Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA ölkənin sivil və intellektual inkişaf mərkəzidir

28-03-2024 [ 10:00 ] [ oxunub:123 ]
printerA+ | A-
104413

27 Mart Elm Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Dairəvi salonunda humanitar tədqiqatlar və süni intellekt mövzusunda təntənəli mərasim keçirilib.

Toplantıdan əvvəl AMEA-nın prezi­denti İsa Həbibbəyli, Milli Məclisin depu­tatlarından Azərbaycan Ağsaqqallar Şu­rasının sədri Eldar Quliyev, Fazil Mustafa, və Ülviyyə Həmzəyeva, Elm və Təhsil Nazirliyi Elm və ali təhsil siyasəti şöbə­sinin müdiri Turxan Süleyman, Rəyasət Heyətinin üzvləri, həqiqi və müxbir üzv­ləri, AMEA-nın elmi müəssisə və təşkilat­larının təmsilçiləri Xalq rəssamı, akade­mik Ömər Eldarovun fərdi heykəltəraşlıq sərgisi, elmi ictimaiyyətə ilk dəfə təqdim olunan AMEA loqosunun eskizlərindən ibarət ekspozisiya, eləcə də Arxeologiya və Antropologiya İnstitutunun təqdim et­diyi eksponatlarla tanış olublar.

Təntənəli mərasimdə giriş nitq ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ölkənin elmi ictimaiyyətini təb­rik edərək, alimlərimizin fədakar zehni fəaliyyətinin ölkəmizin ümumi tərəqqisinə və dövlətçiliyin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. Dövlətin elm siyasətinin aparılan tədqiqatların səmərə­liyinə, sahənin problemlərinin həllinə yönəldiyini bildirən natiq Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli sərənca­mı ilə Azərbaycanda Elm Gününün təsis edilməsini alimlərimizin şərəfli əməyinə verilən yüksək qiymətin, məhsuldar zehni fəaliyyətin stimullaşdırılmasının daha bir təzahürü kimi dəyərləndirib.

Azərbaycan elminin qədim tarixi köklər üzərində inkişaf etdiyini söyləyən AMEA rəhbəri milli elmin təşkilatlanma­sından sonra cəmiyyətin sivil dəyərlərlə zənginləşməsində onun mötəbər rolunun davamlı olaraq yüksəldiyini diqqətə çat­dırıb. Akademik bildirib ki, 1923-cü ildə elmi-tədqiqat işlərini aparmaq üçün Azər­baycan Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması, 1932-ci ildə bu əsasda SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialı­nın Azərbaycan Şöbəsinin təşkil edilməsi, 1935-ci ildə SSRİ EA Azərbaycan Filialı­nın, nəhayət, 1945-ci ilin 27 martında 15 həqiqi üzvün iştirakı ilə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması ta­rixə milli elmi təsisatın formalaşmasının inkişaf mərhələləri kimi daxil olub.

AMEA-nın ötən 80 ilə yaxın müddətdə şərəfli inkişaf yolu keçdiyini, bu inkişafın milli maraqlar zəminində davam etmə­sində Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu qeyd edən akademik bildirib ki, sovet dövründə Ulu öndərin təşəbbüsü ilə Elmlər Akademiya­sının maddi-texniki bazası əsaslı şəkildə yenidən qurulub, axtarış və tədqiqatların ölkə həyatı ilə əlaqələndirilməsi üçün ge­niş imkanlar yaradılıb. Müstəqillik illərində isə Ümummilli liderin fərmanı ilə 2003-cü ildə bu quruma Milli Elmlər Akademiyası statusu verilib.

Son illərdə Azərbaycan elminin Prezident İlham Əliyevin diqqət və qay­ğısı sayəsində daha yüksək inkişaf mər­hələsinə qədəm qoyduğunu söyləyən İsa Həbibbəyli əlavə edib ki, elmi tədqiqatlar ölkəmizin inkişaf strategiyasına və milli prioritetlərə uyğun həyata keçirilib, nəti­cədə böyük uğurlar əldə olunub. Dövlət başçısının qayğısı nəticəsində “Azərbay­can Milli Ensiklopediyası” Elmi Mərkə­zi təşkil olunub, Yüksək Texnologiyalar Parkı yaradılıb, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına yeni bina tikilib, Şamaxı Astrofizika Rəsədxanasının maddi-tex­niki bazası yeniləşdirilib, AMEA-nın yeni Nizamnaməsi təsdiq olunub.

“Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləş­dirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə başçısının 28 iyul 2022-ci il tarixli fərmanı Azərbaycan elminin inkişafında yeni mərhələyə, Elm və Təhsil Nazirliyi­nin AMEA ilə birgə ölkəmizdə elmi fəa­liyyətin təşkili və nüfuzunun artmasına meydan açıb. “Heydər Əliyev İli”ndə isə AMEA-da Ümummilli liderin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərini əks etdirən 50-dən çox fundamental mo­noqrafiya və sanballı nəşr ərsəyə gətirilib. Qarabağın və Şərqi Zəngəzurun tarixinin, folklorunun, mədəniyyətinin, arxeologiya­sının öyrənilməsi dərinləşdirilib, aparılan tədqiqatlar və bu mövzuda nəşr edilən kitablar əsasında Akademiyanın yeni Qa­rabağnamələr silsiləsi yaradılıb.

İsa Həbibbəyli yeniləşən akademiya­da aparılan islahatlar içərisində elektron hərəkatın xüsusi yer tutduğunu, elmmet­rik hesablamaların aparılması, AMEA alimlərinin əsərlərinə istinadların müəy­yən edilməsi üçün beynəlxalq elmi baza­larda profillər yaradılması, elmi jurnalların elektron bazasının qurulmasının həyata keçirilməsi üçün MDB məkanında ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademi­yasında “Elektron Akademiya” şöbəsinin yaradıldığını vurğulayıb. Eyni zamanda şöbənin əməkdaşları tərəfindən MDB məkanında ilk dəfə, Türk dünyasında isə TÜBİTAK-dan sonra məhz ölkəmizdə Virtual Elektron Resurslar Sistemi yara­dılıb. Hazırda “Elektron Akademiya” şö­bəsi tərəfindən elmmetrik hesablamalar aparmaq bacarıqlarına malik robot texno­logiyalarının modelini yaratmaq üzərində işlər aparılıb.

Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxış edərək Prezident İlham Əliyevin Elm Gününün təsis edilməsi haqqında müvafiq sərəncamının Azər­baycan elminə, təhsilinə böyük diqqət və qayğının təzahürü olduğunu vurğulayıb. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa AMEA-nın Azərbay­can xalqının intellektual potensialının formalaşmasında, onun sosial-ictimai tərəqqisində mühüm rol oynayan qurum olduğunu deyib. 

Sonra ölkə başçısının 2 fevral 2024-cü il tarixli sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbay­can Respublikasının yubiley medalına la­yiq görülmüş şəxslərə mükafatlar təqdim olunub. Akademik Akif Əlizadə təltif olu­nanlar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Daha sonra elmi fəaliyyətində fərqlənən bir sıra alimlərə AMEA-nın Fəx­ri fərmanları təqdim olunub. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Eldar Quliyev isə qurumun Döş nişanı və Fəxri fərmanlarını elm xadimlərinə təqdim edib.

Toplantıda akademik Yusif Məmməd-əliyev haqqında film nümayiş etdirilib. “Xalq rəssamı, akademik Ömər Elda­rovla dialoq: sənət dünyası və gələcəyə baxış” mövzusunda dialoq təşkil olunub. Görkəmli heykəltəraşın həyat və fəaliyyə­tini əks etdirən “Hələ axşam deyil” sənədli filmi təqdim edilib.

Xalq qəzeti, 2024, 28 mart

SİZƏ MARAQLI OLA BİLƏR