İyulun 9-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2024” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, AYB-nin katibi Səlim Babullaoğlu, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Ədəbiyyat İnstitutunun alimləri, tanınmış yazarlar, ədəbiyyatşünaslar, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə foyedə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini əks etdirən nəşrlərdən ibarət sərgiyə baxış olub.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini böyük ənənəyə çevrilmiş elm hadisəsi kimi yüksək qiymətləndirib. Akademik İsa Həbibbəyli 1976-1984-cü illərdə əsası qoyulmuş elmi-yaradıcılıq müşavirələrinin 2013-cü ildən fasiləsiz olaraq Ədəbiyyat İnstitutunda keçirildiyini, onun materiallarının kitab halında çap olunduğunu, 2018-ci idən isə “Ədəbiyyat” qəzetində hər il nəşr edildiyini diqqətə çatdırıb.
AMEA rəhbəri ədəbi prosesin dərk və şərh olunması, nəticə etibarilə elmin və ədəbiyyatın inkişafı baxımından tədbirin əhəmiyyətini qeyd edərək, artıq “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinə dair 10 cildin çapdan çıxdığını vurğulayıb.
Ədəbi proses hərəkatının təsnifatını aparan akademik İsa Həbibbəyli 1976-1984-cü illərin ədəbi proses hərəkatının təməli, başlanğıc dövrü olduğunu söyləyib. O, həmin dövrdə bu hərəkatı meydana qoyan görkəmli ədəbiyyatşünasları yad edərək, başlanğıc dövründə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin ardıcıllıqla davam etdiyini bildirib. Qeyd edib ki, sonrakı illərdə, 1990-cı illərin sonlarınadək “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələri keçirilməmiş, 1994-cü ildə yenidən bərpa olunmuş və 2011-ci ilədək davam etmişdir.
1994-2010-cu illəri əhatə edən ikinci mərhələni “ədəbi proses müşavirələrinin bərpası dövrü” adlandıran AMEA rəhbəri bildirib ki, sovet dövründə keçirilən müşavirələrdən fərqli olaraq, müstəqillik dövrünün elmi, mədəni, ictimai fikir sahəsində yaratdığı özünəməxsuslar ədəbi prosesin təntənəli şəkildə keçirilməsinə, ədəbi mühitin daha geniş şəkildə prosesə cəlb edilməsinə imkanlar yaradıb.
Akademik İsa Həbibbəyli 2013-cü ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbi proses üzrə məruzələrin müstəqillik dövrünün yaratdığı geniş axtarış və yaradıcılıq imkanları, azərbaycançılıq və millilik faktorları əsasında yenidən bərpa edildiyini və 2014-cü ilin fevral ayında 2013-cü ilin ədəbiyyatından bəhs olunan “Ədəbi proses” elmi-yaradıcılıq müşavirəsinin keçirildiyini diqqətə çatdırıb. O, 2013-2017-ci illəri əhatə edən üçüncü mərhələni “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin yenidən formalaşdırılması dövrü” adlandırıb.
Akademik İsa Həbibbəyli 2013-cü ildən sözügedən müşavirələrin əhatə dairəsinin genişləndirildiyini, klassik forma saxlanılmaqla bədii publisistika və bədii tərcümənin əlavə edildiyini, 2014-cü ildə ədəbi növlərdən janrlara doğru keçidin olduğunu, 2015-ci ildə isə nəsrin hekayə, povest və romanla təmsil olunduğunu söyləyib. O, illər keçdikcə məruzəçilərin sayının artdığını, sözügedən müşavirələrdə tanınmış ədəbiyyatşünas və yazarların iştirak etdiyini, məruzələrin nüfuzlu qəzet və jurnallarda dərc olunduğunu bildirib.
“2017-2020-ci illər “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin ədəbi elmi hərəkata çevrilməsi dövrüdür”, - deyə bildirən AMEA prezidenti 2020-ci ilin həm ədəbi hərəkat dövrünün yekunu, həm də Zəfər diskursu dövrü adlandıracağımız yeni mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Əlavə edib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə əlaqədar olaraq ədəbiyyata Ali Baş Komandan, Böyük Qayıdış, şanlı Zəfər, Azərbaycan Ordusu, igid əsgər, tarixi qələbə kimi böyük mövzular gəlib.
O, 2021-ci ildə ədəbi prosesin daha da dərinləşdiyini, digər janrlarda müharibə mövzusuna geniş yer verildiyini, 2022-ci ildə hətta uşaq nəsrində müharibə mövzusunun aparıcı mövzu olduğunu diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli 2023-cü ildə birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə bağlı ədəbiyyatda ilk pyesin yaradıldığını vurğulayıb.
“Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini 2020-ci ildən “Zəfər diskursu dövrü” kimi xarakterizə edən AMEA rəhbəri həmin ildən ədəbiyyatın mahiyyətinin dərinləşdiyini, ədəbiyyat tariximizin yeni təfəkkür işığında tədqiqata cəlb olunduğunu, mübarizlik, yenilməzlik və əyilməzlik düşüncəsi, milli özünüdərk, özünəinam ideyalarının bütün janrları əhatə etdiyini söyləyib.
Çıxışının sonunda akademik İsa Həbibbəyli builki “Ədəbi proses”in işinə uğurlar arzulayıb, müşavirələrin ədəbi hadisəyə çevriləcək yeni əsərlər ortaya qoyacağına inamını bildirib.
Sonra Azərbaycan Mətbuat Şurasının sədri, AYB sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin ədəbi hərəkata çevrildiyini bildirib.
O, belə bir elmi-yaradıcılıq platformasında iştirakdan məmnunluğunu ifadə edərək, “Ədəbi proses” müşavirələrinin əhəmiyyətli bir ənənəyə çevrildiyini qeyd edib. İndiyədək təşkil olunmuş müşavirələrin əksəriyyətində iştirak etdiyini vurğulayıb və bu tədbirlərin ədəbi fikrin inkişafında mühüm rol oynadığını bildirib.
“Ədəbi proses” müşavirələrinin ilk illərini xatırlayan Rəşad Məcid qeyd edib ki, o dövrdə məruzəçilər çıxışlarında mürəkkəb ədəbi problemlərə geniş şəkildə toxunmurdular. O, müşavirələrdəki çıxışlarında xüsusilə gənc yazarların yaradıcılığına obyektiv yanaşmağın, əsərlərin dərin elmi təhlilinin və mövcud çatışmazlıqların göstərilməsinin vacibliyini önə çəkdiyini bildirib. Qeyd edib ki, bu yanaşma ədəbi tənqidçilərin və ədəbiyyatşünasların nüfuzunu artırmaqla yanaşı, bütövlükdə ədəbi mühitin sağlamlaşmasına xidmət edir.
Natiq vurğulayıb ki, bu müşavirələr zamanla geniş ədəbi platformaya çevrilmiş, “Ədəbiyyat qəzeti” başda olmaqla nüfuzlu mətbuat orqanlarında müzakirə mövzusuna çevrilərək cəmiyyətdə geniş əks-səda doğurmuşdur: “Ədəbi proses” adlı əsərlər toplusunda təqdim olunan məruzələrin ilbəil daha geniş ədəbi və nəzəri problemləri əhatə etməsi bu tədbirlərin əhəmiyyətini artırır”.
Rəşad Məcid bildirib ki, müşavirə çərçivəsində yalnız Ədəbiyyat İnstitutunun əməkdaşları deyil, digər elmi və mədəni qurumlarda çalışan ədəbiyyatşünasların da iştirakı, eləcə də müzakirələrin AYB ilə əməkdaşlıq şəraitində aparılması ölkədə ədəbiyyatşünaslıq sahəsinin inkişafına xidmət edən əsas mexanizmlərdən biridir.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və tərcüməçi Səlim Babullaoğlu çıxış edərək iştirakçıları AYB-nin sədri, Xalq yazıçısı Anarın adından salamlayıb. O, çıxışında AYB ilə AMEA, o cümlədən Ədəbiyyat İnstitutu və digər elmi qurumlar arasında son illərdə formalaşan səmərəli əməkdaşlıq əlaqələrindən söz açıb. Bu əməkdaşlığın konkret nümunəsi kimi “Ədəbi proses” ədəbi toplularını, eləcə də “Ədəbiyyat” qəzeti və digər mətbu orqanlarda gedən materialları göstərib.
Səlim Babullaoğlu bildirib ki, mədəni və elmi mühitdə keçirilən tədbirlər təkcə öz məzmunu ilə deyil, eyni zamanda davamlılığı və ardıcıllığı ilə də böyük əhəmiyyət kəsb edir. Artıq 15 ilə yaxındır ki, təşkil olunan “Ədəbi proses” müşavirələrinin bu ardıcıllığı intizamlı şəkildə davam etdirməsi tədbirin həm elmi, həm də mədəni yükünü artırır. O, bu kontekstdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Ədəbiyyat İnstitutunun kollektivi tərəfindən göstərilən əzmkarlığı xüsusi vurğulayıb.
O, əlavə edib ki, obyektiv ədəbi tənqid və kənar elmi baxış olmadan hər hansı bədii əsərin bütövlüyü və müstəqil dəyəri tam şəkildə formalaşmaya bilər. Bu səbəbdən də tənqid yaradıcılıq prosesinin ayrılmaz və tamamlayıcı mərhələsi kimi çıxış edir.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan isə çıxışında 2018-ci ildən sözügedən müşavirələrin icmallarının ixtisarla “Ədəbiyyat qəzeti”ndə yayımlandığını bildirib. O, bu yaxınlarda dünyasını dəyişmiş gənc şair, Vətən müharibəsi iştirakçısı Həsən Kür kimi istedadlı şairlərin zamanında diqqət mərkəzindən kənarda qalmamasının zəruriliyini qeyd edib, ədəbi ictimaiyyəti daha həssas olmağa çağırıb.
Tədbirdə Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova “2024-cü ilin ədəbi mənzərəsi” haqqında geniş məruzə ilə çıxış edib.
Məruzəçi ötən ilin ədəbi mənzərəsinə nəzər salaraq, ölkəmizin 2024-cü ildə COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsinin Azərbaycanın dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisi olduğunu bildirib. O, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladıb, həmçinin ötən ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdırıb.
Elnarə Akimova ölkə başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” və digər Fərman və Sərəncamlarının əhəmiyyətini qeyd edib.
Ötən il türk dövlətləri ilə mövcud əlaqələrin daha da inkişaf etdirildiyini söyləyən məruzəçi türk xalqları ədəbiyyatının öyrənilməsi istiqamətində mühüm işlərin görüldüyünü, 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılığın əldə olunduğunu, Türk dünyasının ən qiymətli kitablarından biri olan “Divanü lüğat-it-türk” əsərinin Azərbaycanda çap edildiyini diqqətə çatdırıb. O, AMEA Rəyasət Heyətinin binasında Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqresı xatırladıb, sözgüdən tədbirdə 100-dən çox məruzənin dinlənildiyini bildirib.
O, həmçinin ötən il Qərbi Azərbaycanla, Qarabağla, mühacirət ədəbiyyatı ilə bağlı ərsəyə gəlmiş əsərlərdən bəhs edib.
Tədbirdə fil.e.d. Vaqif Yusifli “Poeziya”, fil.e.d. Cavanşir Yusifli “Nəsr”, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu “Ədəbi tənqid”, fil.ü.f.d. Şahanə Əliyeva “Dramaturgiya”, fil.ü.f.d. Südabə Ağabalayeva “Gəncliyin baxışı və gəncliyə baxış”, fil.ü.f.d. Nurlanə Məmmədova “Bölgələrdə ədəbi həyat”, fil.e.d. Elçin Mehrəliyev “Zəfər publisistikası: Yaradıcı fəallığın bir ili”, fil.e.d. Pərvanə Məmmədli “Güney Azərbaycanda ədəbi proses”, fil.ü.f.d. Gülnar Qəmbərli “Uşaq ədəbiyyatı”, fil.e.d. Lalə Həsənova “Azərbaycanın xarici dillərdə yaranan ədəbiyyatı”, fil.ü.f.d. Rasim Nəbioğlu “ Keçən ilin bədii tərcüməsi: Məziyyətləri və gözləntiləri” və böyük elmi işçi Orxan İsayev “2023-2024-cü illərdə İraq-türkman ədəbiyyatında ədəbi proses” mövzusunda məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, tədbirdə təqdim edilən məruzələr toplu halında nəşr olunacaqdır.