Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Endirmə baş faniyə - Aynur Xəlilova

10-06-2025 [ 15:34 ] [ oxunub:16 ]
printerA+ | A-

Yazıçılarımızın yaradıcılığına ümumi nəzər saldıqda görürük ki, onların bir çoxunun ilk qələm təcrübəsi poeziya ilə bağlı olmuşdur. Bəziləri hətta professional şair kimi fəaliyyət göstərmiş, müəyyən müddətdən sonra isə poeziyadan nəsrə keçid etmişlər. Belə şair-yazıçılardan biri də Zahid Sarıtorpaqdır. Bu baxımdan Zahid Sarıtorpağın yaradıcılığını iki mərhələdə müəyyənləşdirmək olar. Birinci mərhələ onun şairlik fəaliyyəti ilə bağlı olmuş, oxucu və ədəbi cameə onu məhz şair kimi tanımışdır. Təsadüfi deyil ki, Zahid Sarıtorpağın ilk kitabları da “Üfürülmüş çırağın ruhu” və “Tək işığın haləsi” adlı şeir kitabları olmuşdur.

Zahid Sarıtorpağın poetik mətnləri  böyük əksəriyyətlə sərbəst şeirlər olub dini-ürfani, neotəsəvvüfi məzmun daşıyır. Onun bu qəbildən olan şeirlərində təsəvvüfə qayıdış şairin üslubunda özünəməxsus şəkildə ortaya çıxır. Məcazlarla əhatələnən bu şeirlər müəllifin fəlsəfi-poetik düşüncəsinin məhsuludur. “Bütün çırpıntıların Səs, Zaman, Məkan üçbucağında Sözə çevrilməsi şeirə baxışımı zaman-zaman dəyişir. Səsin Sahibi məlum, Zamanın Sahibi məlum, Məkanın Sahibi məlum, Sözün Yiyəsi isə Odur. Bəs, onda biz kimik? Odur ki, hərdən biz yazarların kimin daş-qaşı ilə “beşdaş” oynadığımızı düşünəndə az qalır alnıma soyuq tər gələ...” – Zahid Sarıtorpağın poeziyasında, əsasən, bu ruhu, bu idraka canatmanı görürük. “Hər şey Sözdən başlayır – qulu olduğumuz, əsiri olduğumuz, gündə neçə yol Cəllad Kötüyü önünə gətirilirmiş kimi qolları bağlı önünə gətirildiyimiz, diz çöküb fərmanını dinlədiyimiz Sözdən. Sözün Yiyəsi Odur!”, – deyən şairin şeirlərində Söz kəlam, sirrli aləm, “könül adlı məbədlərin qərib zəvvarı”, əvvəl və axır, tale və alın yazısıdır...

Zahid Sarıtorpağın poeziyasında bədii təsvir və ifadə vasitələrindən geniş şəkildə istifadə olunur ki, bu da mətnin bədii-estetik məziyyətlərinin artırılması, fikrin fərqli məna çalarlarında, yaxud daha qabarıq, obrazlı və ya emosional-ekspressiv ifadəsi baxımından maraq doğurur. Bunların içərisində ən çox diqqəti çəkən isə simvollardır. Zahid Sarıtorpağın şeirlərinin poetik qəlibində təsəvvüf simvolikasına geniş yer verilmişdir. Məsələn,“göy teştin içində Gün yaşıl kəcavədə Gül” misrası təsəvvüfdə İslam peyğəmbərini simvolizə edən sözdən istifadə ilə düzülüb-qoşulmuşdur. Rəmzi-məcazi ifadə tərzi və müvafiq rənglərin uyumluluğunun yaratdığı bədii-estetik görüntü də, burada, ayrıca qeyd olunmalıdır.

Bəzən bu qəbildən olan sözlər eyni mətn, hətta eyni misra daxilində həm simvolik, həm də leksik-lüğəvi məna içəriləyərək struktur-semantik baxımdan maraqlı və mürəkkəb mənzərə ortaya çıxarır: “canım qurtulmaz bu qafil tünlüyündən // bütün qafillərin qəflətini yaşayıram minacatımda” – dünyadakı qafillikdən, Həqiqətdən uzaqlığın qəflətindən ruhən yorulan,“bütün yazılanların yozulanlarını yaşayıram minacatımda”, –deyərək alın yazısından qaçmağın mümkünsüzlüyünü ifadə edən şair bütün müşküllərin çarəsi olan Tanrıdan kömək istəyir – “bütün qafillərin qıfıllarını açsın Tanrı”. Səs oyunu və alliterasiyanın da müşahidə edildiyi bu nümunədə “qafil” və “qəflət” sözləri kontekstə və müəllif yanaşmasına uyğun olaraq məhz təsəvvüfi və leksik-lüğəvi məzmun içəriləyir.

Dünyaya uyanların qafilliyidir qəflət həm də burada, oysa ki, maddi olan nə varsa fanidir və açılması mümkünsüz olan ömür cığırının torpaqda düşmüş son düyünündə ilişib qalır.

Zahid Sarıtorpaq şeirlərində ruhunun təpəri Eşq olan Aşiq obrazına geniş yer verir, Məhəmməd Füzulini xatırlayaraq bu böyük təsəvvüf şairini “Dədə Aşiq” deyə təqdim edir. Onun maraqlı məcazlar yaratdığı “budur saz dinir // kiprikdən süzülüb qırılmaqda olan // bir damla göz yaşının // heykəlinə oxşayan saz // qanadları kəsilmiş qu quşu kimi // ustadların sinəsində // çırpına-çırpına yaşayan saz // nolsun balam // qafil oyanmır oyanmır” misraları assosiativ olaraq İlahi vergili haqq aşiqlərini, badəli aşıqları göz önünə gətirir. Ümumiyyətlə, Zahid Sarıtorpağın lirik qəhrəmanı dünyanın faniliyini dərk edən, olumla ölüm arasındakı zaman məsafəsində Batildən Baqiyə doğru səyyah olan Aşiq misali Yolçudur sanki. Bunu bir çox hallarda “səfərim haradı bir Allah bilir // gedirəm içimdə iman nəşəsi”, – deyən şairin lirik “mən”i kimi də qəbul etmək olar. Onun özünətəlqin və içindəki “mən”i ilə konuşma ruhunda qələmə aldığı aşağıdakı nümunə də bu baxımdan maraq doğurur:“nəyin dərdini çəkirsən // alnına küləklərdə sınmaq yazılmış // bir budaq misali qardaşım // sən İnsan kimi – Şair // Şair kimi – göz yaşlarını tanımış bir Aşiq // Aşiq kimi – Ruhani // Ruhani kimi – “Siratəl-müstəqim”sən... // sıxma yumruğunu heç yerdə // əlindən qələm düşər // sıxma kipriyini heç yerdə... // gözündən qaraca gilən düşər // endirmə baş faniyə // başından bəlan düşər // nəyin dərdini çəkirsən // məni içimin küncünə sıxan qardaşım // içinə naləm düşər // sıxma yumruğunu...”

Zahid Sarıtorpağın şeirlərində həm varlığı, həyatı, Ruhani aləmi dərk etmək cəhdini, həm də bunun mümkünsüzlüyünün ifadəsini görürük. Çünki “torpaq altındakı ölü kimi // hər şey // bir daş altda // bir daş üstdədi”. Bəlkə elə daha çox bu amillərdən dolayıdır ki,onun poeziyasında yaşam və ölümlə bağlı düşüncələr qabarıq şəkildə müşahidə olunur – fanilik içində batil, aldanış və bir çürük kəndir kimi etibarsız olan yaşam və haqq olan ölümlə bağlı: “itlər gecə uzunu // yüyürə-yüyürə // ulduz axan tərəfə hürüşürlər // bir qoca alının qırışlarından // soyuq tər // sonuncu yazını yuyur // batan hıçqırtı dardan qurtularaq // sakit bir ağıdan tutub dikəlir // hər şeydən xəbərsiz // qaranlıqlardan yolçu gəlir // ithürən tərəfə”. Canlı vizual təsvir effekti yaradan bu kiçik şeir qeyri-ixtiyari olaraq insanın birbaşa ruh halına təsir edir. Xalq təfəkkürünün formalaşdırdığı inancdan və folklor mətnindən gələn məqamdan yüksək sənətkarlıq və həssas yanaşma ilə yararlanma, kontekstlə uzlaşan yozum və mənalandırma burada, xüsusilə, diqqəti çəkir. Bəzən yaşamla ölüm arasındakı sərhəddin harada başlayıb harada bitdiyi, harada kəsişdiyi düşüncələrilə ritorik suallar verən şairin lirik qəhrəmanı “dirilərin umuduna // ölülərin tabutuna” daş yağan bu ədalətsiz dünyanı, acımasız həyatı deyil,“hər ömrün sonunda // göydən bir ölüm düşür // yüyürməyin üstümə”, – deyib onsuz da gec-tez gələcək olan ölümü seçir. “ruh bir eşqin sürgünündə ələmlərin rəqsində // göylər suların təcəllasında qəribliyin rəqsində // can fələyin aynasında nur şəklində oynayır // yarpaq külək dodağında vida rəqsində xoşbəxt... // qoşa rəqs eləyər Olumla Ölüm // sağdışla soldış kimi // Olum Ölümün rəqsində xoşbəxt // Ölüm Olumun” – ədəbiyyatın klassik mövzusuna özünəməxsus yanaşma sərgiləyən bu nümunədə isə olum-ölüm qarşılaşdırılmasını deyil, hərfi mənadab və funksional mahiyyət etibarilə bir-birinin əksi olan bu məfhumların bir arada, yanaşı təsvirini görürük. “bir uçuq divardan // bir sınıq qapıdan başqa // ölümlə nə durur aramızda”,– deyən şair bu olumlu-ölümlü dünyada hər an yıxıla biləcək o divarın və o qapının arxasında dayanıb anı gözləyən ölümü yalnız bir son kimi deyil, həmçinin, bir başlanğıc kimi alır. Çünki maddi dünyada kiminin ovcunda gül ləçəyi, kiminin ovcunda gül tikanı bir ayin kimi bitən cismani ömrün sonu İlahi aləmdəki ruhani ömrün başlanğıcı, ruhun azad olub göylər aləminə uçması, Aşiqlərin həsrət acısından xilas olub Eşqə yetməsidir həm də və ən əsası.

Zahid Sarıtorpağın şeirləri böyük əksəriyyətlə yozum və mənalandırma tələb edən şeirlərdir. Burada, demək olar ki, durğu işarələrindən istifadə olunmur, bütün misralar əvvəldən axıra qədər kiçik hərflərlə başlayır, yalnız sakral məzmun kəsb edən, təsəvvüf simvolikasından gələn və xüsusi semantik tutumda işlədilən sözlər, rəmzi-məcazi ifadələr... mətn içərisindəki yerindən asılı olmayaraq istisnalıq təşkil edir: “bir Ağ Yaylığın üstdə // bir sıxma Yurd Torpağı // o torpağın üstündə // bir Göyərçin ölüsü // o Göyərçin ölüsünün // bir qanadı ucunda paslı bir qıfıl // bir qanadı ucunda bir gülöyşə Nar // bu mənim Sirrim // Taleyim // Dərgahlara daşımağa // bundan başqa nəyim var”. Sözügedən kontekstdə səciyyəvi olan bu kiçik mətn azadlığa hesablanmış çeşidli aspektlərdə yozum və mənalandırma içəriləyir. Yeri gəlmişkən, onu da qeyd edək ki, azadlıq məfhumu Zahid Sarıtorpağın şeirlərində daha çox ruhi-mənəvi və təsəvvüfi məzmunda alınır, bəzi şeirlərində isə, eyni zamanda, vətənin və millətin azadlığı anlamında təqdim olunur:

 

Azadlıq – yalnız o

yalnız və yalnız o

covhərləri dəyişər çalarları duruldar

hilalı hilal yerinə qoyar ulduzu ulduz yerinə

günbəzlərində könül məbədlərimizin

 

Onun milli-tarixi səciyyəsi, bir sıra ayrıntılarla fərqlənən poetik-üslubi mənzərəsi, mövzuya mifoloji və tarixi yanaşmanın birgə təzahürü ilə diqqəti çəkən “Çərxi-fələyin burula-burula keçən ruzgarları”nda gözümüz önündə əski zamanlar, geniş ərazidə yurd salmış türk ulusunun mifləşmiş, dastanlaşmış tarixi keçmişi canlanır, etno yaddaşdan “içimizin bozqırlar”ı, “altaylar”ı, “turanlar”ı, “təbrizlər”i, “ağrılar”ı, “dərbəndlər”i, “xocalılar”ı... boy verir, Tanrının iradəsilə açılacaq sabahın haqq yolumuzu aydınladacağına inam hissi ifadə olunur:

 

bir bax

ruhunun sibirlərində əski bir hayqırtısı varmı yenə altayların

buynuzlarının dibi mamırlı sığınları gəlirmi dan üzü

Ay doğduğunda qoca şamanlar ruhlara düyün düşmüş kölgələrini

dua oxuya-oxuya çözürlərmi tuvalarda

birinci köçün qabağınca yürüyən qurdun

sonuncu köçün arxasınca ulayan qurddan

xəbəri oldumu ulusun ilk ölüsünə kəfən biçiləndə...

içinin turanlarında ala-taulardan ağrılara

dərbəndlərdən egelərəcən

göylər burula-burula

bir nizamsızlıq içrə

çökdürdümü qıy vuran müştaqların ruzgarlarını...

bir bax içinin xocalılarında

güllələnmiş qocanın açıla qalmış dinclik dolu gözlərinə

baxarkən

çapa-çapa gəldiyin burula-burula göyün ürəyinə qayıtmadımı...

bir dur sabahların o üzündə

o bizik yəqin qayıdırıq öz yerimizə

şahlıq məqamındakı qul kimi

əlimizdə qırılmış zəncirlərimiz burula-burula...

 

Zahid Sarıtorpağın poeziyasında, az sayda da olsa, müvafiq qafiyə sistemi, ölçü, misradaxili bölgü və ahəngdarlığın gözlənilməsilə qurulan heca vəznli şeirlərə də rast gəlinir. Bəlkə də, bu, öz-özlüyündə şairin “sərbəst şeirdə doğulan // gec-tez ölür bayatıda”qənaətinin təzahürü kimi ortaya çıxır. Onun bədii məziyyətlərilə seçilən “şikəst qumru... körpə uşaq... boş cığır...// eşidən yox istəyirsənlap çığır... // üz qibləyə məni yerə mən yıxır...// burax məni mən qurbanı mən kəsim...”, yaxud “çəkilir sözün tətiyi // dərd ölü düşür varağa// ömrün son nöqtəsi deyil // vergülü düşür varağa...// hər şey çökür çökür çökür // çökməyən nə var min şükür // fələkdəmi zülüm çəkir – // mürgülü düşür varağa// əl götürür bu cür məndən // hər şey hər şey köçür məndən // o boyda yaz keçir məndən // bir gülü düşür varağa” kimi maraqlı lirik mətnləri bu qəbildən olub heca vəzninin poetexniki tələbləri əsasında biçimlənmişdir.

Zahid Sarıtorpağın poetik mətnləri müəllifin özünəməxsus bədii təxəyyül, düşüncə və həssas müşahidə bacarığının məhsuludur. Bəzən insanın fərqinə varmadığı məqamlar şairin təqdimatında özünün o qədər içdən və təsirli ifadəsini tapır ki... – “balıqların ölüm ayağında belə gözləri qırpılmır // və girdə gözlərində heç zaman yaş görünməz onların”, yaxud, “deyirlər // atlar ömürləri boyu // bir dəfə də olsun dərdli gözlərini qaldırıb // göy üzünə baxmırlar // amma ölümqabağı // uzun-uzadı baxırlar mavi dərinliklərə // baxırlar torpağa çökənəcən” – nümunələrində olduğu kimi.

Zahid Sarıtorpağın yaradıcılığını səciyyələndirən əsas cəhətlərdən biri də müəllifin düşündürmək məharətidir. Şair həyatın sadə, məsum və məhrəm gerçəkliyinin adi poetik ifadəsində də oxucunu sual qarşısında qoyub düşündürməyə müvəffəq ola bilir: “yer üzündə // ömürlərində ilk dəfə gül rəsmi cızmaq istəyən // yüz cocuqdan doxsan doqquzu // hökmən çobanyastığına oxşar bir şey cızır // bir-birindən xəbərsiz // amma tək bircəsi // bax o bircəsi // bax o // soruşma cavabı ayrıdır çünki deyər”. Burada forma məzmuna tabedir, başqa sözlə desək, şair üçün önəmli olan forma, qəlib deyil, məzmundur. Təsadüfi deyil ki, nümunə misraları bəlləndirən bölgü işarələri qoyulmadan yazıldıqda və müvafiq bədii intonasiyaya riayət olunmadan söylənildikdə sanki nəsr nümunəsi təsiri bağışlayır. Ümumi mənzərədən də göründüyü kimi, Zahid Sarıtorpağın poeziyasının başlıca xüsusiyyətlərindən biri də şeirlərinin böyük əksəriyyətlə daha çox yayqın olan ənənəvi şeir texnikasından fərqli biçimlənməsidir.

Gördüyümüz kimi, Zahid Sarıtorpağın şeirlərində daha çox gərdişi-dövrandan narazı (“gətir bir saz havasına qıraq gərdişin simini... // görək təzədən necə başlayır kərəmilər şikəstələr”), haqqı arayan (“neynək // haqq da bir dərviş babadır eşq kimi // bir gün də yolunu bizdən salar”), idraka varmağa çalışan, fanidə qərib, yorğun və məhbus ruhu qurtuluş və azadlığa can atan... lirik qəhrəmanı görürük. Ruhi-mənəvi azadlıq – “mən heç vaxt // göy üzündə uçan quşlara həsəd aparmadım – // düşündüm// onsuz da bir gün ruhum onlardan ucalarda uçacaq”, – deyən şairin lirik qəhrəmanı və poetik “mən”i üçün, demək olar ki, əsas kriteriyadır!

SİZƏ MARAQLI OLA BİLƏR