Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Rəsmi xəbərlər

Rəyasət Heyətinin iclasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri müzakirə olunub

01-11-2020 [ 09:18 ] [ oxunub:150 ]
printerA+ | A-
100273

Oktyabrın 30-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, AMEA-nın vitse-prezidentləri, akademiklər - Tofiq Nağıyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, akademiyanın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və Rəyasət Heyətinin digər üzvü akademik Gövhər Baxşəliyeva iştirak ediblər.

Tədbiri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

Yığıncağın gündəliyinə çıxarılan ilk məsələ Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında olub. Mövzu ilə bağlı çıxış edən akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə 27 sentyabr 2020-ci il tarixindən başlayaraq şanlı Azərbaycan ordusunun işğal olunmuş Qarabağ ərazisində və ətraf rayonlarda işğalçılara qarşı uğurlu əks-hücum əməliyyatları həyata keçirdiyini bildirib. Qeyd edib ki, müzəffər Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla apardığı döyüş əməliyyatları nəticəsində qısa müddətdə düşmən tərəfindən müxtəlif istiqamətlərdə qurulmuş istehkam xətləri yarılıb, onların çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib, tarixi Azərbaycan torpaqlarının əhəmiyyətli bir hissəsi işğaldan azad olunub. Akademik hazırda işğal altında qalan digər ərazilərin də təcavüzkarlardan azad edilməsi istiqamətində döyüş əməliyyatlarının davam etdirildiyini söyləyib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ali Baş Komandan kimi döyüş əməliyyatlarına uğurla rəhbərlik etməklə yanaşı, olduqca mürəkkəb geosiyasi proseslərlə xarakterizə olunan müasir şəraitdə dərin intellekti, yüksək peşəkarlığı, diplomatik bacarığı ilə siyasi-ideoloji cəbhədə də yorulmadan çalışır, Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edir. İndi yaşından, etnik və dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq, bütün Azərbaycan xalqı cəbhədə ordumuzun qələbələrinə öz töhfəsini vermək üçün Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib", - deyə akademik Ramiz Mehdiyev iştirakçıların diqqətinə çatdırıb.

Qarabağ bölgəsinin yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın qədim tarixə, unikal maddi və mədəni irsə, özünəməxsus flora və faunaya, zəngin yeraltı və yerüstü sərvətlərə malik mühüm regionlarından biri olduğunu deyən natiq dünyanın ən qədim insan məskənlərindən birinin məhz Qarabağ ərazisində yerləşdiyini xatırladıb. Vurğulayıb ki, otuz ilə yaxın düşmən tapdağı altında qalmış bu ərazilər bir tərəfdən beynəlxalq hüququn norma və prinsiplərinə, digər tərəfdən isə ümumbəşəri dəyərlərə zidd olaraq, amansız təhdidlərə məruz qalıb, işğal olunmuş ərazilərdə Azərbaycanla bağlı tarixi və mədəni irs tamamilə məhv edilib, azərbaycanlıların yaşayış məntəqələrinin adları və siması məqsədyönlü şəkildə dəyişdirilib, ərazilərdə qeyri-qanuni məskunlaşdırma işi həyata keçirilib. AMEA prezidenti, həmçinin regionun meşə örtüyünün məqsədli şəkildə məhv edildiyini, münbit torpaqların, su ehtiyatlarının ekoloji və radioaktiv çirklənməyə məruz qaldığını, bölgənin təbii landşaftının ciddi deformasiyaya uğradığını, qeyri-qanuni olaraq təbii sərvətlərin istismarının və mənimsənilməsinin həyata keçirildiyini söyləyib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyan etmişdir ki, işğaldan azad edilmiş ərazilərdə həyatın yenidən dirçəlməsi, ən müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpası üçün dövlət tərəfindən ən qısa müddətdə kompleks tədbirlər həyata keçiriləcək", - deyə akademik bildirib.

Akademik Ramiz Mehdiyev vurğulayıb ki, indi işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən həyata keçirilən kompleks tədbirlər kontekstində Azərbaycan elminin, Elmlər Akademiyasının üzərinə də xüsusi vəzifələr düşür. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsinin otuz ilə yaxın işğal altında qalması ilə bu ərazilərin flora və faunasının, geoloji və coğrafi özəlliklərinin, yeraltı və yerüstü təbii sərvətlərinin, zəngin tarixi və mədəni abidələrinin sistemli və peşəkar elmi tədqiqatlardan kənarda qalmasına səbəb olduğunu qeyd edən AMEA prezidenti torpaqlarımızın işğaldan azad edilməsinin həmin ərazilərdə kompleks elmi tədqiqatların yenidən bərpa edilməsinə geniş imkan yaradacağını diqqətə çatdırıb.

Məsələ geniş müzakirə edilib.

Müzakirələr prosesində akademik İsa Həbibbəyli dünyada ilk insanın yaşayış məskənlərindən biri hesab edilən Azıx mağarasında və Qarabağın digər tarixi ərazilərində arxeoloji, etnoqrafik tədqiqatların aparılması, türk mənşəli toponimlərin bərpa edilməsi, akademik Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin qarşısında duran vəzifələr, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə aid faydalı qazıntı yataqlarına sahib çıxılması, hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması, akademik İradə Hüseynova isə işğaldan azad olunmuş torpaqların biomüxtəlifliyinin qorunması və həmin ərazilərdəki flora və faunanın “Qırmızı kitab”ın III nəşrinə daxil edilməsi istiqamətində fikirlərini bölüşüblər. Bundan əlavə, akademik Rasim Əliquliyev işğaldan azad edilmiş ərazilərdə müasir texnologiyalar əsasında  yeni elmi infrastruktur layihələrinin həyata keçirilməsi və burada informasiya texnologiyalarının geniş tətbiq edilməsi, həmçinin Elektron Qarabağ çərçivəsində müəyyən işlərin görülməsi, akademik Fəxrəddin Qədirov isə ərazinin məhv edilmiş seysmoloji stansiyalarının yenidən qurulması, geoloq alimlərimizin istismar edilmiş və həmçinin yeni faydalı qazıntı yataqlarının aşkarlanması barədə təkliflər səsləndiriblər. Akademik Yaqub Mahmudov isə çıxışında Cənubi Qafqazla bağlı bütün region xəritələrindən qondarma erməni adlarının çıxarılmasının Azərbaycan elminin Qarabağla bağlı tədqiqatlarının əsas göstəricisi olacağını söyləyib. Eyni zamanda AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bütün işlərin müasir dövrün tələblərinə uyğun modelləşdirilmiş müvafiq riyazi metodlar əsasında həyata keçirilməsinin, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev isə Qarabağda torpaqlarla bağlı aparılan tədqiqatların arxiv mənbələri əsasında yenidən araşdırılmasının, zəngin yeraltı su ehtiyatlarımız olan kəhrizlərin bərpa edilərək xalqımızın istifadəsinə verilməsinin əsas prioritetlərdən olduğunu bildiriblər.

Qeyd olunanları nəzərə alaraq, həmçinin Qarabağ bölgəsinin tarixi, mədəniyyəti, arxeоlоgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının, geoloji və coğrafi xüsusiyyətlərinin öyrənilməsi ilə bağlı kompleks tədqiqatların yenidən təşkili məqsədilə AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib. Belə ki, AMEA-nın Qarabağ Regional Elmi Bölməsinin yaradılması və bu məsələnin AMEA-nın növbəti Ümumi yığıncağında müzakirə edilməsi qərara alınıb. Bundan əlavə, AMEA-nın elmi bölmələrinə, eləcə də AMEA Rəyasət Heyəti aparatının struktur bölmələrinə akademiyanın müvafiq elmi müəssisə və təşkilatları ilə birlikdə Qarabağın işğaldan azad olunmuş ərazilərində elmi tədqiqat işlərinin bərpa edilməsi ilə bağlı təkliflərin hazırlanaraq Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.

Rəyasət Heyətinin iclasında həmçinin AMEA-nın müxbir üzvü Kamil Ayda-zadəyə 70 illik yubileyi münasibətilə AMEA-nın Fəxri fərmanı təqdim edilib.

İclasda müzakirə edilən növbəti məsələ AMEA-nın elmi müəssisələrində 2020-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında olub. Mövzu ilə bağlı çıxış edən AMEA-nın akademik-katibi Əminağa Sadıqov bildirib ki, akademiyanın elmi müəssisələrinin şöbə və laboratoriyalarında cari ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar 2020-ci il dekabrın 15-dək elmi şuraların iclaslarında, dekabrın 30-dək isə müvafiq bölmələrdə dinlənilməli və hesabatda müəssisənin elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında məlumatla bərabər, bir sıra məqamlar da öz əksini tapmalıdır. Natiq diqqətə çatdırıb ki, AMEA-nın Ümumi yığıncağının 10 iyun 2020-ci il tarixli 1/1 nömrəli qərarının icrası ilə əlaqədar, ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı, pandemiya dövründə AMEA-nın qarşısında duran vəzifələr və görülən işlər, eləcə də “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası haqqında, eləcə də aparılan fundamental tədqiqatların mühüm elmi nəticələrini əks etdirən hesabatlar hazırlanaraq müvafiq elmi bölmələrə və AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə təqdim olunmalıdır.

Sonra hesabatların hazırlanması üçün metodiki təlimat nümayiş etdirilib.

Tədbirdə “Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və AMEA Azad Həmkarlar İttifaqının Rəyasət Heyəti arasında 2020-2022-ci illər üzrə kollektiv Saziş”in təsdiq edilməsi haqqında da müzakirələr aparılıb. Məsələ ilə bağlı çıxış edən Ə.Sadıqov diqqətə çatdırıb ki, bu il oktyabrın 3-də AMEA Rəyasət Heyəti ilə Azad Həmkarlar İttifaqı arasında bağlanmış müqavilənin müddəti başa çatıb və ittifaqın sədri, hüquq elmləri doktoru Habil Qurbanov yeni kollektiv Sazişin bağlanılması üçün AMEA prezidentinə müraciət ünvanlayıb.

Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti yeni Sazişin təsdiqlənməsi haqqında qərar qəbul edib. Müqaviləyə əsasən, tərəflər əməyin təhlükəsizliyinin təmin edilməsi, əməkdaşların əmək və məişət şəraitinin yaxşılaşdırılması, eləcə də sosial, mədəni-kütləvi, idman tədbirlərinin keçirilməsi və s. öhdəliklər götürüblər.

İclasda, həmçinin Elmi analitik sınaq laboratoriyasının “AMEA Təcrübə-Sənaye Zavodu” MMC-nin strukturundan çıxarılaraq “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin strukturuna daxil edilməsi və Akkredetasiya Attestatına uyğun olaraq AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi adlandırılması barədə qərar qəbul edilib.

Sonra göndəlikdə duran növbəti məsələlələr barədə AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli çıxış edib. O, bildirib ki, son dövr dünya elmində sosioloji tədqiqatların prioritet sahələrdən birinə çevrilməsi, sosial-fəlsəfi problemlərin aktual elmi istiqamətlər olaraq qəbul edilməsi Azərbaycanda da bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi zərurətini meydana çıxarmışdır. Ona görə də AMEA-nın Fəlsəfə İnstitutunun adı dəyişdirilərək Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılmış, onun elmi istiqamətlərində dəyişiklik edilmişdir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 oktyabr 2020-ci il tarixli qərarına əsasən, AMEA-nın Fəlsəfə İnstitutunun adı dəyişdirilərək AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu adlandırılıb.

İclasda həmçinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun 50, Fəlsəfə  və  Sosiologiya  İnstitutunun 75  illik yubileyi haqqında müvafiq qərarlar qəbul olunub. Eyni zamanda AMEA-nın Geologiya və Geofizika İnstitutunun strukturunda qismən dəyişiklik edilib, Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin nəzdində Toponimika sektoru yaradılıb, Lənkəran Regional Elmi Mərkəzinin Arxeologiya şöbəsinin isə adı dəyişdirilib.

İclasda, o cümlədən akademik Firudin Köçərlinin və AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun 100, akademik İsmayıl Hüseynov, AMEA-nın müxbir üzvləri Bəhmən Axundov və Zülfəli İbrahimovun 110, eləcə də akademik Nailə Vəlixanlının 80 və akademik Kamal Abdullayevin 70lar  illik yubileyləri haqqında qərar verilib.

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Elnarə Sadıqovanın Belçika Krallığının Gent şəhərinə, həmin müəssisənin “Biotexnologiya” ixtisası üzrə II kurs magistrantı Aytac Mürşüdzadənin Türkiyə Respublikasının Antalya şəhərinə və Genetik Ehtiyatlar İnstitutunun kiçik elmi işçisisi Aytac Nəbiyevanın isə Böyük Britaniya Krallığının Birminhem şəhərinə ezam edilməsi haqqında qərar qəbul olunub.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova AMEA-nın Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin (LREM) elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev LREM-in elmi katibi, Zaur Nəhmətov və Zahir Nəsibov “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktor müavinləri təyin edilib.

http://science.gov.az/news/open/14830

SİZƏ MARAQLI OLA BİLƏR