Əsas mətləbə keçməzdən əvvəl, ötən ilin publisistikası ilə bağlı bir neçə mühüm amili nəzərə çatdırmaq istərdik.
Ötən il ədəbi orqanlarda, ayrı-ayrı kitab və məcmuələrdə, eləcə də digər ədəbiyyat, mədəniyyət və incəsənət portallarında təqdim edilmiş publisist yazıların təhlillərindən belə bir təsəvvür yaranır ki, 2024-cü ilin publisistikası dövrün mühüm hadisələrini, milli-ictimai düşüncəmizdəki başlıca mətləbləri əhatə edə bilmişdir.
Yaradıcı fəallığına görə Xalq yazıçıları Anar, Elçin, Xalq şairi Sabir Rüstəmxanlı, akademiklər İsa Həbibbəyli, Nizami Cəfərov, Rəfael Hüseynov, filologiya elmləri doktorları – Qəzənfər Paşayev, Vilayət Quliyev, Vaqif Yusifli, Vüqar Əhməd, Rüstəm Kamal, Bədirxan Əhmədov, Elnarə Akimova, Cavanşir Yusifli, İradə Musayeva, Nizami Tağısoy, habelə şair-publisist Rəşad Məcid, tənqidçi-publisist Azər Turan, yazıçı-pedaqoq Allahverdi Eminov, teatrşünas-tənqidçi İlham Rəhimli və s. kimi intellektual səviyyəli qələm ustalarını ötən il də seçilib fərqlənən görürük.
İl ərzində publisistika yaradıcılığının mühüm bir hissəsini görkəmli yazıçı, şair və ədəbiyyatşünas alimlərin yubileyləri münasibətilə yazılmış məqalələr təşkil etmişdir. Bu sırada Vilayət Quliyevin professor Asif Rüstəmovun 70 (“Zirvəyə gedən yolda”, “Ədəbiyyat qəzeti”, 27 yanvar), Fərid Hüseynin şair Tofiq Nurəlinin 70 (“Zaman böyük talançıdır”, “Azərbaycan” jurnalı, N 5), Barat Vüsalın Xalq şairi Hüseyn Arifin 100 (“Bizi saz tanış etdi”, “Azərbaycan” jurnalı, N 6), Esmira İsmayılovanın şair-publisist Rəşad Məcidin 60 (“Sevmədiyindən yazmaq olmur”, “Ədəbiyyat qəzeti”, 6 iyul), Loğman Rəşidzadənin şair Ağacəfər Həsənzadənin 70 (“Zəngi çalan kimdir?”, “Ədəbiyyat qəzeti”, 31 avqust), Şahnaz Şahinin yazıçı-publisist Şəfəq Nasirin 70 (“Ömür xətti”, “Ədəbiyyat qəzeti”, 6 iyul), Sabir Rüstəmxanlının şair-dramaturq Hidayətin 80 (“Milli taleyə qarışan ömür”, “Ədəbiyyat qəzeti”, 14 sentyabr), Anarın akademik İsa Həbibbəylinin 75 (“Məslək dostluğu və yorulmazlıq örnəyi”, “Ədəbiyyat qəzeti”, 12 oktyabr), Vaqif Yusiflinin Xalq şairi Nəbi Xəzrinin 100 (“Dəniz, göy, məhəbbət şairi”, “Ədəbiyyat qəzeti”, 10 dekabr) illiyi münasibətilə dərc edilmiş yazıları xatırlatmaq mümkündür. Məlumdur ki, yubiley münasibətilə sənətkarın həyat və yaradıcılığına həsr edilən oçerklər kitabının buraxılması da ədəbi ənənələrimizdən birinə çevrilmişdir və biz bu seriyadan ötən il institutumuzun əməkdaşı İbrahim Yusifoğlunun 70 illiyi münasibətilə çap edilmiş “Ömür dastanının boyları” (Bakı, Şirvannəşr, 2024) toplusunu qeyd edə bilərik. Topluya daxil edilmiş oçerklərdə yubilyar bir yaradıcı ziyalı kimi hərtərəfli – şair, pedaqoq, yazıçı-publisist kimi xarakterizə edilir. Ümumiyyətlə, yubiley münasibətilə dərc edilmiş publisist yazıları janr və forma nöqteyi-nəzərindən oxşar olsalar da, məzmun-mündəricə etibarilə fərqli və rəngarəngdirlər. Ədəbi orqanlar, həmçinin görkəmli sənətkarlar haqqında xatirələr və müsahibələr dərc etməklə sənətkar və həyat, sənət və cari vəzifələr mövzusunda söhbətləri davam etdirmişlər.
Cəmiyyəti düşündürən ən müxtəlif problemlərlə bağlı düşüncələrin geniş – siyasi, elmi və bədii publisistika formalarında ardıcıl ifadəsinə meydan verməsinə görə “525-ci qəzet” xüsusilə fərqlənmişdir. Bu qəzet həyatın bütün sahələrinə nüfuz etmək, mövzu-problem seçimində həssaslıq və operativlik göstərmək, informativ məlumatlar əsasında təhlili yazılara üstünlük vermək, əməkdaşlar arasında peşəkarlıq və bacarıqlarını nəzərə almaqla ixtisaslaşma aparmaq dəsti-xətti ilə diqqəti cəlb edir. Xaqani Cəfərlinin və Pərvanənin siyasi hadisələrlə bağlı icmal xarakterli yazıları, Nadir Yalçının və Sevinc Qarayevanın sosial-iqtisadi problemlərin səbəblərini araşdırıcı məqalələri, Əlisəftər Hüseynovun, Zakir Bayramlının, Aytac Sahədin, Günay Tahirlinin, Türkan Turanın, Havar Səfiyevanın, Sevda Sultanovanın və başqalarının müxtəlif, o cümlədən, mənəvi-əxlaqi tərbiyə mövzu-problemlərinə həsr etdiyi yazıları günlə səsləşmək və geniş kütlələrin düşüncələrini ifadə etmək xüsusiyyətləri ilə əhəmiyyətlidir. Qəzetin səhifələrində sahibsiz itlər mövzusundan tutmuş, “qeyri-etik məzmunu və əxlaqi-mənəvi prinsipləri pozması ilə səciyyələndirilə biləcək efir işğalçılarının şou proqramları mövzusunadək, internet asılılığı mövzusundan tutmuş, Fransanın ermənipərəst siyasəti mövzusunadək, bir sözlə, həyatın hər bir tərəfinə və üzünə dair materiallar görmək mümkündür. Təbii ki, fəal və çoxşaxəli yaradıcılıq prosesində yeni ifadə-forma tərzi, janr özünəməxsusluqları da təzahür etməmiş deyil. Qəzet publisistik icmal, təhlili məqalə, tədqiqi oçerk, açıq məktub, müsahibə-söhbət və s. kimi formalardan tez-tez istifadə edir. “Ədəbi köşk: nə var, nə yox?” başlığı altında verilən silsilə fraqmentlər bir növ ədəbi prosesdə baş verən yenilikləri izləmək və şərh etmək məqsədinə xidmət edir. “Facebook: sosial şəbəkədə yazılanlar” başlıqlı silsilə seçmələr də diqqətli və operativ əməyin nəticəsi olmaqla, qəzet publisistikasının İnternet publisistikası ilə ayaqlaşmasına kömək edir. Filosof və yazıçı Firuz Mustafanın həyat və mədəniyyət məsələləri ilə bağlı maraqlı məlumatları toplayıb xatırlatmaq və düşündürmək məramlı “Çaparaq notlar” silsiləsi, Rəşad Məcidin “Qələmsiz yazılanlar” seriyasından publisist düşüncələri qarışıq janrlar problemi ətrafında yeni araşdırmalara rəvac verir.
Bütün bunlarla yanaşı, publisistikamız üçün İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm qələbənin ətraflı təhlili və dəyərləndirilməsi xüsusilə əlamətdar olmuşdur. Ümumiyyətlə, son illərdə ədəbiyyatımızın ZƏFƏR PUBLİSİSTİKASI adlandıra biləcəyimiz yeni bir qolu pərvəriş tapıb qol-budaq atmışdır. Bu da onunla əlaqədardir ki, akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, İkinci Qarabağ savaşı ilə müharibə ədəbiyyatı salnaməsinə tam yeni səhifələr yazılır, Ali Baş Komandan İlham Əliyevin uğurla həyata keçirdiyi “Dəmir yumruq” müharibə hərəkatı Azərbaycan ədəbiyyatının mübarizlik ruhunu, vətəndaşlıq qayəsini ön mövqeyə çıxarmış, beləliklə, müharibə ədəbiyyatı tarixində ilk dəfə olaraq diskurs dəyişmişdir. Əlbəttə, müharibələr zamanı publisistikanın döyüşən bədii prosesdə ön xəttə can atması birinci hadisə deyil. İstər İkinci Dünya müharibəsi illərində, istər 1990-cı illərdə erməni silahlı qüvvələri Azərbaycana qarşı işğalçı müharibəyə başlayanda, istərsə də 2020-ci il İkinci Qarabağ savaşında publisistikamız poeziya ilə birlikdə ön xətdə mövqe tutmuş, o vaxt da, bu vaxt da müharibənin doğurduğu vətənpərvərlik coşğunluğu, ruh yüksəkliyi onların başlıca pafosunu təşkil etmişdir. Lakin tarixi şəraitə və hadisələrin inkişafına uyğun olaraq bədii-publisist məzmun və qayə fərqləri də özünü göstərməyə bilməzdi. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı qaldırdığı növbəti əsassız ərazi iddiaları və təcavüzü qanlı faciələrə gətirib çıxartdı: düşmən tarixi ərazimizin 20 faizini işğal etdi, yüz minlərlə soydaşımız qaçqın, köçkün taleyi yaşamağa məcbur oldu, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi. Bütün bunlar yazarlarımızda baş verən faciələrin şahidi kimi çıxış etmək, müvəqqəti məğlubiyyətimizin səbəbləri üzərində düşünmək, növbəti qırğınların qarşısını almaq yollarını aramaq kimi meyillər doğurdu ki, bu da sözsüz ki, daha çox ağrı və itkilərimizdən bəhs edən sənədli-bədii nəsrin inkişafına təkan verdi. 30 ildən sonra – İkinci Qarabağ savaşında (27 sentyabr 2020-8 noyabr 2020) işğalçı qüvvələrin darmadağın edilməsi və hərbi-siyasi kapitulyasiyaya uğraması isə ədəbiyyatımızın yenidən nikbin notlar üzərində canlanmasına və onun zəfər publisistikası kimi yeni bir qanadının formalaşmasına səbəb oldu.
Zəfər publisistikasının çoxsaylı nümunələrini təhlillərdən onun aşağıdakı əsas ideya-məzmun istiqamətlərini və qəhrəman obrazlarını müəyyən etmiş olduq. Zəfər publisistikası – uzun illər işğal altında qalmış müqəddəs torpaqlarımızın azad edilməsindən, Başlıbel, Qaradağlı, Meşəli, Ağdaban, Malıbəyli, Quşçular, Xocalı faciələrini törətmiş erməni qatillərindən alınan intiqamdan, uydurulmuş “erməni məğlubedilməzliyi” mifinin darmadağın olunmasından doğan ümumxalq sevincini ifadə edən, Vətəni sevməyə, bu gün də, bundan sonra da qəsbkarlardan qorumağa səsləyən vətənpərvərlik publisistikasıdır. Müzəffər yürüş “bir millətdəki əhval-ruhiyyənin inikası demək olan ədəbiyyatın” (Hüseyn Cavid), o cümlədən, publisistikanın “generatoru” rolunu oynamış, onu gur işığa bələmişdir. Yaşından və təcrübəsindən asılı olmayaraq yazıçı-publisistlərimiz (Anar, Sabir Rüstəmxanlı, Hüseynbala Mirələmov, Aqil Abbas, Vaqif Bəhmənli, Fazil Güney, Mustafa Çəmənli, Sadiq Qurbanov, Günel Mehri və onlarla başqaları) xalqımızın düşməni qovmaq, qələbə qazanmaq arzu-sevincini qürur hissləri ilə ifadə etmişlər. Zəfər publisistikası azad edilmiş torpaqlarımıza qayıdış sevinci, duyğuları, düşüncələri ilə cilvələnir sanki. Bu baxımdan Rəşad Məcid, Elnarə Akimova, Vahid Məhərrəmov, Əli Rza Xələfli, Xanəli Kərimli, Şəmil Sadiq, Şakir Əlifoğlu və s. kimi yazarlarımız oxucularla görüşə daha tez-tez gələnlər sırasındadır. Əlihüseyn Şükürovun “Şuşaya getmişdim...” (“525-ci qəzet”, 25 yanvar), Günel Mehrinin “Can Laçın” (“525-ci qəzet”, 8 fevral), Sevinc Qarayevanın “Böyük Qayıdışın miqyası sürətlə genişlənir” (“525-ci qəzet”, 2 may) və s. kimi yazıları oxucu qəlbini riqqətə gətirir, yağı düşmənin viran qoyduğu doğma yurdu yenidən dirçəldib gülüstana çevirməyə səsləyir.
Zəfər publisistikası – ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin fövqəladə hərbi-strateji məharətini etiraf, siyasi qətiyyətini təqdir, intellektual səviyyəsi və mübarizliyi ilə fəxriyyə publisistikasıdır. Bu publisistika qələbəmizi təmin edən amillər sırasında İlham Əliyev şəxsiyyəti faktorunu xüsusilə önə çəkir və onun bir Prezident, bir Ali Baş Komandan kimi böyüklüyünü və uğurlarını səciyyələndirir. Məsələn, Adəm İsmayılov “Prezidentin portreti” adlı yazısında İlham Əliyevi xalqı möhtəşəm qələbələrə aparan, Ermənistanın təcavüzünə qarşı uzun, israrlı tarixi dramatizmlə dolu mübarizədə mütləq Qalib kimi xarakterizə edir (“Ədəbiyyat qəzeti”, 24 fevral 2024-cü il). Şair-publisist Əli Rza Xələfli “Zəkanın və qətiyyətin təntənəsi” adlı yazısında İlham Əliyevi “bütün varlığı ilə torpağa, yurda, xalqa, milli mənafelərə əzəmi dərəcədə bağlı sarsılmaz sərkərdə, siyasi fikir döyüşlərinin bu gün dünya siyasi fikir arenasında ən sarsılmaz obrazlarından biri” kimi səciyyələndirir. Professor Mais Əmrahovun, yazıçı-jurnalist Fazil Güneyin təbirincə desək, Prezident İlham Əliyevin bu dava dönəmində etdiyi tarixi çıxışlar, dünyanın aparıcı TV kanallarına verdiyi müsahibələr düşmən üzərinə yağdırılan dronlardan, top, raket zərbələrindən də güclü səsləndi.... Həqiqətən də, Ali Baş Komandanın şəhər və kəndlərimizin işğaldan azad edilməsi münasibətilə hər gün xalqa verdiyi şad xəbərlər, qələbədən sonra Şuşa səfərlərindəki çıxışları yazıçı-publisistlərimizə bir növ ideya istiqaməti və yaradıcılıq ruhu vermiş olurdu. İntiqam Qasımzadə, Azər Turan, Qulu Ağsəs, Tehran Əlişanoğlu, Mehman Həsənli, Aygün Bağırlı, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Rüstəm Kamal, Orxan Aras, Əlabbas, Mustafa Çəmənli, Südabə Ağabalayeva, İradə Musayeva, Tahirə Məmməd, Gülnar Səma, Zakirə Əliyeva, İsa Həbibbəyli, Qəzənfər Paşayev, Vaqif Yusifli, Elnarə Akimova, Vüqar Əhməd, Əlizadə Əsgərli, Mərziyyə Nəcəfova, Gülbəniz Babayeva və s. kimi onlarla müəllifin publisist məqaləsində Azərbaycan xalqının çoxdan həsrətində olduğu qələbə arzusu ifadə edilmiş, ölkə Prezidentinin çağırışları dəstəklənmiş, müzəffər yürüş alqışlanmışdır.
Zəfər publisistikası – öz şücaətləri ilə XXI əsrin qəhrəmanlıq dastanını yaradan, sıldırım qayalıqlar arasında salınmış Şuşaya yalın əllə qalxıb, əlbəyaxa döyüşə girıb qələbə bayrağı ucaldan əfsanəvi döyüşçülərimizin qəhrəmanlığına heyrət, heyranlıq publisistikasıdır. Zəfər publisistikası əsgər və zabitlərimizdən, onları qəhrəmanlıq zirvəsinə yüksəldən mənəvi-iradi keyfiyyətlərindən, vətəndaş düşüncələrindən rəğbətlə, məhəbbətlə söz açır. Nadir Yalçının şəhid baş leytenant Səid Rəşidzadəyə (“Ürəyinin başında gəzdirdiyi bayraq uğrunda”. “525-ci qəzet”, 1 fevral), Kəmalə Abıyevanın kəşfiyyatçı Əli Seyidova (“Vətən sevdalısı”. “525-ci qəzet”, 22 fevral) və baş çavuş Elçin Əliməmmədova (“Yüz illər boyu ölməz”. “525-ci qəzet”, 16 may) həsr etdikləri məqalələr bu qəbildəndir. Rəşid Faxralının “Ruhumuzun Zəfər fəsli” adlı yazısı isə fədakar əsgərlərimiz haqqında ballada təsiri bağışlayır. Ayrı-ayrı döyüş səhnələrinin, heyrətamiz şücaətlərin təsviri igid əsgərlərimizin parlaq obrazlarının yaradılmasına imkan verir və hamısı bir yerdə bir qayəni təlqin edir: “İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri Mübarizləşmişdi!... Döyüş ruhu kükrəmişdi!...” “Əsgərlər qətiyyətlə “Səngərləri sərhədlərə köçürəcəyik!” – deyirdilər”. Əlisəftər Hüseynovun “Bir.., bir.., sol!..” əsəri isə hekayə janrında yazılmışdır və əsərdə heç bir konkret faktlar göstərilmir, bununla belə, onu Qarabağ müharibəsi qazisinin mənəvi-psixoloji durumunu dəqiq təsvirinə görə tipik bədii publisistika nümunəsi kimi də dəyərləndirmək olar və bu əsəri oxuyanda qəhrəman obrazının yerində canını Vətən uğrunda fəda etmiş istənilən döyüşçümüz təsəvvürə gələ bilir.
Zəfər publisistikası – azad Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış “Şuşa bəyannaməsi”nin alqış publisistikasıdır. Bu tarixi sənəd təkcə iki qardaş ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqdan müttəfiqlik zirvəsinə yüksəlməsi ilə deyil, həm də tarixi-ədəbi yaddaşımızda yenilməzlik qalası – milli qürurumuzun simvolu kimi tanınıb qalan Şuşada, Ali Baş Komandanın “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” kimi tarixə düşmüş kəlamlarının əks-sədası altında imzalanması ilə və regionda və bütövlükdə türk dünyasında sabitlik, rifah və inkişaf üçün əlverişli şərait yaratmaq niyyəti ilə əlamətdardır.
Zəfər publisistikası – 44 günlük müharibədə qazanılan qələbəmizin səbəblərini təhlil publisistikasıdır. Zəfər publisistikasında birmənalı şəkildə vurğulanır ki, Azərbaycan xalqı ona görə qalib gəlmişdir ki, haqlı idi, öz əzəli torpaqları uğrunda vuruşurdu, öz suverenliyinin tam təmin edilməsi uğrunda mübarizə aparırdı. Azad edilmiş torpaqlarımızda geniş və sürətli quruculuq işlərinin aparılması, yurda qayıdış qürur hissi ilə vurğulanır. Bu qüdsal duyğular Əminə Yusifqızının “Laçın – çiçəklənən arzularımız” (“525-ci qəzet”, 16 may 2024-cü il), Sevinc Qarayevanın “Böyük qayıdışın miqyası sürətlə genişlənir” (“525-ci qəzet”, 31 may 2024-cü il), Sadiq Qarayevin “Zaman və Əraf” (“525-ci qəzet”, 24 iyul 2024-cü il), Şəlalə Məhyəddinqızının “Azad torpaqlarda: Zəfər yolu ilə Qarabağa doğru” (“525-ci qəzet”, 24 iyul 2024-cü il) və s. kimi yazıların mətn və məzmununu da nura boyayır. Tarixi qələbədən dörd il sonra azad Şuşada keçirilən 2-ci Qlobal Media Forumunda iştirak etmiş akademik, yazıçı-publisist Rəfael Hüseynov görüb-müşahidə etdiklərindən duyğulanaraq heyrətamiz uğurların başlıca səbəbi kimi Azərbaycan Liderinin müstəsna qabiliyyətlərini və diplomatik müvəffəqiyyətlərini təqdir edir. Müəllif öz fikirlərini konkret fakt və arqumentlərlə əsaslandırmaqla İlham Əliyev fenomenini – onun digər siyasətçilərdən və rəhbərlərdən üstün cəhətlərini şərh edir (“525-ci qəzet”, 23 iyul 2024-cü il).
Beləliklə, qeydlərimizi ümumiləşdirərək belə bir nəticəyə gəlirik ki, Zəfər publisistikası milli ədəbiyyatımızın Qarabağ uğrunda 30 illik ədəbi mücadiləsinin qələbə ilə başa çatması təntənəsinin təcəssümü, 44 günlük Zəfər yürüşünün sənədli-bədii inikasıdır.