İyulun 8-də AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bu müəssisənin mərhum əməkdaşı filologiya elmləri doktoru, dosent Pərvanə Bəkirqızının Ankarada Qazı Yayınevi tərəfindən nəşr olunmuş “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq Azərbaycan ədəbiyyatşünaslığının tanınmış nümayəndələrindən biri olan Pərvanə Bəkirqızının elmi fəaliyyəti barədə məlumat verib. O, mərhum alimin həyat və yaradıcılığının ədəbiyyatşünaslıq elmi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Pərvanə Bəkirqızı Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatşünaslığında faciə janrının tədqiqi problemləri” mövzusunda namizədlik və “XX əsr Azərbaycan ədəbiyyatının bədii strukturu və mifopoetik təfəkkürü (nəsr və dramaturgiya əsasında)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Alim Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb, həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar şöbəsində və Filologiya üzrə Ekspert Şurasında müavin vəzifəsində fəaliyyət göstərib.
“Alimin ömür yolu yaratdığı əsərlərin ömrü ilə ölçülür və davam edir. Mükəmməl elmi əsər yazan alimlər əbədi yaşamaq haqqı qazanırlar”, - deyə bildirən akademik İsa Həbibbəyli vurğulayıb ki, Pərvanə Bəkirqızının yazdığı əsərlər də elmi-nəzəri səviyyəsi, əhatə dairəsi və yeniliyi etibarilə alim ömrünü əbədi davam etdirəcək əsərlər sırasındadır. Onun faciə janrı haqqında yazdığı “Faciə janrının poetikası və tədqiqi problemləri” adlı monoqrafiyası ədəbiyyatşünaslığımızda xüsusi mərhələ təşkil edən, böyük məktəb yaratmış Yaşar Qarayevdən sonra Azərbaycan elmində faciə janrında yazılmış ən yaxşı əsərlərdən biridir.
AMEA rəhbəri filologiya elmləri doktoru Pərvanə Bəkirqızının elmi fəaliyyətinin əsasən XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu və mifopoetik təfəkkürünün tədqiqinə həsr olunduğunu söyləyib. O, alimin mifopoetikanın müstəqil elmi istiqamətə çıxartmaq yolunda böyük xidmətlər göstərdiyini bildirib.
Pərvanə Bəkirqızının həm faciə janrı haqqında, həm də mifopoetika istiqamətindəki əsərlərinin azərbaycançılıq uğrunda yazılmış əsərlər olduğunu deyən AMEA prezidenti onun əsərlərində azərbaycançılıq, müstəqil təfəkkür, müstəqil düşüncə, müstəqil dövlətçilik, vətənpərvərlik, millilik, soy-kökə bağlılıq kimi hisslərin ən yüksək səviyyədə özünü göstərdiyini vurğulayıb. O, Pərvanə Bəkirqızını Azərbaycançı ədəbiyyatşünas və mükəmməl ədəbiyyat nəzəriyyəçisi kimi xarakterizə edib.
Akademik İsa Həbibbəyli mərhum alimin əsərlərinin elmi əhəmiyyəti ilə yanaşı, mühüm bir azərbaycanşünaslıq hadisəsi olduğunu qeyd edib. Vurğulayıb ki, əsl Azərbaycan xanımına xas bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən Pərvanə Bəkirqızı, sözün əsl mənasında millətinə, dövlətinə, kökünə, adət-ənənəsinə, ədəbiyyatına, tarixinə bağlı bir alim idi. Onun elmi-nəzəri fikirləri, ideyalari hər zaman məsləkdaşları tərəfindən davam etdiriləcək və yaşadılacaq. İllər ötdükcə Pərvanə Bəkirqızının şəxsiyyətinin böyüklüyü, elmin inkişafı naminə gördüyü işlərin mahiyyəti və miqyası daha aydın və dolğun görünəcək.
Sonra institutun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Ömrün davamı” adlı məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Pərvanə Bəkirqızı yalnız bilik və elmi araşdırmaları ilə deyil, həm də obyektivliyi, ədalət prinsiplərinə sadiqliyi və vicdanlı mövqeyi ilə seçilirdi. O, sadə, təmkinli, səbirli, dözümlü və iradəli insan idi.
Diqqətə çatdırılıb ki, alimin “Mifo-poetik və filoloji düşüncədə mif konsepsiyaları” adlı kitabı ədəbiyyat və mifologiyanın dərin əlaqələrini araşdıran zəngin bir tədqiqatdır. Türk və Azərbaycan ədəbiyyatındakı mifo-poetik izləri izləyən əsər, mifin ədəbi düşüncə üzərindəki təsirini dərinləşdirir və bu sahədə müasir nəzəriyyələrə işıq tutur. Bu nəşr müasir ədəbiyyatda mifologiyanın dərin izləri və gücünü araşdırmaq istəyənlər üçün qiymətli əsərdir.
Tədbirdə filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, filologiya elmləri doktoru, dosent Sara Osmanlı, filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubova, filologiya üzrə fəlsəfə doktoru Aysel Qurbanova, elmi işçi Şəmsurə İsmayılova, filologiya elmləri doktoru Rüstəm Kamal, filologiya elmləri doktoru Sevinc Əliyeva və başqaları Pərvanə Bəkirqızının yaradıcılığının müxtəlif məqamlarına diqqət çəkərək onun nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirib, alimlə bağlı xatirələrini bölüşüblər.
Çıxışçılar, həmçinin ictimaiyyətə təqdim olunan nəşr barədə fikirlərini bölüşüb, əsərin elmə dəyərli töhfə olduğunu deyiblər.
Sonda Pərvanə Bəkirqızının ailəsi adından həyat yoldaşı filologiya elmləri doktoru Cəlal Bəydili (Məmmədov) çıxış edərək xanımı və məsləkdaşı ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.