Filologiya elmləri doktoru Pərvanə Bəkirqızı: “Şəxsin görünür rütbeyi-əqli əsərindən”…
Yeni nəzəriyyələrin, fəlsəfi dünyagörüşlərinin, təlimlərin içərisindəki xaosdan düzənə, harmoniyaya doğru yolda yetkin bir elm adamı, vətənpərvər bir insan kimi tanınan filologiya elmləri doktoru, professor Tahirə Məmməd Azərbaycan filoloji fikrinin inkişafına istiqamət verə bilən, yüksək intellektli ziyalı alimlərimizdəndir. “XX əsr Azərbaycan dramaturgiyasının poetikası” (1999), “XIX əsr Azərbaycan ədəbiyyatı” (2010), “Osmanlı şairlərinin yaradıcılığında Azərbaycan ədəbiyyatı ənənələri” (2010), “Neosufizm: yaradıcılıq və nəzəriyyə” (2016),“Ədəbiyyat müasir elmi yanaşmalar kontekstində” (2016), “Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri” (2018) əsərləri professor T.Məmmədin məsələlərə özünəməxsus yeni fərqli baxışı ilə seçilir. Ədəbiyyatşünaslığa gəlişi Naxçıvan Dövlət Pedaqoji İnstitutununda akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi tələbə elmi cəmiyyətindən başlayan Tahirə xanımın hələ “Vəfalı Səriyyə”nin janr və üslub xüsusiyyətləri”, “C.Cabbarlı yaradıcılığının ilk mərhələsində maarifçi realizm və romantizmin qarışılıqlı genetik əlaqəsi”, “Bir daha C.Cabbarlının “Qız qalası” poeması haqqında”adlı ilk məqalələri müəllifin bədii materiala yanaşması və təhlil mexanizminin konstruksiyası ilə seçilirdi. “Oxumaqla yazmaqla olmaz, ta ustaddan görməyincə” – deyib fikir adamlarından biri. Professor Tahirə Məmməd Naxçıvan pedaqoqlarının yaxşı tanıdığı Əməkdar müəllim, Qabaqcıl Maarif xadimi Qəşəm Məmmədovun ailəsində dünyaya göz açıb. İlk ədəbiyyat müəllimi də Qəşəm müəllim olub. Bəlkə də buna görə müəllimlik onun fitrətindədir. Kiçik yaşlarından Qəşəm müəllimin evində qonaq olan ədəbiyyatşünaslığımızın korifeylərinin – Məmməd Cəfər Cəfərovun, Məmmədhüseyn Təhmasibin, Abbas Zamanovun və Əziz Mirəhmədovun Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqda söhbətlərini dinləyib, söz sənətinin sehrinə düşüb. Elə bu sehrin iziylə də başlayıbdı Tahirə Məmmədin ömür yolu. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin əyani aspirantı kimi elmi fəaliyyətə başlayan professor Tahirə Məmməd bu gün Azərbaycan ədəbiyyatşünaslığında sözünün çəkisi ilə seçilən alimlərimizdəndir. İlk pedaqoji fəaliyyəti Babək rayonu Vayxır kənd məktəbindən başlayan, bu gün elmi yaradıcılıqla yanaşı pedaqoji fəaliyyətini də Bakı Slavyan Universitetində davam etdirən professor Tahirə Məmməd eyni əzmlə çalışır ki, bu sahələrin də hər birində onun amalı birdi: Vətənə, millətə xidmət. Bu həm alim kimi, həm də müəllim kimi Tahirə xanımın uzun illərdən bəri dəyişməyən mövqeyidir. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında və respublikanın müxtəlif ali təhsil müəssisələrində Tahirə xanımın onlarla dissertantı onun rəhbərliyi altında Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri ilə məşğul olurlar. Professor Tahirə Məmmədin xalqımızın milli-mənəvi dəyərlərini uca tutaraq minillik tarixi köklərə malik Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslığının tədqiqi sahəsində vətəndaş yanğısı ilə ziyalı alim kimi yorulmadan göstərdiyi əzmkar elmi fəaliyyəti əslində yetirmələri üçün də, sözün həqiqi mənasında,bir məktəbdir.
Fil.ü.f.d., dos. Maral Yaqubova:
Professor Tahirə Məmməd müasir ədəbiyyatşünaslıq elminin mərkəzində duran, xüsusilə ədəbiyyat nəzəriyyəsi sahəsinin davamlı və dinamik inkişafına çalışan, bədii-estetik təcrübənin nəzəri və tarixi poetik təcrübəsini elmi kontekstdə dəyər qazanmasında xüsusi zəhməti və əməyi olan əsl alimdir. Azərbaycan ədəbiyyatşünaslığının dəyişən paradiqmalar kontekstində öyrənilməsinin metodoloji prinsip və meyarlarının hazırlanmasında, bədii və nəzəri fikirdə cərəyan müxtəlifliyi, folklor və yazılı ədəbiyyat arasındakı bağın xarakteri, klassik ədəbiyyatın dəyərləndirilməsində yeni nəzəri dünyagörüşün meyarları və s. məsələlərin həllində Tahirə Məmməd akademik yol xəritəsi təqdim edə bilir ki, bu hər alimə xas deyil. Bu baxımdan Şərq ədəbiyyatının tarixi inkişafında sufi dünyagörüşün mövqeyini xarakterizə edən, mifoloji dünyagörüşün və qədim sivilizasiyaların inanc-əxlaq sisteminin islam dininə uyğunlaşması ilə güclü bir təlim halına gəlmiş və əsrlərdə öz varlığını sürdürmüş təsəvvüfün XX əsr Azərbaycan ədəbiyyatında törədicilik funksiyasını aşkara çıxaran neosufizm konsepsiyasını xüsusi qeyd etmək lazımdır. Alim təsəvvüf və müasir Azərbaycan ədəbiyyatı arasındakı müxtəlif əlaqələrin nəzəri ad qazanması, elmi-metodoloji yanaşma prinsipinin təyininə görə ədəbiyyatşünaslıqda neosufizm konsepsiyasını müəyyənləşdirib ki, bu ədəbiyyatşünaslıq üçün yeni və istiqamətverici hadisədir.
Tahirə Məmməd elmi fəaliyyəti, monoqrafik tədqiqatları və nəşrləri ilə yanaşı, pedoqoji təcrübəsi, yetişdirdiyi kadrlar vasitəsilə də ədəbi nəzəri təfəkkürün modelləşməsinə və görünməsinə nail olur. Tahirə Məmməd doktorant və dissertanlarına tədqiqat istiqamətləri verərkən özünə xas bir üsul sərgiləyir. Elm sahəsinə gələn gənc tədqiqatçının xarakteri və tədqiqat mövzusu arasında əlaqənin olub-olmamasına xüsusi diqqət yetirir, tədqiqatçının maraq dairəsini, niyyətini, nəzəri-obrazlı təfəkkürünü, səriştə və bacarıqlarını, həyat təcrübəsini və praktik zəkasını uğurlu bir şəkildə birləşdirəcəyi mövzular seçir. Nəticədə Tahirə Məmmədin hazırladığı kadrlar sadəcə dissertasiyalarını yekunlaşdırıb müdafiə etmir, gələcək elmi fəaliyyətlərindəki mövqe və kimliklərini də formalaşdırmış olur. Çünki Tahirə Məmməd təkcə elmi deyil, elmin psixologiyasını da gözəl bilir, elm yoluna daxil olan yeni yolçuya elmi rəhbər kimi mövcud dərin təcrübəsini diktə etmir, əksinə elmin yollarında gənc alimə öz təcrübəsini yaşamaq və öz yolçuluğuna çıxmaq şəraiti yaradır, mentorluq edir. Tahirə Məmməd ədəbiyyatın görünən və görünməyən üzlərini, bu ikisi arasındakı əlaqələr və münasibətlər çoxluğunu ustalıqla öyrədir. Mövzuları da məhz bu üç müstəvinin birində verir, ədəbiyyatın görünməyən tərəfini araşdıranlar mütləq şəkildə bu əlaqələr vasitəsilə görünən tərəfə çıxmağı bacarmalıdır, görünən tərəfini araşdıranlar isə bu əlaqələr mexanizmi vasitəsilə görünməyəni aşkarlamalıdır. Tahirə xanımın kadrları yaxşı bilir ki, bu proses gerçəkləşən anda əsl elmin qapıları onlara bütün ehtişamı ilə açılır və heç nə daha əvvəlki kimi olmur. Bu bir zövq anıdır və professor Tahirə Məmməd bütün yetirmələrinə bu zövqü yaşamaq imkanı verən nəhəng alim, Ustaddır!
Fil.ü.f.d., dos. Məleykə Məmmədova
Elmi biliklər yalnız kitabların səhifələrində deyil, həm də onu sevdirən, öyrədən, istiqamət verən müəllimlərin varlığında yaşayır. Hər bir tədqiqatçının yolunda iz buraxan, onu düşünməyə, araşdırmağa sövq edən bir müəllim olur. Professor Tahirə Məmməd həm nəzəri hazırlığı, həm də pedaqoji ustalığı ilə seçilən simalardandır. Onun dərslərindəki orijinallıq, faktoloji zənginlik və düşüncəyə verdiyi dəyər mənim elmi dünyagörüşümün formalaşmasında böyük rol oynamışdır. Bakalavriat illərində, xüsusilə Yeni Türk ədəbiyyatında romanların təhlili zamanı onun dərslərini heyranlıqla dinləyirdik. O dövrdə alim olmaq kimi bir arzum olmasa da, elmi düşüncəyə və professorlara qarşı içimdə böyük maraq yaranmışdı. Elmə yönəlməyimdə isə Tahirə müəllimənin mənəvi dəstəyi və ruhlandırması həlledici oldu. O, yalnız elmi istiqamət verməklə kifayətlənmədi, həm də çətinliklər qarşısında möhkəm dayanmağı, dürüstlüyü və məsuliyyəti aşıladı.
2011–2014-cü illərdə AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin əyani doktoranturasında təhsil aldığım dövrdə məhz elmi rəhbərim filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd olmuşdur. Elmi rəhbərim kimi Tahirə müəllimə hər zaman yanımda oldu, həm akademik, həm də insani baxımdan mənə yol göstərdi. Onun pedaqoji fəaliyyətində insanilik amili daim ön planda olmuşdur.Tahirə müəllimə tələbələrinə yalnız müəllim deyil, həm də ana qayğısı göstərən, onların uğurlarına sevinən, çətinliklərində dəstək olan bir ziyalıdır. Auditoriya divarlarını aşan bu ünsiyyət onun həyat məktəbində də örnək bir müəllim olduğunu göstərir. Professor Tahirə Məmməd kimi ziyalılar yalnız bir dövrün deyil, bir neçə nəslin elmi həyatına işıq saçan mayaklardır. Onun elmi və pedaqoji fəaliyyəti Azərbaycan elminə dəyərli töhfə olmaqla yanaşı, yüzlərlə tələbənin həyatında istiqamətverici olmuşdur.
Fil.ü.f.d. Aysel Qurbanova:
“Tahirə Məmməd” imzası onun yetirmələri: tələbələri, doktorant və dissertanları üçün ən başlıca uğurdur. Görkəmli alim, əsl müəllim olan Tahirə xanım üstün şəxsi keyfiyyətləri ilə hər birimizin həyatında xüsusi yeri olan ziyalıdır. Elm sahəsində hər birimizin fikirlərimizi obyektiv və müstəqil, cəsarətli şəkildə ifadə etmək bacarığını formalaşdıran Tahirə xanım eyni zamanda cəmiyyətdəki mövqeyimizin də bərqərar olmasında təsirsiz qalmamışdır. Onun yetirmələri olaraq rəhbərimizin bizə öyrətdiklərini əsas tutaraq bu adın həyatımızdakı rolunu minnətdarlıqla, şükranlıqla, böyük fəxrlə dilə gətiririk. Tahirə Məmmədin doktorant və dissertantlarının elmi işləri ilə tanış olanda hamımızı birləşdirən ən vacib amil aydın hiss olunur. Bu amil başqalarını təkrarlamamaq, öz yolunu, üslubunu formalaşdırmaq, özümüzdən əvvəlki ziyalılara hörmətlə yanaşmaq, əldə etdiyimiz məlumatların düzgünlüyünə əmin olmaq, vətənə, millətə layiqli vətəndaş, alim kimi xidmət etmək. Mükəmməl və qüsursuz işi hədəfə alan rəhbərimiz öz yetirmələrində məsuliyyət və işinə ciddi yanaşmanı formalaşdıra bilmişdir. Tahirə Məmmədin imzası keçən hər bir doktorant və dissertantlar elmi araşdırmanın, alim kimi yetişmənin sirlərini öyrənməklə yanaşı, mərhəmətli, vicdanlı, ədalətli və dürüst olmanı, hər kəsə kömək göstərməyi özündə birləşdirən şəxsiyyət kimi formalaşmanın da vacibliyini öyrənmiş olur. Bu istiqaməti biz müəllimimizin işində, yaşamında, ətrafdakı insanlarla münasibətində görüb götürmüşük. Mənası işıq, nur olan “ziyalı” olmaq hər insana şamil edilmir, Tahirə Məmməd əsl ziyalı olaraq tələbələrinin, davamçılarının yolunu işıqlandırır. İstər elm, istər digər sahələrdə hər kəs ustadının dəst-xətini, yolunu davam etdirir, düşünürəm ki, bu yolda “Tahirə Məmməd”in davamçıları, yetirmələri olaraq çox şanslıyıq. Tahirə xanım nəzəriyyəçi alim olaraq Azərbaycan elmi üçün bir çox yeniliklərə imza atmışdır. Bununla yanaşı vətənini və millətini sevən bir ziyalı olaraq bizə də bunları aşılamışdır. Tahirə xanım elm yolunda bir sərkərdədir, onun davamçıları güclü, vətənpərvər, dövlətinə, millətinə, doğma dilinə bağlı, milli ruhda özlərini təsdiqləmiş bir ordu kimidir.
Fil.ü f.d. Şəhanə Əliyeva:
Müstəqillik dövründə dram nəzəriyyəsi məsələləri ən müxtəlif rakurslardan təhlilə cəlb edilmişdir. Dramın stuktur təhlili, ayrı-ayrı komponentlərinin, nəzəri kateqoriyaların funksiyalarının üzə çıxarılması istiqamətində professor Tahirə Məmmədin dramaturgiyaya dair araşdırmalarının xüsusi yeri var. Tahirə Məmmədin “XX əsr Azərbaycan dramaturgiyasının poetikası” adlı monoqrafiyası (1999) müstəqillik dövründə milli dramaturgiyamızın poetikasının araşdırılması istiqamətində aparılmış ən sanballı tədqiqatlardandır. Monoqrafiyada Cəfər Cabbarlı, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə dramataurgiyası struktur analiz yolu ilə tədqiqata cəlb edilmiş, Qərb və Şərq poetik ənənələrinin fonunda Azərbaycan milli dramaturgiyasının özünəməxsus xüsusiyyətləri üzə çıxarılmış, dram əsərləri struktur komponentlərə ayrılaraq, süjet, kompozisiya, konfliktin, eyni zamanda obrazlar sisteminin poetikası ayrı-ayrılıqda öyrənilmişdir. Professor Tahirə Məmməd mətnə ən yeni təhlil texnologiyalarının tətbiqi baxımından cəsarətli mövqe ortaya qoyan alimlərdəndir. “XX əsr Azərbaycan dramaturgiyasının poetikası” monoqrafiyasında struktur-semiotik, “Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinin psixoanalitik və struktur-semiotik dəyərləndirilməsi” məqaləsində psixoanalitik, struktur-semiotik, “Cəlil Məmmədquluzadənin kiçik pyeslərində xalq oyun və tamaşa motivləri”, “Xalq oyun-tamaşalarında kuklalar və maskalar” məqalələrində antropoloji, “Get dolangilən xainsən hələ” əsərinin sosial-psixoloji aspektdən dəyərləndirilməsi” məqaləsində sosial-psixoloji təhlil metoduna müraciət edən alim müasir metodlarla klassik dramaturgiyamızın təhlilini həyata keçirərəkən mətnə yanaşmada ən yeni və ən müxtəlif rakurslar formalaşdırır. Alim daim öz tədqiqatlarında mətnə dövrünün ədəbi-tarixi konteksti çərçivəsində yanaşır, mətnin, xüsusilə dram mətninin meydana çıxma şəraitinin öyrənilməsini mətn təhlilində əsas istiqamətlərdən birinə çevirir. Müəllif konsepsiyasının nəzəri kateqoriyalarda üzə çıxması, təsəvvüfün yeni mərhələsi – neosufizmin araşdırılması, milli dramaturgiyamızda çoxqatlılıq, mətn və intertekstuallıq, bədii mətn və milli kimlik kimi məsələlərə toxunması öz tələbələrində də yeniliyə açıq olma, cəsarətli mövqe nümayiş etdirmə, mətnin ən xırda detallarına belə sırf nəzəri kateqoriyalar baxımından yanaşma vərdişi formalaşdırmışdır. Bu baxımdan alimin tədqiqatları həm elmi dəyəri, həm də ötürdüyü və daim təhlilə açıq ideyaları ilə gənc tədqiqatçılar üçün möhkəm zəmin yaratmışdır.
Fil.ü.f.d.Güntəkin Musayeva:
Azərbaycan ədəbiyyatşünaslığında folklor və yazılı ədəbiyyat əlaqələrinə həsr olunmuş çoxsaylı tədqiqat işləri aparılmış və araşdırmalar bu sahədə davam etməkdədir. Bu mövzu ədəbiyyatın milli köklərini və poetik inkişafını anlamaq üçün əsas istiqamətlərdən biridir. Müasir ədəbiyyatşünaslıqda bu məsələyə ən çox diqqət yetirənlərdən biri professor Tahirə Məmməddir. O, folkloru milli poetik düşüncənin əsas komponentlərindən biri və yazılı ədəbiyyatın vacib tərkib hissəsi kimi qəbul edir. “XX əsr Azərbaycan dramaturgiyasının poetikası” monoqrafiyasında, eləcə də meydan-mərasim tamaşaları və digər məqalələrində o, dramaturji mətn və ədəbi obrazların strukturunda folklor janr elementlərinin mənşəyini dərindən araşdırır. Ədəbi mətnin strukturunda bu elementlərin iştirak səviyyəsini tipoloji müqayisə və poetik təhlil metodları ilə əsaslandırır. Bu yanaşma, xüsusilə maarifçilik dövrü ədəbiyyatında aydın görünür. XX əsrin əvvəllərində meydana çıxan maarifçilik cərəyanı yalnız ideya baxımından deyil, formaca da yenilənməyə və folklordan bəhrələnməyə çalışırdı. Tahirə Məmməd bu dövrdə folklorun janr yaradıcılığında oynadığı rolu xüsusi vurğulayır. Onun araşdırmalarına görə, bu mərhələdə bir sıra yazıçılar müxtəlif folklor və yazılı ədəbiyyat janrlarını sintezləşdirərək yeni forma variantları yaratmışlar. Məsələn, S.S.Axundovun əsərlərində nağıl və hekayə elementləri, N.Vəzirovun «Keçmişdə qaçaqlar» dramında qaçaq dastanları və dramaturgiya, Ü.Hacıbəylinin musiqili tamaşalarında xalq oyunu və komediya elementlərinin vəhdəti bu sintez prosesinin bariz nümunələridir. Tahirə Məmmədin tədqiqatları göstərir ki, folklor Azərbaycan yazılı ədəbiyyatının əsasını təşkil edir və onun poetik strukturunun formalaşması və inkişafında həlledici rol oynayır. Folklor ənənələri ədəbi yaradıcılıqda həm məzmun, həm də forma baxımından zənginləşdirici təsir göstərir və milli ədəbi identikliyin qorunmasında əvəzsiz rol oynayır.
Fil.ü.f.d. Şəfa Əliyeva:
Filologiya elmləri doktoru, professor Tahirə Məmməd müasir Azərbaycan humanitar elminin aparıcı simalarından biri, dərin elmi-intellektual potensialı, prinsipial elmi və pedaqoji mövqeyi ilə seçilən tanınmış alimlərdəndir. Onun rəhbərliyi və dəstəyi mənim elmi və peşəkar karyeramda da əvəzsiz rol oynamış, həyatına toxunduğu hər tələbə kimi mənim inkişafımda da dərin izlər qoymuşdur. Professor Tahirə Məmmədlə ilk tanışlığım 2007–2011-ci illərdə Bakı Slavyan Universitetində bakalavr təhsili aldığım dövrə təsadüf edir. Onun dərsləri sadəcə bilik vermək deyil, tələbəni düşünməyə, araşdırmağa və elmi mühitə daxil olmağa təşviq edən intellektual bir proses idi. Hər bir mühazirə və seminar tədricən dünyagörüşümüzü formalaşdırır, bizi ədəbiyyatşünaslığın nəzəri əsasları ilə tanış edirdi. Bu gün onun rəhbərlik etdiyi Ədəbiyyat nəzəriyyəsi şöbəsində aparıcı elmi işçi kimi fəaliyyət göstərmək mənim üçün həm böyük şərəf, həm də ciddi məsuliyyətdir. Elmi yanaşmaya və düşüncə mədəniyyətinə verdiyi önəmlə Tahirə xanım tələbələri üçün bir müəllimdən çox bir məktəb qurucusudur və biz bu məktəbin, akademik mühitdə də deyildiyi kimi, “Tahirə Məmməd məktəbi”nin davamçıları kimi formalaşdıq və bununla qürur duyuruq. 2011-ci ildə onun elmi rəhbərliyi ilə “Mirzə Fətəli Axundovun ədəbi-tənqidi məqalələrində əski və yeni ədəbiyyat ənənələri” mövzusunda diplom işimi uğurla müdafiə etdim. Tədqiqat işimin yazılması ərəfəsində düzgün istiqamətlər göstərən Tahirə xanımın bir rəhbər kimi hər zaman mənəvi və elmi dəstəyini hiss etdim. Akademik mühitdəki ilk addımım, elmi fəaliyyətə başlamağım məhz professor Tahirə Məmmədin təşəbbüsü ilə olmuşdur. 2014-cü ildə onun tövsiyəsi ilə qısa müddət ərzində böyük əzm və məsuliyyətlə hazırlaşaraq Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktoranturasına qəbul olundum. Bu mərhələ mənim üçün sadəcə növbəti elmi pillə deyildi. Bu, illər öncə mənə elmi rəhbərlik etmiş, hər kəsin həm şəxsiyyətinə, həm elminə böyük hörmət bəslədiyi dəyərli alimin – Tahirə xanımın mənə bəslədiyi inamı doğrultmaq məsuliyyəti idi. Onun həyatımın ən həlledici məqamında dediyi və yaddaşıma əbədi həkk olunan “Sən bacaracaqsan, başqa heç nə fikirləşmə” cümləsi isə həmin anda təkcə bir təşviq yox, mənə yol göstərən bir həyat devizinə çevrildi. Doktoranturaya qəbul, eləcə də Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilməyim xəbərini ilk olaraq məhz Tahirə xanımla paylaşmağım ona bəslədiyim sonsuz hörmətin və minnətdarlığın ifadəsi idi. 2022-ci ildə yenidən Tahirə xanımın elmi rəhbərliyi ilə “Azərbaycan tənqidi realist dramaturgiyasında dialoq və monoloq” mövzusunda dissertasiya işimi müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazandım. Hal-hazırda isə onun rəhbərliyi ilə “Sovet dövrü Azərbaycan dramaturgiyasının poetikası” mövzusunda elmlər doktorluğu səviyyəsində tədqiqat işimi davam etdirirəm. Tahirə Məmməd elmi kadrların hazırlanması sahəsində Azərbaycan Milli Elmlər Akademiyasına, xüsusilə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna ən çox gənc alim qazandıran professorlardan biridir. O, ziyalı ailəsində formalaşmış mənəvi dəyərlərlə böyümüş bir şəxsiyyət olaraq yardım etməyi, dəstək olmağı təkcə vəzifə deyil, mənəvi borc kimi qəbul edir. Təkcə tələbələrinə yox, elmi müdafiə ərəfəsində olan hər bir gəncə eyni səmimiyyət və səxavətlə yanaşır. Elmə və insana sevgisi, təvazökarlığı və rəqabətdən uzaq duruşu onu nümunəvi alim və əsl ziyalı kimi fərqləndirir. Müdafiə prosesində adını minnətdarlıqla qeyd edən çoxsaylı gənc tədqiqatçıların səmimi təşəkkürləri onun həm alim, həm də insan kimi qazandığı hörmətin təsdiqidir.
Fil.ü.f.d. Dilarə Əliyeva:
2018–2023-cü illər ərzində Tahirə müəllimin doktorantı olmaq şərəfinə nail olduğum üçün özümü çox xoşbəxt və şanslı hesab edirəm. Bu illər ərzində yalnız elmi rəhbər deyil, eyni zamanda tələbələrinə ana qayğısı ilə yanaşan, onların yoluna işıq tutan, çətinliklər qarşısında ruhdan düşməyə qoymayan bir həyat bələdçisi olmuşdur. Bir elm fədaisi kimi şəxsiyyətə, insani dəyərlərə verdiyi önəmi bir çox gənc alimə nümunə olmuşdur. Elmin inkişafı üçün verdiyi əzmkarlıq gələcək nəsillərə örnək olmaqla yanaşı, mənim və mənim kimi onlarla doktorantın həyatında dərin izlər buraxmışdır. Tahirə xanım yalnız bir rəhbər deyil, eyni zamanda bir müəllim, dost kimi də bizə yol göstərmiş, onun bilik və təcrübəsi, səbr və müdrikliyi sayəsində hər bir çətinliklər qarşısında daha güclü və inamlı addımlar ata bilməyimizə kömək olmuşdur. Onun gələcək nəsillərin yetişməsində göstərdiyi fədakarlıq daim minnətdarlıqla yad ediləcəkdir. Tahirə Məmməd elm yolunda ilham mənbəyi ola bilən və dərin iz qoyan mentordur. Səbri, qayğısı ilə yalnız bilik deyil, həm də həyat dərsi verir. Tələbələrinə yalnız elmin sirlərini öyrətmir, insan olmağın, əzmli durmağın yollarını da göstərir. Sevgi və sonsuz hörmətin hədəfi və qürur qaynağıdır.
Günel Əhmədova (2024-cü ildə “Azərbaycan ədəbiyyatında felyeton janrının təşəkkülü və tipologiyası” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir):
Mustafa Kamal Atatürk demişdir: "Əsərinin üzərində imzası olmayan yeganə sənətkar müəllimdir". Düzdür, həqiqətən belədir, amma müəllimlərinin imzası daim tələbələrinin qəlbindədir. Filologiya elmləri doktoru, professor Tahirə Məmməd belə müəllimlərdəndir. Onun tələbələrindən biri kimi deyə bilərəm ki, üzərimdə çox böyük əməyi var. Onun tələbəsi olmaq böyük bir şansdır. Bu baxımdan 2016-cı il həyatımın dönüş nöqtəsi oldu. Bakı Slavyan Universitetində 3-cü kursda oxuyarkən Tahirə Məmməd bizə dərs deməyə başladı. Bizə ilk dərs dediyi gün anlamışdım ki, əsl alim belə olmalıdır. Dərsə yanaşması, keçdiyi mövzuya fərqli baxış bucağı, qoyulan problemi nəzəri biliklər işığında mükəmməl izah etməsi onun seçilən xüsusiyyətlərindəndir. Onun irəli sürdüyü nəzəri müddəalar məni heyran etmişdi. Beləliklə, qəti qərar verdim ki, Azərbaycan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi sahəsində elmi tədqiqata başlayım. Buraxılış işi yazarkən elmi rəhbər olaraq Tahirə xanımı seçdim. Bilirdim ki, o, mənə yol göstərəcək. Belə də oldu. Tahirə xanım buraxılış işimi kitab kimi çap etməyimi məsləhət gördü və bu mənə elmi araşdırmalarıma davam etmək üçün stimul verdi. Magistraturaya imtahan verəndə Bakı Slavyan Universitetini yenidən seçməyimin səbəbi bir daha onun elmi rəhbərliyi ilə dissertasiya yazmaq istəyim idi. Tələbələrinə maksimum dəstək verən, bizlərə elm yolunda əmin addımlarla irəliləməyə kömək edən Tahirə xanımdan öyrəndiklərimə yenilərini artırmaq üçün magistraturada da onu elmi rəhbər seçdim. Birlikdə bu işin də öhdəsindən gəldik. Daha sonra doktoranturaya AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna qəbul oldum və yenə də Tahirə xanımın elmi rəhbərliyi ilə dissertasiya işimi müdafiə etdim. 4 ildir ki, Ədəbiyyat nəzəriyyəsi şöbəsində Tahirə xanımla birlikdə çalışıram və bu həqiqətən mənim üçün böyük qürurdur. O, anlayışlı, düşüncəli, səmimi, kollektivə dəyər verən, onları irəli aparmağa çalışan şöbə müdiridir. Ondan öyrənəcək o qədər çox şey var ki. Hər gün onu görmək, onunla çalışmaq çox gözəldir. Tahirə Məmmədin kadr hazırlığı sahəsində böyük əməyi var. O, uzun müddət Bakı Slavyan Universitetində çalışmış, bir çox tələbələrinin elm yolunda irəliləməsinə təkan vermişdir. Həm AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, həm də Bakı Slavyan Universitetində onun elmi rəhbərliyi ilə çoxsaylı dissertasiya işləri müdafiə edilmişdir. Milli-mənəvi dəyərlər və vətənpərvərlik Tahirə xanımın yetirmələrinə aşıladığı ən böyük amallardır. Savadlı, vətənpərvər kadrların yetişdirilməsi Tahirə xanımın vətənə xidmətinin bariz nümunəsidir. Zəngin elmi yaradıcılığı ilə seçilən Tahirə Məmməd Azərbaycan dramaturgiyası, ədəbiyyat nəzəriyyəsi, milli kimlik və neosufizmlə bağlı sanballı əsərlərin müəllifidir. Onun nəzəri görüşləri, elmi yanaşmaları ədəbiyyatşünaslığımız üçün böyük əhəmiyyətə malikdir.
Telli Əliyeva (2025-ci ildə “XX əsrin əvvəlləri Azərbaycan maarifçi realist nəsrin poetikası” mövzusunda dissertasiya işini uğurla müdafiə etmişdir):
Professor Tahirə Məmməd ədəbiyyatşünaslığımızda elmi-nəzəri biliyi, spesifik tədqiqat bacarığı, araşdırma qabiliyyəti, xüsusi dəsti-xətti ilə seçilən alim, eyni zamanda, peşəkar müəllim, pedaqoqdur. Onun “XX əsr Azərbaycan dramaturgiyasının poetikası”, “XIX əsr Azərbaycan ədəbiyyatı”, “Neosufizm:yaradıcılıq və nəzəriyyə”, “Ədəbiyyat müasir elmi yanaşmalar kontekstində”, “Milli kimlik və bədii mətn” və s. adını çəkmədiyimiz bir çox əsərlərində yeni və özünəməxsus baxış bucağı müxtəlif tədqiqatlarda, araşdırmalarda diqqət mərkəzində olub və vurğulanmışdır. Tahirə Məmmədin elmi əsərlərində mətn, mətn təhlili anlayışı dərin işlənir. Eyni zamanda, onun hazırladığı mətnin təhlili texnologiyası anlayışının təməl tələbləri bu istiqamətdə formalaşdırılan ilk tədqiqatlardandır. Mətn təhlilinin iki istiqamətdə - məzmun və forma təhlili olaraq bölünməsi, məzmun təhlil edilərkən mətnin mövzusu, obrazlar (ədəbi qəhrəman, iştirak edənlər-canlı və cansız obrazlar), fikir ardıcıllığı – fabula, ideya və ideal, müəllif mövqeyi, hər hansı ədəbi cərəyanla ideya-fikir bağlılığı, mətndəki arxetiplərin, simvolların məzmundakı yeri və funksiyası, mətndə proyeksiya olunan tarix, bioqrafiya və s. kimi anlayışlar, forma təhlili edilərkən mətnin janrı, mətnin quruluşu, yazı texnikası – nəzm, nəsr, nəzm-nəsr, ritm, ahəng, vəzn, bədii üslub, mətnin linqvopoetik analizi və s. anlayışların əsas tələblər olması və müxtəlif metodlardan istifadə edərək təhlillərin aparılması onun yetirmələrinə öyrətdiyi ən əsas və ilkin nəzəri biliklərdəndir. Bu biliklərin işığında davamlı və dərin analizlər sonrakı tədqiqatlar üçün istiqamət yaradır.
Tahirə Məmmədi səmimi qəlbdən təbrik etmək böyük bir mənəvi borc, eyni zamanda qürurverici bir imkandır. Onun bir pedaqoq kimi müdrikliyi, tələbkarlığı ilə bərabər, qayğıkeş və dəstəkləyici münasibəti bir çox gənc tədqiqatçının yolunu işıqlandırmışdır. Elmə və insanlara sevgi, yüksək məsuliyyət hissi, prinsipiallıq və səmimiyyətilə həmkarlar arasında hər zaman böyük hörmət qazanmışdır.
Şəmsurə İsmayılova (Hal-hazırda “Müstəqillik dövrü Azərbaycan şeirində janr və forma axtarışları” mövzusunda dissertasiya üzərində işləri yekunlaşdırıb, müdafiə prosesinə hazırlaşır)
Müstəqillik dövründə milli kimlik məsələləri müxtəlif baxış bucaqları ilə təhlil edilmiş, milli kimlik təfəkkürünün inkişafında ədəbiyyatınş, eləcə də poeziyanın çoxşaxəli funksiyaları və problemləri bu işin mütəxəssisləri tərəfindən geniş şəkildə araşdırılmışdır. Tahirə Məmməd bədii mətndə milli kimlik məsələsinin təbliği ilə təzahür etmiş ədəbi nümunələri araşdıran təcrübəli alimlərimizdən biridir. Onun “Milli kimlik və bədii mətn” (2020) adlı elmi tədqiqat əsəri məhz bu aspekt baxımından professional yanaşmalardandır. Professor Tahirə Məmməd nəinki Azərbaycan romantizm və sosialist realizmin millət və vətən anlayışı məsələlərini, eləcə də Cənubi Azərbaycan poeziyası və müstəqillik dövrü ədəbiyyatımızda milli kimliyin milli dirçəlişlə bağlı ideya və məzmun problemlərini geniş şəkildə təhlil etmişdir. Onun, milli kimliyin bədii ədəbiyyatda təzahürü və yeri haqqında irəli sürdüyü keyfiyyətli elmi müddəalar araşdırmada geniş izahını tapmışdır. Azərbaycan şeirinin məzmunundakı milli oyanış, milli kimlik anlayışının alimin tədqiqatında Sovet dövrü Azərbaycan şairlərinin, keçid dövrü və müstəqillik dövrü şairlərinin əsərlərindəki incə və detallı təhlili əsasında deyə bilərik ki, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub, Abbas Abdulla, Rəfiq Zəka Xəndan və başqa şairlərin milli ruhda, o cümlədən milli kimlik və dirçəlişin aşılanmasında əsərlərdən nümunələr vasitəsilə tədqiqata cəlb edilmiş və oxucu tərəfindən bu qəbil əsərlərin izahı aydın şəkildə mənimsənilməyə yol açmışdır.
Sovet dövrünün Azərbaycan hökuməti üzərində qələbəsindən sonrakı bədii ədəbiyyatda milli kimliyi əsas bilərək ona müraciət edilməsi məsələsi çətinləşdi və ya çox dar çərçivəli nümayişə çevrildi. Professor məhz represiya qurbanlarının öz əsərlərində milli kimlik mövzusuna yer verdikləri üçün ağır təzyiqlərə məruz qaldıqlarını izahlar və nümunələrlə tədqiqata cəlb etmişdir. Bu baxımdan Azərbaycan Sovet şairi Səməd Vurğunun “Azərbaycan” şeirindəki gözəllik və millət duyğusunun vəhdəti tədqiqat xaricində qalmamışdır. Tahirə Məmmədin tədqiqatlarında bu və digər məsələlərə yanaşma tərzi ondan xəbər verir ki, alim öz açıq fikri, aydın təfəkkürü ilə ədəbiyyatşünaslıq elminin xüsusilə gənc nəsil tədqiqatçıları üçün vacib və keyfiyyətli bünövrə yaratmışdır.
Əziz Tahirə xanım, əziz Ustadımız!
Sizi əlamətdar yubileyiniz – anadan olmağınızın 65 illiyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbətlik, elmi yaradıcılıq və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq! Yaşınızın bu müdrik çağında zəngin həyat təcrübəniz, ali və insani dəyərləriniz ilə bizə yol göstərməyə, ruhumuza və zehnimizə işıq saçmağa davam edin!