Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

05-06-2018 [ 08:31 ] [ oxunub:37 ]
printerA+ | A-
82514

İyunun 4-də keçirilən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Ədəbi prosses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda 1976-cı ildən 1984-cü ilədək ardıcıl olaraq ilin ədəbi proseslərinə həsr olunan yaradıcılıq müşavirələrinin keçirildiyini söyləyib. Bildirib ki, “Ədəbi proses-1976-1984” elmi sessiyaları və bu tədbirlərin materiallarından ibarət kitablar həmin dövrün ədəbiyyatının janrlar üzrə inkişafını, əsas problemlərini və çatışmazlıqlarını, habelə vəzifələrini tam halda, sistemli əks etdirib.

Akademik İ.Həbibbəyli qeyd edib ki, “Ədəbi proses - 1976-1984” yaradıcılıq müşavirələri Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm mərhələ olmuş XX əsrin həmin illərinin əhəmiyyətli ədəbi hadisələridir. "Sovet dövrü ədəbi proses konfranslarında, yaxud nəşrlərində reallıqların təqdim olunması ilə yanaşı, hakim ideologiyanın tələbləri də nəzərə alınıb" - deyə bildirən alim diqqətə çatdırıb ki, dövrün prinsiplərinə uyğun olaraq “Ədəbi proses” icmallarında istər-istəməz partiyanın ədəbiyyatın inkişafına qayğısından, yazıçıların mövcud ideologiyanın inkişaf etdirilməsindəki rolundan da söz açılıb.

Bildirilib ki, XX əsrin yetmiş-səksəninci illərində meydana çıxmış “Ədəbi proses” elmi sessiyaları və nəşrləri müasir Azərbaycan ədəbiyyatını klassik ədəbiyyat tarixlərində və dərsliklərdə olduğu kimi, dövrlər və mərhələlər üzrə deyil, konkret illər üzrə araşdırıb təhlil etməyin və ümumiləşdirməyin əsasını qoyub. Bu, Azərbaycan ədəbiyyatında fərqli elmi hadisə və xüsusi elmi mərhələ hesab olunmağa layiqdir.

Akademik İ.Həbibbəyli 2014-cü ildən etibarən yeni formatda, yaradıcılıq müşavirəsi miqyasında keçirilməyə başlamış “Ədəbi proses” tədbirlərinin forma və məzmunca yeni xarakter daşıdığını söyləyib: "Bu, “Ədəbi proses” hərəkatında keyfiyyətcə yeni mərhələdir. Beləliklə, təxminən 42 il əvvəl məruzələr kimi elmi mühitin gündəminə gəlmiş “Ədəbi proses” materialları tədricən monoqrafik tədqiqatlar səviyyəsinədək inkişaf edib"

Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxış edərək “Ədəbi proses” elmi yaradıcılıq müşavirələrinin keçirilməsi ilə bağlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşəbbüsünü yüksək qiymətləndirib. O, belə tədbirlərin ədəbiyyatımızın inkişafına böyük töhfələr verəcəyini vurğulayıb.

Tədbirdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan “İlin ədəbi yekunları” adlı xüsusi buraxılışda Azərbaycan ədəbiyyatının birillik mənzərəsinin canlandığını deyib: "Hər il ilin ədəbi yekunlarına həsr olunmuş ənənəvi müşavirənin materiallarını dərc edirik. Bu dəfə məruzələri həmişəki kimi qəzetin ayrı-ayrı nömrələrində pərakəndə şəkildə deyil, bir xüsusi nömrədə təqdim etmək qərarına gəldik və sözü Ədəbiyyat İnstitutuna verdik. Bu nömrədə 2017-ci ilin ədəbi mənzərəsi Ədəbiyyat İnstitutunun alimləri tərəfindən təsvir və təhlil olunur, ədəbiyyata elmi-nəzəri baxış sərgilənir”.

“Ədəbi proses” hərəkatından danışan filologiya elmləri doktoru, professor Şirindil Alışanlı artıq böyük elmi potensialın formalaşdığını və zəngin nəzəri təcrübənin əldə olunduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, “Ədəbi proses” yaradıcılıq müşavirələri Azərbaycan ədəbiyyatşünaslıq elminin daha da inkişaf etməsinə təkan verəcək.

Tədbir elmi məruzələrlə davam edib.

Müşavirədə institut əməkdaşlarının ədəbiyyatın müxtəlif janrlarına dair 19 məruzəsi dinləniləcək.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR