Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Fikrət Sadığın şair ömrü - Vaqif Yusifli

03-06-2025 [ 15:20 ] [ oxunub:23 ]
printerA+ | A-

Poeziyada "altmışıncılar" adlandırdığımız bir nəsil var və bu nəslin ədəbiyyatımızda oynadığı rolu, bədii-estetik fikrimizə gətirdiyi yenilikləri kimsə dana bilməz. Bu nəslin yaşca ən "qoca"sı Fikrət Sadıq idi və o, bu il mayın 30-da 95 yaşına çatdı... "Çatdı" deyirəm, çünki mən onun yalnız fiziki ölümünə inanıram. O, şeirimizin sıralarında indi də yaşayır. Deyim ki, Ələkbər Salahzadə də yaşayır, İsa İsmayılzadə də, Fikrət Qoca da, Vaqif Səmədoğlu da.

Fikrət Sadıqla yanaşı bu adları xatırlamağım səbəbsiz deyil. Poeziyaya, ümumən ədəbiyyata təzə səslər, nəfəslər gətirən bir nəsil sonrakı illərdə də o təzəliyi, o təravəti qoruya bildilər. Əvvəl-əvvəl "eksperimentçi" adlandırılan, hər cür qarayaxmanın obyektinə çevrilən, ənənələrə xor "baxmaqda" suçlu bilinən bu nəsil bütün bu təzyiqlərə dözə-dözə çox keçmədən etiraf olundular. Onların şeir meydanında o zaman duruş gətirib-gətirməyəcəklərini düşünəndə yadıma ilk düşən sənətkar Rəsul Rza olur.

Mən təfsilata varmaq istəmirəm. Rəsul müəllimin "altmışıncılar"ı o zaman necə cəsarətlə müdafiə etdiyi, onların doğrudan da, istedadlı olduğunu sübuta yetirdiyi indi ədəbi fakt kimi etiraf edilir. Rəsul Rza bir sıra məqalələrində Fikrət Sadığın da poetik talantını vaxtında qiymətləndirmişdi. "Ümid və arzular" məqaləsində (1963) yazırdı: "Fikrət Qoca, Fikrət Sadıq imzaları oxucularımıza tanışdır.

...Fikrət Sadığın ən yaxşı şeirləri isə ruhən cavan, ehtiraslı, lakin saçına çox tez müdriklik ağı düşmüş adamı xatırladan şeirlərdir"

O zaman ustad bir şairin dilindən söylənilən bu kəlmələrin cavan bir şairi necə qanadlandırdığını təsəvvür edirsinizmi?

Fikrət Sadığın şair ömrü özünün xatırladığına görə Həsənoğlunun məşhur qəzəlinə nəzirəylə başlanır. "O illərdə özüm də kiməsə oxşamaq istəyirdim. İlk şeirlərimin çoxu nəzirə idi. Sənət məktəbini qurtarıb işıqçı oldum. Fəhlə oldum. Naftalanda neft kəşfiyyatında işlədim. Doğma Azərbaycanı qarış-qarış piyada gəzdim. Çox şey öyrəndim. O illər ömrümə yazıldı. Bir az da bərkidim. Şeir yazırdım. Amma çap eləməyə çalışmırdım, doğrusu, hələ ürək eləmirdim. Ürək eləməsəm də, yazdıqlarım məni universitetin filoloji (filologiya) fakültəsinə gətirib çıxartdı.

...Təhsil illərimdə və ondan sonrakı ömrümdə həmişə məni bir sual düşündürüb: bu günün şeiri necə olmalıdır?

Dünənin şeiri, üstəgəl, sabahın şeiri, bərabərdir bu günün şeirinə. Bu tapmacanı ağac timsalında açaq. Kök varsa, gövdə tutacaq, qol-budaq atacaq. Kök - dünən, gövdə - bu gün, qol-budaq - sabahdır, bu günün şeiri ağacın gövdəsidir.

Bütün zamanlarda müasir şeir gövdə olub.

Gövdə ağaca necə lazımsa, şeir də cəmiyyətə eləcə gərəkdir".

Yaşının "ekvator xətti"ni keçəndən sonra qələmə aldığı bu sətirlər, mən deyərdim, Fikrət Sadığın şair ömrünün həm başlanğıcını, həm də davamını çox gözəl səciyyələndirir. 80 yaşının zirvəsindən ötən illərə boylananda da "bu günün şeiri necə olmalıdır?" sualına eyni cavabın veriləcəyi şübhə doğurmurdu. Və bir də şeir haqqında Fikrət Sadığın dediyi bu fikir bütün zamanlar üçün məqbuldur: "Şeir o zaman hamının olur ki, ordakı dünyaduyum ən azı on adamın ürəyindən xəbər vermiş olsun. Yəni heç olmasa, on adam sənin yazdığını görüb, duyub, amma qələmə alıb yazmayıb, ya yazıb çatdıra bilməyib, amma sən bu sözləri onlardan əvvəl demisən. Odur ki, hamıya doğma olub".

Budur, bu doğmalığın təzahürü olan bir şeir - "Üçüncü simfoniyanı dinləyərkən"

 

...Sonra Kərəm yanğısı,

Sonra çilik-çilik sınan su,

Tanış çiçək qoxusu,

Doğma yurd.

 

Sonra da bir sual;

saçları dağılmış dünyamızı

Raket ucları darayacaqmı,

Yoxsa, kotan dişləri?

Sonra Rodenin fikirli insanı.

Nigarançılıq.

Sonra da sonuncu akkord -

Ümid!

 

Dahi bəstəkar Qara Qarayevin musiqisindən yaranan bu şeir-təəssürat o zaman tez-tez səslənən assosiativ şeirin ən parlaq nümunələrindən idi.

Fikrət Sadıq poetik fərdiyyəti etibarilə bir çərçivəyə sığan şair deyil. Bunu necə anlamaq olar? Ən sadə halda: onun poetik təfəkkürü Azərbaycan şeirinin bütün vəznlərində və əksər formalarında çevikliyi ilə diqqəti cəlb edir.

Vaxtilə Xalq yazıçısı Elçin F.Sadığın 50 yaşına həsr etdiyi bir məqaləsində yazırdı: "Fikrət Sadıq çox görmüş, dediklərini bilavasitə təcrübədən keçirmiş, bilavasitə duymuş, hiss etmiş şairdir. Fikrət çətinliklərdən yazır - özü çətinliklər çəkmişdir, müharibə illərinin ac-yalavac, fərəhsiz uşaqlığından, yeniyetməliyindən yazır - özü belə yaşamışdır; işıqçəkən bir fəhlənin həyatından poema yazır - özü işıqçəkən fəhlə olmuşdur. Fikrətin istedadlı poeziyası belə bir nüfuzlu təcrübəyə arxalanır.

 

Qardaş, bulaq üstünə

Yığışan el qızları,

Bayatı çağıranda,

Eşitmisənmi, barı?

 

Bu sadə sualların arxasında Fikrət poeziyasının həyatdan gəlməsi və həyata bağlılığı dayanmışdır, torpağa, xalqın güzəranına bələdlik dayanmışdır".

Elçindən gətirdiyimiz misalın öz mənası var. Məsələ burasındadır ki, F.Sadığın yazdığı şeirlər məhz həyata, gerçəkliyə bağlılığın, torpağa, xalqın güzəranına bələdliyin ifadəsi idi.

Poeziyası əsasən nikbinlik aşılayan F.Sadıq yazır ki:

 

Çox aldadıb fələk məni,

Hələ gözümdə yaş qalıb.

Dərd məni çaşbaş eləyib,

Özü də lap çaşbaş qalıb.

 

...Bom-boş qəfəsdir ürəyim,

Bu kor bəxtimə nə deyim?!

Dərdimi kimə söyləyim?

Nə bacı, nə qardaş qalıb.

 

Ancaq ömrün bu yaşının təlaş və nigarançılığı yalnız bir fərdin daxili narahatlığını ifadə etmirdi, ümumən dövrün özündən doğurdu.

Çörəklə sınağa çəkiblər xalqı,

Qarışıq salıblar haqla-nahaqqı.

Bu yazıq camaat neyləsin, axı,

Vətən satılanda - kitab satılmaz?!

 

Bəli, F.Sadıq - ustad-şair çox yaxşı anlayırdı ki, itirilmiş torpaqlarımızı qaytarmaq üçün bütün xalq bir olmalıdır, müxalifət-iqtidar söhbəti aradan qalxmalıdır, mükəmməl ordumuz yaranmalıdır... Şairin də, sənətçinin də bu məqamda gücü sözə çatırdı.

 

Döyüşdə ölmədim deyəm,

Bayrağı örtün üstümə.

Üstündə son misram donmuş

Varağı örtün üstümə.

...Göylər niyə zalım olsun?!

Tale mənə zamin olsun.

Bir dərə məzarım olsun,

Bir dağı örtün üstümə.

 

Fikrət Sadığın poeziyası əzəldən yaşadığımız gerçəkliklə, müasir həyatla, cəmiyyətdə, dünyada baş verən ictimai-siyasi hadisələrlə bağlı olub və əgər onun şeir və poemalarının tematik mənzərəsi bir xəritəyə sığışdırılsa, burada xalqımızın keçdiyi tarixi yolun şöhrətli, şanlı sənələri, ağrılı-acılı illəri, dahilərinin, söz xiridarlarının, qəhrəmanlarının xatirəsi öz əksini tapacaq. Xüsusilə, XX əsrin mürəkkəb və təzadlı mənzərələri də onun poeziyasında bədii tarix kimi diqqəti cəlb edir. Onun 90-cı illərdə və 2000-ci illərin əvvəllərində yazdığı şeirlər Mirzə Ələkbər Sabir ruhunun Fikrət Sadıq poeziyasında ehya olunması kimi anlaşılmalıdır.       

...Onun ömür yolunu əks etdirən tərcümeyi-halına nəzər salıram. Uzun illər işıqçı olub... Elə bəlkə şeirlərindəki işıq da ömrünün o işıqlı günlərindən yaranıb. Ədəbi fəaliyyətə tələbəlik illərində, universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" şeiri ilə başlayıb. "Cığır" adlı şeirlər kitabı (1963) onun poeziyaya ilk cığır açmaq istəyindən doğub. Gözəl tərcümələri də var. Açaq, böyük Şəhriyardan tərcümə elədiyi "Azərbaycan" şeirinin bəzi beytlərini xatırladaq:

Könlüm quşu qanad çalmaz

            sənsiz bir an, Azərbaycan,

Xoş günlərin getmir

            müdam xəyalımdan, Azərbaycan!

Səndən uzaq düşsəm də mən,

            eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi

            qəlbi viran, Azərbaycan!

Vətən eşqi məktəbində

            can verməyi öyrənmişik,

Ustadımız deyib heçdir

            vətənsiz can, Azərbaycan!

Yarəb, nədir bir bu qədər

            ürəkləri qan etməyin,

Qolubağlı qalacaqdır

            nə vaxtacan, Azərbaycan!

Övladların nə vaxtadək

            tərkivətən olacaqdır?

Əl-ələ ver, üsyan elə,

            oyan, oyan, Azərbaycan!

 

Misilsiz şeirdir, həm də misilsiz tərcümə! Başqa söz tapa bilmirəm.

Daha nəyi xatırladım? F.Sadıq çox yerdə işləyib. Ömrünün sonlarında Yazıçılar Birliyində Poeziya üzrə məsləhətçi. Həmişə öz halal əməyi və qonorarı ilə gün-güzəran keçirən F.Sadıq iki oğul, bir qız atasıdır. Oğlu Orxan artıq istedadlı nasir və publisist kimi tanınır. Qızı Aysel Fikrət də istedadlı şairədir.

Böyük şairimiz Fikrət Sadıq haqqında sözümü onun bu misraları ilə bitirirəm:

 

Noolsun tez yeriyirəm,

Amma idmançı deyiləm.

Üstümü unlu görmüsən,

Mən dəyirmançı deyiləm.

 

...Fələkdən sinə dağlıyam,

Bəndi-bərəsi bağlıyam.

Xalqımın şair oğluyam,

Quru dilmancı deyiləm.

SİZƏ MARAQLI OLA BİLƏR