Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Sədaqət rəmzi və bütövlük missiyası. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva

26-08-2025 [ 11:50 ] [ oxunub:34 ]
printerA+ | A-
105831

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə və onun hüdudlarından kənarda, sözün yüksək mənasında, bütövlük, xeyirxahlıq və böyük ideallara xidmət nümunəsi kimi qəbul edilir. Nəsil şəcərəsindən gələn dərin sədaqət hissi qurduğu ailənin möhkəm mənəvi-siyasi dəyərləri ilə daha da inkişaf etdirilərək onu həm Azərbaycan qadınlığının müasir mərhələdəki siması, həm də müstəqil dövlətçilik prinsiplərimizin bütövlüyünün layiqli və məsuliyyətli təminatçısı kimi təqdim edir.

Möhkəm, bütöv və sədaqətli ailə dəyərləri ilə Azərbaycan dövlətçilik ailəsinin şərəfinin daim uca tutulması Mehriban xanım Əliyevanın qoşa qanadlarıdır. Bu qoşa qanad Mehriban xanım Əliyevanın özünəməxsus obrazını üzvi surətdə tamamlayır. Əslində ailə və dövlətçilik prinsiplərini eyni ucalıqda vəhdətdə yaşatmağın nümunəsini göstərmək Mehriban xanım Əliyevanın simasında mənəvi dəyərlərlə dövlətçilik ideallarının sintezindən yaranmış yeni bir dəyərin formalaşdırılmasını şərtləndirir. Müstəqil Azərbaycan dövlətinin yeni nəsilləri üçün bu möhtəşəm örnək həm əsil ailə ucalığına və həm də müstəqil dövlətçilik ideallarına sədaqətlə xidmət etmək örnəyidir. Bu gün Azərbaycanda yeni nəsillərin millilik, dövlətçilik, vətənpərvərlik, xeyirxahlıq ruhunda yetişib formalaşmasında bu məktəbin dərsləri müstəsna dərəcədə böyük rol oynayır. Nəhəng okean sularında bələdçi mayaklar hansı mövqeyə və əhəmiyyətə malikdirsə, 50 milyondan çox azərbaycanlının mənəvi-siyasi okeanının vahid ailədə birləşdirilməsi və istiqamətləndirilməsi baxımından bu parlaq dövlətçilik ailəsini yaradanlar və yaşadanlar həm Azərbaycanın indiki yüksəliş strategiyasına və həm də daha xoşbəxt gələcəyinə güc və qüvvət verir.

Ölkəmizin Birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın azərbaycançılıq idealları həyata, ailəyə və cəmiyyətə, müstəqil dövlətçiliyimizə şərəflə və məsuliyyətlə xidmətin parlaq nümunəsidir. Hələ XX əsrin doxsanıncı illərində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təsis edilməsi və fəaliyyətinin səmərəli təşkili, habelə xalqımızın tarixi-mədəni mirasını Azərbaycan, rus və ingilis dillərində beynəlxalq aləmə təqdim edən “Azərbaycan–İrs” jurnalının çap edilməsi azərbaycançılıq amalına sədaqət xidmətinin əməli ifadəsi idi. Bu jurnalda Azərbaycan ziyalılarının və xarici müəlliflərin gözü ilə çoxəsrlik şərəfli tariximiz, tarixi şəxsiyyətlərimiz, milli mədəniyyətimizin tac damarları olan şifahi xalq ədəbiyyatımız, xalçalarımız, musiqi sənətimiz, görkəmli yazıçı və şairlərimiz haqqında verilmiş zəngin informasiyalar, tədqiqat materialları, seçilmiş fotolar və sənədlər Azərbaycanın dünyanın qədim və zəngin bir diyar olduğunu əyani şəkildə bəyan etmişdir.

Ulu öndər Heydər Əliyevin azərbaycançılıq təliminə və amalına dərin sədaqəti Mehriban xanım Əliyeva üçün geniş mənada Azərbaycan dövlətinə və ümumən müstəqil dövlətçiliyimizə sədaqətin nümunəsinə çevrilmişdir.

Mehriban xanım Əliyevanın 2004-cü ildən etibarən Heydər Əliyev Fondunun prezidenti vəzifəsində ölkəmizdə və dünyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının və azərbaycançılıq ideyalarının həyata keçirilməsini şərəflə və məsuliyyətlə davam etdirməkdədir. Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilmiş “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evlərinin və internat məktəblərinin inkişafı”, Bakı şəhəri ətrafı kənd və qəsəbələrində məktəblərin inşası, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inkişafı” və sair kimi layihələr xalqımızın milli-mənəvi təkamülünə və sağlamlığına böyük dəstəyin ifadəsi olmuşdur. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə bir sıra Avropa və Asiya ölkələrində tarixi-mədəni abidələrin bərpası, yüksək səviyyəli konsertlərin, sərgilərin təşkili, məktəblərin inşa edilərək hədiyyə edilməsi layihələrinin icrası ölkəmizə böyük nüfuz qazandırmışdır. Bundan başqa, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İçərişəhər, Şirvanşahlar sarayı, Qız Qalası, Qobustan Qayaüstü rəsmləri, Şəki Xan sarayı, “Xınalıq və Köç Yolu mədəni landşaftı”, Hirkan meşələri, Kamança simli musiqi aləti, kəlağayımızın UNESCO Beynəlxalq Mədəniyyət Təşkilatının Ümumdünya İrs və Qeyri-Maddi Mədəni İrs siyahılarına daxil edilməsi onun azərbaycançılıq istiqamətində ölkəmizə bəxş etdiyi uğurlardır.

Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının yeni tarixi mərhələdə daha da inkişaf etdirilməsi sahəsində də Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır. Onun Yeni Azərbaycan Partiyası sədrinin müavini, birinci müavini kimi səmərəli fəaliyyəti Azərbaycanın müstəqillik taleyində müstəsna xidmətləri olan bu partiyanın sıralarının genişləndirilməsinə, siyasi-ideoloji xəttinin möhkənləndirilməsinə, xüsusən qadınların partiya sıralarına qoşulmasının daha da fəallaşmasına mühüm töhfələr vermişdir. Eyni zamanda, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı, bir sıra taleyüklü qanunların qəbul edilməsinə nail olması da azərbaycançılıq amalına xidmət etməyin əyani təzahürləridir. Dövlətçilik sferasındakı zəngin təcrübəsi, xalq arasında qazandığı yüksək ehtiram və etimad Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti səviyyəsinə yüksəlməsinə yol açmışdır. Beləliklə, Mehriban xanım Əliyeva ölkəmizdə müstəqil dövlətçiliyin inkişafı yollarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sadiq silahdaşı kimi inamla addımlayaraq, dövlət və vətən qarşısında mənəvi-siyasi borcunu yerinə yetirməyin nümunələrini göstərməkdə davam edir.

Heç şübhəsiz, aydın siyasi mövqe, yüksək vətəndaşlıq borcunun məsuliyyətlə yerinə yetirilməsi və xeyirxahlıq Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyevanın sədaqətinin qızıl açarıdır. Aydın və möhkəm siyasi mövqe Mehriban xanım Əliyevanın dönməz siyasi əqidəsinin ifadəsidir. Mehriban xanımın əqidə səviyyəsindəki siyasi mövqeyi müstəqil Azərbaycan dövlətçiliyi yollarında atdığı bütün addımlarda uğurla sınaqdan çıxmışdır. Mehriban Əliyeva Azərbaycan cəmiyyətində Azərbaycan xalqının müxtəlif qruplarının taleyüklü sosial-mədəni problemlərinin vaxtında və yüksək səviyyədə həyata keçirilməsi istiqamətində meydana qoyduğu mövqe ilə və atdığı nəticəyönümlü qətiyyətli addımlarla həmin sahədə cəmiyyətdəki mövcud gərginliyin aradan qaldırılmasına və real olaraq insanların həyat şəraitinin yaxşılaşdırılmasına, son nəticədə isə xalqın ümid və inam hisslərinin möhkəmləndirilməsinə xidmət etmişdir. Hələ Azərbaycan Respublikası Milli Məclisinin deputatı olduğu illərdən etibarən Azərbaycan xalqının zorla düçar edildiyi qaçqınlıq və köçkünlük problemlərinin həlli sahəsində atdığı əhəmiyyətli addımlar, qaçqın və köçkün düşərgələrində keçirdiyi çoxsaylı səmimi görüşlər, apardığı müzakirələr, əlaqədar təşkilatların problemin həllinə cəlb edilməsi, icra prosesinin normal təşkilinə nəzarət edilməsi nəticə etibarilə müstəqil Azərbaycan dövlətinin bu sahədəki zəruri problemlərinin həllinə xidmət etməklə bərabər, ağır şəraitdə güzəran keçirən insanların ölkəmizin sabahına ümidlə baxmalarına və inamla yaşamalarına böyük stimul vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi kursun Mehriban xanım Əliyeva tərəfindən ardıcıl olaraq və uğurla həyata keçirilməsi sayəsində ölkəmiz beynəlxalq miqyasda qaçqınları olan digər dövlətlərlə müqayisədə qaçqınlıq problemini daxili imkanlar hesabına həll edən nadir ölkələrdən biri olmuşdur. Dünyanın başqa ölkələrində qaçqın düşərgələri siyasi müxalifətin sərt siyasət məkanına çevrilərək sabitliyin pozulmasına, qarşıdurmaların yaradılmasına, sosial gərginliyin süni surətdə artırılmasına nail olmaq üçün istifadə etdiyi əsas rıçaqlardan biri olduğu halda, müstəqil Azərbaycan dövlətində aparılmış düzgün və məqsədyönlü siyasət nəticəsində qaçqınlar ordusu həmişə birmənalı şəkildə dövlətçiliyin tərəfində dayanaraq ölkə rəhbərini ürəkdən müdafiə etmişlər. Çünki Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin möhkəm əsaslarını müəyyən etdiyi etibarlı və dayanıqlı təməllər, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət, göstərdiyi xüsusi qayğı və diqqət və eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın qaçqınlar sferasındakı çoxcəhətli və yorulmaz fəaliyyəti siyasi cəhətdən və əməli iş baxımından bir-birini üzvi surətdə tamamladığı üçün qaçqınlar problemi dövlətin vahid proqramı səviyyəsində müvəffəqiyyətlə həll edilmişdir. Bu baxımdan Azərbaycanda qaçqınlar nə məkrli beynəlxalq təşkilatların ölkəni qarışdırmaq üçün istifadə etdikləri ələbaxan sosial qruplara, nə də siyasi müxalifətin emosional elektoratına çevrilmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 30 illik erməni işğalından azad etdiyi Qarabağa Böyük Qayıdış Proqramı əsasında qaçqınların dədə-baba torpaqlarına qayıtmaları və yerləşdirilməsi prosesində Mehriban xanım Əliyevanın meydana qoyduğu ədalətli mövqe və apardığı iş, ümumiyyətlə, qaçqınlığın bir problem kimi tam aradan qaldırılmasının təmin olunmasına xidmət edir. Son yarım əsrdə dünyanın əksər ölkələrində qaçqın-miqrant axınlarının genişlənməkdə olduğu, beynəlxalq problemə çevrildiyi bir zamanda Azərbaycan Respublikasında qaçqın və köçkünlər probleminin bu cür köklü şəkildə həll edilməsi dünya təcrübəsində analoqu olmayan bir nailiyyətdir. Bu problemin yüksək şəkildə həll edilməsinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın verdiyi konkret töhfələr isə real bir gerçəkliyin əməli ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti, silahdaşı İlham Əliyevlə birlikdə ad günlərinin uzun illərdən bəri qaçqın şəhərciklərində, son illərdə işğaldan azad olunaraq qaçqın və köçkünlərin məskunlaşdıqları yeni yaşayış məskənlərində keçirmələri bu tarixi addımları xalq ilə dövlət arasındakı qarşılıqlı etimadın danılmaz faktına çevirir.

Dünyanın əksər ölkələrində valideyn hüququndan məhrum edilmiş və ya valideynlərini itirmiş kimsəsiz uşaqlarla əlaqədar problemlər müxtəlif üsullarla həll edilir. Təəssüf ki, bir çox ölkələrdə həmin sosial təbəqə atılmışlar kateqoriyasına daxil edilərək aşağı səviyyəli, minimum diqqət göstərilməsi, onlara ən zəruri olan bəzi məsələlərin həllində kömək edilməsi ilə kifayətlənilir. Bəzən azyaşlı olmalarına baxmayaraq, həmin kateqoriyaya aid uşaqlardan ucuz işçi qüvvəsi kimi istifadə edilir. Ən dəhşətlisi də ondan ibarətdir ki, bəzi inkişaf etmiş ölkələrdə sahibsiz uşaqlarda gen dəyişikliyi edilərək hibrid nəsillər yetişdirilir. Azərbaycanda isə bütün bunların tam əksinə olaraq, kimsəsiz uşaqların sağlam şəkildə, atalı-analı uşaqlarla eyni səviyyədə bütün hüquqlara malik olmaqla və onların milli-mənəvi dəyərlər əsasında böyüyüb inkişaf etdirilməsi məqsədilə vahid dövlət proqramı həyata keçirilir. Bu humanist dövlət proqramının əsas istiqamətlərinin müəyyən olunması, sosial bazasının formalaşdırılması, maddi-texniki ehtiyaclarının həll edilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə yerinə yetirilir. Mehriban xanım Əliyevanın uşaq evlərində, internat məktəblərində, çətin tərbiyə olunan uşaqlarla əlaqədar müəssisələrdə həyata keçirdiyi davamlı fəaliyyət proqramları kimsəsiz uşaqlar məsələsinin həll edilməsini cəmiyyətin sosial inkişafının prioritet müddəalarından biri səviyyəsinə çatdırmışdır. Mehriban xanım Əliyevanın demək olar ki, Azərbaycan təqviminin bütün əlamətdar günlərində uşaq təhsil və tərbiyə müəssisələrində mütəmadi və müntəzəm keçirdiyi tədbirlər valideyn hüquqlarından istifadə etmək imkanı olmayan bu uşaqların özlərini kimsəsiz hesab etməmələrinə, dövlətimizin onlara sahib çıxmasına şərait yaradır. Yeni il, Novruz bayramı, 8 Mart Qadınlar Bayramı, Qurban və Ramazan bayramları, Milli Qurtuluş Günü, Zəfər bayramı kimi bütün ölkə miqyasında qeyd olunan əlamətdar günlərin hamısında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın daim “kimsəsiz” uşaqlarla bir yerdə olması, onlara dövlət səviyyəsində diqqət və qayğı göstərməsi, əsl Azərbaycan qadını və Anası kimi şəfqət bəsləməsi, necə deyərlər, “kimsəsizlərin kimsəsinin” Azərbaycan dövləti olduğunu nümayiş etdirir. Nəticədə Azərbaycan dövləti kimsəsizlərin timsalında xalqımızın layiqli milli düşüncəyə malik vətənpərvər övladlarını qazanır. Uşaq evlərində böyüyüb tərbiyə almış məktəblilərin sonradan ali təhsil alıb yüksək ixtisaslı mütəxəssisə çevrilmələri, məsul vəzifələrdə çalışmaları, Qarabağ müharibəsində iştirak edərək özlərinin Vətən borclarını vətənpərvərliklə yerinə yetirmələri, ailə qurub övlad-uşaq sahibi olmaları Mehriban xanım Əliyevanın apardığı uzaqgörən humanist siyasətin bəhrələridir. Bu, dövlət və ümumxalq işində Heydər Əliyev Fondunun xətti ilə Leyla xanım Əliyeva və Arzu xanım Əliyevanın da fəal iştirak etmələri kimsəsiz uşaqların Azərbaycanda dövlət səviyyəsində bu işin hansı səviyyədə əsaslı yer tutduğunu əyani şəkildə nümayiş etdirir.

Ölkəmizdə qədim və böyük ənənəsi olan muğam sənətinin yenidən dirçəldilməsi işi də birbaşa Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı və fəaliyyəti ilə bağlıdır. Zəngin ənənəsi olmasına baxmayaraq, son yarım əsrdən çox müddətdə dünyada estrada, pop-rok, caz kimi musiqi janrlarına marağın son dərəcədə böyük sürətlə artması milli mentalitetimizlə əlaqədar olan muğam sənətini gündəmdə çətin durumla üz-üzə qoymuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkə miqyasında genişmiqyaslı muğam müsabiqələrinin həyata keçirilməsinə başlanılması muğam sənətinin xilas edilib xalqımıza qaytarılmasında müstəsna dərəcədə böyük bir dönüşün yaranması ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti səviyyəsində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə böyük uğurla həyata keçirilən muğam siyasəti bu ölməz sənəti yenidən ölkəmizdə milli mədəniyyətin üzvi tərkib hissəsinə çevirmişdir. Bundan başqa, Heydər Əliyev Fondu görkəmli muğam ifaçısı olan böyük sənətkarlarımız haqqında albomlar və onların ifa etdikləri mahnılardan ibarət disklər, kasetlər hazırlatdıraraq geniş şəkildə yayması ilə də muğam sənətinə əsaslı bir qayıdışın başlanılmasını təmin etmişdir. Heydər Əliyev Fondu klassik muğam ifaçısı olan sənətkarlarımız üçün xüsusi mükafatların və təqaüdlərin verilməsini təmin etməklə muğama marağı qüvvətləndirmiş və genişləndirilmişdir. Bundan başqa, həmin zəmində iki ildən bir Azərbaycanda beynəlxalq muğam simpoziumlarının təşkil edilməsi, dünyanın muğamşünas alimlərinin Bakıda bir araya gətirilib geniş elmi diskussiyaların keçirilməsi muğam sənəti ilə əlaqədar bir çox mühüm elmi nəticələrin əldə olunması ilə nəticələnmişdir. İlk dəfə olaraq, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən “Azərbaycan Muğam Ensiklopediyası” yüksək elmi səviyyədə hazırlanıb nəşr edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda Muğamşünaslıq şöbəsi yaradılmış və respublika üzrə muğama həsr olunmuş tədqiqatların bu şöbə vasitəsi ilə koordinasiya edilməsi təmin olunmuşdur. Son illərdə muğam sənətinin tarixinə, inkişaf yoluna, ənənələrinə, görkəmli ifaçılarına həsr edilmiş monoqrafiyaların və məqalələrin çap edilməsi, dissertasiyaların müdafiə olunması, elmi konfransların təşkili muğam sənəti sahəsində aparılan siyasətin konkret elmi bəhrələridir. Geniş mənada Şərq-müsəlman ifaçılıq mədəniyyəti nümunəsi hesab edilən muğam sənətinin ən qədim vətəninin Azərbaycan ölkəsi olmasının elmi şəkildə əsaslandırılaraq sübut olunması və bu tarixi faktın beynəlxalq elmi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanması da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizə qazandırdığı imic kimi mühüm əhəmiyyətə malikdir. Son illərdə Azərbaycanın müxtəlif regionlarında, o cümlədən Azad Qarabağda memarlıq abidələri səviyyəsində tikilib istifadəyə verilən muğam mərkəzi kompleksləri də bu qədim sənətin geniş yayılmasını, kütləviləşdirilməsini, təbliğini, inkişaf etdirilməsini təmin etməklə bərabər, həm də regionlarımızda yeni nəsil istedadlı gənc muğam ifaçılarının üzə çıxarılmasına da meydan açır.

Azərbaycanda idman sahəsinin köklü islahatları, idmanın kütləviləşdirilməsi, maddi-texniki bazasının yaradılması, dünya olimpiya oyunlarının Azərbaycanda keçirilməsi və sair kimi tədbirlər ölkəmizdə sağlam və vətənpərvər yeni nəsillərin yetişdirilməsi, dövlətimizin beynəlxalq səviyyədə imicinin yüksəldilməsi, nəhayət, bizə etibarlı dostlar və tərəfdaşların qazandırılması baxımından böyük və genişmiqyaslı bir siyasətin həyata keçirilməsi deməkdir. Artıq ölkəmizdə dövlət səviyyəsində qeyd edildiyi kimi Birinci Avropa Olimpiya Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının ən yüksək səviyyədə keçirilməsində Mehriban xanım Əliyeva böyük təşkilatçılıq işi aparmaq istedadını meydana qoymuşdur. Hazırda Üçüncü MDB Oyunlarının keçirilməsi ilə əlaqədar aparılan işlərə də Mehriban xanım Əliyeva böyük səy və bacarıq sərf edir. Məhz Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti ilə uğurla həyata keçirilən genişmiqyaslı idman hərəkatı tikilib-qurulan idman kompleksləri ilə ölkəmizin daha da abad və yaraşıqlı olmasına da şərait yaradır. 

Ziyalı faktoru, ədəbiyyat və incəsənət, elm və mədəniyyət xadimlərinə dəstək və qayğı da Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətində xüsusi yer tutur. Heydər Əliyev Fondunun Azərbaycanın görkəmli ziyalılarını təltif etmək üçün “Qızıl çinar” mükafatını təsis etməsi ölkəmizin ictimai-mədəni mühitinin mühüm hadisəsi olmuşdur. Respublikamızın ən tanınmış ədəbiyyat və incəsənət xadimləri: xalq rəssamı Tahir Salahov, xalq rəssamı, akademik Ömər Eldarov, dünya şöhrətli Müslüm Maqomayev, Xalq artisti, akademik Arif Məlikov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə, Xalq artisti, professor Fərhad Bədəlbəyli və başqaları haqqında yüksək poliqrafik səviyyədə çap olunmuş albom-monoqrafiyalar onların böyük sənətinin sanballı salnaməsi və dərinmənalı sənət pasportudur. Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə və xaricdə təşkil olunan sərgilər, konsertlər, görüşlər Azərbaycanın milli mədəniyyətinin, elminin və ədəbiyyatının tanıdılması, beynəlxalq aləmə təqdim olunması baxımından xüsusi əhəmiyyətə malik olan hadisələrdir. Bütün bunlar Mehriban Əliyevanın əsl bacarıqlı dövlət xadimi və diplomat, eyni zamanda, əsl elm, mədəniyyət, idman işlərinin yorulmaz təşkilatçısı olduğunu əyani surətdə nümayiş etdirir. Mehriban xanımın Birinci vitse-prezident olaraq və Heydər Əliyev Fondunun prezidenti kimi çoxcəhətli, yorulmaz, məqsədyönlü fəaliyyəti müstəqil Azərbaycan Respublikasının hərtərəfli surətdə inkişaf etdirilməsinə və ölkəmizin adının, imicinin beynəlxalq miqyasda yüksəldilməsinə həsr edilmiş mənalı ömrün şərəfli səhifələridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu siyasətin, müstəqil dövlətçilik yollarında atdığı hər bir addımın Mehriban Əliyeva tərəfindən vahid amalın ayrılmaz tərkib hissəsi kimi qəbul edilərək müdafiə olunması və davam etdirilməsi dövlətçilik baxımından çox mühüm olan siyasi bütövlüyün və harmoniyanın təmin edilməsi cəhətdən də xüsusi əhəmiyyətə malikdir. Bu çox mühüm faktor müstəqil Azərbaycan dövlətinin monolit birliyinin möhkəm əsaslarından birini təşkil edir. Məhz həmin Birlik, Bütövlük, Sədaqət və Məsuliyyət Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın özünəməxsus obrazını nümayiş etdirməklə bərabər, həm də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ən müasir inkişafa, yeni-yeni nailiyyətlərin qazanılmasına, daha böyük gələcəyə doğru qətiyyətli addımların atılmasına uğurla xidmət edir.

İsa HƏBİBBƏYLİ,

AMEA-nın prezidenti, akademik

https://science.gov.az

SİZƏ MARAQLI OLA BİLƏR