birdən qəbul olunmuş qərar deyil. Bu haqda mən çox düşünürəm. O mənada ki, biz milli azadlığımız uğrunda çalışmışıq, vuruşmuşuq, mübarizə aparmışıq..."

Ulu Öndər Heydər Əliyev müstəqillik hərəkatında "60-cılar"ın rolu və ictimai çəkisinə xüsusi diqqət çəkir, yubiley tədbirlərində və təbriklərində Yusif və Vaqif Səmədoğlular, Anar, Elçin, Maqsud və Rüstəm İbrahimbəyovların timsalında bu ədəbi nəslin tarixi xidmətlərini ümumən və ayrı-ayrılıqda dəyərləndirirdi. Yusif Səmədoğlu ilə görüşdə deyirdi: "O vaxt - yanvarın 20-də mən çox həyəcan içində idim. "Azadlıq" radiostansiyasının verilişlərini tutdum və o verilişlərdən Azərbaycanda olan vəziyyəti özüm üçün müəyyən qədər aydınlaşdırdım. Xatirimdədir, Yusifin səsi ilə - yəni o, telefonla bəyanat vermişdi, - məlumat verdilər. O, Sovetlər İttifaqının böyük qoşun hissəsinin Bakıya girməsini "Azadlıq" radiostansiyasına telefonla nə qədər həyəcan hissi ilə bildirirdi. Qoşunların vəhşiliyindən, təcavüzkarlığından danışırdı. Mən bunları "Azadlıq" radiostansiyasından Yusifin səsi ilə özüm eşitdim... Güman edirəm ki, təkcə bu yox, - bu sadəcə mənim şəxsən hiss etdiyim bir hadisədir, haldır, - ancaq Azərbaycanın o ağır dövründə, 20 yanvar faciəsi ərəfəsində və 20 yanvar faciəsi zamanı o aylarda, o illərdə Yusif Azərbaycanın milli mənliyini qorumaq sahəsində çox fədakar şəxslərdən biri idi və onun siyasi fəaliyyəti, ictimai fəaliyyəti çox olubdur..."

Xalq yazıçısı İsmayıl Şıxlı ilə vida mərasimində Ulu Öndər 20 yanvarı bir daha xatırlayır, yaradıcılığı ilə birgə ədibin ictimai fəaliyyətini də yüksək dəyərləndirirdi: "Ancaq mən Azərbaycanın məhz ağır dövründə - 1990-cı il Yanvar faciəsi dövründə İsmayıl Şıxlının ictimai-siyasi və vətəndaşlıq fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Bəli, o dövr çox ağır idi. İnsanlar böyük faciə içərisində idilər. Müdriklik, eyni zamanda qabağa çıxıb xalqa yol göstərmək lazım idi. Cəsarət lazım idi. Elə şəxslərdən biri İsmayıl Şıxlı olmuşdur..."

Bütün tarixi xidmət və dəyərlərlə yanaşı, Heydər Əliyevi başqa sahələrdə olduğu kimi, ədəbiyyatın da bugünlüyü, müasirliyi, günün tələblərinə cavab verməsi məsələsi daha çox düşündürür, məşğul edirdi. Dövlət və ədəbiyyat münasibətlərinə həssas yanaşan Ulu Öndər yazıçıların 1997-ci il X qurultayında özünün də vurğuladığı kimi, hələ sovet dönəmindən V, VI, VII... - bütün qurultaylarda iştirak edərək, proqram çıxışlar etmiş, ədəbiyyat qarşısında ciddi milli və dövləti tələblər irəli sürmüşdür. Lakin müstəqillik illərində keçirilən ilk qurultayı Ulu Öndər məxsusi ayırır, deyirdi: "İndi isə bizim bu qurultayımız tamam başqa bir şəraitdə keçir. Keçmiş zamanlarda nə qədər böyük nailiyyətlər əldə etmişiksə də, mən hesab edirəm ki, bu qurultay indiyə qədər olan bütün qurultaylardan, yazıçıların toplantılarından, konqreslərindən - hamısından üstündür. Çünki müstəqil Azərbaycan Respublikasının sərbəst yazıçıları müstəqil dövlətimizdə özlərinin ilk qurultayına toplaşmışlar. Bu, çox sevindirici haldır..." (s. 418)

Müstəqillik, sərbəstlik faktoruna xüsusi diqqət yönəltməklə Ulu Öndər Heydər Əliyev yeni dövrün xarakterini, buna uyğun ədəbiyyatın yeni səciyyəsi və vəzifələrini vurğulamağa çalışırdı: "Bu, müstəqilliyimizin bizə verdiyi töhfələrdir ki, biz indi artıq heç kəsdən, heç bir mərkəzdən, ideologiyadan asılı olmayaraq, özümüz sərbəst olaraq həyatımızın hər sahəsini araşdırırıq, o cümlədən öz ədəbiyyatımızı, mədəniyyətimizi istədiyimiz kimi müzakirə edirik və istədiyimiz istiqamətdə aparırıq. Bu azadlıq, sərbəstlik, müstəqillik əvəzsiz bir nemətdir. Ona görə də bu qurultay başqa qurultayların davamı olmaqla yanaşı, onuncu qurultaydır və əvvəlki doqquz qurultayın hamısından üstündür..." (s. 418)

Heydər Əliyev Azərbaycan yazıçısını həmişə sərbəst, yaradıcı, demiurq görmüşdü, indi yaranmış tarixi fürsətdən daha da artıq yararlanmasını istəyirdi: "İndi Azərbaycan müstəqil dövlətdir. Müstəqillik Azərbaycan üçün böyük tarixi hadisədir, taleyin xalqımıza verdiyi böyük bir fürsətdir. Şübhəsiz ki, biz bununla fəxr etməliyik... Bu, tarixin, taleyin xalqa bəxş etdiyi böyük bir nemətdir. Biz bunu qiymətləndirməliyik. Ancaq müstəqilliyi əldə etmək siyasi nöqteyi-nəzərdən o demək deyil ki, müstəqillik tamamdır və dönülməzdir. Müstəqilliyi inkişaf etdirmək, möhkəm saxlamaq, bütün sahələrdə tətbiq etmək lazımdır..." (s. 175-176)

Müstəqillik platforması Ulu Öndərin müstəqillik dövrü ədəbiyyatı üçün irəli sürdüyü başlıca və demək olar ki, yeganə universal tələb idi; sonrakı ədəbi-bədii inkişafın istiqamətini də məhz bu universium diktə etdi. Ulu Öndər deyirdi: "Fikir azadlığı, söz azadlığı bizim həyatımızın əsasını təşkil etməlidir. Kim nə cür düşünür, o cür düşünsün. Heç kəsi məcbur etmək olmaz. Sadəcə, biz çalışmalıyıq ki, öz fikrimizin daha doğru, düzgün olduğunu sübut edək və insanları bu fikrə şüurlu inandıraq. Amma hökm etmək ki, sən bunu demə, onu de, bunu de - bu, artıq mümkün deyildir..." (s. 381).

Ulu Öndər müstəqillik ədəbiyyatında hər hansı qatı ideologiyadan, qadağalardan, qəliblərdən azad böyük yaradıcılıq potensialını görür və bunu birbaşa yazıçılara da təlqin etməyə çalışırdı: "Keçmiş qurultaylardan fərqli olaraq, görürsünüz ki, mən sizə "hansı mövzuda yazmalısınız, nə cür yazmalısınız" kimi göstərişlər, heç məsləhətlər də vermək istəmirəm. Vermək istəmirəm, heç olmayacaq da. Siz tam sərbəstsiniz, azadsınız və sərbəstlik, azadlıq şəraitində nə cür istəyirsinizsə, o cür yazın. Hansı mövzunu götürürsünüz, götürün, sizin öz işinizdir. Dövlət bu işlərə qarışmayacaqdır. Mən bunu sizə tam qətiyyətlə deyirəm..." (s. 435)

Ulu Öndərin müstəqillik quruculuğunun lap başlanğıcında vəd etdiyi azad ədəbi mühit postulatı sonrakı gedişatda da özünü doğrultdu, avtoritar yanaşmadan differensiallaşmaya, çoxsəsliliyə doğru müstəqillik ədəbiyyatının rəngarəng, hərtərəfli inkişafına rəvac verdi. "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyində oxuyuruq: "Heydər Əliyevin Azərbaycan Yazıçılarının 1997-ci ildə keçirilən X qurultayındakı nitqi nəinki müstəqillik dövrü ədəbiyyatının qarşısında duran fərqli tələb və vəzifələrə aydınlıq gətirmiş, eyni zamanda bu ədəbiyyatın ümumi parametr və istiqamətlərini də görməyə, müəyyənləşdirməyə zəmin olmuşdur. Yaradıcılıq sərbəstliyi, plüralistik ədəbi mühit, modern estetika tələbləri ilə yanaşı, yeni ədəbiyyatın ideya əsasının sağlam təmələ söykənməsi, Azərbaycançılıq məfkurəsinə əsaslanması ulu öndərin yazıçılara verdiyi ümumi tövsiyyələr idi. Heydər Əliyev müstəqillik illəri ədəbiyyatının keyfiyyət fərqinə diqqət yönəltmiş, sovet dönəmindən fərqli olaraq, ədəbiyyata total sifarişin lazımsız və mümkünsüz olduğunu bildirmişdir." (Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı. İki cilddə. II cild. Bakı, "Elm və təhsil", 2016, s. 7)

Bununla belə, yaradıcı sərbəstlik heç də dəyərlərə toxunmamalı, milli kanonlarını: Dil, Vətən, Millət dəyərlərini daim tanımalıdır. Bu məqamların hər birinə ayrıca önəm verərək, Ulu Öndər deyirdi: "Ancaq hesab edirəm, bir məsələdə siz daha da yaxından iştirak etməlisiniz. Bu məsələ də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal edilmiş torpaqlarımızın azad olunması, Azərbaycanın qüdrətli ordusunun yaradılması, Azərbaycan vətəndaşlarının hərbi vətənpərvərlik, ümumiyyətlə vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin möhkəmləndirilməsidir. Bu çox vacibdir, çox lazımdır..." (s. 435)

Ulu Öndər yazıçılara başlıca tövsiyyəsi, istəyində də yanılmamışdır. Bugün artıq danılmaz faktdır ki, otuz il ərzində Qarabağ müharibəsi mövzusu müstəqillik dövrü ədəbiyyatının baş istiqamətini təyin və təşkil etmiş, 2020-ci ilin Vətən müharibəsində tarixi qələbənin qazanılmasında üzərinə düşən missiyanı yerinə yetirən ədəbiyyat da öz payını vermişdir. 

"Mədəniyyət, ədəbiyyat gərək daim dövlətlə bir yerdə olsun..." - söyləyən Ulu Öndər, şəksiz ki, başlıca olaraq kanonik ədəbiyyata önəm verir, məhz buna görə ədəbi prosesdə Yazıçılar Birliyinin flaqmanlığını dəstəkləyirdi. 1997-ci ilin oktyabrı, qurultayqabağı gənclərlə görüşündə deyirdi: "İndi də biz tariximizin çətin, mürəkkəb keçid dövrünü yaşayırıq. Çox sevindirici haldır ki, bu dövrdə də bizim yazıçılar nəsli daim yaşayır, yaradır, nəsillər arasında boşluq yoxdur. Dünən mənə dedilər ki, Yazıçılar Birliyinə üzv qəbul olunmaq üçün 100-dən artıq müraciət var. Bu, sevindirici haldır. Çünki indi yazıçıların sosial vəziyyətinə qayğı və yaxud maddi inkişaf keçmişə nisbətən çətinləşib, yaxud da yox dərəcəsinə gəlib çatıbdır. Amma belə bir vəziyyətdə yazıçı və şair olmaq, özünü bu sənətə həsr etmək, yazıçılar ittifaqlarının bəzi yerlərdə hətta dağıldığı halda bu ittifaqa qəbul olunmaq, ona üzv olmaq istəyən gənclər Azərbaycanda çoxdursa, bu, mədəniyyətimiz və ədəbiyyatımız üçün olduqca sevindirici haldır" (s. 397)

Ulu Öndər Heydər Əliyev bu prosesi yalnız mənəvi dəstəkləməklə kifayətlənmədi, müstəqillik quruculuğunun hələ ilk addımlarından müstəqil ədəbiyyat quruculuğuna da real yardımlar göstərdi. Gənclərlə görüşdən sonra digər jurnallarla yanaşı, "Ulduz" jurnalının ardıcıl nəşri də bərpa olundu; gənclərə illik Prezident təqaüdü təyin olundu: "Siz bunu da fikirləşin, bəlkə, ola bilər, məsələn, bir, beş ya on nəfərə bir il müddətində məvacib təyin edək, baxaq görək onlar bu müddətdə hansı əsərləri yazacaqlar. Əgər yazdı, verdi, mükafat da vermək, məvacibin vaxtını da uzatmaq olar. Amma yazmadı, - yox, pulu geri almayacağam, sadəcə olaraq pul batacaq..." (s. 408-409) Az sonra Prezident Təqaüdçüləri sırasından çap olunan on kitab Ulu Öndər ideyasının yaradıcı bəhrəsi olmaqla yanaşı, bugün müstəqillik dövrü ədəbiyyatının ilk sıralarını təmsil edən Salam Sarvan, Orxan Fikrətoğlu, Qulu Ağsəs, Akif Əhmədgil, Əhməd Oğuz, Mübariz Cəfərli, Fəxri Uğurlu, Qurban və b. imzaları ədəbi ictimaiyyətə geniş tanıtdı.

Ümumən, Ulu Öndər ədəbiyyatda "iqtidar-müxalifət" qarşıdurmasını qəbul etmirdi; ədəbi gəncliklə görüşün sonunda post-faktum baş vermiş epizodda onun özünəxas genişqəlblilik və təbəssümlə: "Şairin nə iqtidarı, nə müxalifəti" söyləyib "müxalif düşüncəli" hesab olunan məşhur şairin problemini yerindəcə həll etməsi görüş iştirakçılarının yadında olmalıdır. Yaxud 1997-ci ilin oktyabrı, qurultayqabağı "Ədəbiyyatımızın yaşlı nəslinin nümayəndələri ilə görüş"də 1988-ci il meydan hadisələrini anaraq, Sabir Rüstəmxanlıya dediyi sözlər: "Mən Moskvada yaşayırdım, bəzən meydandakı mitinqi Moskva televiziyası göstərirdi. Səni orada tribunada görəndə mən sevinirdim. Çünki yadımdadır, mən burada işlədiyim zaman sən gənc yazıçı, şair kimi, ümumiyyətlə, bizim cəmiyyətdə, o cümlədən mənim nəzərimdə çox hörmətli bir adam idin. Görəndə ki, Sabir Rüstəmxanlı xalqın qarşısında çıxış edir və ədalətsizliyi ittiham edir, bu məni sevindirirdi..." (s. 386) Və şairin yaradıcılığına verdiyi yüksək qiymət: "Sabir Rüstəmxanlının da xatirindən çıxmayıb ki, biz onun 50 illik yubileyini təntənə ilə keçirdik, bəli, hamımız birlikdə, - siz də, mən də birlikdə. İndi az-az olur ki, 50 illik yubiley keçirilsin, elədir, yoxsa yox? Olmamışdır? Hər şeydə bir kosmonavt olmalıdır" (s. 388-389)

Ulu Öndərin ədəbiyyat kursunun nə qədər doğru, ardıcıl, məqsədyönlü olmağını bugün biz müstəqillik dövrü ədəbiyyatının dirçəlişi, hərtərəfli inkişafı, mütənasüb formatında da görürük. Əgər 1998-ci il 23 may Prezident fərmanı ilə Ulu Öndər Heydər Əliyev fəxri adları bərpa edərək, Hökumə Billuri, Fikrət Qoca, Söhrab Tahiri "Xalq şairi", Anar, Elçin, Yusif Səmədoğlu, Hüseyn İbrahimov, Maqsud İbrahimbəyov və b.-larını "Xalq yazıçısı" adına layiq görmüşdüsə, ədəbiyyatımızın bu elit sırasında bugün həmçinin: Vaqif Səmədoğlu, Cabir Novruz, Musa Yaqub, Zəlimxan Yaqub, Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Vahid Əziz, Mövlud Süleymanlı, Kamal Abdulla, Çingiz Abdullayev, Afaq Məsud, Elmira Axundova, Natiq Rəsulzadə adlarını da görürük.

1 mart 2019-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin bir qrup yaradıcı ziyalılarla görüşündə, AYB-nin sədri Anar deyir: "Cənab Prezident, mən, ilk növbədə, Sizə təşəkkür etmək istəyirəm ki, iş qrafikinizin gərgin olmasına baxmayaraq, bizə vaxt ayırmısınız və bizimlə görüşürsünüz. Başqa yaradıcılıq təşkilatları kimi, Yazıçılar Birliyi də Sizin daim qayğınızı və diqqətinizi hiss edir. Yazıçılara - 50 nəfər yaşlı, 20 nəfər cavan yazıçıya Prezident təqaüdünün təyin olunması, 5 il bundan qabaq 80 illiyimizin geniş qeyd edilməsi, Yazıçılar Birliyinin binasının təmiri, klassiklərimizin və müasir yazıçılarımızın yubileyləri bu qəbildən olan işlərdir... Dekabr ayında Siz məni qəbul etdiniz və mən Yazıçılar Birliyinin bir çox təkliflərini, xahişlərini Sizə yetirdim. Çox məmnunam ki, Sizin göstərişlərinizlə bunların böyük qismi artıq həyata keçib. Bizim Şüvəlandakı yaradıcılıq evimizi vaxtilə qaçqınlara, köçkünlərə vermişik, artıq 30 ilə yaxındır orada yaşayırlar. İndi Sizin Sərəncamınızla onlara mənzillər verilir, köçürülür və o bina təmir olunacaq. Sizin tapşırığınızla Bakı Şəhər İcra Hakimiyyəti Heydər Məscidinin yanında bir sahə ayırdı, orada biz yazıçılar üçün 16 mərtəbəli bina tikiləcək, kooperativ ev. Bununla da bizim yazıçıların mənzil məsələsi demək olar ki, həll ediləcək. Daha böyük və şad bir xəbər odur ki, bir neçə il bundan qabaq Sizin təşəbbüsünüzlə bəstəkarların, rəssamların və yazıçıların yaradıcılıq evi tikilməsi haqqında məsələ qaldırılmışdı. Mən bir daha bunu Sizdən xahiş etdim və Siz tapşırıq verdiniz. Mən gedib o yeri görmüşəm. Şabran rayonunda çox səfalı bir yerdir, meşənin içində. Amma böyük bir tala var. Ona görə deyirəm ki, orada ağac da qırılmayacaq, bulaq var, gözəl bir yerdir... Bəstəkarlar, rəssamlar, yazıçılar üçün üç bina, bir də ümumi bina tikiləcək ki, orada konfrans zalı, poliklinika və dükanlar olacaq. Torpaq və yol işləri qurtarıb. Martda tikinti işləri başlanacaq. Mən Sizə həm Yazıçılar Birliyi adından, həm də icazələri ilə bizim Rəssamlar və Bəstəkarlar ittifaqlarının adından təşəkkürümü bildirmək istəyirəm ki, belə bir nadir şəhərcik yaranacaq..."

Daha sonra Anar Ulu Öndər Heydər Əliyevin ədəbiyyat sahəsində uzaqgörənliyinə qarşılıq olaraq təklif etmişdir: "Mən istərdim ki, bu şəhərcik Ulu Öndərimizin şərəfinə Heydərabad adlansın. Çünki bu, həm Heydər Əliyevin Azərbaycan mədəniyyətinə sevgisinin, qayğısının rəmzi olar, həm də Azərbaycanın coğrafi xəritəsində Ulu Öndərin adı ilə daha bir məskən ola bilər..." (http://www.mct.gov.az/az/umumi-xeberler/prezident-lham-liyev-ve-birinci-xanim-mehriban-liyeva-medeniyyet-ve-incesenet-xadimlerinin-bir-qrupu-ile-gorusubler)

Son Qələbə təntənələri ilə süslənmiş Şuşa ilində, 2022-ci il oktyabrın 26-da keçirilən Azərbaycan yazıçılarının XIII qurultayına ünvanladığı, AYB-nin fəaliyyətinə yüksək qiymət verdiyi təbrik məktubunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözlərlə bitirir: "Mədəni həyatımızın mühüm hadisələrindən olan qurultayınızın parlaq Qarabağ zəfəri sayəsində tariximizin şanlı səhifələrini yaşadığımız bir dövrə təsadüf etməsi yüksək ideyalı bədii əsərlərin ərsəyə gətirilməsi naminə bir sıra mühüm vəzifələr irəli sürür. Azərbaycançılıq məfkurəsi işığında cəmiyyətin mənəvi inkişafı məsələlərini hər zaman olduğu kimi yenə də diqqət mərkəzində saxlayaraq səmərəli müzakirələr aparacağınıza və əhəmiyyətli qərarlar qəbul edəcəyinizə inanıram. Əminəm ki, həmin qərarlar yazıçı və şairlərimizin müasir təfəkkür tərzi ilə seçilən vətənpərvər ruhlu yeni nəsli önündə geniş üfüqlər açacaq, bütün yaradıcı ədəbi qüvvələrə dəstək olacaqdır" (Ədəbiyyat qəzeti, 29 oktyabr 2022)

Ulu Öndər Heydər Əliyev Azərbaycan ədəbiyyatının zəngin tarixinə, sarsılmaz bugününə arxalanmaqla, müasir qurucularına, sabahı yaradanlara şəksiz inanır, ədəbi gəncliklə görüşündə deyirdi: "Siz, gənc nəsil bizlərə, yaşlı nəsilə nisbətən daha da xoşbəxt adamlarsınız, çünki siz daim müstəqil dövlətdə yaşayacaqsınız. Mən tam əminəm ki, bizim müstəqilliyimiz əbədi, daimi olacaqdır... Mən gənclərə üzümü tutub deyirəm, - sizin qarşınızda çox özəl imkanlar, perspektivlər var. Şübhə etmirəm ki, siz böyük ugurlar qazanacaqsınız, ədəbiyyatımızı inkişaf etdirəcəksiniz. Şübhə etmirəm ki, sizin içinizdən Azərbaycan xalqının ədəbiyyatını, mədəniyyətini daha da yüksəklərə qaldıran böyük şairlər, yazıçılar, ədəbiyyatşünaslar çıxacaqdır. Mən buna heç şübhə etmirəm. Çünki indiyədək yaşadığımız dövr və əldə etdiyimiz nailiyyətlər buna, belə deməyə tam əsas verir. Şərait daha da sərbəst olanda, insan daha da müstəqil, azad olanda: şübhəsiz ki, onun daxilində olan imkanlar daha da çox açılır və bəhrəsini verir" (s. 401)

Çağdaş ədəbi nəsil bütövlükdə müstəqillik dövrü ədəbiyyatının Heydər Əliyev modelinə görə Ulu Öndərə minnətdar olmalı, bu ədəbiyyatı daha da intişar etdirməli, irəli aparmalıdır. Ulu Öndər buna şübhə etmirdi. "Heç şübhə etmirəm ki, Azərbaycan ədəbiyyatı XX əsri uğurla sona çatdıracaq və XXI əsrdə dünya, bəşər ədəbiyyatına gözəl nümunələr verəcəkdir" (s. 446)

"Ədəbiyyat qəzeti", 2023, 21 yanvar

SİZƏ MARAQLI OLA BİLƏR