Xalq şairi Vaqif Səmədoğlunun poeziyasında yağış və dəniz obrazları xüsusilə intensiv işlənir. Şair üçün dəniz həyatın, ömrün simvoludur. Dənizə çıxan gəmilər dünyaya gələn, yaşayan, həyatın burulğanlarında itən və ömründən bir qayıq – bir ümid belə keçməyən insanları simvolizə edir.
Min yerdən dənizə,
Gəmilər çıxır, ay ana,
Ürəyim darıxır.
Bilirəm, ay ana,
Tapılmır bu müdhiş dənizdə itən.
Bir qayıq da belə keçmir ömürdən...
Ədəbi yaradıcılığa da psixoanalitik mövqedən yanaşan Z. Freyd fantaziyanı yuxu ilə, şairi isə xəyalpərvər ilə qarşılaşdıraraq poetik yaradıcılığı ayıqkən görülən yuxu hesab edir. “Güclü aktual həyəcan şairdə keçmiş haqqında xatirələri - əsas hissəsi uşaqlıqda yaşanılmış, yalnız poetik təxəyyüldə realizə oluna bilən həyəcan və arzuları oyadır.Əsərin özü hər iki qatı - yeni səbəbi və köhnə həyəcanı əks etdirir.” Vaqif Səmədoğlu üçün də yağış “şüur seli”dir, şüuraltıda unudulmuş, yaxud unutduğuna inandığı hisslərin, duyğuların geridönüşüdür.
Sabahdan yağış, yağış, yağış...
Qışda yağır,
Qar üstünə yağır yağış...
Bağışla,
Bağışla yadıma düşdün,
Yağış yağanda...
Bağışla....
Yağış yağdıqca şairi mübhəm, arxetipik bir qorxu da bürüyür. Ona elə gəlir ki, bu yağış hansısa gizlinləri açır. İnsanın real dünyasındakı konturları – küçələri, evləri, şəhərli yuyub apararaq irreal dünyanın pərdəsini qaldırır. İç dünyamızdakı, hamıdan gizlətdiyimiz duyğuları, yaşantıları göz önünə sərir:
Yağış bütün meridian boyu
isladır vitrinləri,
dağıtmaq,
yuyub aparmaq istəyir birdəfəlik
küçələrimizi,
evlərimizi,
şəhərlərimizi.
Yağış kiməsə satır bizi,
Ayırır biri-birimizdən.
Yağış şairi həyatın qaynar axışından bir anlıq dincəlməsinə, nəfəs almasına kömək edir. Yağışın melodiyası altında romantik tənhalıqdan həzz alan Vaqif Səmədoğlu yağışa həsəd aparır.
Pəncərə qarşısında dirilərimizdən uzaq,
Ölülərimizdənsə
Uzaq olmaq istədiyimiz anda,
Səkidən-səkiyə qaçan
insanları eşidirik yenə.
Mənasız, islanmış
əski parçalarına çevrilir
küçə boyu asılmış bayraqlar.
Yağışsa yağır
Yağışa nə var...
Yağışın yağdığı müddətdə şair sanki tam fərqli bir zaman axarına düşür. Burada yağışın gətirdiyi şüuraltı dalğasından öncə var olan, yaxud insanın şüurunun var olduğunu iddia etdiyi hər şey mənasını itirir, solğunlaşır.
İldırım çaxır,
Işıqlanır bir anlıq
Bütün dünya muzeylərindəki
Batalya səhnələri.
Mənasız olur
Özgə dilində oxunan duaların ümidi,
Minarələrin hündürlüyü,
Konsitutsiyanın beş-on maddəsi,
Sevimli qadın iyi.
Gərəksiz olur atalar sözü,
indiki yağışın özü.
Küçələrdən gələn nəm və təptəzə hava.
Bütün meridian boyu islanır vitrinlər....
İslanır dəniz, küçələr, səslər, biz.
Bir gün
Yaşamağa da qoymayacaq bizi təcrübəmiz.
Vaqif Səmədoğlu üçün dəniz həyatın özüdür, yaşamağın, var olmanın bir bəlirtisi, nişanıdır. Şair dənizlə nəfəs alır, onun varlığı ilə yaşayır.
Mən sağ ikən
Yox olsa Xəzər,
Kəsilsə qağayıların səsi,
Silinsə qayaların kölgəsi...
Mən sağikən
Barmağımdan üzük kimi
Ömrümdən Xəzər çıxsa, Xəzər itsə...
Neyləyərəm,
Neyləyərəm
Dəniz də getsə. [3, 30]
Yunqun fikrincə, “su əksər hallarda şüuraltının simvoludur”. Vaqif Səmədoğlu üçün dəniz bu gündür, yaşadığı real həyatdır, şüurun özüdür, yağış isə dənizin əksinə şüuraltıdır, daim uzaqlaşamağa çalışdığı daxili arxetipik qüvvədir. Şüuraltının təlatümə gəldiyi məqamlarda dəniz də uzaqlaşır və əlahəzrət şüurun bu son əsgərinin geri çəkildiyi məqamda şair şüuraltı və arxetipik duyğular qarşısında silahsız qalır, yağışın əlindən qaçmağa, sığınmağa yer axtarır:
Bir axşam taksidən düşüb payıza,
Bilmədik haraya, hayana gedək,
Dərin sularını qatıb dayaza,
Dəniz də bağlandı yay kinosutək.
Yağışın əlindən qaçıb bir küncə,
Dayandıq üzümüz qibləyə sarı
Yenə tapılmadı, payız gəlincə
Bağlı ümidlərin itmiş açarı...
Vaqif Səmədoğlu poeziyasında yağışın rəngi var. Sarı rəngli bu yağışlar həsrətdən, uzaqlarda qalmış, unudulmuş hisslərdən, gündəlik qayğıların içində itirdiyimiz duyğulardan söz açır:
Ayrılma o sarı,
Yox sapsarı yağışa açılmış pəncərədən.
Gözlərini yumma islanmış yolun qarşısında.
Tutma
əllərinlə qulaqlarını,
eşit, eşit.
xəfif yarpaqlara dəyən
ağır damlaların səsini.
Bir uzaq ümidin
üzünə baxırsan bəlkə,
bəlkə sarı yağışa dönmüş
bir yuxulu həsrətlə göz-gözə,
üz-üzə dayanmısan.
Şair bütün poeziyası ilə oxucuya söyləyir ki, dəniz kimi təlatümlü həyatı, bu günü sevsən də, onunla yaşasan da, ömrünün hansısa məqamlarında daxilindən gələn, yağış kimi anidən süzülən gizli pıçıltıları eşit, özünə belə etiraf edə bilmədiyin, anlamadığın duyğuları dinlə!