Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Cəmo bəyin əlyazmaları tapıldı! - Professor Asif Rüstəmli

23-06-2025 [ 10:44 ] [ oxunub:5 ]
printerA+ | A-
105596

Şair, dramaturq, nasir Cəmo bəy Cəbrayılbəylinin (1987-1965) yaxın dostlarından biri, tələbə yoldaşı, “Məktəb” jurnalının (1911-1920) sahibi və baş mühərriri Qafur Rəşad Mirzəzadə, digəri isə onun kiçik qardaşı, “Sovqat” qəzetinin müdir və sahibi imtiyazı (redaktoru və naşiri), nasir, dramaturq Ağa Həsən Mirzəzadə idi. Toplayıcılıq, tərtibçilik fəaliyyəti ilə məşğul olan Ağa Həsənin hazırladığı “Milli nəğmələr” (1919) kitabına Cəmo bəyin “Vətən marşı” əsəri də daxil edilmişdir.
Ağa Həsən Mirzəzadənin poliqrafik keyfiyyəti ilə seçilən “Sovqat” qəzetinin 1917-ci il 3 mart sayında Cəmo bəy Cəbrayılbəylinin dram əsərləri haqqında yığcam məlumat vermişdir. Mədəniyyət xəbərlərində deyilirdi: “Tazə dram və məzhəkələr. Bakı şəhər Rusi - müsəlmani məktəblərinin müəllimlərindən Cəmo bəy Cəbrayılbəyli cənablarının yazmış olduğu 5 pərdəli “Şərarət qurbanları” və bir pərdədən ibarət olan “Qramofon”, “Vəhşi”, “Kəmsüxən” və “Tiryakilər” adlı məzhəkələri və bundan əlavə tərcümə etdigi, bəylər və kəndlilər məişətindən götürülmüş “Monna və Anna” adlı bir drama səhnəmizdə oynanılmaq üçün senzora getmişdir. Məzkur əsərlərə izn verildikdən sonra səhnəmizdə oynanılmağa başlanılacaqdır” (Tazə dram və məzhəkələr. “Sovqat” qəz., 1917. 03.mart. №151).
“Sovqat”ın Cəmo bəy Cəbrayılbəylinin dram əsərləri və onların səhnələşdirilməsinə icazə (lisenziya) alınması üçün senzura idarəsinə göndərilməsi xəbəri Rusiya imperiyasının dağılması dönəminə təsadüf etdiyinə görə əsərlərin lisenziyalaşdırılması ilə əlaqədar sonrakı taleyi barədə səhih məlumat əldə etmək müşkül məsələyə çevrildi. 1917-ci il fevral çevrilişindən və çar II Nikolayın imperiya taxtından kənarlaşdırıldıqdan sonra bədii əsərlər üzərində senzura nəzarətinin öz əhəmiyyətini itirməsi təbii və labüd proses idi. Senzura qərarının nəticəsindən asılı olmayaraq Cəmo bəyin beş dram və bir tərcümə əsərini milli səhnəmizin ehtiyacları üçün yazıb təqdim etməsi dövrün mütərəqqi ədəbi-mədəni hadisəsi idi.
Cəmo Bəyin adı çəkilən əsərlərindən yalnız “Tiryakilər” məzhəkəsi 1914-cü ildə “Ümid” nəşriyyatı vasitəsilə Orucov qardaşlarının elektrik mətbəəsində çap edilmişdir. Kitabın sponsoru və satış menenceri Bakı 4-cü Rusi-müsəlmani məktəbinin müəllimi Ağababa bəy İsrafilbəyli idi. “Sovqat” qəzetində adı çəkilən və nəşr olunmayan Cəmo bəyin digər əsərlərinin əlyazmasından demək olar ki, xəbər yox idi.
Bu günlərdə görkəmli tarixçi-alim, professor Solmaz xanım Tohidi-Rüstəmli zəng edərək bildirdi ki, Cəmo bəy Cəbrayılbəylinin beş pərdəli “Şərarət qurbanları” adlı dram əsəri Üzeyir bəy Hacıbəylinin arxivində mühafizə olunur. Dərhal arxivə gedib “Şərarət qurbanları” faciəsinin əlyazma surətini əldə etdim (“Üzeyir bəy Cəmo bəyi tanımırdı” – deyənlərin skeptik mülahizələrinin puçluğunu bu fakt özü də təsdiqləyir-A.R.).
“Şərarət qurbanları”nın əlyazması 45 vərəq, 90 səhifədən ibarətdir. “Beş şəkilli bir faciə” olduğu əsərin üz qabığında qeyd edilmişdir. Əsərin qəhrəmanları Xurşid bəy və onun lələsi Rüstəmdir.
Cəmo bəyin geniş oxucu auditoriyasına məlum olmayan digər əsəri “Sovqat”ın məlumat verdiyi “Kəmsüxən” (azdanışan) məzhəkəsidir. Bu əsəri tapan və mənə bildirən tədqiqatçı dostum, dosent Əli Məmmədbağır oğluna dərin təşəkkürlərimi bildirirəm.
Cəmo bəyin “Kəmsüxən”i (azdanışan) məzhəkəsi ərəb qrafikası ilə 29 səhifədən ibarətdir və müəllif fransız dramaturqu Jan Batist Molyerdən iqtibas etdmişdir. Arxivdən əldə edilmiş hər iki əsərin əlyazmasının elektron versiyası hazırda çapa hazırlanmaqdadır.
C.Cəbrayılbəylinin Cümhuriyyətə qədər yazdığı beş dram əsərindən üçü əlimizdədir və ərəb qrafikasından müasir əlifbaya transliterasiya olunmaqdadır. Təəssüf ki, onun “Qramofon” və “Vəhşi” adlı məzhəkələrinin əlyazmaları hələ də soraqlanır, axtarılır...

 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR