Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Şirindil Alışanlı-70: Nurun insan çaları - Hicran Nəsibova

03-11-2022 [ 10:41 ] [ oxunub:76 ]
printerA+ | A-
102839

   Aspiranturanın birinci ili idi. Fəlsəfədən, xarici dildən mühazirələrə və məşğələlərə başım qarışdığından institut əməkdaşları ilə ünsiyyətdə az olurdum. Ancaq elmi işimlə bağlı məsələ olanda şöbəyə gedirdim, onda da sıxıla-sıxıla...

  Hesabat vermək lazım oldu, yazıb elmi rəhbərimə (rəhmətlik Qasım Qasımzadəyə) təqdim etdim. Vaxtını dedilər, özüm iştirak etməli imişəm. Bir gün əvvəl, atam rəhmətə getdi... Səhərisi gəldim hesabata, elə ki, mən gəldim... Zalın bir küncündə qısılıb oturmuşdum, elə bil kimsəsiz bir adaya atmışdılar məni...

  Aydın bir səs adımı, soyadımı çəkdi, ayağa durdum. İnstitutun elmi katibi idi, mənim haqqımda danışırdı... sanki yuxuda idim... mənə başsağlığı verdi, təsəlli verdi... valideynlərimə minnətdarlıq bildirdi - mənim kimi istedadlı övlad yetişdiriblər... gələcəyin layiqli alimi olacaqmışam... daha nələr... Qulaqlarıma inanmağım gəlmirdi, amma onu hiss edirdim ki, qırılan qanadlarım havalanmaq istəyir. Məni o kimsəsiz adadan uçuran bir işıq ucu idi o səs... Sıxıntılı anlarda, nəfəsin daralanda, gözlərin qaralanda bir "işıq ucunun" nə olduğunu bilənlər bilir...

  O zaman Şirindil müəllim özü də gənc idi. Bir elmi katib kimi hesabatını təqdim etdiyi sıradan bir aspirantın hüznlü anına dəng gələn çıxışını müəyyən etiketlər çərçivəsində sunmuşdu bəlkə də...

  İllər keçdi, bu illər ərzində bir yerdə işlədiyimiz Ədəbiyyat İnstitutunun çox işıqlı simaları arasında Şirindil müəllimin xüsusi yeri, mövqeyi olduğunu gördüm. Məmməd Cəfər, Yaşar Qarayev, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Qasım Qasımzadə və başqa ustad ədəbiyyatşünasların əhatəsində onun intellekti, cəsarətli, məntiqli mühakimələri ilə hesablaşıldığının şahidi oldum. Ədəbiyyat İnstitutunun gənclərdən ibarət elmi potensialının - Kamran Əliyev, Arif Əmrahoğlu, Nizaməddin Şəmsizadə, Muxtar İmanov, Teymur Kərimli kimi layiqli varisləri arasında Şirindil Alışanlı məqamı bir başqa idi.

  Təxminən qırx ilə yaxın bir zaman su kimi axıb keçdi hər birimizin ömründən. Bu illər Şirindil müəllimi müdrik bir mərtəbədə elmi əsərləri, sanballı tədqiqatları - ədəbiyyatşünaslığımızın mükəmməl konsepsiyaları haqda yazdıqları örnəkləri ilə onu möhtərəm bir mövqe sahibi etdi. Müasir dövrdə ağılları qarışdıran bəzi qara güclərin gəncliyimizi yanlış yanaşmalara təhrik etdiyi məqamlarda Şirindil Alışanlının yazdıqları düzgün istiqamət üçün istinad mənbəyi və ədəbiyyatşünaslığımızın etalon sayılacaq prinsiplərini özündə ehtiva edən mükəmməl vəsaitdir.

  Şirindil Alışanlının "Sözün estetik yaddaşı" (Bakı, "Elm", 1994), "Romantizm: mübahisələr, həqiqətlər" (Bakı, "Elm", 2000), "Ədəbi-bədii düşüncənin sərhədləri" (Bakı, "Sabah", 2010), "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" (Bakı, "Elm", 2011), "Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi" (Bakı, "Elm", 2013), "Sözün yaşamaq haqqı" (Bakı, "Sabah", 2022) - kitabları, yüzlərlə məqaləsi ədəbiyyatşünaslıq elmimizin işıqlı bir qərinəsini təşkil edir. Məhz işıqlı qərinəsini ...çünki zamanın qarmaqarış dönəmindən keçərkən hər cür dəyərlərin ayarlarını itirmək təhlükəsi ilə üz-üzə, ağılların qarışdığı bir zaman mənəvi mükəmməlliyi yalnız daxili işığın gücü ilə qorumaq mümkündür.

  Ədəbiyyatın, incəsənətin tarixi xalqın tarixindən keçir. Hansı formasiya, hansı mühit, ictimai-siyasi durum olur-olsun, mənəvi dəyərlər mənsub olduğu xalqın ruhuna işıq tuta bilirsə, kökünə söykənirsə, bu xalqın xəzinəsidir. Və bu xalqın kimliyinin göstəricisi olan mənəvi dəyərlərinə, bu xalqın tarixi taleyinə həssaslıqla yanaşmaq, gələcək nəsillərə qədirbilənlik naminə ötürmək zərurətindən Şirindil Alışanlı kimi "Dante"lərin məşəlinə xalqımızın da, ədəbiyyat və ədəbiyyatşünaslığımızın da ehtiyacı vardır. Çünki onun işıq tutduğu bu yol sələflərinin, xüsusən də böyük dəyər verdiyi, şərəflə davam etdirdiyi Yaşar Qarayev kimi ustadının yoludur - "Milli ictimai fikrimizdə, elmi vicdan və əxlaqımızda, yüksək ziyalı ünsiyyətində bənzərsiz intellekti ilə seçilən Yaşar Qarayev" yoludur.

  Örnəklər, məktəblər həyat yoluna, yaradıcılığına işıq tuta bilər, lakin insanın içini, ruhunu aydınladan nur özünün fitrətində olmazsa, yaratdıqlarında, ifadə etdiklərində, yazdıqlarında (hətta elmi dərin olsa belə) o insan sönük, soyuq portreti ilə könüllərdən, yaddaşlardan silinir zamanla...

  Şirindil Alışanlının "yüksək elmi əxlaq" dediyi ayar bir alimin cəmiyyət içində malik ola biləcəyi məqamın göstəricisidir. Şirindil müəllimin "məqamı"nda onun mənəvi dünyasını aydınladan nurun çalarları çoxlarından fərqləndirir onu... Həyatında da, yaradıcılığında da alicənab, yüksək kaletəli ziyalı mövqeyini - nurun işığını elm camiəsi yüksək dəyərləndirir. Hər zaman sadədilliyi, safniyyətliliyi, hər bir siyasi "manevr"lərsiz (bunu belə desəm, mənə xeyirdir düşüncəsindən uzaq) həqiqət bildiyi bütün deməli olduqlarını deyən həm zəki, həm qətiyyətli, həm də cəsur və humanist alim-insan nümunəsi - bu xalqın ərənlik etalonudur.

  Şirindil müəllim yazılarında təqdim etdiyi obyekti haqqında dedikləri həm də onun özünü işıqlandırır. ("Hər xalq öz dilində görünür" atalar sözünün fəlsəfəsi həqiqət olduğu kimi. Hər kəs də öz dilində görünür, doğrudan da...). Onun yazılarında təsvir etdiyi (araşdırdığı), oxucuya tanıtdığı, yəni qarşısındakı portretlə üzbəüz sanki (güzgüdəki kimi) özünü də cızır, canlı, ürəyi ilə, duyğuları, niyyəti ilə birgə, həm də bütün rəngləri ilə öz dünyasını təqdim edir.

  Səməd Vurğun, Mir Cəlal Paşayev, Məmməd Cəfər, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Elçin, Qəzənfər Paşayev, Aşıq Şəmşir, Teymur Bünyatov, Oljas Süleymenov və başqaları haqqında yazdıqlarında təqdim etdiyi portretlərlə bizim təsəvvürümüzdə bütövləşən onun öz portreti arasında əlaqə yaradan ifadə forması sözünün səmimi, içdən, ehtiramlı, duyğularının həssaslıqla çözdüyü kəlmələrinin axınında, daxilindəki işıq selində onun şəxsiyyəti aydınlanır: "Tale bu ağsaqqala, qələm əhlinə, ictimai xadimə, saz-söz xiridarına Vətən, xalq qarşısında şərəflə yaşamaq, elin-obanın ağrı-acılarına dözməyə təpər, ümid və inam verib. Ömrümün müdriklik çağına aparan illərin, yolların şahidləri onun həsrətlə baxdığı dağların o tayında - Kəlbəcər ellərində qalıb" . Bu ifadələr "Dağlar oğlu" (2017) məqaləsindəndir, Qəmbər müəllimdən danışır. "Kəlbəcər elləri"ni Laçın elləri ilə əvəzləmək olarsa, fərqi yoxdur, həm qəhrəmanın, həm də müəllifin obrazından keçib-gedir, bu ağrılı, nisgilli səciyyələr...

  Əsirlikdə qalan ellərimin 30 illik yanğısına - ömrünün ən ağır dərd yükünə dözməyə təpər, ümid, inam verən tale Şirindil müəllimi - elin ziyalı, nurlu şəxsiyyətini 70-ci yaşam ilində Laçına qovuşdurdu.

  Həm həyat yollarında, həm də doğma Laçına gedən yollarda işığınız gur olsun, gözəl insan - Şirindil Alışanlı!!!