Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Elmin inkişafına dövlət dəstəyinin əməli ifadəsi - Akademik İsa Həbibbəyli

18-01-2023 [ 15:44 ] [ oxunub:83 ]
printerA+ | A-
103029

Müstəqillik dövründə Azərbaycanda cəmiyyət həyatının bütün sahələri ilə birlikdə ümumiyyətlə elmin inkişaf etdirilməsi, o cümlədən, Milli Elmlər Akademiyasının fəaliyyətinin tənzimlənməsi, elmi işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində dövlət səviyyəsində mühüm addımlar atılmış, ölkəmizin ziyalı potensialının genişləndirilməsi və inkişafı təmin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə elm sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə imzaladığı mühüm əhəmiyyətə malik Sərəncamlar yeni tarixi mərhələdə akademik cəmiyyətin və yeni elmi nəslin inkişafına dövlət dəstəyinin əməli ifadəsidir. Milli Elmlər Akademiyası Rəyasət Heyəti və Aparatının, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin və Gəncə Bölməsinin əməkdaşlarının vəzifə maaşlarının artırılması elm cəbhəsində çalışan ziyalı təbəqəsinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından dövlət səviyyəsində atılmış növbəti əhəmiyyətli addımdır. Eyni zamanda, "Elm və təhsil sahəsində 25 ildən çox iş stajı olan elmi dərəcəsi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi" haqqındakı Fərmanında dəyişiklik edilərək, təqaüdlərin elmlər doktoru elmi dərəcəsinə görə 500 manata, fəlsəfə doktorluğu elmi dərəcəsinə görə 300 manata çatdırılması isə elm sahəsində çalışan nəsillərin növbələşməsi üçün stimul yaradan mühüm qərardır. Bu, əmək pensiyası almaq yaşına çatmış elm adamlarının sosial müdafiəsinin dəstəklənməsi ilə bərabər, həm də onların ardınca gələn elmi nəsillərin inkişafına açılmış geniş meydandır. Bundan başqa, "Fəxri adlara görə aylıq təqaüdün verilməsi" qaydasının təkmilləşdirilərək, Əməkdar elm xadimi fəxri adını daşıyan tanınmış fədakar elm adamlarına xidmətlərinə görə əlavə ödənişlərin müəyyən edilməsi onların fəaliyyətinə dövlətimiz tərəfindən verilmiş yüksək qiymətin ifadəsidir. Akademiya cəmiyyəti elmi işçilərin əmək haqlarının artırılmasını alimlərin fəaliyyətlərinin stimullaşdırılması ilə bərabər, həm də geniş mənada elmin inkişaf etdirilməsinə, alimlərimizin əməyinə ölkəmizin Prezidentinin göstərdiyi növbəti qayğının əməli ifadəsi kimi yüksək qiymətləndirir. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm adamlarını cəmiyyət həyatının ön mövqelərinə çıxarmaq səylərinin geniş miqyasını real surətdə əks etdirir. Elm adamları dərindən başa düşürlər ki, Vətən müharibəsinin - Qarabağ savaşının təzə başa çatdığı, Böyük Qayıdış hərəkatının çoxsaylı vəzifələrinin sürətlə həyata keçirdiyi bir vaxtda elm və təhsil sahəsi işçilərinin əməkdaşlarının və təqaüdlərinin artırılması Prezident İlham Əliyevin yeni cəmiyyət quruculuğunda elm və təhsil adamlarının fəaliyyətlərinin qiymətləndirilməsi sahəsində atdığı çox mühüm düşünülmüş addım kimi mühüm əhəmiyyətə malik hadisədir.

Elm sahəsi, xüsusən də Milli Elmlər Akademiyası üçün yeni elmi nəslin hazırlanması həmişə prioritet məsələ olduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması" haqqında 13 yanvar 2023-cü il tarixli Sərəncamı elm sferası üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan bütün elm və ali təhsil müəssisələri, xüsusən də Milli Elmlər Akademiyası üçün çox mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımızın təqaüdlərlə əlaqədar Sərəncamında öz əksini tapmış göstəricilər doktorantura təhsili alan yeni nəslin nümayəndələrinin fəaliyyətlərini davam etdirmələrinə münasib imkan yaratmağa xidmət edir. Beləliklə, dövlət səviyyəsində atılan addımlar ölkəmizdə elmə gənc qüvvələrin gəlməsinin miqyasını genişlənəcəkdir. Bu isə elm sahəsində qocalma prosesləri ilə əlaqədar yaranmış çətinliklərin aradan qaldırılmasına və elmdə gəncləşmə hərəkatının başlanmasına təkan verəcəkdir.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm və ali təhsil müəssisəsi işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması haqqındakı mühüm əhəmiyyətə malik olan Sərəncamları ölkəmizdə elmin inkişafına göstərilən böyük dövlət qayğısı və dəstəyinin əməli ifadəsidir. Qəbul edilmiş qərarlar Azərbaycanda elmin inkişafında yeni bir mərhələnin başlanmasına özünün müsbət təsirini göstərəcəkdir. Prezident Sərəncamları elmi işçilərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması ilə bərabər, həm də geniş mənada ölkəmizdə elmi işçilərin, alimlərimizin, xüsusən Milli Elmlər Akademiyasının nüfuzunun daha da artırılmasına səbəb olacaqdır. Azərbaycan elmi ictimaiyyəti möhtərəm Prezidentimizin elmin, alimlərin, Akademiyanın inkişaf etdirilməsi istiqamətində imzaladığı Sərəncamları, qəbul etdiyi qərarları, atdığı əməli addımları yüksək qiymətləndirirlər.

Bütün bunlara görə ölkəmizin çoxminli elm adamları, habelə Milli Elmlər Akademiyasının kollektivi adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə elmi ictimaiyyətin dərin minnətdarlığını çatdırmağı özümə şərəfli borc hesab edirəm. Dövlət başçımızı əmin etmək istəyirəm ki, bütövlükdə Azərbaycan alimləri, o cümlədən də, Milli Elmlər Akademiyasının kollektivi bundan sonra da ölkə rəhbərimizin ətrafında sıx birləşəcək və imzaladığı Sərəncamlarda öz əksini tapmış yüksək dövlət qayğısına əməli işləri ilə cavab vermək üçün bütün qüvvələri səfərbər edəcəkdir.

SİZƏ MARAQLI OLA BİLƏR