Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-da “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

17-07-2024 [ 18:56 ] [ oxunub:126 ]
printerA+ | A-
104738

İyulun 17-də AMEA-nın Rəyasət Heyətinin binasında “Süni intellekt və rəqəmsal inkişaf: mövcud reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, Elm və Təhsil Nazirliyinin elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) BİLGEM Süni İntellekt İnstitutunun, Rusiya Federal Elmi Aqromühəndislik Mərkəzinin, Yaponiyanın Tohoku Universitetinin, İstanbul Texniki Üniversitetinin nümayəndələri və KİV əməkdaşları iştirak ediblər.

Əvvəlcə konfrans iştirakçıları AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən AMEA-TÜBİTAK Koordinasiya Mərkəzi və Əziz Səncər şərəf otağına baxış keçirib, “Elektron Akademiya” şöbəsi tərəfindən hazırlanmış “Humanoid SUFİ” (Sözlərin Universal Funksionallıqla İşlənilməsi) adlı robotla söhbət ediblər.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, bu gün ilk dəfə olaraq Rəyasət Heyətində süni intellekt və rəqəmsal inkişafa həsr edilmiş elmi konfrans keçirilir və konfransın məqsədi qloballaşan dünyanın cari çağırışlarından olan rəqəmsal transformasiyanın trendlərini və gələcək istiqamətlərini təhlil edərək, ölkəmizdə süni intellekt texnologiyaları ilə əlaqədar aparılan tədqiqatları, onların nailiyyətlərinin öyrənilməsini, mümkün tətbiqləri sahəsində mövcud vəziyyəti müzakirə etmək və əldə olunmuş nəticələri tanıtmaqdan ibarətdir.

“21-ci əsr bütün dünyada ən sürətli dəyişmə əsri hesab olunur. Bundan öncəki əsrlərdə zamana çatmaq, zamanı qabaqlamaq barədə düşünürdüksə, indi bəşəriyyət zamanı idarə etmək, zamanı istiqamətləndirmək kimi bir mərhələyə gəlib çatıb. Gedən proseslər göstərir ki, texnoloji və rəqəmsal inkişaf ənənəvi inkişafı üstələməkdədir”, - deyə akademik İsa Həbibbəyli bildirib.

Prezident İlham Əliyevin AR Milli Məclisində keçirilən andiçmə mərasimindəki nitqində texnoloji inkişafı müstəqil Azərbaycanın bundan sonrakı dövrünün ana prioritet istiqamətlərindən biri kimi bəyan etdiyini deyən akademik İsa Həbibbəyli ölkə başçısının nitqindəki rəqəmsal inkişaf, süni intellekt və kiber təhlükəsizlik kimi məsələlərin yeni tarixi mərhələdə müstəqil Azərbaycanın inkişafını təmin etmək üçün irəli sürülən çağırışlar içərisində çox mühüm yer tutduğunu söyləyib.

Həmçinin vurğulayıb ki, ölkə başçısının Türk dünyasına olan baxışı, Şuşada Türk dövlətləri başçılarının imzaladığı “Qarabağ bəyannaməsi” və onların nitqlərindəki müddəalar 21-ci əsrin Türk dünyasının inkişaf əsri olacağını ortaya qoyur: “Bu əsrdə Türk dünyasının inkişafının önə çıxmasını, dünyada öndə getməsini təmin edən işlək əlamətlərin, prinsiplərin içərisində rəqəmsal inkişaf və süni intellekt həm ölkədə, həm qlobal dünyada, həm də türk dünyasında aparıcı yerlərdən birini tutur. Artıq rəqəmsal inkişaf dövrü böyük sürətlə addımlamaqdadır. Süni intellektin gətirdiyi yenilik ondan ibarətdir ki, o hər gün dəyişir, yeniləşir, təkmilləşir, inkişaf edir. Bəşəriyyət böyük sürətlə artıq 4-cü Sənaye inqilabının çağırışlarını həyata keçirməkdə, onu daha da təkmilləşdirib inkişaf etdirməkdədir. Buna görə də süni intellektə əsaslanmadan rəqəmsal inkişafı öz gündəmimizə, idarə sistemimizə, elmi mühitimizə gətirmədən, 21-ci əsrin çağırışlarına cavab verən, yeniləşən akademiya qurmaq demək olar ki, qeyri-mümkündür”, - deyə AMEA prezidenti bildirib.

Akademiyada bu istiqamətdə işlərin həyata keçirilməsi məqsədilə 18 yanvar 2023-cü il tarixində AMEA-nın Rəyasət Heyətinin aparatında “Elektron Akademiya” şöbəsinin yaradıldığını deyən akademik İsa Həbibbəyli qısa müddətdə bir çox uğurların əldə olunduğunu, “Vikipediya” elektron ensiklopediyası, elmi jurnallara DOİ identifikatorunun verilməsi, Rəqəmsal Elektron İstinadlar Sisteminin, AMEA-nın DərgiParkının yaradılması istiqamətində mühüm addımların atıldığını söyləyib.

Bu istiqamətdə fəaliyyətin həyata keçirilməsində TÜBİTAK-la imzalanmış müqavilənin və əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini bildirən AMEA rəhbəri süni intellekt sahəsində daha bir neçə indikator üzrə də qarşılıqlı əməkdaşlıq haqqında razılığın əldə olunduğunu diqqətə çatdırıb.

AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında Elektron xidmətlər şöbəsinin yaradıldığını qeyd edən akademik İsa Həbibbəyli bu sahədə kadr bazasının formalaşmasına da mühüm önəm verildiyini bildirib.

Bu gün dünyada dronlaşma və robotlaşma istiqamətində böyük inkişafın əldə olunduğunu deyən akademik İsa Həbibbəyli Akademiyada da robot texnologiyası sahəsində ilkin addımların atıldığını, “Elektron Akademiya” şöbəsi tərəfindən “Humanoid SUFİ” (Sözlərin Universal Funksionallıqla İşlənilməsi) adlı robotun hazırlandığını vurğulayıb. Bu sahədə Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

“Hesab edirəm ki, bu gün burada dinləniləcək məruzələr, səsləndiriləcək fikirlər ölkəmizin elmi, texnoloji mühitində süni intellekt və rəqəmsal inkişafa dair olan baxışların daha da zənginləşməsinə, hədəflərin müəyyən olunmasına, vəzifələrin qarşıya qoyulmasna özünün töhfəsini verəcəkdir”, - deyən AMEA rəhbəri konfransın işinə uğurlar arzulayıb.

Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri f.-r.ü.f.d. Fariz İmranov “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda məruzə ilə çıxış edib. F.İmranov məruzəsində AMEA əməkdaşlarının “Vikipediya” virtual ensiklopediyasında fəaliyyəti, AMEA-nın elmi jurnallarına DOI rəqəmsal identifikatorunun təmin edilməsi (ANAS DOI), AMEA-nın elmi müəssisə və təşkilatlarında daxili imkanlar hesabına Elektron xidmətlər şöbələrinin yaradılması, AMEA-da sənəd mübadiləsinin elektronlaşdırılması, Türk indeksi, Elektron arxeologiya və digər məsələlər barədə məlumat verib.

Diqqətə çatdırıb ki, 2024-cü ilin I yarımilində AMEA əməkdaşları tərəfindən “Vikipediya” virtual ensiklopediyasında 1322 yeni məqalə yaradılıb, 2050 məqalə əsaslı redaktə edilib, 57 nəfər isə təlimlərə cəlb olunub. “Vikipediya”nın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 46-dır. Ümumi məqalələrin sayı 200.669, redaktələrin sayı isə 7.687.487-dir.

Fariz İmranov bildirib ki, “Crossref Publishers İnternational Linking Assosation, İnc.” tərəfindən AMEA (ANAS) adı altında DOI prefiksi təsis edilib. AMEA nəşrlərinə (jurnallar, konfrans materialları və s.) rəqəmsal obyekt identifikatoru (DOI) ödənişsiz təmin olunur. AMEA-nın 27 elmi jurnalının, 53 nömrəsində dərc olunmuş 1120 məqaləyə və 26 konfrans materialına DOI identifikatoru təmin edilib.

AR İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə əməkdaşlıq çərçivəsində AMEA əməkdaşları 133 kursda iştirak edərək, ümumilikdə 358 “Coursera” sertifikatı alıblar.

“Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2018-ci il tarixli Fərmanının, “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 avqust 2023-cü ik tarixli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar AMEA Rəyasət Heyətinin binasında texniki yeniləmələr aparılıb və hazırda Elektron sənəd dövriyyəsi sistemi test rejimində istifadə olunur.

TÜBİTAK-la birgə fəaliyyətə toxunan və nəticədə Akademiyanın elmi nəşrləri üçün AMEA-nın DərgiParkının yaradıldığını deyən F.İmranov hazırda elmi jurnalların saytlarının yaradılması, AMEA-nın DərgiParkının tam formalaşdırılması, bura daxil olan jurnalların Open Journal Sistems platforması və digər istiqamətlər əsasında fəaliyyət göstərməsi ilə bağlı işlərin aparıldığını bildirib.

Eyni zamanda cari dövr ərzində Google Scholar-da AMEA əməkdaşlarının 18118 əsərinin qeydə alındığını, əsərlərə 12636 istinadın edildiyini vurğulayıb.

“Yeniləşən AMEA-da elmi tədqiqat prosesinin rəqəmsal informasiya mühitinə inteqrasiyasının genişləndirilməsi məqsədilə AMEA Rəqəmsal Elmi İnformasiya Resursları Sistemi (REİRS) işlənilir. Sistemdə Azərbaycanın dahi şəxsiyyətləri, görkəmli alimləri, mütəfəkkirlərinə həsr olunan “Qızıl fond”un yaradılması və fondda seçilmiş video və audio resursların, kitabların, məqalələrin, məruzələrin toplanılması, AMEA elmi müəssisələrinin fəaliyyətini əks etdirən məlumatların toplanması, təhlili və yayımlanması, AMEA elmi jurnallarını, elmi məqalələri və kitabxana fondlarını vahid bir bazada toplayaraq elmmetrik dəyərləndirməsi, təsnifatlandırılması, ranqlaşdırılması və yayımlanmasını təmin edən DSpase platforması üzərində Akademik Elmi Məlumat Bazasının yaradılması nəzərdə tutulur”, - deyə natiq bildirib.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev süni intellekt modellərinin ötən əsrin 40-cı illərindən yaradılmağa başlandığını, 80 illik bir dövrün süni intellekt üçün qısa müddət hesab olunduğunu bildirib. Ölkəmizdə süni intellektə olan marağın həddindən artıq yüksək olduğunu bildirən akademik qeyd edib ki, süni intellekt, rəqəmsal inkişaf bu gün rəsmi dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilib.

Azərbaycanın rəqəmsal inkişaf konsepsiyası, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı dövlət proqramlarında, eləcə də sosial-iqtisadi inkişafı ilə bağlı sənədlərdə süni intellektlə bağlı bir sıra vəzifələrin qarşıya qoyulduğunu deyən akademik Rasim Əliquliyev, eyni zamanda dövlət başçısının tapşırığı əsasında süni intellektin ölkəmizdə inkişafı ilə bağlı Milli Strategiyanın hazırlanmaqda olduğunu diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev, həmçinin AMEA-nın, Elm və Təhsil Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında süni intellektlə bağlı aparılan araşdırmalar, süni intellektin tətbiqi ilə həyata keçirilən tədqiqatlar barədə də məlumat verib.

Konfransda, həmçinin AR ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Cəlal Nağıyev çıxış ediblər. Çıxışlarda süni intellekt vasitəsilə Azərbaycan dilinin milli korpusunun yaradılması, işğaldan azad olunmuş ərazilərdə süni intellektin tətbiqi ilə aparılan radioloji və radioekoloji tədqiqatlardan danışılıb.

Çıxışlardan sonra tədbirdə TÜBİTAK-ın BİLGEM Süni İntellekt İnstitutunun direktoru prof. Mehmet Haklıdırın “Yaradıcı süni intellektin gələcəyi: Təhdidlər və imkanlar”, Rusiya Federal Elmi Aqromühəndislik Mərkəzinin nümayəndəsi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Zahid Qocayevin “Süni intellekt Rusiyanın aqro-sənaye kompleksində”, Yaponiyanın Tohoku Universitetinin professoru Xəlil Kələntərin “İnsanabənzər robotlar: imkanlar və tətbiqlər” və İstanbul Texniki Üniversitetinin professoru Murat Sarının “Süni intellektlə real davranışın aşkarlanması” mövzusunda məruzələri dinlənilib.

Daha sonra konfrans öz işini “Süni intellekt və rəqəmsal transformasiya: trendlər və gələcəyə baxış; Rəqəmsal transformasiyada çətinliklər; Robototexnika” və “Obrazların tanınması, Maşın öyrənməsi,  Təbii dilin işlənməsi” mövzusunda bölmə iclasları ilə davam etdirib.

Qeyd edək ki, konfransın “https://aidd.anas.az” adlı veb-saytı da fəaliyyət göstərir.

www.science.gov.az 

SİZƏ MARAQLI OLA BİLƏR