Məmməd İsmayıl adı özü ilə bağlı çeşidli assosasiyalar doğurur. O, "hələ söz Vətəndə, mən qürbətdəyəm" misralarının ağrı yükünü çəkməyi alın yazısına çevirib uzun illər qardaş Türkiyədə yaşayan, mübariz ruhunu daim qoruyan və işıq kimi gələcək nəslə ötürən şeirlərin müəllifi, poetik-bədii təfəkkürü ilə əski qaynaqlara söykənən, dil materialı, bədii təsvir və ifadə sistemi ilə təbiətə və dünyaya münasibətin özünəqayıdış qütbünü nişan verən yaradıcı enerji ünvanımızdan biri idi. Vəfatı ilə poeziya üfüqlərimiz bir az da boşalsa da, "bir adam yol gedir bizdən qabaqda" misralarının təsəlli yükünə sığınıb əbədiliyinə inanırıq. Buna inandıran şairdən bizə yadigar qalan sözdür, mətnlərdir!
Məmməd İsmayıl ilk şeirlərindən özünün şair obrazını cızaraq yola çıxmışdı: milli ruha, mübariz əhval-ruhiyyəyə, yaşamaq və yaratmaq həvəsinə köklənən şeirlərində Vətən sevdası daha diri, daha oyaq görünürdü. O, təbiətin gözəlliyini poeziyanın musiqisinə - səs keyfiyyətinə çevirməyi bacarırdı və bu musiqinin füsunkar ahəngində yaddaşın duyumu tərpədən nidası daha zil notlarla eşidilirdi. Təbiət lirizmi, sevgi həzinliyi içrə qərq olmuş ruhun tarixə və dünənə baxışı, bağlılığı, mühafizəkar marağı daim öndə idi. İkinci dünya müharibəsinin özü ilə gətirdiyi dağıdıcı mənzərənin ritmi, onun qanlı-qadalı olaylarının təsiri şairin yalnız şeirlərinə deyil, həm də yaddaşına və ruhuna çökən ağrı kimi təzahür edirdi:
...Ağlımız yenicə kəsirdi onda,
Bir həsrət didirdi ürəyimizi
Bir ad dolaşırdı söz arasında.
Umuddan asılan qılınc kimiydik -
Analar qınından sıyırıb bizi
Qoymuşdu baxtıyla öz arasında.
Bu yerlə,
bu göylə,
bu dünya ilə
Eşqiylə, əhdiylə öz arasında!..
Bəlkə buna görə 1990-cı ildə baş verən 20 Yanvar faciəsindən sonra bu qanlı hadisənin bədii əksini ədəbiyyatda ifadəyə çalışan və vətəndaşlıq qayəsi ilə işıqlandıran şairlərdən oldu M.İsmayıl. Faciənin baş verməsindən az sonra qələmə alınan "Bu qan yerdə qalan deyil" şeiri öz uzaqgörən notları ilə ağrının fəlsəfi-poetik dərkində bədii-estetik siqlətini bu günədək qoruyub saxlayan nümunələrdəndir:
Bir Ay adı, bir gün adı
Tapındığım görkün adı.
Yerdə qalmaz Türkün adı,
Yerdə qalmaz yurdun adı,
Yerdə qalmaz qurdun adı, -
Bu qan yerdə qalan deyil.
Bu qan yerdə qalan deyil!
1990-cı illərdən sonra şairin yaradıcılığı daha çox həzin, minor notlar üzərində qərar tutur. Təbiidir, özünü millətin bir parçası sayan şair onun çətin məqamlarında azadlıq ideallarının tribun ifadəçisinə çevrilir. Üzləşdiyimiz fəci proseslər şairin yaradıcılığında öz izini qoyur, ağrı, şikayət, qınaq amili önə keçərək şairin özü ilə "mən"i arasında çarpışmaya, ziddiyyətə rəvac vermiş olur.
Bu xalq yeddi yerdən zavala gəldi,
Bu xalqın danışan dili olmadım.
Bu xalqın başına min bəla gəldi,
Mən ki dözüb durdum, dəli olmadım,
Mən şair deyiləm, atam balası!
Digər mövzularda da Məmməd İsmayılın poeziyasında cavanlıq çağlarının nikbin və çılğın ovqatının, gənclik hərarəti, nikbin ruh və yaşamaq eşqinin sərt, müdrikanə təsvirlə əvəzləndiyini görürük. Şair ömrün ahıllıq kürsüsündə əyləşib həyat, zaman, insan haqqında meditativ düşüncələrini bölüşür, dünəndən bu günə deyil, bu gündən keçmişə boylanır. M.İsmayılın şeirlərindəki bədbinlik, əslində mən buna bədbinlik də deməzdim, sadəcə həyatın faniliyi, ömrün varlıq-yoxluq məqamı ilə bağlı düşüncələrin sirayət etdiyi ovqat - hansı ki, şair bunu da özünəməxsus müdrikliklə bədii sözün predmetinə çevirir - şəxsi kədər və ağrı notlarından, dar düşüncədən uzaqdır. Bu poeziyada ölüm, yoxluq həyatın sonu, sonluğudur, yaşanılan ömrün halallıq səviyyəsidir, insan nə edirsə etsin, necə yaşayırsa yaşasın, sonu yoxluğa müncərdir - "Ölüm son duracaqdır". Odur ki, bu şeirlərdəki həyata və ölümə ayıq-sayıq yanaşma, bədii-fəlsəfi mühakimələr onları bədii ümumiləşdirmə səviyyəsinə qaldırır.
Qərib gecələrin yuxusu sərvaxt,
Qürbət gündüzlərə zülüm dolanır.
Anam dolanardı başıma bir vaxt,
İndi ətrafıma ölüm dolanır.
Yeni deyim tərzi, intonasiya zənginliyi, fikrin ifadəsində konkretlik, ifadə üsulunun yığcamlığı, ekspressiv lövhələrin bir-biri ilə əvəzlənməsi halları onun poeziyasında əsas üslubi çalarlar kimi qabarıqdır. Bu fərdilik daha çox yeni emosional keyfiyyət, intonasiya planında baş tutur. M.İsmayılın yaradıcılığında daim həm forma, həm də məzmun planında aşıq şeirindən yararlanma da müşahidə olunub. Dünyadan şikayət, haqq-ədalət axtarışının ənənəvi ifadəsi və s. şairin yaradıcılığında diqqət çəkən əsas xüsusiyyətlər olub.
Bir oğul toyu var, bir ana çatmaz,
Bir ömrün sevinci bir ana çatmaz.
Əlin dağa çatmaz, arana çatmaz,
Boğulub qalarsan qeyrət içində.
M.İsmayıl ədəbi ənənəyə qayıdış və əsaslanma, ənənəvi poetik forma, intonasiya və ritmlə yeni poetik nəticələrin əldə oluna biləcəyini sübut edən şairlərdəndir. Bu şeirlərdəki ədəbi ənənəyə qayıdış şeirin məzmunu ilə yanaşı onun poetik sistemində də özünün orijinal təcəssümünü tapır. Belə hallarda ritm, intonasiya şairin daxili duyumlarını, onu narahat edən problemləri, mövcud mənfi halların bədii təhlilini kəskinləşdirmək də poetik məzmun daşıyır. Meditativ başlanğıca bağlılıq, kədər, dərd, bəxtsizlikdən şikayət şairin müstəqillik dönəmindən sonrakı yaradıcılığında da aparıcı xətti təşkil edir:
Dünya da gözəldi... Ömür də gözəl,
Sinəni göynədən eşq sarı simdi.
Arxadan gözünü bağlayan bir əl
Hərdən soruşardı: tap görüm kimdi...
Ad sayıb çəkdiyin çilələr hədər
Tapmadın! Boynunda babalı qaldı.
Çəkilib getmədi üzündən əllər
O vaxtdan gözləri qapalı qaldın...
Ümid - korun-korun sönəcək ocaq,
İçində səssizcə inləyən uddu...
Bağlayan bağladı gözünü, ancaq
Qayıdıb açmağı çoxdan unutdu..
Gör harda fürsəti verdin əlindən
Gözünü bağlayan korun bəxtimi?
Sən xoşbəxt olmadın dərdin əlində,
Bax sənə dərd verən dərd, xoşbəxtdimi?
Buna baxmayaraq, 90-cı illərdən başlayaraq, çağdaş şeirdə edilən yeniliklər, forma və məzmun axtarışları şairin də poeziyasından yan ötmür. Bu illər şeirində müəlliflər daha çox insan düşüncəsini oynatmağa çalışır, düşüncələrini antitezalar, biri digərini inkar edən fikirlər üzərində qurmaqla şüuraltını hərəkətə gətirməyə çalışırdılar. M.İsmayıl da yaradıcılığı ilə yeniliyin ön sıralarında görünür, şeirlərində bu oyunun əlamətləri uğurla əksini tapır, poeziyada güclənməkdə olan təmayülü təmsil edirdi. Həm də şairin üçüncü minilliyin "yeni şeir"lə bağlı irəli gələn ideya döyüşlərində yaxından iştirak etməyə hazır olduğunu görükdürürdü:
Ötən ömrün yasında,
Quzey yaxasında mən.
Gün bulud arxasında
Qürbət arxasında mən.
Varmı verən bir soraq
Nerdəyəm mən, nerdəyəm?
Yaddaşına yaxşı bax,
Unutduğun yerdəyəm.
XX əsrin sonlarında bir-birinin ardınca baş verən məlum olaylar çağdaş insanın dünya, kainat, Tanrı və ən əsası, özü ilə bağlı təsəvvürlərini modifikasiyaya uğratdı. Çağın insanı daha çox böhran ab-havasını yaşamış olduğundan poetik "mən"ini də bu ovqat üstündə kökləməli oldu. Belə məqamlarda M.İsmayıl da içinə dolan bu narahatlığın ağırlığı altında bir də poetik yaşamını qorumağa çaba göstərirdi: "Tale ilə baş-başa / Durub oğulsan yaşa".
İnsanın düşüncələrində, həyata yanaşmasında hakim olan biganəlik, yadlaşma sindromunun zəmini dünyanın insana ayırdığı diqqət(sizlik) payından qaynaqlanırdı. Müasir insan sürətlə gedən yeniləşmələri, texnogen sivilizasiyanın pik inkişafını, onu lazımsız şeyə çevirən hakimiyyət, güc amilini laqeydliklə izləyir, dünya prosesləri fonunda unudulan insanı - görünməz, eşidilməz olan fərd problemlərini hər vəchlə qabartmağa çalışırdı. Bu dövr poeziyasında hakim olan çöküş ruhunun kökündə də bu amil dayanırdı. "Son duracaq" isə deyəsən, ölüm yox, Tanrı məqamı idi:
Unudulmaq növbəsi...
Mənim də gəldi sıram,
Bizi ölümə çəkən zaman arıdı bəlkə.
Onu sevmək var ikən,
kimdən, nədən qorxuram,
Hər kəsin qəlbindəki sevgi Tanrıdı bəlkə?
Bütün yaradıcılığı boyu Məmməd İsmayıl vətənlə bağlı şeirlərində sınanmış, dəyişməz əxlaqi-mənəvi dəyərlər axtardı, amma pessimizmə qapılmadı, bu dəyərləri mehrab kimi tapındığı Sözün yaşamında, gücündə, sehrində tapdı. Onun üçün vətən elə sənətin var olduğu məkanda idi, şairin içinin "sənətin qürbətindən sənətin vətəninə" doğru yol alan və daim sabit qalan mövqeyində idi. Vətənlə bağlı işıqlı və kövrək hisslər onun misralarında yaşanan ən qüvvətli və ən səmimi duyğulardandır.
Gedərsən, vətənin qalar vətəndə,
İçinin içində köz vətən olar.
Dərdinə, sərinə vətənsən sən də,
Qürbətdə sənə də söz vətən olar.
***
Şeirlərinin birində "Qoymayın dünyanı adiləşməyə" deyirdi Məmməd İsmayıl. Onun poeziyasının ümumi ahəngi hər zaman bu niyyətin ifadəsinə yönəlik olacaq. Hamıya, bəlkə hamıdan əvvəl özünə adiləşən dünyanı şahlıq taxtından salmamaq üçün qürbət hüznünə baxmayaraq sevməkdə və ona inanmaqda davam etdiyi üçün bəlkə də!
Ədəbiyyat qəzeti, 2025, 22 avqust