Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Bolqarıstanla elmi əlaqələr

29-05-2018 [ 08:53 ] [ oxunub:68 ]
printerA+ | A-
82030

Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Bolqarıstanda səfərdə olmuş, qarşılıqlı elmi əlaqələrin inkişaf etdirilməsi sahəsində mühüm addımlar atılmışdır.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Bolqarıstanın Qabrovo şəhərində keçirilən Satira və yumor festivalında iştirak etmişdir. Azərbaycanın Şəki şəhəri ilə qardaşlaşmış olan Qabrovodakı Satira və Yumor Evində Bolqarıstanda xalq gülüşünün, satirik ədəbiyyatın ənənələri, həmçinin karikatura sənətinin tarixi və mövcud reallıqlar ətrafında söhbət aparılmış, bu istiqamətdə elmi tədqiqatların aparılması üzrə razılıq əldə olunmuşdur.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Bolqarıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanmışdır.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, professor Elka Traykova ölkələr arasındakı ədəbi əlaqələrə və realist-satirik ədəbiyyatın poetikasına dair birgə tədqiqatların aparılmasını əhəmiyyətli hesab etmişlər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Bolqarıstan EA Arxeologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bolqarıstanın Arxeologiya Muzeyində Azərbaycan arxeologiya elminin nailiyyətlərinə həsr edilmiş sərgi açılmış və elmi konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Bolqarıstandakı Fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Bolqarıstan EA-nın vitse-prezidenti, akademik Boris Nikolov və başqaları çıxış edərək ölkələrimiz arasındakı elmi əlaqələrin əhəmiyyətindən və perspektivlərindən bəhs etmişlər.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının Bolqarıstanda aparılan elmi ekspedisiyalarda iştirakı və elmi əsərlərin mübadiləsi barədə razılaşma əldə olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Bolqarıstan EA Antropologiya İnstitutunun iş təcrübəsi ilə tanış olmuş və Antropologiya Muzeyindəki alimlər tərəfindən bərpa edilmiş ədəbi-tarixi şəxsiyyətlərin maketlərinə baxmışlar. Görüşdə Antropologiya sahəsində əməkdaşlığın perspektivlərindən bəhs olunmuşdur.

Ağahüseyn Şükürov

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR