Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Akademiyanın qadın əməkdaşlarına təbriki

07-03-2024 [ 09:21 ] [ oxunub:62 ]
printerA+ | A-
104337

Dəyərli xanımlar!

Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, hər birinizə cansağlığı, ailə səadəti və xoş günlər arzulayıram.

Azərbaycan qadını bütün dövrlərdə cəmiyyətimizin aparıcı qüvvəsi olmuş, bir qayğıkeş ana və sədaqətli həyat yoldaşı kimi daim ali diqqət və ehtiram görmüş, yüksək intellekti, dünyagörüşü, erudisiyası, çətin anlarda doğru qərar qəbul etmək bacarığı ilə dövlət idarəçiliyində yaxından iştirak etmiş və döyüş meydanlarında sərkərdəlik məharəti ilə ölkəmizin sərhədlərinin keşiyində durmuşlar.

Ölkəmizdə daim gender bərabərliyi qorunmuş, qadınlarımızın hüquq və azadlıqları təmin edilmişdir ki, bunun məntiqi nəticəsi olaraq müsəlman Şərqində və dünyanın aparıcı ölkələrindən illər öncə ilk dəfə məhz 1918-ci ildə Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsində özünün rəsmi təsdiqini tapmışdır.

Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra Azərbaycanda qadınlara olan diqqət və qayğı daha da yüksəlmiş, gənc qızlarımız keçmiş sovet ittifaqının tanınmış elm və ali təhsil ocaqlarında təhsil almağa və təcrübəyə göndərilmiş, dövlət işlərində aparıcı vəzifələrə çəkilmişlər.

Ümummilli Liderin gender bərabərliyi və qadın siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışları işığında inkişaf etdirilərək yeni mərhələyə yüksəldilib və bu gün ölkəmiz qadın hüquqlarının təmin olunmasında dünyanın aparıcı dövlətlərindən biridir.

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan qadınının zəngin dünyagörüşünü, intellektini, yüksək idarəçilik bacarığını bütün dünyaya ən ali formada göstərir və dövlətimizin inkişafına özünün misilsiz töhfələrini verir.

Heç şübhəsiz, qadınlarımız ötən 80 ilə yaxın müddətdə Milli Elmlər Akademiyasının da həyatında müstəsna rol oynayıblar və bu gün də zəngin tədqiqatları ilə elmimizin inkişafında yüksək xidmət göstərirlər.

Əziz xanımlar!

Sizi bir daha səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik, elmi fəaliyyətinizdə uğurlar arzulayıram!

Hörmətlə,

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

SİZƏ MARAQLI OLA BİLƏR