Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti Yusif Huşkla görüş keçirilib

22-07-2022 [ 16:17 ] [ oxunub:70 ]
printerA+ | A-
102634

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Huşkla görüş keçirilib. Öncə Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Pakistan Ədəbiyyat Mərkəzi ilə tanışlıq olub.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli görüşdə əlaqələrin inkşafından ətraflı söz açıb: “Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan-Pakistan əlaqələrinin əsasını qoyub. Prezidentimiz İlham Əliyev isə müstəqillik illərindən Azərbaycan-Pakistan əlaqələrini bütün sahələrdə sürətlə inkişaf etdirir. Bilirik ki, Pakistan dövlətinin də eyni dərəcədə Azərbaycana münasibəti vardır. Azərbaycan dövlət müstəqilliyi quranda Azərbaycanı ilk tanıyan dövlət Türkiyədən sonra Pakistan olmuşdur. Artıq münasibətlərimizin 30 illiyi tamam olur. Bizim bu tədbirlər Azərbaycan – Pakistan diplomatik əlaqələrinin 30 illiyinə həsr olunur. Sizin gəlişiniz də eyni vaxta təsadüf edir.

Universitetlərdə təhsil, akademiyada elm birincidir. Siz Pakistanın ən nüfuzlu ədəbiyyat qurumunun rəhbərisiniz. Azərbaycanda ən böyük ədəbiyyat mərkəzi Ədəbiyyat İnstitutudur. Sizin akademiya ilə bizim institutun funksiyaları demək olar ki, eynidir. Artıq Ədəbiyyat İnstitutunun 90 yaşı tamam olur. Ədəbiyyat İnstitutu ilk növbədə Azərbaycan ədəbiyyatını öyrənir. Azərbaycan folklorunu öyrənən ayırıca institut var. Biz daha çox yazılı ədəbiyyatı öyrənirik, bu da yeddinci yüzillikdən başlayır.

Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyat tarixi haqqında xroniki məlumat verdikdən sonra Ədəbiyyat İnstitutunun fəaliyyəti və şöbələri haqqında da tanıtım bilgisi verib. Şərqdə və türk-müsəlman dünyasında ilk dəfə Azərbaycanda yaranan janrlar haqqında danışıb.

Əlavə edib ki, “biz bütün dünya ilə əməkdaşlıq edirik. Hətta 44 günlük müharibədə qazandığımız zəfərdən sonra Ermənistanla sülh müqaviləsi bağlamaq fikrindəyik. Buna baxmayaraq, iki ölkə Azərbaycan üçün xüsusi əhəmiyyətə malikdir, Türkiyə və Pakistan. Azərbaycanın müstəqilliyinin bütün illərində Pakistan bütün beynəlxalq təşkilatlarda Azərbaycanının ərazi bütövlüyünü tanıyıb. Pakistan öz ölkəsində Ermənistana səfirlik açmağa icazə verməyib. Buna görə münnətdarıq. 44 günlük Vətən müharibəsində də bizə ən çox kömək edən Türkiyə və Pakistan olub. Bu gün də cənab prezident Qarabağa böyük Qayıdış elan edib. Qarabağ yenidən qurulur, bu prosesdə də Türkiyə və Pakistan yaxından iştirak edir. Möhkəm siyasi əlaqə digər sahələrdə də əməkdaşlıq üçün rahat imkan yaradır. Biz elm sahəsində əlaqələri inkişaf etdirməyə maraqlıyıq. Bu gün də elmi əlaqələrin möhkəm əsasları qurulur. Səkkizinci mərtəbədə Pakistan Ədəbiyyat Mərkəzi yaratmışıq. Həmin mərkəz üçün Pakistan ədəbiyyatı tarixi kitabına ehtiyac var, urdu dilini öyrənmək üçün kurs təşkil etməyi düşünürük. Bildirmək istəyirəm ki, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bialal Hayne və onun müavini Müəzzəm Əli də institumuzda olub. Pakistan ədəbiyyatına aid kitablarımız çap olunub. Bunlardan Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər”, “Dünya ədəbiyyatı” dərgisinin Pakistan sayı, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”, Bəsirə Əzizəlinin “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitablarının təqdimatını keçirdik. Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyətinin ölkəmizə və akademiyaya səfəri baş tutdu. Pakistanda Azərbaycan ədəbiyyatı tarixinə aid kitab çap olunmasını istərdik. Biz də Pakistan ədəbiyyat tarixinə aid kitab çap etməyi düşünürük. Birgə tədqiqatlar aparıb, konfranslar keçirə bilərik”.

Akademik İsa Həbibbəyli bir neçə başqa nəşr haqqında məlumat verərək qonaqlara hədiyyə edib. Eyni zamanda professor Yusif Huşka Ədəbiyyat İnstitunun “Fəxri dostu” diplomunu təqdim edib.

Görüşdə Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti, professor Yusif Huşk təmsil etdiyi akademiyanın fəaliyyəti və tarixi haqqında hazırladığı slaydı təqdim edərək, görülən işlər haqqında geniş məlumat verib. Onun həyat yoldaşı, Urdu dili və ədəbiyyatı mütəxəsisi Sofiya Huşk da çıxış edərək xoş qarşılanma və ətraflı tanışlıqdan məmnun qaldıqlarını bildirib.

FOTO QALEREYA