Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Yaşayan Nizami Gəncəvi” mövzusunda konfrans keçirilib

06-12-2021 [ 17:06 ] [ oxunub:192 ]
printerA+ | A-
101701

2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi Azərbaycan ədəbiyyatına və mədəniyyətinə, klassik irsə verilən yüksək dəyərin bariz nümunəsidir. Sərəncama uyğun olaraq, il boyu dahi mütəfəkkirin ədəbi-bədii irsinin müxtəlif problemlərinə həsr olunmuş tədbirlər keçirilib, yaradıcılığını bir çox aspektlərdən işıqlandıran yeni tədqiqat işləri yazılıb.

https://www.youtube.com/watch?v=RcaKzK7QSwM

“Nizami İli” çərçivəsində tədbirlərin davamı olaraq AMEA Rəyasət Heyəti, Gəncə Şəhər İcra Hakimiyyəti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə dahi şairin dünyaya göz açdığı Gəncə şəhərində “Yaşayan Nizami Gəncəvi” adlı elmi-praktik konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanındakı abidəsini ziyarət ediblər.

AMEA-nın Gəncə Bölməsində keçirilən konfransda qonaqlar öncə “Nizami Gəncəvi - 880” sərgisi ilə tanış olublar. Sərgidə Nizami Gəncəvinin müxtəlif dünya ölkələrinin kitabxana və muzeylərində saxlanan əlyazmalarının, eləcə də əsərlərinə çəkilmiş miniatürlərin surətləri, “Nizami Gəncəvi İli” çərçivəsində Bölmə əməkdaşlarının çap olunan kitabları və monoqrafiyaları nümayiş etdirilib.

Konfransı giriş sözü ilə açan Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbir iştirakçılarını salamlayaraq dahi şairə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli il boyu böyük Azərbaycan şairi Nizami Gəncəvi irsinin araşdırılması, tədqiqi, nəşri və bir çox dünya dillərinə tərcümə olunmasından danışaraq vurğulayıb ki, əslində ölkə başçısı İlham Əliyevin bu Sərəncamı ilə Nizamişünaslığın yeni mərhələsinin təməli qoyulur. Nizami Gəncəvini dünya ədəbiyyatının yaradıcılarından hesab edən akademik qeyd edib ki, Nizami söz dünyasının İskəndəridir, Makedoniyalı İskəndər dünyanı qılıncı ilə fəth etmişdisə, Nizami Gəncəvi qələmiylə, hikmətiylə fəth edib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev Nizami yurdunun belə mötəbər tədbirə ev sahibliyi etməyinin əhəmiyyətindən və Nizamişünaslığın növbəti mərhələsinə önəmli töhfə verəcəyindən danışıb.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi töhfələrdən söz açıb.

Tədbirdə qardaş Türkiyəni təmsil edən və Türkiyədə Böyük Azərbaycan şairinin irsinin təbliği sahəsində xüsusi xidmətləri olan Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu çıxış edərək,  Nizami Gəncəvinin, Əhməd Cavadın doğma vətənində olmaqdan bəxtiyarlıq duyduğunu, onların yaradıcılığının Türkiyədə də Azərbaycandakı qədər sevildiyini  bildirib.

Konfransda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Nizamişünaslıq şöbəsinin əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvinin nəsil şəcərəsi”,  filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova “Xosrov və Şirin”də Azərbaycan Atabəyləri”, filologiya üzrə fəlsəfə doktoru, dosent Yelena Teyer “Nizami Gəncəvi əsərlərinin Avropada öyrənilməsi və tərcüməsi”, elmi işçi Hürnisə Bəşirova “Nizami Gəncəvinin Topqapı sarayında saxlanan əlyazma nüsxələri haqqında”, Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Nizami Gəncəvinin ictimai idealı”, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova “Özbəkistanda Nizami Gəncəvi ənənələri”, Türk xalqları şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xuraman Hümmətova “Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisində hind şahzadəsinin nağılında ezoterik bilgilər”, Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin şöbə  müdiri Təranə Verdiyeva “Gəncəli Nizami Gəncəvi qlobal şəxsiyyətdir”, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvi yaradıcılığında insan sevgisi”, mərkəzin elmi işçisi Xəyalə Hüseynova “Nizami Gəncəvi əsərlərində Həzrəti Məhəmməd Peyğəmbərlik və insanlıq etalonu kimi” adlı məruzələrlə çıxış ediblər.  Elmi-praktik konfrans maraqla dinlənən məruzələr ətrafında müzakirələrlə davam edib.

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi İli” çərşivəsində AMEA-da çap olunan müxtəlif nəşrləri, o cümlədən müəllifliyi ilə 10 dildə nəşr edilən “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” haqqında tanıtma kitabını, TÜRKSOY-un hazırladığı “Nizamini oxuyaq” albom-kitabı Gəncə Bölməsinə hədiyyə edib. Akademik, həmçinin Əlyazmalar İnstitutunun əməkdaşı Seyfəddin Məmmədquluyevin Nizami Gəncəvinin  taxta üzərində oyma-xətlə yazdığı kəlamını da həm İcra Hakimiyyətinin rəhbərliyinə, həm də AMEA-nın Gəncə Bölməsinə təqdim edib.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə hazırladıqları “Qardaş qələmlər” dərgisinin Nizami Gəncəviyə həsr olunmuş xüsusi buraxılışını təqdim  edib.

Daha sonra konfrans iştirakçıları ikinci Qarabağ savaşı zamanı Ermənistan silahlı qüvvələrinin atdığı bomba nəticəsində dağılmış ərazidə, Qələbə parkında olub şəhidlərimizi yad ediblər.

Nizami Gəncəvi məqbərəsi, həmçinin şairin atası Yusif, anası Rəisənin məqbərənin yaxınlığında yerləşən qəbirləri də qonaqlar tərəfindən ziyarət edilib.

Nizami Gəncəvi Muzeyində olan qonaqlar muzeyin zəngin eksponatları ilə tanış olub, xatirə dəftərinə ürək sözlərini yazıblar. Qeyd edək ki, muzeydə davam edən tədbirdə tanınmış Nizamişünas alim Xəlil Yusifli də iştirak edib, o şairin orada saxlanan əlyazma nüsxələri haqqında maraqlı fikirlərini bölüşüb. Ədəbiyyat İnstitutunun nəşrləri və əməkdaşların kitabları muzeyə hədiyyə edilib.   

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR