Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq 11 iyul tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Məhəmməd Füzuli. Biblioqrafiya” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi “Məhəmməd Füzuli.Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib.Milli Kitabxanada “Məhəmməd Füzuli. Biblioqrafiya” və “MəhəmmədFüzuli. Həyatı və yaradıcılığı” kitablarının təqdimat mərasimi keçirilib
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, qonaqları salamlayıb. Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Məhəmməd Füzulinin 530 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamın bu böyük şəxsiyyətin Azərbaycan mədəni irsində tutduğu əvəzsiz mövqeyini təsdiqlədiyini bildirib və təqdimatı keçirilən hər iki əsərin Füzulişünaslığın yeni mərhələsinə bir cığır açacağını, Füzulinin yaradıcılığını daha geniş və dərindən araşdırmaq istəyən gələcək tədqiqatçılar üçün bitkin bir ensiklopedik əsər olduğunu söyləyib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli çıxışında hər iki kitabı geniş və əhatəli təhlil edib. Bildirib ki, Məhəmməd Füzuli haqqında yazılmış hər iki kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, elmi ideoloji mərkəz olan Milli Kitabxananın və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun həmrəyliyinin, birliyinin, əməkdaşlığının bir örnəyi kimi çox qiymətlidir. Azərbaycan Respublikası Prezidentinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” sərəncamına müvafiq olaraq həyata keçirilən bütün tədbirlər, həmçinin 2024- cü ildə Beynəlxalq Kitab Sərgisinin Füzuliyə həsr olunması müasir dövrdə beynəlxalq miqyasda Füzulinin Azərbaycan şairi kimi yenidən təqdim və təbliğ olunmasına bir töhfədir. 7 minə yaxın mənbəni əhatə edən “Məhəmməd Füzuli. Biblioqrafiya” kitabının “Əhdi-Bağdadi”dən başlayaraq 530 illik dövrü əhatə edən indiyədək nəşr olunan ilk geniş, sistemli möhtəşəm əsər olduğunu bildirib. İlk dəfə olaraq bu biblioqrafiyada 500 dən çox əlyazma və daşbaşmanın verildiyini əlavə edib. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” sektoru tərəfindən hazırlanan “Məhəmməd Füzuli. Həyatı və yaradıcılığı” kitabının isə ümumiləşdirilmiş və geniş həcmə malik olan ən sanballı elmi-təqdiqat əsəri olduğunu söyləyib. Akademk hər iki əsərin Füzuli irsi haqqında 530 ildə yazılanlara yekun vuran,ümumiləşdirən möhtəşəm bir elmi abidə, Azərbaycan və dünya Füzulişünaslığına ərmağan edilən sanballı bir töhfə olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Jalə Əliyeva, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Füzulişünaslıq” bölməsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Ataəmi Mirzəyev, AMEA-
nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Fəridə Əzizova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdiri, dosent Knyaz Aslan, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli çıxış ediblər.