Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ömrün davamı... Ədəbiyyatşünas Pərvanə Bəkir qızı İsayeva

08-07-2025 [ 13:54 ] [ oxunub:21 ]
printerA+ | A-
105672

Qəbul edə bilmədiyimiz, ancaq baş verən gerçəkliklər var... Hər yaşanan sevinc üçün deyil ki... Ancaq yaşantılar bəzən ağır olsa da,  dərinliyi, ölçüsüzlüyü ilə iz qoyur və insan o böyüklük qarşısında susur, susur və onu ifadə edə bilmir... o böyüklüyün, genişliyin, hüdudsuzluğun özünün də oyatdığı estetik ovqat var; bu, kədərin, qüssənin yox, buludlar arxasında saxlanan kürşad, dağlar qarşısını alan sel, dumandan süzülən işıq, gülü oxşayan meh, aramla alınan nəfəs, pıçıltı ilə duyulan nəğmənin və var olan yoxluğun, efirdə dolaşan mövcudluğun, kəpənək qanadının parıltı və mahnısının oyatdığı duyğudur... Bizim əzəmətli xanım, gözəl dost, özünü əsil alim, insan, ziyalı, fədakar övlad, bacı, ana, həyat yoldaşı, qohum kimi təsdiq etmiş, adının ədəbi semantikasına uyğun xarakterlə yaşamış Pərvanəmizlə bağlı yaşadığımız duyğular kimi. O, bir pərvanə ömrü yaşadı, sevdiklərinin hamısından, eyni zamanda ədəbiyyatdan işıq aldı və bu işıqda qərq oldu... Pərvanə fiziki görünüşündən daha çox, mənəvi aləmi ilə boylu-buxunlu idi. O boy-buxunlu gözəl indi bir az da ucalıb, möhtəşəm, zərif, mifik-mistik varlığa çevrilib; yanımızda dayanıb, başımızı qaldırsaq, bizə buludlardan, səmadan baxır; gülümsəyir, bəzən də onsuzluqdan üzülənlərin ruhuna, ürəyinə  bir damla kimi süzülür, ruhumuzun içindən boylanır... O, yanımızdadır, təkcə qoyub getdiyi əziz xatirələrlə deyil, eyni zamanda son günə qədər uğraşdığı, yaratdığı yaradıcılığıyla...

Təsadüfi deyil ki, ümumtürk mifologiyasının formalaşdırdığı mifopoetik nizamı araşdıran, onun qanunauyğunluqlarını sistemləşdirən Pərvanə Bəkirqızının Qazi Universiteti nəşriyyatına təqdim etdiyi "Mito-poetik ve filolojik düşüncede mit konseptleri" kitabı alimin ömür yolunun davamı kimi işıq üzü gördü, "Edebi metnin sinerjetik yapısı: Nizami Gencevinin İskendernamesinde Hz. Hızır" məqaləsi yüksək indeksli "Edeb Erkan" jurnalında, "Mifin bir qısa tərifi" məqaləsi "Ədəbiyyat qəzeti"ndə yayımlandı, iki kitabı nəşrə hazırdır, "Nizami Gəncəvinin "İsgəndərnamə" əsərinin sinergetik aspektləri", "XX-XXI əsrdə Azərbaycan ədəbiyyatında mifopoetik ənənə" tədqiqatları SCOPUS indeksli nəşriyyatlar tərəfindən çapa qəbul olunub, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin son illər yerinə yetirdiyi və çapa təqdim olunacaq üç monoqrafiyada son dərəcə əhəmiyyətli mövzularda yazılmış hissələrinin müəllifidir, elmi rəhbəri olduğu bir doktorant fəlsəfə doktorluğu dissertasiyasının müdafiəsi, ikisi isə müzakirə ərəfəsindədir ... Arzuları, planları gerçəkləşir. Hər il məzuniyyətə yollanacağımız son günləri əzizimiz Pərvanə xanımın ad günü ilə birgə qeyd edərdik. İndi yenə də məzuniyyətə onunla bağlı tədbirlə, kitabının təqdimatı ilə yola düşürük, ad gününə bir neçə gün qalmış ... Onun yaradıcılığı, tədqiqatları ilə tanış olan, elmi-nəzəri fikrimizi zənginləşdirən, irəli aparan əsərlərini oxuyan hər vicdanlı, millətini, mədəniyyətini, ədəbiyyatını sevən insan qürurla düşünür: nə yaxşı ki dünyaya gəlmisən və bu qədər əhəmiyyətli fəaliyyətlə məşğul olmusan, fədakar insan! ...

Pərvanə Bəkirqızı bir imza olaraq ədəbiyyatşünaslıq tariximizdə parlaq iz qoyub. Əsas tədqiqat istiqamətini və nailiyyətini mifopoetika: mifin yazılı ədəbiyyatda yaşama şəkilləri, struktur elementlərinin formalaşdırdığı ornamentallıq və modelləri müəyyənləşdirmək təşkil edir. O bu sahədə bir cığır açdı, məktəb formalaşdırdı və tədqiqatlarının cazibə qüvvəsi ilə yeni mövzuları, araşdırmaları stimullaşdırdı. Artıq mifopoetika Azərbaycan ədəbiyyatşünaslığının aktual istiqamətinə çevrilib və o sahədə araşdırma aparanların etibarlı qaynağı var: Pərvanə Bəkirqızının əsərləri, əsaslandırılmış elmi müddəa və tezisləri ... Mifopoetika bir istiqamət kimi ədəbiyyatşünaslıq və folklorşünaslığın kəsişmə nöqtəsində yaranıb, müasir və aktualdır. Pərvanə etdiyi istinadlar, apardığı təhlillərlə beynəlxalq səviyyədə həmin istiqaməti formalaşdıran alimlərin fikirlərini, yeniliklərini, xidmətlərini  Azərbaycanın elmi auditoriyasına gətirib, onlarla paralel istiqamətdə Azərbaycan, türk mifopoetika xəttini formalaşdırıb.

Fəlsəfə doktorluğu dissertasiyası faciə janrının nəzəri təyinatına və Azərbaycan ədəbiyyatında qazandığı poetika özünəməxsusluğuna həsr olunub. Pərvanə Bəkirqızı faciəni janr kimi araşdırarkən nəzəriyyənin sabitlik və dinamiklik paradiqmalarını əsas götürüb və problemi tarixi poetika istiqamətində tədqiq edib. Janrın dinamikasında mifopoetik strukturun "səyahəti"ni izləyən alimin fikri, ideyaları bu istiqamətdə get-gedə əhatəsini genişləndirdi və o, ayrıca bir yolun parametrlərini müəyyənləşdirdi; türk mifologiyasının milli ədəbiyyatdakı genetik davamlılığını element, motiv, model kimi sxemləşdirdi və canlılığını, yaşarılığını, diriliyini göstərdi. Bu mənada, onun Türkiyədə nəşr olunan "Mito-poetik ve filolojik düşüncede mit konseptleri" monoqrafiyasının çapı son dərəcə lazımlı və əhəmiyyətli bir hadisədir. Türkdilli oxucu auditoriyası çox genişdir və inanıram ki, bu monoqrafiya tezliklə Azərbaycan ədəbiyyatşünaslığının tanınmasında, yayılmasında öz faydalı rolunu oynayacaq. Eyni zamanda, bütün türk xalqları ədəbiyyatında dəyərli məxəz olacaq və beynəlxalq səviyyədə milli ədəbiyyatların mifopoetik strukturunun öyrənilməsində fərqli istiqamətin nəzəriyyəsi kimi istinad qaynağına çevriləcək. Bu mənada, Pərvanənin yeni kitabı onun yeni uçuşudur...

Elmi məsləhətçisi və yaxın məsləkdaşı, dostu olduğum üçün bütün araşdırmalarından, planlarından, ideyalarından, arzularından xəbərdar idim. O, möhkəm fundament qurmuşdu, sütunları atmışdı, cizgiləri, detalları təyin etmişdi və yeni-yeni əsərlər meydana gətirəcəkdi... Əsas odur ki, möhkəm özül və model hazırdır, mifopoetika mifi, genetikanı yaşatdığı kimi gələcək tədqiqatçılar, yeni nəsillər də Pərvanə Bəkirqızının tədqiqatlarından yola çıxaraq onu inkişaf etdirəcək, yaşadacaq və hər dəfə də bələdçiləri işığa doğru qanadlanan, işığa qovuşub işıq saçan Pərvanə olacaq...

 

Tahirə Məmməd

Filologiya elmləri doktoru, professor

 

 

 

Əziz müəllimim, əziz dostum...

 

Yollar getdi üzü dağa,

Yoxuşlar enişlərdən çox.

Kimsə yox xatırlamağa,

Unutmağa da kimsə yox...

                         Kamal Abdulla

 

Pərvanə Bəkirqızı ədəbiyyatın dərin və səssiz çöllərində, hay-küylü yollarında gördüklərimi, görə bildiklərimi paylaşa, elmin ecazkar gözəlliklərindən birlikdə həzz ala bildiyim Müəllimim və Dostum idi. Aramızdakı münasibətin adını da elə özü kitablarının birini hədiyyə edəndə qoymuşdu: "Əzizim Maral Yaqubovaya müəllimi və dostu olan müəllifdən böyük sevgiylə..."

Bəli, Pərvanə Bəkirqızı böyük alim, işinin professoru, gözəl müəllim, əsl düşüncə dostu idi... Metaforik təsəvvürün, obrazlı təfəkkürün, simvolik düşüncənin nüvəsindəki mif onun tədqiqat predmeti idi. Deyirdi ki, mifik çağın intiutiv idrak sahibi olan insan yaradılışın sirlərini lovğa rasionalistdən daha dərin duyur. Bilirdi ki, mifin etnik-mədəni ənənə çərçivəsində insan davranışlarının bütün paradiqmalarını yaradan atomik enerjisi var. O, mifin arxetipik strukturların ifadəsi kimi düşüncədə dünyanı xaosdan kosmosa çevirən məntiqini duyur və mifoloji təsəvvürlərdəki bu mexanizmi adlandırmağı bacarırdı. Mətnin də, həyatın da içindəki xaotik və harmonik olanın bitməz-tükənməz savaşlarından xəbərdar idi. Oxuduğu mətndə mənaları nizamlamağa, yaşadığı həyatda münasibətlərdə balans yaratmağa çalışırdı. Xaotik olanı səliqəyə salmaq onun əsas vərdişi idi. Duyğu və davranışlarını bu mexanizm tənzimləyirdi, bu, zahiri görkəminə də yansıyırdı, biz ondakı zövqə, rənglərin uyumuna və estetikliyinə hər zaman heyrandıq. Geyimdə rənglərin, aksesuarların, danışanda sözlərin, cümlələrin, insanlarda münasibətlərin harmoniyasına və balansına önəm verirdi. Harmoniyanın pozulduğu məqamları sevməzdi, amma düzəltmək yollarını bilir və mütləq tövsiyələr verərdi.

Pərvanə Bəkirqızı hamının içindəki mifi görürdü, mif həm də ona yaşamın "qara qutu"larını görmək səriştəsi aşılamışdı. Zehni daim aktiv idi, oxuduqlarını da, gördüklərini də, eşitdiklərini də analiz edirdi. Analizə tab gətirməyən bəsitliyi sevməz, ifrata varan, süni intellektualizmdən qaçardı. Qəşəng mətnlərdən zövq almağı bacarır, kitabları qələmlə və çoxlu qeydlərlə oxuyurdu, oxuduqlarına pəncərələr qoymağı sevirdi. Çünki mətndə nəfəs almağa ehtiyac duyan sükutların var olduğuna inanırdı. Mətndə səs-səsə verib qışqıran və öz mənasını axtaran detalları da görə bilirdi. İnteraktiv oxucu idi, mətnin onu udmasına əsla icazə verməzdi. Əsl ədəbiyyatşünas səriştəsi ilə mətnin immersiv bataqlıqlarını sezə bilir, müəllif-mətn-oxucu sərhədlərini ayırmağı bacarırdı. Formalistlərin təcrübəsini və nəzəri mirasını yaxşı bilir, mətni qapalı və açıq qutu kimi oxumağı xoşlayırdı. Ədəbiyyatı ərsəyə gətirən mexanizmlərin mədəni, tarixi, sosial, antropoloji, psixoloji tərəflərini görür və onların formaya çevrilmə yollarının sinergetik enerjisini dərin erudisiyası ilə aşkarlaya bilirdi. Mifin dağıdıcı və bərpaçı tərəflərini ədəbiyyatda rahatlıqla sezir, mətnin strukturunda obraz - motiv və detal şəklindəki yerlərini aydın görürdü, məzmun və forma qatlarında mifə tabeçiliyi və üsyanı ayırd edə bilirdi.

Pərvanə Bəkirqızı miflərə cəbbəxana kimi baxırdı, ona görə də onun analiz edə bilmədiyi mətn yox idi, birbaşa nüvəni görür, periferik mənalanmaları, çevrilmələri və dəyişmələri həssaslıqla tuta bilirdi. Hər hansı mifin hər hansı mətndəki varlığını gördüyü və tapdığı anın ecazkarlığından zövq alırdı, "mətnin skeletini görürəm" deyirdi və sözünün arxasında idi. Azərbaycan ədəbiyyatını ərsəyə gətirən idrak prosesini çox yaxşı bilirdi.

Məqalələrinin birində deyirdi ki, mif o zaman ədəbiyyata çevrildi ki, insanlar onu reallıq kimi qəbul etmədi. Ədəbiyyatlaşmış mifi yaxşı tanıyırdı. Ona görə mifologiya və ədəbiyyat dünyanın iki ayrı təsviridir, bu müstəvidə mif ədəbiyyatın beşiyidir. Pərvanə Bəkirqızı ədəbiyyatın beşiyini yaxşı tanıyır, ədəbiyyatın o beşikdə dinlədiyi laylalara bələd idi. Xalqın mentallığı ilə bağlı qatların dərinliklərində qorunan milli-mədəni simvollara həssaslıqla yanaşır, mifin formalaşdırıcı gücünə inanırdı. O ədəbi həqiqətlərin dalınca "yeraltı dünya"lara enməyi sevirdi. Və bir gün Pərvanə Bəkirqızı ömrünün 55-ci ilində "yeraltı dünyaya vaxtsız və vədəsiz yolçuluğ"a çıxdı... Onu sevənlər və düşüncə dostları isə nəhəng bir boşluğun və xaosun içinə düşdülər. Çünki düşüncə dostunu itirmək zehninin adresatını itirmək kimidir.

Əziz Müəllimimin, əziz Dostumun vəfatından sonra Türkiyədə çap olunmuş "Mito-poetik ve filolojik düşüncede mit konseptleri" adlı tədqiqat əsəri isə xaosun növbəti dəfi, kosmik nizamın bərpası kimidir, yaşamağın ən ali üsuludur. Söz yaşamağa davam edir, söz xaos və kosmos arasındakı sonsuz döngüdə şam işığına can atan Pərvanəni yaşatmağa davam edir... Pərvanə Bəkirqızının sözü Malinovskinin, L.Levi-Brülün, E.Kassirerin, K.Yunqun, K.Levi-Strosun, Şmidt, Radin, Kempbell, M.Eliade, Qadamer, Dümeril, Losev və başqa müəlliflərin fikirləri ilə dialoq qurur, "mifin intibahı"nın səbəbini, "mifin renessansı"nın mahiyyətini, davamlı "mifə qayıdış"ın köklərini araşdırır. Və bu söz deyir ki, mifşünaslığın ölçülərindən kənar və yanlış dərk olunması üzündən həm uydurma kimi baxılan, həm bir janr kimi yanaşılan, həmçinin də psixoloji fenomen kimi qəbul edilən mif əslində isə özü-özünü yaradan və özünü təşkil edən, yaxud tənzimləyən sistem kimi canlı təbiətdəki genetik yaddaş mexanizmini xatırladır. Və bu genetik yaddaşda heç nə və heç kim unudulmur! Sizin kimi, mənim Əziz Müəllimim və əziz Dostum!

 

Maral Yaqubova

Fil.ü.f.d., dos.

 

Pərvanə Bəkirqızı

Hər millət üçün tərəqqi qapısı məktəbdir və hər məktəbin tərəqqi tapmağı milli müəllimlərə bağlıdır.

Nəriman Nərimanov

 

"Milli müəllim" ifadəsi sözgəlişi deyilməmişdir, həqiqətən, bu millətə milli müəllimlər, ziyalılar lazımdır. Cəlil Məmmədquluzadə əsərlərində ziyalılığın milli müstəvidə inkişaf etməsinin çətinliklərini təqdim etmişdir. Müəllim təkcə elm öyrətmir, o, cəmiyyət üçün şəxsiyyət yetişdirir, bu şəxsiyyət, yeri gəlsə, xalqına qarşı, məqamı gəlsə, xalqının əsl övladı olar. Əsl şəxsiyyətin yetişməsinə təsir edən bir çox faktorlar var ki, onlardan biri də müəllimdir, həm də milli müəllim. Gördüyü işlərlə, şəxsi keyfiyyətləri ilə milli müəllimim, alim, ziyalı Pərvanə Bəkirqızı. Pərvanə xanımın həm müəllim, həm alim kimi ən üstün cəhətləri xalqı və vətəni üçün faydalı işlər görmək idi. Ümumiyyətlə, bir alimin tədqiqat sahəsi eyni zamanda onun şəxsiyyəti haqqında da müəyyən fikirlər söyləməyə imkan verir. Pərvanə xanımın tədqiq etdiyi sahələrdən biri olan mifologiya elə bir istiqamətdir ki, orada xalqın ruhu, millilik, soy-kökə bağlılıq möhkəmdir. Bu sahədə araşdırma aparan tədqiqatçıda bu hisslər mütləq şəkildə ən yüksək səviyyədə özünü göstərməlidir. Çünki bu sahənin araşdırmaçısı milli mənlik hissindən, soy-kökə bağlılıqdan uzaq olsa, uğurlu nəticələrə gəlib çıxa bilməz. Pərvanə Bəkirqızını yaxından tanıyan bir tələbəsi kimi deyə bilərəm ki, o, sözün əsl mənasında millətinə, dövlətinə, kökünə, adət-ənənəsinə, folkloruna, ədəbiyyatına, tarixinə bağlı bir alim idi. İlhan Başgöz öz müsahibəsində folkloru araşdırarkən ortaya çıxan əskikliklər "dar bir milliyyətçilik anlayışından qaynaqlanır" deməklə, əldə edilən materialları araşdırarkən obyektiv olmağın vacibliyini vurğulamışdır. Ancaq onu da əlavə etmək lazımdır ki, elmdə obyektiv qərar vermək və eyni zamanda millətinə verilən dəyərin də üstünlüyünü bir arada qorumaq vacib məqamlardan biridir. Pərvanə Bəkirqızı o alimlərimizdəndir ki, milli dəyərlərə yüksək qiymət verməklə yanaşı, obyektiv yanaşmanı ortaya qoya bilmişdir.

Azərbaycan ədəbiyyatında folklor, mifologiya, folklor və yazılı ədəbiyyat münasibətləri sahəsində bir çox alimlər, ziyalılar araşdırmalar aparmış, bu sahə üzrə öz töhfələrini vermişlər. Bu araşdırmaların bir qismi sovet dövründə yarandığı üçün müəyyən qədər dövrün çərçivəsindən istədikləri şəkildə kənara çıxa bilməmişlər. Müstəqillik əldə etdikdən sonra elmi araşdırmalarda fərqli yanaşmalar ortaya çıxdı. Bu istiqamətdə mifoloji ənənənin uğurlu tədqiqatçılarından biri də Pərvanə Bəkir qızı İsayevadır. Müxtəlif elmi araşdırmalarda sistemli tədqiqatlar, monoqrafik araşdırmalardan söz düşəndə bu istiqamətdə Pərvanə Bəkirqızının "Mifopoetika və XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu", "Mifopoetika və filoloji fikirdə mif konsepsiyaları", "Faciə janrının poetikası və tədqiqi problemləri" və s. monoqrafiyaları, məqalələri yerli və xarici tədqiqatçıların istinad etdiyi mənbələr sırasında yer alır.

Pərvanə xanımın məhz folklor, mif dünyası ilə bağlı araşdırmaları təsadüfi deyil. Hər bir insanın formalaşmasında ən vacib faktorlar sırasında onun doğulub boya-başa çatdığı coğrafi məkan, yetişdiyi ailə ortamı yer alır. Azərbaycanın dilbər guşələrindəm olan Qarabağ bir çox ziyalılar yetirib, belə bir torpağın havasını udub, suyunu içən Pərvanə xanımın ruhunda izlərini buraxıb. Pərvanə xanımın danışdıqlarından deyə bilərəm ki, onun mifologiya, folklor, bir sözlə, Azərbaycan ədəbiyyatına bağlılığında ətrafındakı doğmalarının da təsiri az deyildir, çünki onlardan Azərbaycan mifologiyasının süjet və personajları haqqında eşitdiklərini bu gün də xatırlamaqla heç də asanlıqla dərk olunmayan mif dünyasına bağlanmışdır.

Professor Tahirə Məmmədin Pərvanə Bəkirqızının "Mifopoetika və XX əsr Azərbaycan ədəbiyyatının poetik strukturu" monoqrafiyasının Ön sözündə yazdığı "Tədqiqatçı dünya mədəniyyətini, tarixini, mifologiyanı, folkloru, dinləri, yazılı ədəbiyyatın texnologiyasını və təhlil metodlarını yaxşı mənimsəmədən sözügedən problemi araşdıra bilməz" ifadəsi ilə tədqiqatçı-alimin bir mükəmməl xarakterini də çizmiş olur. Çünki Pərvanə xanım ətraflı araşdırma apararaq, özündən əvvəlki alimlərin fikirlərini diqqətdən kənarda qoymamağa çalışırdı. İstənilən mövzuda şifahi şəkildə fikrini bildirərkən sitat gətirdiyi cümlələrin müəllifini də mütləq qeyd etməyi unutmurdu. Bu, əsl tədqiqatçı alimə xas xüsusiyyət idi. Mifologiya sahəsində araşdırmaları və eyni zamanda adının mənşəyinin də mifologiya ilə bağlılığı da diqqət çəkir. Mifologiyadan qaynaqlanan bu adın mənşəyində həm də bir sədaqət, ədalət rəmzi var. Adın mənası insan xarakterinə təsir edir, "Pərvanə" adının da xarakterə təsiri də az deyil. Nizamülmülkün ifadələrindən "pərvanə" təbirinin Böyük Səlcuqlularda "önəmli hökm və fərman" mənasında istifadə edildiyi anlaşılır, yüksək məqam anlamında Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilərdə işlənilmişdir. Pərvanə həm ad, həm məqam olaraq məhz işini, görəvini layiqincə yerinə yetirən insanlara verilirdi. Pərvanə Bəkirqızı bu dünyada iştirakçısı olduğu bütün sahələrdə daşıdığı adın mənasını tam anlamı ilə yaşayaraq əbədilik qazandı.

 

Aysel Qurbanova

Filologiya üzrə fəlsəfə doktoru

 

Elmi rəhbərim, əziz ustadım Pərvanə Bəkirqızı İsayeva

 

Həyatımıza toxunan bəzi insanlar, sadəcə bilik və təcrübələri ilə deyil, qəlbləri ilə də iz buraxırlar. Onlar, varlıqlarıyla ətrafını işıqlandıran, düşüncələri ilə ilham verən və öyrətdikləri ilə yaşadanlardır. Gedişləri isə sadəcə bir ayrılıq deyil, dərin bir boşluqdur.

Pərvanə xanım təkcə elm insanı deyil, eyni zamanda rəhbər idi. Biliklərindən ziyadə, həyatın mənasını və insan olmağın dərinliyini öyrədəndi. Onunla keçən hər an, sadəcə, akademik irəliləməkdən başqa, ruhən də böyümək idi.

Pərvanə Bəkirqızı dərin elmi araşdırmaları, mifo-poetik təhlilləri və milli kimliyə bağlı yanaşmaları ilə ədəbi fikrin formalaşmasında mühüm töhfələri olan şəxsiyyətlərdəndir.

Alimin elmi fəaliyyətinə başladığı illər Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı, ictimai-siyasi təlatümlərin cərəyan etdiyi, xalqın ağrı-acı içində yaşadığı bir dövr idi. Belə bir dövrdə elmə üz tutmaq, akademik fəaliyyət göstərmək, sözün həqiqi mənasında fədakarlıq tələb edirdi. Birinci Qarabağ müharibəsinin, sovet rejiminin dağılmasının, azadlıq yolunda qurbanların verildiyi illərdə yetişən bu nəslin alimləri - o cümlədən, Pərvanə Bəkirqızı - həm intellektual bacarığı, həm də mənəvi gücləri ilə seçilirdilər. Sovet ideologiyası qadağalarının aradan qalxmasından sonra Azərbaycan elmi azad nəfəs almağa, xalqın milli yaddaşı, mifologiyası, arxetipləri, tarixi kökləri yenidən dəyərləndirilməyə başladı. Məhz bu dövrdə Pərvanə Bəkirqızı öz araşdırmaları ilə bu boşluğu dolduranlardan biri oldu.

Pərvanə Bəkirqızı ədəbiyyatda mifin təzahürlərini araşdıran qabaqcıl alim idi. O, göstərirdi ki, Hüseyn Cavidin "İblis" dramından tutmuş, Anarın "Ağ qoç, qara qoç", Elçinin "Mahmud və Məryəm" romanlarına, Kamal Abdullanın "Yarımçıq əlyazma"sına qədər bir çox əsərlərdə mifoloji süjetlər, arxetiplər və simvollar yeni mənalarla yüklənərək müasir kontekstdə yenidən doğulur.

Onun elmi irsi çoxşaxəlidir. Azərbaycan və Türkiyə türkcəsində dərc olunmuş onlarla elmi məqaləsi, monoqrafiyası və məruzələri bu gün tədqiqatçıların stolüstü qaynağına çevrilib. Yeni çapdan çıxmış "Mifo-poetik və filoloji düşüncədə mif anlayışı" adlı kitabı və "İskəndərnamədə Hızır obrazının sinergetik təhlili" məqaləsi də onun elmi düşüncəsinin nə qədər dinamik və çoxsahəli olduğunu göstərir.

Pərvanə Bəkirqızının elmi məqalələri Azərbaycanın sərhədlərini aşaraq Moskva, Berlin, Kiyev, Ankara, Ternopol kimi elmi mərkəzlərdə işıq üzü görmüş, beynəlxalq konfranslarda maraqla qarşılanmışdır.

Onun elmi mirası yalnız kağızda qalan fikirlər toplusu deyildi. Pərvanə Bəkirqızı həm də milli-mənəvi dəyərləri qoruyan, bu dəyərləri elmi müstəviyə daşıyan bir ziyalı idi. "Dünya xalqlarının mifləri" ensiklopediyasındakı ermənilərə dair obyektiv yanaşması, Nizami Gəncəvinin "İskəndərnamə"sində alt dünya motivinə dair məqaləsi, eləcə də Mirəli Seyidovun irsinə həsr etdiyi yazılar onun milli mövqeyini aydın şəkildə ortaya qoyur.

Bu gün onun elmi irsi Azərbaycan ədəbiyyatşünaslığında mifoloji istiqamətin sütunlarından birinə çevrilib.

Pərvanə Bəkirqızı təkcə alim deyil, eyni zamanda ictimai xadim idi. O, Bakı Slavyan Universitetində və Nizami adına Ədəbiyyat İnstitutunda çalışmaqla yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Humanitar Elmlər bölməsinin sədr müavini vəzifəsində 10 il fəaliyyət göstərmişdir. Bu sahədə də elmi dürüstlük, prinsipiallıq və obyektivlik onun fəaliyyətinin əsas xəttini təşkil edirdi.

Pərvanə Bəkirqızının elmi fəaliyyəti bir daha sübut edir ki, Azərbaycan elmi düşüncəsi yalnız ənənələr üzərində deyil, eyni zamanda ənənə və çağdaş nəzəri istiqamətlərin sintezində də inkişaf edir.

"İnsan - qarşılaşdığı insanların qalıntısıdır" deyərlər. Belə bir alimin gedişi təkcə ondan öyrənənlərin deyil, toxunduğu hər kəsin sarsıntısı olaraq qaldı. Lakin elmi, sevgisi və ilhamı hər zaman yaşamağa davam edəcək. Xatirələri, öyrətdikləri, göstərdiyi yollar daim var olacaq. Çünki belə xüsusiyyətlərə malik insanlar sadəcə cismən gedər, fikir və düşüncələri isə sonsuzluqda yaşamağa davam edər. Bu cür insanı yola salmaq ona olan sevginin və dəyərin ən saf halıdır. Hər xatırlamada mirası olan bilik və sevgi toxunduqlarının yolunu işıqlandıracaq, Pərvanə xanımın izini daşıyanlar, tələbələri, onu görən və görməyən yetirmələri belə bir xanımla, alimlə qürur duyacaq.

 

Şəmsurə İsmayılova

"Ədəbiyyat qəzeti", 2025, 8 iyul

SİZƏ MARAQLI OLA BİLƏR