Türkmənistan Elmlər Akademiyası tərəfindən Türkmənistanın Bitərəfliyinin 30 illik yubileyi və ölkədə “Beynəlxalq Sülh və Etimad İli” elan edilməsi münasibətilə Aşqabad şəhərində “Sülhün və Davamlı İnkişafın Gücləndirilməsində Elmin Rolu” adlı beynəlxalq vebinar keçirilib. Vebinarda
Türkmənistan alimləri ilə yanaşı Azərbaycan, Çin, ABŞ, Böyük Britaniya, Yaponiya, Rumıniya, Özbəkistan. Qazaxıstan, Belarus və Tacikistandan olmaqla ondan artıq ölkədən 50-dən artıq məruzə dinlənilib.
Beynəlxalq vebinarın plenar iclasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “Dostluq və etimad: Azərbaycan-türkmən ədəbi əlaqələri timsalında” adlı geniş onlayn məruzə ilə çıxış edib. Mehman Həsənli çıxışında hər iki xalqın ortaq tarixi köklərindən bəhs edib. Məruzədə ötən əsrin əvvəllərindən formalaşan və bir əsrdən çox müddətdə zəngin inkişaf yolu keçən Azərbaycan-Türkmənistan ədəbi əlaqələrindən danışılıb. Mehman Həsənli çıxışında müstəqillik illərində qarşılıqlı ədəbi əlaqələrin daha geniş vüsət aldığını diqqətə çatdırıb. Xüsusilə, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqinin adını daşıyan Türkmənistan Ədəbiyyat mərkəzinin fəaliyyət göstərdiyini, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə İnstitutda türkmən ədəbiyyatının və onun görkəmli klassiki Məhtimqulu Fəraqi irsinin öyrənilməsi istiqmətində bir sıra beynəlxalq elmi konfrans və sessiyaların keçirildiyini, monoqrafiya və kitabların nəşr edildiyini bildirib.