Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Məqalələr

Akademik İsa Həbibəyli. Multikulturalizm yollarında: ədəbi-tarixi ənənələr və müasir dövr

18-01-2017 [ 13:49 ] [ oxunub:145 ]
printerA+ | A-

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

İnsan cəmiyyəti ən qədim zamanlardan qapalı şəkildə yaşamağın deyil, müxtəlif xalqlarla ünsiyyət yaratmağın zərurətini hiss etmişdir. Beləliklə, dünyada xalqların dinc yanaşı yaşaması üçün düşünülmüş addımlar atılmış, müxtəlif mədəniyyətlərin dialoqu meydana çıxmışdır. Həmin dialoq əsrlər boyu xalqların dostluq, qonşuluq və hətta qohumluq əlaqələrinə qapı açmışdır. Nəticədə ölkələr və xalqlar arasında etibarlı münasibətlər formalaşmışdır. Eyni proses ölkələrin daxilində yaşayan müxtəlif xalqların qarşılıqlı münasibətlərinin formalaşdırılması prosesi üçün də əhəmiyyətlidir. Yəni, eyni ölkəni təmsil edən ayrı-ayrı xalqların və ya etnik qrupların mədəniyyətlərinə hörmət bəsləmək və dinlərarası münasibətlərə tolerant düşüncə ilə yanaşmaq nəticə etibarilə vahid siyasi-inzibati coğrafiyanı təmsil edən tərəflərin hamısı üçün faydalıdır. 

Əlbəttə, tarix boyu həm ayrı-ayrı xalqlar və ölkələr arasında, həm də ölkədaxili münasibətlərdə inteqrasiya prosesləri heç də birmənalı olmamışdır. Belə ki, səmimi və etibarlı münasibətlərlə yanaşı, müəyyən dövrlərdə qarşıdurmalar, çəkişmələr, hətta müharibələr də baş vermişdir. Bütün bunlar müəyyən hərbi-siyasi məqsədlərin həyata keçirilməsinə imkan yaratsa da, ancaq hər iki tərəfdə böyük itkilərə, insan tələfatına, dağıntılara, iqtisadi fəlakətlərə səbəb olmuşdur. Dünya təcrübəsi göstərir ki, hətta qalib gələn tərəflər də zəfərdən sonra ölkəni normal vəziyyətə gətirmək, yaraları sağaltmaq üçün illər və ömür sərf etmişlər. Ona görə uzaqgörən xalqlar tarix boyu həm ölkələrin daxilində, həm də beynəlxalq münasibətlərdə qarşıdurmalara və müharibələrə yox, dialoqa, sülhə və birgəyaşayışa, həmrəyliyə can atmış, bu amillərin inkişaf etdirilməsinə üstünlük vermişlər. Bütün bunlar isə öz növbəsində, ölkələrin və xalqların tarixində və taleyində multikultural dəyərlərin böyük əhəmiyyətə malik olduğunu əyani surətdə nəzərə çarpdırmışdır. 
Beləliklə, bəşəriyyət “multikulturalizm” sözünü icad etməsə də, hələ qədim zamanlardan multikultural həyat tərzini əhəmiyyətli sayaraq bu yola üstünlük verilməsinin zəruriliyini dərk etmişdir. Ona görə də ən qədim zamanlardan hansı ölkələrdə multikultural həyat tərzi mövcud olmuşdursa, qorunub saxlanılmış və qiymətləndirilmişdirsə, orada real olaraq cəmiyyətin sabit həyatına və davamlı inkişafına nail olunmuşdur. Bütün bunlardan isə xalqlar və ölkələr rahatlıq tapmış və inkişaf etmək üçün şans qazanmışlar. Multikultural münasibətləri formalaşdıra bilməyən, cəmiyyəti tarazlaşdırmaqda yanlışlıqlara yol verən, birtərəfli münasibət bəsləyən ölkələrdə isə yerli əhali də, qonşu xalqlar da ən müxtəlif səviyyələrdə böhranlarla üzləşmiş, əzab-əziyyətlə qarşılaşmalı olmuşlar. Bütün bunlara görə multikulturalizm xalqların və ölkələrin birgəyaşayışının və davamlı inkişafının, dinc və yanaşı fəaliyyətinin hərəkətverici qüvvəsinə çevrilmişdir. 
Multikulturalizm - müxtəlif xalqların vahid cəmiyyətdə birgəyaşayışı və həmrəyliyi modelidir. 
Multikulturalizm - müxtəlif mədəniyyətlərin qarşılıqlı etimada əsaslanan dialoqudur.
Multikulturalizm - dinlərarası münasibətlərdə tolerantlıq nümunəsi göstərmək deməkdir. 
Multikulturalizm - ölkənin siyasi-mənəvi zənginliyinin əsas göstəricilərindən biridir. 
Azərbaycanda multikultural həyat tərzinin qədim tarixi və böyük ənənələri var. Ən qədim zamanlardan bizim ölkəmizdə müxtəlif xalqların nümayəndələri birgə yaşamış, burada dərin dostluq və qarşılıqlı əməkdaşlıq mühiti formalaşmışdır. Bu, Azərbaycan ədəbiyyatının bütün dövrlərə aid örnəklərində də özünün parlaq bədii əksini tapmışdır. Dahi şair və böyük mütəfəkkir Nizami Gəncəvinin (1141-1209) məşhur “Yeddi gözəl” poeması multikultural ideyalar əsasında yazılmış möhtəşəm sənət nümunəsidir. Əsərdə Çin qızının, Slavyan gözəlinin, Rum qızının, Hind, Xarəzm, Məğrib (Qərb) gözəlinin dilindən deyilmiş hekayətlər də ayrı-ayrı xalqların taleyinin ən maraqlı anları, ibrətamiz hadisələri sanki Azərbaycan nağıllarında olduğu kimi təqdim olunur. Nizami Gəncəvinin “Yeddi gözəl” poeması multikultural dəyərlərin insanın və cəmiyyətin mənəvi zənginliyindəki rolunu, yerini və əhəmiyyətini parlaq şəkildə nümayiş etdirir. “Yeddi gözəl” - müxtəlif xalqların mədəniyyətlərinə hörmət və ehtiramın böyük poeziya çələngidir. Bu əsərdə milli mənsubiyyətindən və dini inancından asılı olmayaraq, ümumiyyətlə insana dərin ehtiram duyğuları ifadə olunmuşdur. İnsanı hər şeydən uca tutmaq ideyası Şərq intibah mədəniyyətinin ən mühüm çağırışıdır. 
Humanizmin böyük carçısı Nizami Gəncəvi Şərq intibah ədəbiyyatının qüdrətli yaradıcılarındandır. Nizami Gəncəvi ilə yanaşı Şota Rustaveli, Əfzələddin Xaqani, Əbülqasim Firdovsi, Sədi Şirazi, Mövlana Cəlaləddin Rumi, Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Əlişir Nəvai, Əcəmi Naxçıvani, İbn Sina, Fərabi, Bəhməniyar, Əbdülqadir Marağayi və başqaları Şərqdə intibah mədəniyyətinin yaranmasında və inkişafında böyük xidmətlər göstərmiş görkəmli simalardır. 
Orta əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsimi (1369-1417) sözün böyük mənasında insanı və insanlığı tərənnüm etmişdir. O, insana mənəvi kamilliyinə və pak əməllərinə görə qiymət verilməsini zəruri saymışdır. Ümumiyyətlə, kamil insan konsepsiyası orta əsrlər Azərbaycan ədəbiyyatının ən aparıcı istiqamətini təşkil etmişdir. Həmin dövrdə Şərq ölkələrində, o cümlədən Azərbaycan ədəbiyyatında insanın mənəvi zənginliyi və kamilliyi əsasən məhəbbət motivləri üzərində qurulmuşdur. Məhəmməd Füzuli (1494-1556) məşhur “Leyli və Məcnun” poeması ilə Şərqin ən böyük məhəbbət dastanlarından birini yaratmışdır. Məhəmməd Füzuliyə görə, insanın sədaqəti və sevgisi onun mənəvi varlığının əsasını təşkil edir. Füzuli insana və zamana münasibətini “aşiqanə” dillə ifadə etmişdir. Şairin “aşiqanə” qəzəlləri geniş mənada insana məhəbbət şeirləridir. Qərb Renessans ədəbiyyatında sonet janrında yazılmış şeirlərin daşıdığı funksiyanı Şərq poeziyasında qəzəl yerinə yetirmişdir. “Leyli və Məcnun” poeması Şərqin “Romeo və Cülyetta”sı olduğu kimi, qəzəl də türk-müsəlman dünyasının sonetidir. 
İnsana ehtiram ideyası əsrdən-əsrə inkişaf edərək nəinki onun mənəvi aləminin zənginliyinin və etibarının, hətta cəmiyyətdəki harmoniyanın mühüm amillərindən birinə çevrilmişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşayıb-yaratmış Hüseyn Cavid (1882-1941) sevgini ideallaşdıraraq insanın və cəmiyyətin ən böyük dəyərlərindən biri səviyyəsinə qaldırmışdır. Onun dərin inamına görə: “Məhəbbətdir ən böyük din!” Bu, Azərbaycan ədəbiyyatında multikultural düşüncənin, ümumbəşəri baxışların ən yüksək zirvəsinə çatan ideyadır. Burada inanclara qarşı etimadsızlıq yox, insanlığa böyük ehtiram öz əksini tapmışdır. 
Böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin (1869-1932) əsərlərində ifadə olunan humanizm həmin dövrdə cəmiyyətdəki ictimai-mənəvi münasibətlərin aparıcı istiqaməti kimi qiymətləndirilməyə layiqdir. Ədibin “Kamança” pyesində humanizm yalnız qonşuluq münasibətlərinin deyil, bütövlükdə insanlığın ən vacib keyfiyyətlərindən biri səviyyəsində təqdim olunmuşdur. 
Görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının (1899-1934), xalq şairi Səməd Vurğunun (1906-1956), xalq yazıçısı Mirzə İbrahimovun (1911-1993) əsərlərindəki Şərq və ya Qərb kontekstindəki xalqlar dostluğu ideyası qarşılıqlı insan münasibətlərinin real bədii ifadəsidir. Yazıçıların insani münasibətlərdə dostluğu və birgəyaşayışı qorumaq və daha da möhkəmləndirmək ideyaları böyük ədəbiyyatın əsas çağırışlarından biridir. 
Beləliklə, çoxəsrlik Azərbaycan ədəbiyyatı daim insanlığı uca tutmağı, birgəyaşayışa ehtiram bəsləməyi, cəmiyyətdəki münasibətləri tarazlamaqla dialoqa və həmrəyliyə əsaslanmağı təbliğ etmişdir. Bütün bunlar öz növbəsində, Azərbaycan ədəbiyyatında milli dəyərlərlə yanaşı, bəşəri meyarları da qüvvətləndirmişdir.
Bu yolla ədəbiyyat cəmiyyətin inkişafında harmoniyanın rolunu, zəruriliyini diqqət mərkəzinə çəkmişdir. Bu isə öz növbəsində, insan və zaman münasibətlərini tarazlamış, müxtəlif xalqların eyni coğrafiyada birlik və bərabərlik, qarşılıqlı etimad içərisində yaşayıb, irəliyə doğru inkişafa xidmət etmələrinə şərait yaratmışdır. Ona görə də Azərbaycandakı multikultural tarazlığın əsas mənbələrindən biri də ədəbiyyatdır. Çoxəsrlik Azərbaycan ədəbiyyatı həmişə insanlığı, dostluğu, birgəyaşayışı, dialoqu diqqət mərkəzinə çəkmişdir. 
Təəssüf ki, dünyanın ayrı-ayrı ölkələrində multikulturalizmə münasibətdə ikili standartlar əsasında yanaşmalar mövcuddur. Bir sıra ölkələrdə müşahidə olunan dini və milli ayrı-seçkilik cəmiyyətdə qarşıdurmalara, hətta terrorizmə şərait yaratmışdır. Nədənsə bəzi ölkələrdə millətlər və dinlər arasında dialoq qurmaq əvəzinə ziddiyyət yaratmağa doğru addımlar atılır. Bundan isə təkcə həmin ölkələr yox, digər xalqlar da əziyyət çəkməli olurlar. Multikulturalizm və tolerantlığın arxa plana keçirildiyi ölkələrdə baş verən faciəli hadisələrin bir çoxunun kökündə milli və dini zəmindəki ayrı-seçkiliyin dayandığını görməmək mümkün deyil. Bir çox hallarda belə acı aqibətə malik olan hadisələrin açıq və ya örtülü şəkildə dəstəklənməsi də qəbuledilməzdir. Təəssüf ki, həmin ölkələrdə yaranan ədəbiyyatın da qarşıdurmalara və ayrı-seçkiliklərə etiraz sədaları eşidilmir. Hələ ki baş verən qanlı terror hadisələrinin, müharibələrin, qarşıdurmaların mahiyyətini açan, köklərini və səbəblərini əks etdirən, doğurduğu real faciələri insanların taleyində dərindən ifadə edən böyük ədəbiyyatın reaksiyası zəif görünür. Antimultikultural mühit ikili siyasətdə, fərqli münasibətlərdə aşkar müşahidə olursa da, ədəbiyyat və incəsənət əsərlərində bu dalğanın əks-sədası ümumdünya miqyasına çıxacaq səviyyədə deyil. Terrorizmin, əzablı yollardan keçən miqrasiya axınlarının, qarşıdurmaların hərbi-siyasi, ictimai-iqtisadi, sosioloji-kultural dərinliklərini tam mənası ilə əks etdirib ümumiləşdirən, bu böyük fəlakətdən bəşəriyyəti xilas etməyin proqnozlarını verən elmi əsərlərə də ciddi ehtiyac var. Bundan başqa, zaman multikulturalizm və tolerantlığın cəmiyyətdəki əhəmiyyətini, üstünlüklərini real şəkildə açıb göstərən elmi və bədii əsərləri də meydana çıxarmalıdır. Multikulturalizmə qarşı olan etinasız münasibətin ağrısını yaşayan xalqlar baş vermiş hadisələrdən obyektiv nəticə çıxarmalı, birgəyaşayışın və dialoqun təmin edilməsi üçün qətiyyətli addımlar atmalıdırlar. Həmrəyliyə və dialoqa çağırış böyük ədəbiyyatın da, müasir elmin də ən mühüm vəzifələrindəndir. 
Hazırda Azərbaycan cəmiyyətində müxtəlif xalqların nümayəndələrinin vahid ailədə dinc və yanaşı yaşayıb işləmələri ölkəmizin əsas mənəvi sərvətlərindən biridir. Azərbaycandakı möhkəm multikultural əsaslara malik olan tolerant mühit müasir inkişafın əsas göstəricilərindəndir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev haqlı olaraq multikulturalizmi ölkəmizdə “normal həyat tərzi” kimi yüksək qiymətləndirir və həmin istiqamətdə inkişafa dövlət səviyyəsində böyük dəstək verir. Bu mənada Azərbaycan Respublikasında müasir dövrdə multikulturalizmə münasibətdə mövcud həyatın reallıqları ilə aparılan məqsədyönlü dövlət siyasəti bir-birini tamamlayır. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası özündə ölkədəki bütün xalqların və etnik qrupların birliyini və həmrəyliyini ehtiva edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Hamımızın bir vətəni var. Bu, Azərbaycandır” təlimi ölkəmizdə birlik və həmrəyliyin, millətlərarası münasibətlərin əsasında dayanır. Ölkədə yaşayan bütün xalqları onların hamısının eyni dərəcədə inandığı və hörmət etdiyi vahid ideologiya - azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək müstəqil Azərbaycan dövlətinin mühüm nailiyyətidir. Bu müdrik siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yaradıcılıqla və ardıcıllıqla davam etdirilir. Azərbaycandakı sabit və dinamik həyat, inkişaf edən cəmiyyət həmin siyasətin konkret əməli nəticəsidir. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi və il ərzində bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasi-ideoloji və ədəbi-mədəni tədbirlər Azərbaycan Respublikasında multikultural dəyərlərin daha da inkişaf etdirilməsinə və tolerantlıq mühitinin möhkəmləndirilməsinə xidmət edir. 
Müasir dövrdə Azərbaycan Respublikası dünyada mədəniyyətlər və dinlərarası münasibətlərin dialoquna və harmoniyasına ən bariz nümunədir. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalararası Alyansının VII Qlobal Forumunun 29-30 aprel 2016-cı il tarixdə Bakı şəhərində keçirilməsi Azərbaycan Respublikasının həmin istiqamətdə dünyadakı ən örnək dövlətlərdən biri olduğunu təsdiq edir. Ölkəmizdə bu istiqamətdə ardıcıl olaraq keçirilən beynəlxalq səviyyəli mədəniyyət tədbirləri, aparılan müzakirələr, çıxarılan nəticələr qlobal və regional miqyasda yeni inkişafa təkan verəcək ideyaların daha da genişlənməsinə böyük töhfələr verir.
Azərbaycan - XXI əsrin mühüm çağırışlarından olan multikulturalizmin dünyadakı əsas mərkəzlərindən biridir. Multikulturalizm və tolerantlığın bərqərar edilməsi Azərbaycanın müasir dövrdəki hərtərəfli və sürətli inkişafına təkan verir, gələcək inkişaf yollarına gur işıq salır. Prezident İlham Əliyevin haqlı olaraq dediyi kimi, “Azərbaycan nümunəsi göstərir ki, multikulturalizm yaşayır. Baxmayaraq bəzi siyasətçilər deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Bəlkə hardasa iflasa uğrayıb, amma Azərbaycanda yaşayır və bu meyillər, bu ideyalar güclənir, ictimaiyyətdən də daha çox dəstək alır”.
Azərbaycan Respublikasının multikulturalizm və tolerantlıq təcrübəsi yeni tarixi epoxada müasir birgəyaşayışın və həmrəyliyin əməli nümunəsi, mükəmməl modeli hesab edilməyə layiqdir. 
Azərbaycan Milli Elmlər Akademiyasında “Multikulturalizm ili” işığında genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. İl ərzində akademiyanın Fəlsəfə, Ədəbiyyat, Dilçilik, Şərqşünaslıq, Folklor, Memarlıq və İncəsənət institutlarında genişmiqyaslı elmi konfranslar təşkil olunmuşdur. Fəlsəfə İnstitutunda Multikulturalizm elmi-tədqiqat şöbəsi fəaliyyətə başlamışdır. Akademiyanın əməkdaşlarının multikulturalizm və tolerantlıq məsələlərinə həsr edilmiş elmi əsərləri və məqalələri ictimaiyyətə təqdim edilmişdir.
Azərbaycan və Rusiya alimlərinin birgə səyləri və qarşılıqlı əməkdaşlığı əsasında meydana çıxmış “Multikulturalizm: meyillər və reallıqlar” adlı məqalələr toplusu da (2016) həmin istiqamətdə ölkələrimizdə toplanmış təcrübəni, əldə olunmuş mühüm nəticələri özündə əks etdirir. Bu kitab Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Moskva Dövlət Pedaqoji Universitetinin Stavropol filialı ilə qarşılıqlı əməkdaşlığı əsasında hazırlanmışdır. Nizami adına Ədəbiyyat İnstitutunun Moskva Dövlət Pedaqoji Universitetinin Stavropol filialı arasında 27 may 2014-cü ildə imzalanmış əməkdaşlıq müqaviləsi əsasında bundan əvvəl görkəmli rus yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun yaradıcılığına həsr edilmiş videokonfrans keçirilmiş və müəlliflər kollektivi tərəfindən monoqrafik kitab hazırlanıb nəşr edilmişdir.
Nizami adına Ədəbiyyat İnstitutunun Almaniyanın Humboldt Universiteti (2013), Beynəlxalq Türk Akademiyası (Astana, 2013), Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu (2013), Qafqaz Universitetlər Birliyi (Türkiyə, 2014), Sankt-Peterburq Smolnı Universiteti (2014), Polşa Elmlər Akademiyasının Ədəbi Tədqiqatlar İnstitutu (2014), Çin Konfutsi Mərkəzi (2015), Rusiya Elmlər Akademiyasının Qorki adına Dünya Ədəbiyyatı İnstitutu (2015-2016), Təbriz Universiteti (İran, 2016), Belarus Elmlər Akademiyasının Yanka Kupala adına Ədəbiyyat İnstitutu (2016) ilə imzaladığı əməkdaşlıq müqavilələri yeni tarixi epoxada elm sahələri və mədəniyyətlərarası dialoqun, qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə geniş meydan açır.
Milli Elmlər Akademiyasının, o cümlədən Ədəbiyyat İnstitutunun əməkdaşları dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq elmi tədbirlərdə məruzələrlə çıxış edirlər. Beynəlxalq əlaqələrin genişlənməsi qarşılıqlı əməkdaşlığın və dialoqun əhəmiyyətini daha da artırmışdır. Hazırda milli-mənəvi dəyərlərin, davamlı ənənələrin və ölkənin müasir reallıqlarının dərindən, əsaslı şəkildə öyrənilməsi ilə yanaşı, dünya təcrübəsinin nəzərə alınması və bəşəri ideyalarla zənginləşmə də elmi-ədəbi fikrin dialektik inkişafının hərəkətverici qüvvəsini təşkil edir.
“Multikulturalizm: meyillər və reallıqlar” kitabı müasir şəraitdə ayrı-ayrı ölkələrin elmi qurumları, ali təhsil ocaqları və elm adamları arasında qarşılıqlı əməkdaşlığın və dialoqun zərurətini bir daha diqqət mərkəzinə çəkir. Bu kitabın təqdimatı üçün Nizami adına Ədəbiyyat İnstitutunda keçirilmiş beynəlxalq elmi seminarda Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Belarus, Estoniya, Ukrayna, Gürcüstan, Türkmənistan alimlərinin iştirakı və çıxışları geniş mənada multikulturalizmə və tolerantlığa, ölkəmizin bu sahədəki zəngin təcrübəsinə dünya elmi ictimaiyyətinin böyük marağını və dəstəyini ifadə edir.
Beləliklə, multikulturalizm yalnız mədəniyyətlərarası dialoqun deyil, eyni zamanda qarşılıqlı əlaqələrin də böyük potensiala və geniş imkanlara malik olduğunu göstərir. Azərbaycan Respublikası cəmiyyətin inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi üçün multikulturalizm istiqamətində Prezident İlham Əliyevin məqsədyönlü şəkildə müəyyənləşdirdiyi yolla gedərək dünyaya müasir inkişafın yeni-yeni nümunələrini göstərir.

Azərbaycan, 2017, 10 yanvar

 

 

SİZƏ MARAQLI OLA BİLƏR