Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Şamıoğlunun (Musayevin) yeni işıq üzü görmüş "Azərbaycan mühacirət irsi: nəsr və ədəbiyyatşünaslıq" monoqrafiyası (Bakı: Elm və təhsil, 2023, 332 s. ) bir neçə illik araşdırmaların nəticəsidir. Akademiyanın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru Nikpur Cabbarlı, rəyçiləri filologiya elmləri doktoru Abid Tahirli və filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir. "Giriş"dən, "Azərbaycan mühacirət nəsri: təşəkkülü, inkişaf istiqamətləri", "Azərbaycan mühacirət ədəbiyyatşünaslığı" adlı fəsillərdən və "Nəticə"dən ibarət monoqrafiya ədəbi-elmi ictimaiyyət, ali məktəblərin tələbələri və magistrlər, habelə mövzuya maraq göstərən oxucu auditoriyası üçün nəzərdə tutulub. Ş.Şamıoğlu mühacirət irsinin ideya, mövzu, mündəricə, dil, üslub, sənətkarlıq nöqteyi-nəzərindən, mücahidlərin çətin, lakin şərəfli həyat yolunun öyrənmək baxımından aktual və əhəmiyyətli olduğunu ciddi arqumentlərlə əsaslandırır. Müasir ədəbiyyatşünaslığın tələbləri səviyyəsində hazırlanmış monoqrafiya mühacirətşünaslığa yeni töhfədir.