AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi Tənqid” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Qaragözovanın sayca beşinci kitabı - “Yusif Səmədoğlunun həyatı və yaradıcılığı” monoqrafiyası işıq üzü görüb. “Sənətkarın elmi pasportu seriyası”nın 48-ci nəşri olan kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 5 dekabr 2023-cü il tarixli iclasının 6 saylı qərarı ilə nəşr edilib.
Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovadır.
Monoqrafiya Azərbaycan ədəbiyyatının özünəməxsus imzalarından biri, Səməd Vurğun ocağının genetik və ədəbi davamçılarından olan Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr edilmişdir. “Yusif Səmədoğlunun həyatı”, “Yusif Səmədoğlu yaradıcılığı və Azərbaycan nəsri”, “Yusif Səmədoğlunun hekayə yaradıcılığı”, “Yusif Səmədoğlunun romanlarında arxetipik məqamlar”, “Yusif Səmədoğlunun yaradıcılığı ədəbi tənqiddə” bölmələrindən ibarət olan monoqrafiya ədibin həyat və yaradıcılığına yeni baxışı özündə ehtiva edir.
“Xan” nəşriyyatında çap olunan monoqrafiya 132 səhifədən ibarətdir