Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Elm və maarif fədaisi - İslam Qəribli yazır

27-05-2025 [ 14:00 ] [ oxunub:22 ]
printerA+ | A-

Müasir Azərbaycan ədəbiyyatşünaslığının dəyərli simalarından biri, 75 yaşın astanasında olan Nizami Məmmədov (Tağısoy) çoxcəhətli elmi-bədii yaradıcılığını pedaqoji fəaliyyəti ilə məharətlə birləşdirməyi bacaran əsl elm və maarif fədaisidir. 

Filologiya elmləri doktoru, professor, əməkdar müəllim, şair-publisist Nizami Tağısoy 24 may 1950-ci ilin baharında, may ayının 24-də Ucar rayonunun Yuxarı Şilyan kəndində anadan olmuş, 1967-ci ildə orta məktəbi bitirmiş, 1968-1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Əsgəri xidmətdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna qəbul olunan N.Məmmədov 1975-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, 1980-ci ilə qədər təyinatla Ucar rayonunda rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 

Orta məktəb illərində rayon və respublika qəzetlərində ilk şeirləri və məqalələri dərc olunan N.Məmmədov tələbə vaxtlarında və rayonda müəllim işlədiyi illərdə də ara-sıra müxtəlif yazılarla mətbuat orqanlarında çıxışlar etmiş, elmə olan maraq onu yenidən Bakıya, bitirdiyi ali təhsil ocağına gətirmişdir. 

Nizami Məmmədov 1980-1984-cü illərdə "Rus sovet ədəbiyyatı" ixtisası üzrə təhsil aldığı İnstitutun aspiranturasında oxumuş, 1986-cı ildə "Səməd Vurğun pyeslərinin rus tərcümələri və onların səhnə təcəssümü" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 

 

N.Məmmədov 1992-ci ildə "XX əsr rus poeziyasının Azərbaycan dilinə tərcüməsi problemləri (1920-1970-ci illər)" mövzulu doktorluq dissertasiyasına görə o, filologiya elmləri doktoru alimlik dərəcəsini almış, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor diplomunu almışdır. 

1984-cü ildən Bakı Slavyan Universitetində (o vaxtkı M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda) laborant kimi elmi fəaliyyətə başlamış N.Məmmədov bu ali təhsil ocağında filologiya elmləri doktoru, professorluğacan şərəfli elmi-pedaqoji yol keçmişdir.

Görkəmli alim və pedaqoq BSU-da "XX əsr rus ədəbiyyatı", "Türk xalqları ədəbiyyatı", "Azərbaycan ədəbiyyatı", "Tərcümə nəzəriyyəsi" fənlərindən rus və Azərbaycan bölmələrində mühazirələr aparmış, magistr, fəlsəfə doktorluğu dissertasiyalarına rəhbərlik etmişdir. 

Professor Nizami Məmmədov BSU-da işləməklə yanaşı, həm də paralel olaraq 1995-1997-ci və 2011-2015-ci illərdə Bakı Qızlar Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, 1998-ci ildən 2010-ci ilin sonuna qədər Azərbaycan Beynəlxalq Universitetində əvvəl Azərbaycan dili və ədəbiyyat, sonra Rus dili və ədəbiyyat kafedralarının müdiri vəzifələrində çalışmışdır.

2011-ci ilin yanvarından Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk Xalqları Ədəbiyyatı şöbəsində baş elmi işçi kimi çalışan Nizami Tağısoy "Qızıl qələm" və "Xalqın nüfuzlu ziyalısı" və s. mükafatlara layiq görülmüşdür. 

***

Müasirləri arasında məhsuldar və səmərəli elmi fəaliyyəti ilə seçilən, otuza yaxın kitab müəllifi olan professor Nizami Tağısoyun respublikamızın və xarici ölkələrin nüfuzlu mətbuat orqanlarında 700-dən artıq məqaləsi işıq üzü görmüş, 100-dən çox beynəlxalq simpozium və konfranslarda ölkəmizi ləyaqətlə təmsil etmişdir. 

Nizami Tağısoyun çoxcəhətli elmi yaradıcılığında tərcümə nəzəriyyəsi və praktik tərcümə məsələləri də mühüm yer tutur. Həm rus, həm də türk dillərindən etdiyi tərcümələr və onların şərhi alimdən peşəkar tərcüməçi və tərcüməşünas kimi danışmağa imkan verir. 

Tərcümə problemləri ilə məşğul olduğu ilk onilliklərdə, o, əsasən, Azərbaycan ədəbiyyatının rus, rus ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi problemləri ilə məşğul olmaqla, "S.Vurğunun "Vaqif" pyesi Azərbaycan Rus Dram Teatrı səhnəsində", "Səməd Vurğunun "Fərhad və Şirin" pyesinin rus tərcümələri", "S.Vurğunun "Fərhad və Şirin" pyesi rus teatrları səhnəsində", "Professor H.B.Babayevin tərcümə nəzəriyyəsi və praktikasının işlənilməsində rolu", "F.M.Dostoyevskinin "Karamazov qardaşları romanın Azərbaycan dilinə tərcüməsinin xüsusiyyətləri", "Professor F.Vəlixanova Azərbaycan poeziyasının rus tərcüməsinin tədqiqatçısı kimi", "Bədii tərcümə üslubi ekvivalentlik kontekstində (Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanının rus tərcüməsi)" və s. kimi onlarca məqalə, "XX əsr rus poeziyası Azərbaycan tərcümələrində" (Bakı, 1992, 134 s. - rus dilində), "Əslin milli özünəməxsusluğu və tərcümə" (Bakı, 1998. - 68 s. - rus dilində), "Səməd Vurğun dramaturgiyası rus dilində" (Bakı, 1999, 132 s. - rus dilində), "Poetik tərcümə (Bakı, 2001, 245 s. - rus dilində) və s. kimi monoqrafiyalar nəşr etdirmiş N.Tağısoyun tədqiqatlarında son onilliklərdə ədəbi əlaqələr, komparativistika, türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, epik təfəkkürü, ənənələri, folkloru, klassik və müasir ədəbiyyatı, ədəbiyyatşünaslığın aktual problemləri, müasir ədəbi prosesin tədqiqi məsələləri prioritetli mövqedə dayanır.

 

Nizami Məmmədov Tağısoyun "Qaraqalpaq eposu "Qırx qız"ın folklor-etnoqrafik, struktur-kompozisiya və ideya-bədii xüsusiyyətləri", "Hind və türk xalqları eposunda ümumi, yaxud oxşar hadisələr (hind eposu "Mahabharata" və qaraqalpaq eposu "Qırx qız"ın materialları əsasında)", "Qaqauzların toy-düyün mərasimləri", " Balkar-Qaraçay "Nart" qəhrəmanlıq eposu: digər Qafqaz xalqlarının "Nartları" ilə oxşar və fərqli məqamları", "Yunus Əmrə yaradıcılığı rus ədəbiyyatşünaslığında", T.Kaipbergenovun "Qaraqalpaqlar haqqında dastan" trilogiyasında folklor, etnoqrafik mənbələr və tarixi faktlardan əsərin süjet-kompozisiya strukturunda istifadə" (rus dilində), "Koblandı-batır" - qazax xalqının möhtəşəm epik nümunəsi kimi", "Abay" faciəsinin dörd redaksiyası və pyesdə tarixi şəxsiyyət probleminin fərdi həlli", "Məhtimqulu, Vaqif və Hacıniyaz poeziyasının motiv, mövzu və obrazları müqayisəli-tipoloji təhlil kontekstində", "Mustay Kərimin mənəvi-bədii dünyası. Mustay Kərim və XX əsr" (rus dilində), "Qaraqalpaq poeziyasının klassiki (Hacıniyazın yaradıcılıq yolunun müxtəsər cizgiləri)", "Kitabi-Dədə Qorqud" Azərbaycan, Türkiyə və Türkmən ədəbiyyatşünaslığında (1917-1950-ci illər)" və s. məqalələri ilə yanaşı, "Qazax ədəbiyyatı" (Bakı, 1993, 70 s. - rus dilində), "Qaraqalpaq ədəbiyyatı" (Bakı, 2007, 296 s. - rus dilində), "Qaraqalpaq ədəbiyyatı" (Bakı, 2015, 456 s. - Azərbaycan dilində), "Koblandı-Batır qazax xalq qəhrəmanlıq dastanı" (tərcümə) (Bakı: "Elm və təhsil", 2017, 316 s.), "Alaş-Orda: Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti" (Bakı, "Şərq-Qərb", 2018, 136 s.") "Muxtar Auezovun yaradıcılığı: ənənədən novatorluğa (Bakı, "Şərq-Qərb", 2019, 216 s.) və b. monoqrafiyalarında tərcümə nəzəriyyəsinin, ədəbiyyatşünaslığın və türkologiyanın çoxsaylı problemlərinin sistemli - konseptual və elmi-filoloji şərhi ortaya qoyulmuşdur. 

Nizami Tağısoy yuxarıda qeyd etdiyimiz sahələrlə yanaşı, Azərbaycan ədəbiyyatının problemləri ilə də yaxından məşğul olan məhsuldar alimlərimizdəndir. Onun Nizami, Vaqif, M.F.Axundzadə, M.Ş.Vazeh, X.Natəvan, M.Ə.Sabir, S.Vurğun, M.Şəhriyar, Mir Cəlal, İ.Əfəndiyev, S.Əhmədli, T.Bayram, Anar, A.Rəhimov, K.Abdulla, İ.Qəribli, E.Hüseynbəyli, R.Rəvan, Ə.Əhməd, K.Kürqıraxlı, M.Dəmirçioğlu, F.Babanlı, Ş.Ağayar, Ə.Xələfli, Y.Nəğməkar, V.Bəhmənli, Q.Ağsəs, A.Həsənli, F.Hüseyn və başqaları haqqında məqalələri, "Elçinin "Baş" romanı struktur-funksional təhlil müstəvisində" (Bakı, 2017, 272 s.), "Nəsrin axarı: zaman və məkan konteksti" (Bakı, 2008, 152 s.), "Etnos və epos: keçmişdən bu günə" (Bakı, 2010, 372 s.), "Meyxanənin poetikası" (Bakı, 2011, 432 s.), "Nəsimi dini-fəlsəfi təlimində Haqqın və İnsanın dərki" (Bakı, 2020, 168 s.) və b. bu kimi monoqrafiyaları onun klassik və müasir ədəbiyyatımızın mötəbər araşdırıcılarından biri kimi bəhs etməyə imkan verir. 

Nizami Tağısoy alim və mühazirəçi müəllim olmaqla bərabər, həm də şair-publisistdir. Müəllifin "Axtaracaqsan məni" (Bakı, 2000, 110 s.), "Bəlkə dünya öz yolunu çaşıbdı" (Bakı: "Azərnəşr", 2004, 68 səh.) kitablarında toplanmış şeir və poemalarının mayasını doğma elə-obaya, insanlığa məhəbbət motivləri təşkil edir. Şairin "Düşüncələrim", "Ey bəşər övladı", "Yəqin bir vaxt gələcək ki", "Aman Allah", "Yurd bayatıları" və s. şeirləri; "Təzadlar" poeması narahat bir sənətkar qəlbinin çırpıntıları olmaqla yanaşı, həm də əsl poeziya nümunələridir. Müəllifin rus dilində işıq üzü görmüş "Moy Azerbaydjan" (Bakı, "Elm və təhsil", 2018, 128 s.) şeirlər və poemalar; "Şilyan: özü, sözü - çeşmənin gözü" (Bakı, 2009, 172 s.) kimi folklor-etnoqrafik ruhlu kitabı; "Səftər Həsənzadə. Vətən həsrətli, barıt qoxulu sətirlər" (Bakı, 2009. - 76 s.) və b. bu kimi poetik nümunələri professor Nizami Tağısoyun istedadının bu sahədə də əməli nəticələri kimi diqqəti cəlb etməkdədir. 

***

Nizami Tağısoyun elmi-pedaqoji fəaliyyətinin mühüm mərhələsini təşkil edən "Qaraqalpaq ədəbiyyatı" dərsliyi (Bakı: "Elm və təhsil", 2015, 456 səh.) heç də yalnız dərslik olmayıb, onun Qarapalqıstan, qaraqalpaqlar, qarapapaqlar, qazauzlar, onların mənşəyi, dili, adət-ənənələri barədə əhatəli bilgilər verən, xalqın dastan yaradıcılığını, şifahi xalq ədəbiyyatı, müxtəlif növ və janrlarda yaranmış folklor nümunələrini, onların digər türk xalqlarının folkloru ilə oxşar və fərqli cəhətlərini müqayisəli kontekstdə təqdim etməklə, həm də qaraqalpaq yazılı ədəbiyyatı barədə də genis filoloji bilgilər təqdim edir. Qaraqalpaq yazılı ədəbiyyatının XVIII əsrdən başlayaraq 2000-ci illərə qədərki həm bədii, həm də nəzəri mənzərəsini yaratmağa müvəffəq olan müəllif burada xüsusi olaraq Qaraqalpaq - Azərbaycan ədəbi əlaqələrinə də səriştəli münasibət bildirir. Biz məhz bu dərslik vasitəsi ilə ulu, qədim türk xalqlarından biri olan qaraqalpaqların həm şifahi, həm yazılı ədəbiyyatı ilə tanışlıq imkanı qazanır, Jien Jirau, Günxoca, Hacıniyaz, Berdağ, Jolmirzə Aymirzəyev, İbrahim Yusupov, Tolıbay Kabulov, Həsən Begimov, Tulepbegren Kaipbergenov və b. bu kimi ünlü qaraqalpaq yazarlarından xəbərdar ola bilirik.

Nizami Məmmədov türk xalqları ədəbiyyatının nəzəri məsələləri ilə yanaşı, təbliği, tərcüməsi və nəşri ilə də səmərəli şəkildə məşğul olan tədqiqatçı-mütərcimlərdəndir. Onun Qazax xalq qəhrəmanlıq dastanı "Koblandı-Batır"ın tərcüməsini bu qəbildən olan ən uğurlu işlərdən biri hesab etmək olar ("Koblandı-batır". Bakı: "Elm və təhsil", 2017, 316 səh.). 7020 misradan ibarət olan dastanın hər bəndini on misradan ibarət olmaqla yeddihecalı şeir şəklində oxunaqlı, lakonik bir dillə tərcümə edən N.Məmmədov ağır zəhmətə qatlaşaraq dastanda işlənmiş 102 toponim, etnonim, hidronim və etnoqrafik terminlərin şərhini vermişdir ki, biz məhz mütərcimin təqdim etdiyi şərhlər vasitəsi ilə dastanın ideya-məzmun xüsusiyyətləri ilə mahiyyətincə, doğru-dürüst tanış ola bilirik. Bu nəşrin digər uğuru, heç şübhəsiz ki, müəllifin yazdığı "Qazax xalq qəhrəmanlıq dastanı "Koblandı-batır" yaranma tarixi, yayılma arealı, hadisələr, qəhrəmanlar, obrazlar, əsərin ümumi səciyyəsi" adlı 52 səhifəlik araşdırmadır. Bu araşdırmada və "Koblandı-batır" dastanının Azərbaycan dilinə tərcüməsində milli özünəməxsusluğun saxlanılması" adlı 16 səhifəlik tədqiqatda müəllif, demək olar ki, dastanı yetərincə əhatəli və elmi-filoloji baxımdan mükəmməl araşdırmışdır.  

Nizami Tağısoyun türk xalqları ədəbiyyatı ilə ilgili araya-ərsəyə gətirdiyi daha bir neçə tədqiqat işinin adlarını çəkməliyik. Məsələn, bunlardan biri, Qaraqalpaq ədəbiyyatının görkəmli nümayəndələrindən olan Hacıniyaz Kosbayulının şeirlərinin geniş müqəddimə, izah və şərhlərlə nəşridirsə (Hacıniyaz. Bakı: "Elm və təhsil", 2020, 136 səh., həmmüəlliflə birlikdə), digəri ali məktəblər üçün hazırladığı "Türk xalqları ədəbiyyatı proqramı"dır (Türk xalqları ədəbiyyatı. Proqram. Bakı: "Elm və təhsil", 2023, 69 səh.) ki, burada ilk dəfədir ki, 16 (on altı) türk xalqı ədəbiyyatlarından olan mövzular təqdim olunmuşdur. Hacınıyazın poetik əsərlərini qızı Şəbnəm Məmmədli ilə müştərək şəkildə heca vəznində ustalıqla dilimizə çevirəndən sonra N.Məmmədov tərtib etdiyi proqramı dörd bölməyə - Anadolu, Şimali Kipr və İraq türkmanlarının ədəbiyyatı; Türkmənistan və Orta Asiya türklərinin ədəbiyyatı; Volqaboyu türkləri və krım-tatar ədəbiyyatı; Şimali Qafqaz türklərinin ədəbiyyatı kimi bölmələrə ayırmış, burada XIII əsrdən üzü bəri 16 türkdilli xalqın ədəbiyyatının tədris materialları ilə bağlı mülahizələrini ümumiləşdirmişdir.

Nizami Tağısoy rus və türk xalqları ədəbiyyatı mütəxəssisi olmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatının mötəbər tədqiqatçılarındandır. O, qələmini həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatının araşdırılıması sahəsində sınamış, uğurlu nəticələr əldə etmişdir. 

Müəllifin iki bölmədən ibarət olan "Nəsimi dini-fəlsəfi təlimində Haqqın və insanın dərki" adlı kitabı (Bakı: "Elm və təhsil", 2020, 168 səh.), adından göründüyü kimi, böyük Azərbaycan mütəfəkkiri, sufizmin və hurifizmin parlaq nümayəndəsi Seyid İmadəddin Nəsiminin yaradıcılığının dini-ilahi və ideya-estetik şərhinə həsr olunmuşdur. 

"Nəsimidə nə varsa, hamısı İlahi, Xuda, Haqq-taala, Allahla, insanla nəfəs alır", - deyən müəllif Nəsimi poeziyasını insanın dünyanı dərki işığında bu dahi şairin yaradıcılığının bir sıra özəlliklərini şərh etməklə yanaşı, onu özbək, qazax mədəniyyətləri kontekstində də tədqiqata cəlb edir, sənətkarın bu ədəbiyyatlara təsiri və əsərlərinin həmin dillərə tərcümələri barədə də dəyərli bilgilər ortaya qoyur.

Hesab edirik ki, tərcüməşünaslıq sahəsində mötəbər söz sahiblərindən olan Nizami Tağısoyun həmmüəllifi olduğu "İzahlı tərcüməşünaslıq terminləri lüğəti" də son onilliklərdə lüğətçilik sahəsində araya-ərsəyə gətirilən ən uğurlu işlərdən biridir (Rafiq Manafoğlu, Nizami Tağısoy, Rüstəm Kamal. İzahlı tərcüməşünaslıq lüğəti. Bakı: "Mütərcim" nəşriyyatı, 2010, 164 səh.). Burada Rus və Azərbaycan dillərində yüz qırxa yaxın mənbədən istifadə edilməklə hazırlanan bu mənbədə tərcümə və prosesində istifadə olunan 1046 terminin izahı verilmişdir ki, bu da lüğətçiliyimizdə tamamilə yeni hadisə kimi səciyyələndirilməlidir.

Nizami Tağısoy ədəbiyyatın nəzəri problemləri ilə yanaşı, onun praktik məsələləri ilə də məşğul olan alimlərimizdəndir. Onun 1941-1945-ci illər müharibəsinin iştirakçısı olub, cəbhədə düşmən gülləsindən yaralanmış, dünyadan vaxtsız köçmüş doğma dayısı Səftər Həsənzadənin toz basmış, əksəriyyətini oxumaq müşkülə çevrilmiş məktubları arasından toplayıb tərtib edərək çap etdirdiyi "Vətən həsrətli, barıt qoxulu sətirlər" kitabını alimin ağır zəhməti hesabına başa gələn mənbə olmaqla yanaşı, həm də qədirşünaslıq nümunəsi hesab etmək olar (Səftər Həsənzadə. "Vətən həsrətli, barıt qoxulu sətirlər". Bakı: "Mütərcim", 2009, 76 səh.). Müəllifin "Səftər Həsənzadənin səngər şeirləri" adlı müqəddimə və "Gecikmiş görüşə sözardı" adlı son söz yazdığı kitaba Səftər Kərəm oğlu Həsənzadənin Böyük Vətən müharibəsi illərində yazıb arxa cəbhəyə, Azərbaycana, doğma Şilyan kəndindəki qohumlarına göndərdiyi əsas mövzuları yurd, vətən sevgisi və məhəbbətlə süslənən 50-yə yaxın şeiri və tərcümeyi-halı da daxil etməsi bu kitabla tanış olanlarda çeşidli assosiasiyalar yaratmaqdadır. 

Elinə, obasına dərin köklərlə bağlılıq bir insan, ziyalı olaraq Nizami Tağısoyun xarakterinin danılmaz keyfiyyətlərindəndir. Biz bunu müəllifin "Şilyan: özü, sözü - çeşmənin gözü" kitabında daha qabarıq şəkildə hiss edirik (Nizami Tağısoy. "Şilyan: özü, sözü - çeşmənin gözü". Bakı: "Mütərcim", 2009, 172 səh.). 

Ucar rayonunun Yuxarı Şilyan kəndinin tarixi, etnoqrafiyası, folkloru, bu kənddən çıxmış söz-sənət adamları haqqında olan bu kitab, hesab edirik ki, müəllifin bir vətəndaş kimi doğma kəndi, el-obası qarşısında hesabatıdır. Kitaba "Şilyan və şilyanlılar haqqında tarixi-etnoqrafik qeydlər" adlı müqəddimə yazan müəllif, Azərbaycan şifahi xalq ədəbiyyatının ayrılmaz qolu olan Şirvan folkloru - Ucar rayonunun Yuxarı Şilyan kəndindən topladığı müxtəlif folklor nümunələrini daxil etməklə yanaşı, "Şilyan şivəsi - azəri türkcəsi" adlı dialektoloji lüğətdə yer almışdır ki, biz bunu kitabın ən uğurlu cəhətlərindən biri hesab edirik. Bunlarla yanaşı, kitaba beş şilyanlı şairin tərcümeyi-halı və əsərlərindən 30-a yaxın nümunələr də salınmışdır ki, bunlar da kitabın əhəmiyyətini artıran dəyərli cəhətlərdəndir.

Professor Nizami Məmmədov Tağısoyun anadan olmasının yetmiş beş illiyi ərəfəsində qələmə aldığımız bu yazıya hələki nöqtə qoyur, bu cəfakeş alim və pedaqoqa cansağlığı, yaradıcılıq uğurları arzulayır və ondan elmimizə töhfələr verəcək yeni-yeni əsərlər gözləyirik. 75 yaşın mübarək, Nizami müəllim!

SİZƏ MARAQLI OLA BİLƏR