2025-ci il avqustun 10-da Expo 2025 Osaka çərçivəsində Azərbaycan Pavilyonunda “Müstəqil Azərbaycan Respublikasında elm və mədəniyyət: Azərbaycan - Yaponiya elmi-mədəni əlaqələri” adlı təqdimat tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının elmi və mədəni potensialını beynəlxalq ictimaiyyətə tanıtmaq, eyni zamanda Azərbaycan - Yaponiya münasibətlərinin yeni mərhələsini təşviq etmək məqsədi daşıyırdı.
Yığıncaq Azərbaycan və Yaponiya dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca yapon musiqiçi Naoki Sakurabanın gitara ifasında Azərbaycan Dövlət Himnini səsləndirilib.
Tədbirin əsas məruzəçisi Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Gülnar Yunusova “Müstəqil Azərbaycan Respublikasında elm və mədəniyyət: Azərbaycan - Yaponiya elmi-mədəni əlaqələrinin inkişafı” adlı çıxışında müasir Azərbaycanın elmi və mədəni inkişaf yolunu, eləcə də iki ölkə arasında qurulan əməkdaşlıq platformalarını əhatəli şəkildə təqdim edib. Məruzədə Azərbaycan Respublikasının 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsindən sonra elmin və mədəniyyətin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyi vurğulanıb. Bu istiqamətdə xüsusilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rolu qeyd edilib. Fil.ü.f.d. Gülnar Yunusova AMEA-nın yalnız bir elmi müəssisə deyil, həm də xalqın mənəvi və intellektual irsini yaşadan bir elm məbədi olduğunu vurğulayıb.
Məruzədə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Azərbaycan elminin beynəlxalq inteqrasiyası istiqamətində həyata keçirdiyi təşəbbüslər və imzaladığı sazişlər haqqında geniş məlumat verilib. Yunusova qeyd edib ki, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Azərbaycan elminin klassik ədəbi irsinin tanıdılması, müasir elmi tədqiqatların dünya miqyasında yayılması, o cümlədən Yaponiyalı alimlərlə birgə tədqiqatlar aparılması bu əməkdaşlığın strateji əsasını təşkil edir.
Məruzə zamanı, həmçinin Azərbaycanın Yaponiya ilə elmi-mədəni əlaqələrinin tarixi mərhələləri, müstəqillik dövründə baş tutan ikitərəfli forumlar, sərgilər, qarşılıqlı səfərlər və birgə nəşrlər ətraflı şəkildə işıqlandırılıb. Məruzədən sonra keçirilən sual-cavab sessiyası zamanı iştirakçılar Azərbaycan mədəniyyəti, Azərbaycan elminin istiqamətləri, Yaponiya ilə elm sahəsində əməkdaşlıq formatları, qarşılıqlı maraqlar və yeni layihə imkanları barədə suallar ünvanlayıblar.
Tədbirin mədəni hissəsində Azərbaycan mədəniyyətinin Yaponiyadakı yorulmaz təbliğatçısı Minarə Şükürova Azərbaycan milli geyimlərini, musiqisini və rəqslərini əhatə edən vizual və şifahi təqdimatla çıxış edib.
Tədbirin sonunda xatirə fotosu çəkilib