Dədə Ələsgər irsinin təbliğində göstərdikləri xidmətlərinə görə bir sıra ziyalılara “Aşıq Ələsgər – 200” yubiley medalı təqdim olunub. Təltif olunanlar arasında yazıçı-publisist Məlahət İsmayılqızı, Dədə Ələsgərin nəticəsi, rəssam Nailə İslam qızı Ələsgərli, filologiya elmləri doktoru Almaz Binnətova, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva və tədqiqatçı Ələmdar Cəfərov yer alıblar.
Həmçinin mərhum filologiya elmləri doktoru, professor Qara Namazov da ölümündən sonra eyni medalla təltif olunub. Medal mərhumun ailə üzvlərinə təqdim edilib.
Almaz Ülvi Binnətova: Dədə Ələsgər adını daşıyan təltifə layiq görülmək böyük etimad, ciddi məsuliyyətdir. Azərbaycan Yazıçılar Birliyinin nəzdindəki Natəvan klubunda təqdim olunan "Aşıq Ələsgər - 200" medalı həyatda qazandığım ən böyük sevinclərimdən, ən ali uğurlarımdan biridir. Onda Göyçə ətri, Göyçə dəngizinin gözəlliyi, Dədə Ələsgər ruhu var! Qədirbilən həmkarlarımı sağ olsunlar. Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin sədri Xətai Ələsgərli bəyə, eləcə də idarə heyətinin bütün üzvlərinə bu etimadlarına görə təşəkkürlərimi bildirirəm.