Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

2023-2024-cü illərdə İraq-türkman ədəbiyyatında ədəbi proses - Orxan İsayev

18-07-2025 [ 01:18 ] [ oxunub:7 ]
printerA+ | A-

2003-cü ildən sonra İraq türkmanlarının ictimai-siyasi və mədəni həyatında olduğu kimi, ədəbiyyatlarında da ciddi dəyişikliklər baş verdi. Vaxtilə türkmanlara öz dillərində yazmaq, kitab çap etdirmək, təhsil almaq qadağan edilsə də, Səddam rejiminin devrilməsi ilə İraq türkmanları müəyyən qədər azadlıq əldə edə bildilər. Siyasi təzyiqlər davam etsə də, bir çox sahələrdə, əsasən də, ədəbiyyatda müstəqillik meyilləri müşahidə edilməyə başladı. Artıq İraq türkmanları türk dilində yazdıqları əsərləri rahat şəkildə çap etdirir, “Qardaşlıq”, “Türkmaneli”, “Türkman kültürü” və s. bu kimi ədəbi dərgilər bütün İraq ərazisinə yayılırdı. Sözsüz ki, İraq türkmanlarının ədəbiyyat baxımından əldə etdikləri azadlıqlar onların bu sahədə inkişafına təkan vermiş oldu.

Bütün dövrlərdə olduğu kimi, 2023-2024-cü illərdə də poeziya İraq-türkman ədəbiyyatının özəyini təşkil etmişdir. Bu illərdə kifayət qədər nəsr əsərləri yazılsa da, şeiriyyatla müqayisəyə gəlməyəcək qədər azdır. Türkman şairləri öz ənənələrinə uyğun olaraq 2023-2024-cü illərdə də şeirin müxtəlif janrlarına müraciət etmiş, mövzu baxımından zəngin ədəbiyyat nümunələri yaratmağa nail olmuşlar. Bir zamanlar İraq-türkman ədəbiyyatının aparıcı vəzni olan əruzda şeirlər az yazılsa da, sərbəst və heca vəznində bir-birindən gözəl poeziya nümunələri ərsəyə gətirilmişdir. Son iki ildə yazılan şeirləri araşdırarkən türkman şairlərinin sərbəst şeirə daha çox üstünlük verdiyinin şahidi oluruq. Rza Çolaqoğlunun “Anam”, Aydın Kərkükün “Bir nənəm vardı”, Şəmsəddin Kuzəçinin “Azərbaycan sevgisi”, Mehmet Ömər Qazançının “Babamın Kərkük sevdası”, Faruk Faik Köprülünün “Bəxtiyaram”, Zibeydə Bayatlının “Son xatirə”, Çoban Uluxan Bəşirlinin “Yabancı”, “Yanılmaq”, Semir Kəhyaoğlunun “İstərsən”, Ömər Mayasın “Kərkük” və digər şairlərin sərbəstdə yazdıqları gözəl şeir nümunələri müxtəlif qəzet və jurnallarda dərc edilmişdir. İraq-türkman ədəbiyyatında 1950-ci illərdən etibarən yazılmağa başlayan sərbəst şeir son illərdə daha geniş vüsət almışdır. Türkman şairlərinin sərbəst şeirə tez-tez müraciət etmələrinin başlıca səbəbi bu cür şeirlərin müəllifə öz fikir və düşüncələrini daha geniş şəkildə ifadə etmək imkanı yaratması ilə əlaqədardır.

İraq-türkman ədəbiyyatşünaslığında ədəbi tənqid yox dərəcəsində olduğu üçün ədəbi prosesi izləmək o qədər də asan deyil. İstənilən halda, 2023-2024-cü illər və 2025-ci ilin birinci yarısında qəzet, jurnal və ədəbi dərgilərdə, eləcə də yeni işıq üzü görən kitablarda yer alan bədii əsərləri təhlil etməklə İraq-türkman ədəbiyyatında cərəyan edən prosesləri dəyərləndirmək mümkündür.

İraq-türkman şairləri öz ənənələrinə sadiq qalaraq son iki ildə də xoyrat yazmağa davam etmişlər. Xoyrat yazmaq hər bir türkman şair üçün ən ümdə vəzifə hesab olunur. Professor Qəzənfər Paşayev yazır ki, əruz vəznində yazan türkman şairləri sərbəstdə və hecada, sərbəst və hecada yazan şairlər isə əruzda yazmayıblar. Lakin bütün şairlər xoyrat yazıb[1]. 2023-2024-cü illər İraq-türkman ədəbiyyatına nəzər saldıqda, Aydın Kərkük, Nəcib Seyh Vahab, Rza Çolaqoğlu, Mahmud Qasapoğlu, Əsəd Ərbil, Şəmsəddin Kuzəçi kimi şairlərin xoyrat yazdıqlarını görürük. Vaxtilə xalq poetik düşüncəsinin zirvəsi hesab olunan xoyrat yaradıcılığı müasir İraq-türkman ədəbiyyatında bir qədər fərqli şəkildə öz əksini tapıb. Belə ki, xoyrat anlayışı yazılı ədəbiyyatda ad və forma baxımından öz varlığını qoruyub saxlasa da, özünəməxsusluğu, yəni cinaslı qafiyələrdən təşkilolunma xüsusiyyəti saxlanılmayıb. “İraq-türkman folkloru” kitabında xoyratlara belə bir tərif verilir: “Xoyrat və manilər cinaslı və adi qafiyəli olmaqla iki yerə bölünürlər. Cinaslılar xoyrat, cinassızlar isə “mani” və ya “maani” adlanır”[2]. İraq-türkman ədəbiyyatşünası Mehmet Ömər Qazançı 2024-cü ildə çap etdirdiyi “Çaxmaq, çaxmaq” adlı kitabında yazır: “Xoyrat sıradan bir şeir türü deyildir. Bir dil oyunu, dil ustalığı üzərində qurulan sənətdir. Bu sənət cinasdan başlar. Cinaslı sözlər xoyratların təməlini oluşdurur. Hər hansı bir insan, hətta sıradan bir insan bir cinas buldusa, bəzən üstündə çalışır, bəzən də özünü heç çətinə salmadan bir xoyrata çevirir”[3].

Göründüyü kimi, xoyratlar birmənalı olaraq cinas qafiyələrdən təşkil olunmalıdır. Lakin son iki ildə şairlərin xoyrat adı verdikləri dördlüklərdə cinaslara rast gəlinmir. Aydın Kərkük “Türkmaneli” ədəbiyyat və sənət dərgisinin 2024-cü ildə işıq üzü görən 194-cü sayında dərc etdirdiyi “Xoyrat dəftərimdən” adlı dördlüklərində cinas qafiyələrə rast gəlinmir.

Diyillər xoyrat selə,

Vermə kılavuv yelə.

Biz adam axtarırıx

Bağlayağın bel-belə.

***

Bu yazı, bu qələmdi,

Bu sudu, bu bələmdi.

Ayağım yola verməz,

Bilmirəm, nə bələmdi.

Son illərdə xoyrat yazan şairlərin bu şeir növünün ən əsas qanuna riayət etməmələri ilə bağlı daha çox nümunə göstərmək mümkündür. Lakin İraq-türkman şairlərinin xoyrata üstünlük vermələri dil amili baxımından çox önəmlidir. Bizə yaxşı məlumdur ki, türkmanların danışıq dili Azərbaycan türkcəsindədir. XVI əsrin II yarısından etibarən Osmanlı dövlətinin tərkibində olan İraq türkmanlarının ədəbi dili İstanbul şivəsinin təsiri altında qalmış və zaman keçdikcə ədəbiyyat nümunələri məhz Türkiyə türkcəsində yazılmışdır. Günü bu gün də İraq türkmanlarının ədəbi dili Türkiyə türkcəsindədir. Xoyrat yazan şairlər şifahi xalq ədəbiyyatının ənənələrinə uyğun olaraq bu dördlükləri yerli şivədə yazmağa üstünlük verirlər. Bu baxımdan xoyratların dili Azərbaycan türkcəsinə çox yaxın, bəzən isə eyni olur. Məsələn:

Nə dediv, dediv bizə,

Bir gün gəlliğ üz-üzə.

Biz qolay bükülməriğ,

Dizimiz gəlməz dizə[4].

Bəzi dördlüklərdə işlənən sözlərə isə Türkiyə türkcəsində deyil, Azərbaycan türkcəsində rast gəlinir. Həmin sözlər bu gün Azərbaycan ədəbi dilində və dialektlərdə işlədilir. Məsələn:

Bəs bir gün gəl imana

Kimə gedim dərmana?!

Ustad əskidən diyip

Heç çar olmaz yamana[5].

Bu dördlükdə işlənən “dərman” və “çar”, yəni “çarə” sözləri Türkiyə türkcəsində “ilac” və “yardım” sözləri ilə ifadə edilir. Mahmud Qasapoğlunun aşağıdakı şeirində işlədilən sözlər bir daha dillə bağlı dediklərimizi təsdiq edir:

Erkəkdi dişi degi,

Aldanan kişi degi.

Haqsızlığa göz yummağ

Mərt adam işi degi[6].

Dördlükdə rədif kimi işlədilən “degi” sözü Kərkük ləhcəsində yazılmışdır. Ən çox maraq doğuran “erkək” və “kişi” sözləridir. Türkiyə türkcəsində “erkək” kişi cinsindən olan insanı ifadə etdiyi halda, Azərbaycan türkcəsində bu söz kişi cinsindən olan heyvan anlamına gəlir. Türkiyə türklərinin işlətdiyi “kişi” sözü isə Azərbaycan dilindəki “nəfər” mənasını ifadə edir. Mahmud Qasapoğlunun şeirinin mənasına nəzər saldıqda müəllifin həmin sözləri sırf Azərbaycan dilində olduğu kimi işlətdiyi aydın şəkildə görünür.

Son illərdə İraq-türkman ədəbiyyatında Azərbaycan ədəbi dilində yazılan poeziya nümunələrinə rast gəlinir. 2024-cü ildə “Qardaşlıq” dərgisində dərc olunmuş Semir Kəhyaoğlunun “İstərsən...” şeiri sırf Azərbaycan türkcəsində yazılmış və ədəbi dilimizin qayda və qanunları gözlənilmişdir. Şair türkmanların da çox rahat şəkildə başa düşdüyü bu dili ləhcə xüsusiyyətləri ilə deyil, sırf ədəbi dildə qələmə almışdır.

Şeir qapısını döymədən

Dilsiz olma...!

Vəzn qafiyədən çıxma

Ətəyinə yağdır alın təri ilə çağdaş sözcüklərini

Aç kitabları öyrən

Göylərə özgürcə uçuşuna

Saqın qürurla çox tələsmə...

Demə mən şairəm...!

2023-cü ildən başlayaraq İraq türkmanları ilə Azərbaycan arasında elmi, ədəbi və mədəni əlaqələr intensiv şəkildə inkişaf etməkdədir. Bu da etnik cəhətdən Azərbaycana bağlı olan türkmanların ölkəmiz haqqında daha çox məlumat əldə etməsinə imkan verir. 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə türkman soydaşlarımız arasında da böyük əks-səda doğurmuş və bununla da İraq-türkman ədəbiyyatına “qalib Azərbaycan” mövzusu gəlmişdir. Türkmanların Azərbaycana olan sevgiləri əvvəlki illərdə də ədəbiyyatda öz bədii əksini tapmışdır. Sabir Dəmirçi, Əbdüllətif Bəndəroğlu, Faruk Faik Köprülü, Fövzi Əkrəm Tərzi, Şəmsəddin Kuzəçi və digər şairlər zaman-zaman ölkəmizə məhəbbətlərini şeirlərində izhar etmişlər. Sabir Dəmirçi və Fövzi Əkrəm Tərzi Azərbaycanı görmədən vətənimiz haqqında poema yazmışlar. Əvvəlki illərdə Azərbaycan haqqında yazılan bədii əsərlərdə daha çox buranın təbiəti, tarixi şəxsiyyətləri, Qarabağ problemi və türkmanların ölkəmizə olan sevgisi tərənnüm olunurdu. Qarabağ zəfərindən sonra isə türkman şairləri böyük fəxarət hissi ilə Azərbaycanı vəsf etmişlər. Bu şeirlərə misal olaraq Əli Yağmuroğlunun “Qarabağ”, “Azərbaycan”, Faruk Faik Köprülünün “Azərbaycan dastanı”, Şəmsəddin Kuzəçinin “Azərbaycan sevgisi” və s. şeirləri göstərmək olar.

İraq-türkman şairlərinin Azərbaycana həsr etdiyi şeirlərin əsasında ölkəmizə və xalqımıza olan məhəbbətləri dayanır. Fikrimizcə, bu məhəbbəti ən gözəl şəkildə Şəmsəddin Kuzəçi qələmə almışdır. Şair 2024-cü ildə qələmə aldığı “Azərbaycan sevgisi” adlı şeirində yazır:

Azərbaycanı

daha çox

sevmək üçün

kaş ki, ayrıca

bir qəlbim olaydı...

Kuzəçinin Azərbaycana olan böyük sevgisinin, o sevgi ki, onu daha da artırmaq üçün şair ikinci ürək, qəlb arzulayır, səbəbini “Anlıq şeir”ində açıqlayır:

Sənə gəlirəm, sənə,

Ey müqəddəs ata yurdum.

Ümidimi sənə qurdum,

Düşmənə qarşı durdum...

İraq-türkman poeziyası mövzu cəhətdən xeyli zəngindir. Şairlər ənənəvi və yeni mövzulara müraciət etməklə bir-birindən gözəl şeir nümunələri yaratmışlar. Müasir İraq-türkman ədəbiyyatının tarixinə nəzər saldıqda görürük ki, vətənpərvərlik, Türkmanelinin gözəlliklərinin tərənnümü, müxtəlif illərdə türkmanlara qarşı həyata keçirilmiş soyqırımıları nəticəsində yaşadıqları ağrı-acının poetik əksi və müxtəlif ictimai-siyasi hadisələrlə bağlı mövzulara daha çox üstünlük vermişlər. Bu baxımdan, 2023-2024-cü illərdə yazılan nəzm əsərləri də istisna deyil. Demək olar ki, bütün İraq-türkman şairləri birmənalı olaraq yuxarıda qeyd etdiyimiz mövzulara müraciət etmişlər. Faruk Faik Köprülünün “Canım Kərkük”, “Mənim Kərküküm”, Əhməd Həmdi Tanpınarın “Mosul axşamları”, Şənər Danyıldızın “Türkmaneli” kimi şeirləri türkmanların yaşadığı yerlərin gözəlliklərindən bəhs edir.

Soyqırımı da son iki ildə poeziyanın müraciət etdiyi əsas mövzulardan olmuşdu. İraq türkmanları XX əsrdə dəfələrlə qətliamlara məruz qalmışlar. Bunların arasında ən dəhşətliləri 1920-ci ildə Qaçhaqaç, 1924-cü ildə Levi (erməni), 1946-cı ildə Gavurbağı, 1959-cu ildə Kərkük, 1991-ci ildə Tuzxurmatu və Altunkörpü qətliamlarıdır. Bu qanlı faciələrdə minlərlə günahsız türkman İraqı idarə edən müxtəlif rejimlər tərəfindən qətlə yetirilmişdir. Soyqırımı mövzusu daim İraq-türkman ədəbiyyatında aktual olmuşdur. Hadisələrin üstündən uzun illər ötsə də, bu mövzu öz aktuallığını itirməmişdir. Şairlər son iki ildə də soyqırımı mövzusuna dəfələrlə müraciət etmişlər. Rəbiyyə Barışın 2024-cü ildə “Türkmaneli”də dərc olunan “İraqda Türkmaneli” şeiri türkmanların yaşadığı vəhşətləri əks etdirən ən gözəl ədəbi nümunələrdən biridir:

Yıllarca qan tökdünüz, vətənli saymadınız,

Baxın On dörd temmuza, nə canlara qıydınız.

Türkmanların əlindən cavanları aldınız,

Olmaz böylə qətliam, yoxmu ara bulucu...[7]

İraq-türkman qələm adamları tarixən poeziyaya daha çox üstünlük versələr də, nəsr sahəsində də uğurlu ədəbiyyat nümunələri yaratmağa nail olmuşlar. Bədii nəsr əsərlərinin yaranması XX əsrin əvvəllərinə təsadüf etsə də, türkman yazıçıları öz ədəbiyyatlarını bu sahədə də xeyli inkişaf etdirə bilmişdilər. İraq-türkman ədəbiyyatında daha çox hekayə və roman janrında nəsr nümunələrinə təsadüf edilir. Son iki ildə nəşr olunan kitablarda və müxtəlif dərgilərdə yenə hekayə və roman janrında nəsr əsərlərinin yazıldığını müşahidə edirik. Hekayə və romanlar kitab şəklində o qədər də çox çap olunmamışdır. Son iki ildə bir neçə kitab işıq üzü görsə də, nəsr yazıları daha çox ədəbi dərgilərdə dərc edilmişdir. Mehmet Vandavinin “Əskilər”, “Məmləkətin yıxıq halı”, İlaf Köprülünün “Çığlıqlar”, “Pianistin röyası”, “Bəkləyiş” kimi maraqlı hekayələri jurnallarda işıq üzü görmüşdür. Gənc yazıçılardan biri olan Mehmet Vandavinin hekayələri İraq türkmanları arasında xeyli populyardır. Maraqlıdır ki, Mehmet 2024-cü ildə “Qardaşlıq” dərgisində dərc etdirdiyi “Əskilər” adlı hekayəsini Mehmet Vandavi, bir il sonra yenə eyni dərgidə yayımladığı “Məmləkətin yıxıq halı” hekayəsini Mehmet Öztürk imzası ilə təqdim etmişdir.

Son illərdə İraq-türkman yazıçıları arasında öz istedadı və dəsti-xətti ilə seçilən İlaf Köprülü təkcə İraqda deyil, Türkiyədə də xeyli məşhurlaşmışdır. Xanım yazıçı bir sıra müsabiqələrin qalibi olmuş, İraq-türkman ədəbiyyatında hekayə yaradıcılığına yeni nəfəs gətirmişdir. İlaf Köprülünün “Kərkükdə cocuq olmaq”, “Od ana və yavrular”, “Tanrının imtahanı” və s. hekayələri yazıçıya gənc yaşlarında şöhrət qazandırmışdır. Yazıçının “23 öykü” adlı kitabı 2024-cü ildə Ankarada çap edilib. Kitaba İlaf Köprülünün 2017-ci ildən 2023-cü ilə qədər yazdığı hekayələr daxil edilmişdir. Bu hekayələrdən 19-u vaxtilə müxtəlif jurnallarda dərc edilmişdir. “Toros ekspresində hırsız”, “Uştmaxtın bağçasındakı eşq”, “Qarlı qalaya yolçuluq” və “Yabancı” hekayələri ilk dəfə məhz 2023-cü ildə oxuculara təqdim edilmişdir.

İraq-türkman hekayə yaradıcılığında hadisəyə çevrilən Mahir Naqibin “Mühacir quşlar” adlı kitabı 2024-cü ildə Türkiyədə işıq üzü görmüşdür. Daha çox elm aləmində tanınan professor Mahir Naqibin 9 hekayədən ibarət kitabı real hadisələr əsasında qələmə alınmışdır. 9 hekayənin mövzusu əhalisi yalnız türkmanlardan ibarət olan və 2003-cü ildən sonra Əl-Qaidə və İŞİD kimi terror təşkilatlarının zülmünə məruz qalan Telafər şəhərinin sakinlərinin yaşadıqları hadisələrdən götürülmüşdür.

Real hadisələr əsasında yazılan digər bir hekayə kitabı Əhməd Yanar və Əhməd Pamuqçunun müəllifi olduqları “Cüt qəhvə xatirələri” 2024-cü ildə işıq üzü görmüşdür. Kərkük şəhərinin ən çox tanınan yerlərindən biri olan “Cüt qəhvə”də baş verən hadisələr, danışılan xatirələr kitabda yer alan hekayələrin mövzusu olmuşdur.

Real tarixi hadisələrin əks olunduğu əsərlər təkcə hekayə janrı ilə məhdudlaşmır. Məhəmməd Abdullah Alkadinin 2024-cü ildə işıq üzü görmüş “Türkman qızı Almasa” adlı romanında da hadisələr real həyatdan götürülmüşdür. Romanın baş qəhrəmanı atası vaxtilə Osmanlı ordusunun əsgərlərindən olmuş Almasa adlı qızdır. Atası vəfat etdikdən və İraq Osmanlıdan ayrıldıqdan sonra bu qız daim yanında xəncər gəzdirir və zalımlara qarşı mübarizə aparır. Almasa adlı qadın günü bu gün də Kərkükdə xatırlanır. Məhəmməd Abdullah da məhz türkmanlardan eşitdiyi hadisələr əsasında bu romanı qələmə almışdır.

2023-2024-cü illər İraq-türkman ədəbiyyatında məhsuldar iki il kimi xarakterizə oluna bilər. Bu qısa zaman kəsiyində türkman şair və yazıçıları tərəfindən “Mənalı və içli dördlüklər”, “Axşam kölgəsi”, “Zamanın dəyişməyən huyu”, “Kərkükə eşqim ölümsüzdür”, “Könül həyəcanı”, “Könlümdən əsən rüzgar”, “Altın gümüş”, “Əsinti”, “Davamız yarıda qaldı”, “Səni səndə tapan xoyrat”, “Ərbil”, “Mühacir quşlar”, “23 öykü”, “Türkman qızı Almasa” və s. kitablar işıq üzü görmüşdür. Yüzlərlə şeir və hekayələr isə müxtəlif qəzet və jurnallarda dərc olunaraq oxucuların ixtiyarına verilmişdir. 2023-2024-cü illər İraq-türkman ədəbiyyatında gedən ədəbi prosesləri təhlil edərkən, hər hansısa bir gözlənilməz və ya bu ədəbiyyata xarakterik olmayan hadisənin baş verdiyini söyləmək olmaz. Uzun illər olduğu kimi, son iki ildə də İraq ərazisində mövcud olan türk ədəbiyyatında şeir yaradıcılığı öz hegemonluğunu davam etdirmişdir. Şeirlər daha çox sərbəst və heca vəznində yazılmışdır. Dil və mövzu baxımından rəngarənglik müşahidə olunmuşdur. İraq türkmanlarının ədəbi dili Türkiyə türkcəsi olduğu üçün yazılan şeirlərin böyük əksəriyyəti məhz bu dildədir. Lakin xalq üslubuna yaxın olan xoyrat yaradıcılığı türkmanların öz danışıq dilində, yəni Azərbaycan türkcəsində qələmə alınmışdır. Doğrudur, bu dildə yazılan şeirlər tələffüz şəklinə uyğun halda yazıda öz əksini tapsa da, Semir Kəhyaoğlu kimi şairin simasında İraq-türkman ədəbiyyatına Azərbaycan ədəbi dili də ayaq açmışdır. İraq türkmanlarının ənənəvi mövzuları olan azadlıq, türkman soyqırımıları, şəhidlik, vətən həsrəti və s. ilə yanaşı, son iki ildə qalib Azərbaycana aid bədii əsərlərin yazıldığı da diqqətdən yayınmır.

Şeir qədər olmasa da, 2023-2024-cü illərdə İraq-türkman ədəbiyyatında hekayə və roman yaradıcılığı da fəal olmuşdur. Yazılan hekayə və romanlar türkmanların hazırki durumunu daha çox əks etdirmiş, mövzular real hadisələrdən qaynaqlanmışdır.

SİZƏ MARAQLI OLA BİLƏR