Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Tarixşünaslığımızı zənginləşdirən araşdırma - Bədirxan Əhmədli yazır

23-06-2025 [ 10:10 ] [ oxunub:9 ]
printerA+ | A-

Xeyli vaxtdan bəri məni düşündürən bir məsələ vardı; bu məsələ həm çağdaş humanitar elmimizin vəziyyəti, həm də tarixi hadisələri yeni baxış bucağından dəyərləndirmə ilə bağlıdır. Mətbuatda və sosial şəbəkələrdə düşən əksər mübahisələrin, müzakirələrin çoxu da keçmişə baxışda, tarixi araşdırma meyarlarının müxtəlifliyində üzə çıxır. Bəzi tarixşünaslar tarixi hadisələrə öz interpretasiyasından yanaşır. Belə bir fikir də var; tarixşünaslar keçmişi, ideoloqlar isə gələcəyi saxtalaşdırırlar. Tarixşünaslığı müxtəlif cür başa düşənlər elə hadisələrə də o cür yanaşırlar. Başqa bir yanaşma bundan ibarətdir ki, sovet dövründə tariximiz, dilimiz, ədəbiyyatımız barədə müstəqil konsepsiya yaratmağa rejim (başqa sözlə Moskva!) imkan vermirdi; ən azından bu gün də bunu iddia edirik. Ancaq otuz ildən çoxdur ki, müstəqillik yolundayıq, hələ də (milli etnik kimliyimiz, dilimiz, ədəbiyyatımız və s.) istədiyimiz kimi və ya əvvəlkindən fərqli şəkildə konsepsiyalar yazıldığını görmürük. Tarixşünaslığın əsas məqsədi və vəzifəsi belə bir hadisələrin, proseslərin təzahür və inkişaf istiqamətlərini, təkamül mərhələlərini faktlarla öyrənməkdən ibarətdir. Götürək Cümhuriyyət dövrü tarixini; açığı, son illərdə aparılan araşdırmaların adekvat olmadığı qənaətim olduqca güclənmişdi. Nədən ki, tarixi araşdırmalarını tarixçilər daha çox özündən əvvəlki araşdırmalar üzərində qurur, təhlillərini bu istiqamətdə aparırdı, yeni faktlar, mənbələr üzə çıxmırdı. Cümhuriyyət dövrü hadisələri ilə bağlı son illərdə sanki belə bir izlənim müşahidə edilirdi. Lakin tarixşünaslıqda (təkcə tarixşünaslıqdamı?!) başqa bir aspektiyaddan çıxarmaq olmaz; bu da əvvəlki tədqiqatçıların istifadə etmədiyi və ya edə bilmədiyi, fakt, arqument və elmi mənbələrə çıxılması və bundan çıxış edərək dəyərləndirilməsidir. Bu zaman tarixçi öz araşdırması ilə tarixşünaslığımızın mənbə bazasını genişləndirməklə yanaşı, elmi dövriyyəyə yeni faktlar da gətirmiş olur. Əslində tarixşünaslığın inkişafı da bu kimi tədqiqatların hesabına baş verir. Tarix elmləri doktoru, tarixçi alim, diplomat Fəxri Valehoğlunun "Azərbaycan-Gürcüstan münasibətləri (1918-1922-ci illər). Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış" (elmi redaktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, rəyçilər tarix elmləri doktorları Vasif Qafarov, İlqar Niftəliyev) (Bakı, Zərdabi Nəşriyyatı, 2025, 568 s.). Yeni və orijinal problemə həsr olunmuş monoqrafiya AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Müəllif bəlli bir zaman kontekstində baş verən hərbi-siyasi proseslər axarında Azərbaycan-Gürcüstan münasibətlərinin diplomatik istiqamətlərini araşdırır. Yəni hamının diqqət çəkmədiyi, indiyədək araşdırılmamış bir problemi ələ alır. Məncə, araşdırmanın ən böyük uğurunu da elə burada axtarmaq lazım gəlir. Çünki bu zaman kəsiyində Tiflis və Batumi şəhərlərində, eləcə də Gürcüstanın Azərbaycandakı diplomatik təmsilçiliklərindəki siyasi-diplomatik fəaliyyətində yeni faktlar ortaya çıxır. Bu araşdırmada siyasi-diplomatik fəaliyyətin strukturu, kadr tərkibi, təsərrüfat və maliyyə məsələləri də ilk dəfə olaraq elmi dövriyyəyə gətirilir.

Elmi araşdırmanın uğurlu yönü orasındadır ki, tədqiqatçı 3-4 ilin hadisələrinə fokuslanır (tarixi mənzərəni aydın təsəvvür etmək üçün bəzən 1917-1922-ci il hadisələrinə də müraciət edir), araşdırma dövriyyəsini qısaldır, elmi təhlil eninə deyil, dərininə nüfuz edir. Tədqiqatçı dil bilgilərindən yararlanaraq Azərbaycan, türk, gürcü və rus arxiv materialları, rəsmi sənədlər, ensiklopedik nəşrlər, eləcə də dövrün siyasi-ictimai xadimlərinin həyatı və yaradıcılığına həsr olunmuş tədqiqatları təsnifatlaşdırır və müəyyən elmi nəticələrə gəlir. Bizdə indiyədək bu dövrün hadisələrinə birtərəfli münasibət bildirilib; sovet dövründəki bu münasinbət bu gün də fərqli interpretasiyalarda davam edir. Fəxri Valehoğlu isə hadisələrə obyektiv mövqedən yanaşır, müxtəlif mənbələri müqayisə etdikdən sonra ortaq nəticəyə gələ bilir.

Borçalı qəzasında yerli əhalinin Anadoludan təxliyə olunan çar ordusunun hərbi eşalonlarının tərksilah olunması zamanı insan itkiləri, ermənilərin türk "tatar" kəndlərinə hücumları, həmin hadisələrin Zaqafqaziya seymində müzakirə olunması kimi məsələlər gürcü qəzet və arxiv materiallarında hansı yöndən əks olunması ilə bir çox tarixi gerçəkliklər üzə çıxarılır. Tədqiqatçı müstəqil Qafqaz respublikalarının elanından Azərbaycan Cümhuriyyətinin süqutuna və Azərbaycan Sovet Sosialist Respublikasından Zaqafqaziya Seyminin yaranmasına qədərki dövrü (aprel 1920-mart 1922) mənbələrlə aydınlaşdırır.

Fəxri Valehoğlunun monoqrafiyasında Azərbaycan və Gürcüstanın 1918-1921-ci illərdə, ərazi bütövlüyü və müstəqilliyin müdafiəsində görülən işlər kimi dövlət quruculuğu prosesi, xarici siyasəti, oxşar və fərqli rejimlərdə qarşılıqlı münasibətlərinə də geniş yer verilir.

Dövrün hadisələrində Batum məsələsinin region dövlətləri və beynəlxalq güclərin diqqət mərkəzində olduğunu görürük. Çünki Batum geostrateji mövqeyi malik idi və əhəmiyyətli liman şəhəri kimi siyasi və ticari maraqlar daşıyırdı. Fəxri Valehoğlunun Batum məsələsini ayrı-ayrı idarəçiliklər dövründə araşdırması ona imkan verir ki, problemə kompleks şəkildə baxa, idarəçilik mənzərəsini aydın şəkildə görə bilsin.

Araşdırılması vacib olan problemlərdən biri də Azərbaycan Cümhuriyyətinin Gürcüstandakı diplomatik nümayəndəliyinin fəaliyyətidir. Fəxri Valehoğlu M.Y.Cəfərovun rəhbərliyi dövründə diplomatik nümayəndəliyin fəaliyyətini faktlar və sənədlərlə araşdırmağa nail olur. Mübahisəli sərhədyanı bölgələrdə baş verən hərbi-siyasi proseslər, Bakının işğaldan azad edilməsi prosesində diplomatik nümayəndəliyin gördüyü işlər, Borçalıda baş verən proseslər, Cənubi-Qərbi Qafqazda türk-müsəlman əhalisinin problemləri və sair məqamlar incəliklərinə qədər araşdırılır.

Bakının işğaldan azad olunması yönündə xeyli tədqiqatlar aparılsa da, həmin dövrdəki diplomatik missiyanın fəaliyyəti, bu yolda göstərdiyi çabalar araşdırmadan kənarda qalmışdı. Fəxri Valehoğlu həm arxiv sənədlərinə, həm də dövrün qəzetlərinə ("Sakartvelos respunlika", "Vozrojdenie", "Sakartvelo" və s.) əsasən bu istiqamətdə mövcud olan fikirlərə xeyli redaktələr, düzəlişlər edir. Monoqrafiyada həm M.Y.Cəfərovun, həm də F.İ.Vəkilovun rəhbərliyi dövründə siyasi-diplomatik fəaliyyətlərinə də qiymət verilir. Azərbaycanla Gürüstanın xarici siyasət qurumları ilə yazışmaları, Tiflis mətbuatı ilə əməkdaşlıq və informasiya təbliğatı sahəsində iş, Baş nazir Nəsib bəy Yusifbəylinin Gürcüstana səfərləri, Zəngəzur, Naxçıvan və Qazax qəzalarında, Şimal-Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı etnik zəmində baş vermiş cinayətlər və sair məsələlər zəngin faktlar, mənbələr əsasında otaya çıxarılır.

Monoqrafiyanın Azərbaycan Cümhuriyyətinin Batumdakı konsulluğunun siyasi-diplomatik fəaliyyətinə də geniş yer verilir. Tədqiqatçı yeri gəldikcə, tarixi sənədlərlə ynaşı, xatirə və memuarlardan da istifadə edərək Batumda fəaliyyət göstərən diplomatik missiyanın həyata keçirdiyi işləri üzə çıxarır. Əli Səbri və Nağı bəy Şeyxzamanlının yazdıqları tarixi mənbələrlə təsdiq olunur. Paris Sülh konfransına qatılacaq Qafqaz respublikalarının nümayəndələrinin dəniz yolu ilə İstanbula getmələri üçün Batumda toplaşmaları ilə bağlı məlumatlar olduqca əhəmiyyətlidir. Araşdırmalardan o da məlum olur ki, Batum və burada baş verən ictimai-siyasi hadisələr diplomatik missiyamızın həmişə diqqət mərkəzində olub. Bunu konsulluğun ştat cədvəlindən, şəxsi heyətindən, ayrılan vəsaitdən da aydın görmək olar. Bu heyətin qarşısında duran məsələlərin ümumi mənzərəsi də bunu aydın şəkildə göstərir: Azərbaycanın ticarət maraqlarından irəli gələrək mal mübadiləsini Batumda həyata keçirmək; həm Türkiyədən, həm də Qars və İrəvan quberniyalarından gələn qaçqınların məsələsinin həll olunması; Batumda və ətraf müsəlman məktəblərinin məsələsini həll etmək və sair.

Araşdırmalarda sovet dövrünün ilk illərində Azərbaycanın Gürcüstandakı diplomatik missiyasının, fəaliyyətinə də kifayət qədər diqqət ayrılıb.

Tarix elmləri doktoru Fəxri Valehoğlunun monoqrafiyasında mövzu ilə bağlı hər hansı xırda bir detal da nəzərdən qaçırılmır, bütün istiqamətlər üzrə faktlarla araşdırılır. Əlbəttə, faktoloji materiallar olduqca zəngindir, ancaq gerçək tarixçinin işi yalnız bu faktları gətirmək deyil, onu ümumiləşdirmək, müəyyən qənaətlərə, nəticələrə gəlməkdir. Biz monoqrafiya boyu bu cür qənaətlərə tez-tez rast gəlirik. Ümumi qənaət isə bundan ibarətdir ki, ikinci müstəqillik dövründə olduğu kimi, ilk müstəqillik dövründə də hər iki ölkənin diplomatik missiyası öz ölkələrini layiqincə təmsil edərək xalqların yaxınlaşması və gələcəyə baxışında müsbət rol oynamışlar.

Çağdaş Azərbaycan tarixşünaslığında, tarixi gerçəkliklərin araşdırılmasında Fəxri Valehoğlu imzasını çoxdan izləyirəm və onun həm problemin araşdırılmasında, həm məsələnin qoyuluşunda və gəlinən ümumi qənaətlərində tarixi elmi obyektivliyi həmişə qoruduğunu, elmi meyarlarla çıxış etdiyini yüksək dəyərləndirirəm. Elmin dəyəri və alimin qiyməti də məhz bu meyarlara görə verilməlidir. Onun tədqiq etdiyi problemlər, baş vurduğu mənbələr, məxəzlər coğrafi və dil zənginliyi ilə fərqlənir. Ölkəmizdən kənarda Türkiyə, Rusiya, Gürcüstan, Avropanın müxtəlif ölkələrində onun araşdırmalarına istinadlar edilir. Bir çox araşdırmaları dünyanın nüfuzlu elmi jurnallarında işıq üzü görüb. Struktur mükəmməlliyi, sistemlilik və ardıcıllıq, faktların müxtəlif mövqelərdən müqayisəsi onun tədqiqatlarının əsasını təşkil edir. Elmi üslubu həmişə qorunub saxlanılır, hər hansı bir məqaləsi elmimizə yenilik gətirir. Fikrimcə, milli tarixşünaslığımız məhz bu cür tədqiqatçıların, alimlərin yaradıcılığı əsasında inkişaf edir. Yeni elmi düşüncənin görkəmli nümayəndəsi tarix elmləri doktoru Fəxri Valehoğlunun "Azərbaycan-Gürcüstan münasibətləri (1918-1922-ci illər). Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış" monoqrafiyası da bütün yönlərilə tarixşünaslığımızı zənginləşdirən, bu elm sahəsinə yenilik gətirən tədqiqatlardandır. Bu cür monoqrafiyaların yazılması tarixşünaslığımızda hər zaman yeni elmi hadisə kimi qiymətləndirilməlidir.

SİZƏ MARAQLI OLA BİLƏR