Azərbaycan humanitar elminin aparıcı sahələrindən olan ədəbiyyatşünaslıq elmi ictimai fikir tariximizdə çox qədim və zəngin ənənələrə malikdir.
«AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ» İNKİŞAF KONSEPSİYASI ÇƏRÇİVƏSİNDƏ ƏDƏBİYYATŞÜNASLIQ ELMİNİN PERSPEKTİV İNKİŞAF İSTİQAMƏTLƏRİ
Azərbaycan humanitar elminin aparıcı sahələrindən olan ədəbiyyatşünaslıq elmi ictimai fikir tariximizdə çox qədim və zəngin ənənələrə malikdir. Ədəbiyyat və sənət haqqında folklor abidələrində öz əksini tapmış xalq deyimlərini bir kənara qoysaq, ədəbiyyatşünaslığımızın tarixi XI yüzilliyə - görkəmli ədəbiyyatşünas alim Xətib Təbrizinin əsərlərinə gedib çıxır.
Çağdaş ədəbiyyatşünaslıq elmimizin başlıca özəlliyi isə, onun minillik zəngin ənənələri Azərbaycanın dövlət müstəqilliyi şəraitində davam etdirməsindədir.
Humanitar elmimizin başqa sahələri kimi, ədəbiyyatşünaslığın da başlıca məqsədi – müstəqil dövlətçiliyimizin möhkəmlənməsində öz rolunu oynamaq, bu taleyüklü prosesə öz töhfəsini verməkdir.
Bu başlıca məqsədi gerçəkləşdirmək üçün ədəbiyyatşünaslıq elmi qarşısında duran perspektiv inkişaf istiqamətlərini aşağıdakı kimi təxmin etmək olar:
· Qloballaşma və mədəni inteqrasiya dövründə Azərbaycan xalqının milli mentalitetinin qorunub gücləndirilməsinə xidmət edən istər klassik, istərsə də, müasir ədəbi əsərlərin, özəlliklə Azərbaycan xalqının mədəni-mənəvi problemlərini yüksək sənətkarlıqla əks etdirən bədii nümunələrin çağdaş elmi səviyyədə tədqiqi və təqdimi;
· Dövlət müstəqilliyi kontekstində ədəbi-nəzəri fikrin yeni obyektiv statusunun və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
· Elmlərin konvergensiyası şəraitində ədəbiyyatşünaslıq elminin başqa elm sahələri ilə əlaqələrinin gücləndirilməsi yollarının axtarılması;
· Komparativist ədəbiyyatşünaslıq çərçivələrində Azərbaycan ədəbiyyatşünaslıq elminin qlobal mövqelərinin müəyyənləşdirilməsi;
· Klassik Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı kontekstində layiqli yerinin müəyyən edilməsi və həqiqi dəyərinin verilməsi barədə yeni, fundamental elmi-tədqiqat əsərləri yazaraq, bunların tərcümə edilib, çağdaş informasiya vasitələri ilə dünya xalqlarına çatdırılması;
· Senzurasızlıq şəraitində həqiqi sənət əsərlərinin ədəbi ballastdan ayırd edilməsi və istedadlı sənətkarların yaradıcılığının stimullaşdırılması;
· Kadr hazırlığı sahəsində seçim edərkən həm Şərq, həm də Avropa dillərini bilən, klassik ədəbiyyata yaxşı bələd olan hərtərəfli hazırlıqlı gənclərə üstünlük verilməsi;
· Şərq poetika elminin və fəlsəfəsinin tətbiq edilməsi hesabına Azərbaycan ədəbiyyatşünaslıq elminin milli simasının daha aydın cizgilərlə təzahürünə nail olunması;
· Ədəbiyyatşünaslıq elminin elektron informasiya bazasının yaradılması və zənginləşdirilməsi.
Bu vəzifələrin öhdəsindən gəlmək üçün akademik ədəbiyyatşünaslıq elmi öz fəaliyyətini 5 istiqamətdə qurmağı planlaşdırır:
1. Azərbaycan ədəbiyyatı tarixçiliyi – bu istiqamətdə:
· «Azərbaycan ədəbiyyatı tarixi» çoxcildliyinin nəşri;
· Farsdilli ədəbiyyatda Azərbaycan poeziya məktəbi problemi barədə monoqrafik araşdırmaların davam etdirilməsi;
· Əsərləri humanist və fəlsəfi-didaktik fikirlər aşılayan dünya şöhrətli klassiklərimiz Xətib Təbrizi, Xaqani Şirvani, Nizami Gəncəvi və başqalarının həyatı, yaradıcılığı, tədqiqi haqqında ensiklopediyaların hazırlanması
· İslami təsəvvüf və bədii yaradıcılıq probleminin (Xaqani Şirvani, Nizami Gəncəvi, Şəbüstəri, Marağalı Övhədi, Nəsimi və Füzulinin yaradıcılığı əsasında) tədqiqində yaxın elm sahələri ilə (tarix, fəlsəfə, dilçilik, incəsənət, psixologiya, iqtisadiyyat və s.) birgə fəaliyyət göstərilməsi və bu məqsədlə Humanitar və İctimai Elmlər Bölməsinin təşəbbüsü ilə yaradılacaq «Sufizm laboratoriyası»nın işində yaxından iştirak etmək;
· Klassik Azərbaycan ədəbiyyatı və islami dəyərlər mövzusunda tədqiqatların davam etdirilməsi;
· Nizami Gəncəvi irsinin dünya ədəbiyyatşünaslığında öyrənilməsi problemlərini izləmək və köhnə stereotiplərin aradan qaldırılması üçün lazımi tədbirləri görmək;
· Müasir elmi-nəzəri fikrin tələbləri baxımından Azərbaycan ədəbiyyatı klassiklərinin irsinin tədqiqini genişləndirmək üçün onların müasir Azərbaycan dilinə filoloji tərcüməsini yerinə yetirmək. Burada İsmayıl ibn Yəsar, Musa Şəhəvat, Əbulabbas əl-Əma, Mənsur Təbrizi, Məsud Namdar oğlu, Eynəlqüzat Miyanəçi, Xətib Təbrizi, Şihabəddin Suhrəvərdi, Xaqani Şirvani, Mücirəddin Beyləqani, Fələki Şirvaninin əsərləri nəzərdə tutulur;
· Klassik Azərbaycan ədəbi-bədii irsini təbliğ etmək və geniş yayılmış dünya dillərinə onları tərcümə etmək üçün klassiklərimiz haqqında seriya şəklində yazılan kitabların hazırlanması;
· Orta əsrlər Azərbaycan ədəbi abidələrinin indiyə qədər diqqətdən kənarda qalmış mətnlərinin çapa hazırlanması və monoqrafik tədqiqi;
· Yazılı ədəbiyyatda «Kitabi-Dədə Qorqud» ənənələrinin araşdırılması;
· «Ozan-aşıq ensiklopediyası»nın hazırlanması;
· Yeni dövr Azərbaycan ədəbiyyatının müasir dövrün tələbləri baxımından araşdırılması, bu dövrün görkəmli şair və yazıçılarının yaradıcılığının monoqrafik tədqiqi;
· Sovet dövrü Azərbaycan ədəbiyyatının azərbaycançılıq məfkurəsi baxımından yenidən dəyərləndirilməsi;
· XIX-XX əsrlər Cənubi Azərbaycan ədəbiyyatının tədqiqi və nəşri, farsdilli sənətkarların əsərlərinin tərcüməsi;
· XX əsr Azərbaycan mühacirət ədəbiyyatının tədqiqi və nəşri;
· Müasir ədəbi prosesin izlənilməsi, inkişaf xüsusiyyətlərinin tədqiqi, ədəbi icmalların hazırlanması;
· Dövrün aktual problemlərinin və cəmiyyətdə qazanılan uğurların ədəbiyyatda əks etdirilməsi məsələlərinin tədqiqinin gücləndirilməsi;
· İki əsrin konflikti: problem və ədəbi proses. Bu mövzuda elmi müşavirənin təşkili və ədəbi icmalın hazırlanması
· Ədəbiyyatın daha da sosial-psixolojiləşməsi, cəmiyyətin ədəbiyyata və ədəbiyyatın cəmiyyətə təsiri problemlərinin öyrənilməsi;
· Elmi-tədqiqat işlərinə, onların müasirlik keyfiyyətinə tələblərin artırılması;
· Ədəbi tənqidin canlandırılması istiqamətində mütəmadi iş aparılması;
· Yeniyetmə və gənclərdə vətənpərvərlik və milli qüruru duyğularının gücləndirilməsini stimullaşdıran bədii əsərlər haqqında monoqrafik araşdırmaların aparılmasına və nəşrinə diqqətin artırılması.
2. Türk xalqları ədəbiyyatı – bu istiqamətdə:
· Təkrarlara yol verməmək, elmi əhəmiyyətinə və aktuallığına təminat yaratmaq məqsədi ilə bu yöndə aparılacaq tədqiqatların türk xalqları ədəbiyyatının Azərbaycan filoloji fikrindən kənarda ciddi planda və sistematik şəkildə araşdırılmasını nəzərə almaqla planlaşdırılması;
· Türk xalqları ədəbiyyatının (o cümlədən Azərbaycan ədəbiyyatının) uzun müddətli inkişaf tarixi üçün səciyyəvi olan ortaq ədəbi-mədəni, bədii-estetik, nəzəri-fəlsəfi problemlərinin araşdırılması:
- türk sufizmi: tarixi ənənəsi, inkişaf meylləri, ortaq və fərqli cəhətlərinin üzə çıxarılması;
- türk xalqları ədəbiyyatında divan poeziyasının tədqiqi və dəyərləndirilməsi;
- türk xalqlarının yazılı ədəbiyyatının formalaşmasında folklorun, xalq şeiri ənənələrinin, aşıq poeziyasının rolu və əhəmiyyəti barədə monoqrafik tədqiqatların aparılması;
- etnik şüurdan milli şüura keçidin ədəbi abidələr kontekstində izlənilməsi və türk xalqları ədəbiyyatlarının özünəməxsusluqlarının müəyyənləşdirilməsi;
- türk xalqları ədəbiyyatında yeni mərhələ olan XIX əsr ədəbiyyatının yeni rakursdan tədqiqi və dəyərləndirilməsi;
- türk maarifçiliyi probleminin qoyuluşu və Avropa maarifçiliyi ilə müqayisədə öyrənilməsi;
- XX əsr türk xalqları ədəbiyyatının inkişaf meyllərinin (yeni mövzular, ideyalar, problemlər, ədəbi cərəyanlar, sənətkarlıq vasitələri və s.) tədqiqi;
· Türk xalqları ədəbiyyatının Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqələr kontekstində araşdırılması;
· Türk xalqları ədəbiyyatı tarixinin hazırlanması, dərsliklərin, dərs vəsaitlərinin yaradılması;
· Türk xalqları ədəbiyyatının görkəmli nümayəndələrinin həyat və yaradıcılıqlarının araşdırılması və təbliği;
· Türk xalqları ədəbiyyatına aid yubileylərin, elmi konfransların, simpoziumların keçirilməsi;
· Türk xalqları ədəbiyyatına aid informasiya bazasının (bədii tərcümələr, monoqrafiyalar, dərsliklər, dərs vəsaitləri, məqalələr, resenziyalar və s.) yaradılması.
3. Xarici ölkələr Ədəbiyyatı və ədəbi əlaqələr – bu istiqamətdə:
· Azərbaycan – Avropa, Azərbaycan – Slavyan, Azərbaycan – Şərq ədəbi əlaqələrinin inkişaf və qarşılıqlı zənginləşmə yollarının araşdırılması;
· Xarici ölkə ədəbiyyatlarının ən görkəmli nümayəndələri barədə oçerklərin yazılması və elmi informasiyanın təqdimi;
· «Ədəbi əlaqələr Ensiklopediyası»nın hazırlanması.
4. Ədəbiyyat nəzəriyyəsi – bu istiqamətdə:
· İndiyə qədər əsasən təbdil və tərcümə xarakteri daşımış ədəbiyyat nəzəriyyələrinin Şərq-Qərb sintezi əsasında milli ədəbiyyatın da inkişaf qanunauyğunluqlarını obyektiv şəkildə əks etdirən fundamental ədəbiyyat nəzəriyyəsi qaynaqlarının hazırlanıb çap edilməsi;
· Klassik Azərbaycan ədəbiyyatında öz əksini tapmış milli poetik düşüncə örnəklərinin toplanması, şərhi və nəşr edilməsi;
· Azərbaycan ədəbiyyatı tarixinin bədii-fəlsəfi cərəyanların nəzəri-poetik sistemi kimi öyrənilməsi və dövrləşdirmədə yeni obyektiv elmi prinsiplərin tətbiq edilməsi ilə köhnə stereotiplərin aradan qaldırılması;
· Tənqid və ədəbi prosesin qarşılıqlı münasibətlərinin metodologiyasının işlənib hazırlanması;
· Bədii mətnin bərpası və nəzəri-tekstoloji tədqiqlərə diqqətin artırılması;
5. Ədəbi tənqid – bu istiqamətdə:
· İnstitutun istedadlı tənqidçilərinin əlavə maddi stimullaşdırılması hesabına çoxsaylı bədii materialın saf-çürük edilməsi və ədəbi inkişafa təkan verən, insan mənəviyyatının kamilləşməsinə, humanist ideyaların tərənnümünə, dövlətçilik prinsiplərimizin, vətənpərvərlik duyğularının yüksək poetik səviyyədə təbliğinə cavab verən əsərlərin müəyyən edilərək qiymətləndirilməsi;
· Ədəbi inkişafın prioritetlərini planlaşdıran və milli mentalitet məsələlərində gənc yazarlara yardım edə bilən nəzəri-tənqidi yazılarla vaxtaşırı mətbuatda və elektron informasiya vasitələrində çıxış etmək;
· Hər ilin ədəbi yekunlarını özündə ehtiva edən «Ədəbi proses» toplularının hazırlanıb nəşr edilməsi ilə çağdaş ədəbi əsərlərə operativ qiymət verilməsi.
Yuxarıda sadalanan məqsəd və vəzifələrin gerçəkləşdirilməsi bir çox detallara və təfərrüatlara bağlıdır ki, bunların üzərindən vaz keçərək, yalnız bir başlıcasını qeyd etmək istərdik:
Biz istedadlı alimlərimizdən dünya səviyyəli əsərlər istəyiriksə, onların intellektual əməyinin də dünya səviyyəsində, inkişaf etmiş ölkələrin örnəyi əsasında qiymətləndirilməsi vacib şərtlərdən biri olmalıdır. Əks halda Azərbaycan ədəbiyyatşünaslıq elminin dünya səviyyəsinə qalxması yalnız xoş arzu olaraq qala bilər.