Yasamal rayon Heydər Əliyev Mərkəzinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda konfrans keçirilib.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, elmi və təhsil müəssisələrinin əməkdaşları və tələbələr iştirak ediblər.
İştirakçılar əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himnini dinləyib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov və digər qonaqlar çıxış ediblər.
Konfransda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyevanın “Dövlətçilik və elmli gəncliyin formalaşmasında Ulu Öndər Heydər Əliyevin elmi-siyasi baxışı” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideologiyasının elmi əsasları, gənclərin vətənpərvərlik ruhunda formalaşmasında bu irsin rolu, eləcə də elm və siyasətin strateji vəhdətindəki düşüncə modeli təhlil olunub.
Tədbirdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Turanə Cabbarzadə və Qumral Mirzəyeva da iştirak ediblər.