Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

YENİ NƏŞRLƏR

Nəsiman Yaqubludan Rəsulzadə yubileyinə töhfə - Vüqar Əhməd

19-02-2024 [ 13:38 ] [ oxunub:516 ]
printerA+ | A-
104271

Azərbaycanlı tarixçi, tarix elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, görkəmli tarixçi alim Nəsiman Yaqublu ölkəmizdə və onun hüdudlarından kənarda tanınmış tədqiqatçılarından biridir. 1986-cı ildə Leninqrad (Peterburq- V. Ə) Universitetini bitirdikdən sonra Bakıya qayıdıb. “Yazıçı” nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1990-cı ildə stalinizmin azərbaycanlı qurbanları haqqında “Ağrılı ömürlər” kitabını, 1991-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti və onun yaradıcısı olan Məhəmməd Əmin Rəsulzadə haqqında əsərini nəşr etdirib. 1992-ci ildə Xocalı faciəsi haqqında “Xocalı qırğını” kitabını yazıb və 30000 tirajla çap etdirib. Mətbuat tarixi və jurnalistika ilə bağlı da bir çox kitabın müəllifidir.

1993-cü ildə, Qarabağ Savaşında könüllü olaraq Azərbaycan ordusunda xidmətə başlayıb, “Azərbaycan ordusu” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1993-cü ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində baş müəllim olaraq fəaliyyət göstərir.

Hacı Zeynalabdin Tağıyev adına Milli Mükafatın və Həsən bəy Zərdabi Mükafatının laueratıdır. Tarixi və publisistik yazıları Azərbaycanda, Türkiyədə və Polşada çap edilib.

2001-ci ildə “Azərbaycan Milli İstiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda namizədlik dissertasiyasını, 2014-cü ildə “Azərbaycan milli istiqlal mücadiləsi və mühacirət mətbuatı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2008-ci ildə Türkiyənin Ankara şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 90 illiyinə həsr edilən beynəlxalq konfransda, 2009-cu ildə Polşanın Varşava şəhərində Qafqaz mühacirlərindən Piradzeyə həsr edilən konfransda, 2015-ci ilin oktyabr ayının 26-29-da Polşanın Varşava Universitetinin Şərqi Avropanı Öyrənmə Mərkəzinin təşkil etdiyi Beynəlxalq Prometey konfransında iştirak edib.

Tədqiqatçı-alim Nəsiman Yaqublunun (“Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”. Bakı: Kitab Klubu, 2013; “Məhəmməd Əmin Rəsulzadə”. Biblioqrafiya (materialları toplayıb nəşrə haz., giriş sözün müəl. və red. N. Yaqublu). Bakı: Kitab Klubu, 2015; “Cümhuriyyət qurucuları”. 100 il. Bakı: Nurlar, 2018; Məhəmməd Əmin Rəsulzadə.”İran yazıları” (mühacirət dövrü). Bakı,2023) kitabları, həmçinin ölkəmizdə və xaricdə dərc edilmiş yüzlərlə elmi və publisistik məqalələri xalqımızın elmi-fəlsəfi irsini daha da zənginləşdirmişdir.

Hər şeydən öncə Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur, tariximizdə öz izi var. Rəsulzadə Xalq Cümhuriyyətinin əsasını qoymaqla müstəqil dövlət ideyasının formalaşmasına nail oldu. Rəsulzadə və onun silahdaşları milliyyətindən, irqindən və dinindən asılı olmayaraq, bütün vətəndaşları cümhuriyyət adı altında birləşdirdi. Əsərdə F. Ələkbərov Rəsulzadənin Cümhuriyyətinin, həmçinin bütöv Azərbaycan məfkurəsinə də xidmət etdiyini qeyd edib. Bununla bərabər, tarixçi Rəsulzadə və onun silahdaşlarının rəhbərlik etdiyi dövlətin idarəçiliyində demokratik prinsiplərin əsas rol oynadığını bildirir.

Tədqiqatçıya görə “Azərbaycan Xalq Cümhuriyyətində bütün vətəndaşlar eyni hüquqlara və azadlıqlara malik idilər. Bu dövlətdə heç bir milli, irqi və dini ayrı-seçkilik olmayıb. Milli demokratiya uğrunda mübarizə onların əsas təməl prinsiplərdən biri olub”.

Bu yaxınlarda tanınmış tədqiqatçı-alim, tarix elmləri doktoru Nəsiman Yaqublunun “Məhəmməd Əmin Rəsulzadə mətbuat haqqında” (Bakı, 2024)    kitabı “Qanun” nəşriyyatında işıq üzü görüb.

Kitab Azərbaycanın görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin mətbuat haqqında yazılarının tədqiqi haqqındadır. Kitabda Məhəmməd Əmin Rəsulzadənin mətbuat haqqında olan 50-dən çox yazısı da oxuculara təqdim edilib. M.Ə.Rəsulzadənin mətbuat haqqında olan yazıları və fikirləri bu günümüz üçün də aktualdır. Kitab humanitar elmlər sahəsində çalışanlar, mətbuat tarixini araşdıran tədqiqatçılar, mediada fəaliyyət göstərən jurnalistlər və jurnalistika fakültəsində təhsil alan tələbələr üçün faydalı vəsaitdir.

Cənab Prezident İlham Əliyev ulu öndərin 140 illiyi ilə bağlı Sərəncam verib. Professor Nəsiman Yaqublunun çap etdirdiyi bu kitab Cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yubileyinə bir ərmağandır.

 

 

 

SİZƏ MARAQLI OLA BİLƏR