Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

16-05-2025 [ 17:45 ] [ oxunub:69 ]
printerA+ | A-
105466

Mayın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli, Elmi şuranın üzvləri, institut əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.

Elmi şuranın iclasını akademik İsa Həbibbəyli açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Əvvəlcə filologiya elmləri doktoru, professor Nizami Məmmədov 75, filologiya elmləri doktoru Ataəmi Mirzəyev 60 illik yubileyləri münasibətilə institutun Fəxri fərmanı ilə təltif olunublar. Akademik İsa Həbibbəyli yubilyar alimlərin elmi fəaliyyətlərini yüksək dəyərləndirərək onları institutun və elmi ictimaiyyətin adından təbrik edib.

Sonra akademik İsa Həbibbəyli Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun bazasında filologiya elmləri doktoru Ataəmi Mirzəyevin rəhbərliyi ilə hazırlanan və yenicə nəşr olunan “Məhəmməd Füzuli həyatı və yaradıcılığı” adlı kitabı təqdim edib. Akademik İsa Həbibbəyli qeyd edib ki, Məhəmməd Füzuli irsinin öyrənilməsi sahəsində dəyərli elmi töhfə olan bu nəşr müəllifin elmi yaradıcılıq pasportudur.

İclasda müzakirəyə çıxarılan növbəti məsələ Prezident İlham Əliyevin “Seyid Əzim Şirvaninin 190 illik yubileyinin qeyd edilməsi haqqında” 4 aprel 2025-ci il tarixli Sərəncamı və bu istiqamətdə qarşıda duran vəzifələrlə bağlı olub. Akademik İsa Həbibbəyli görkəmli maarifçi şairin yaradıcılığının geniş şəkildə tədqiq olunmasının vacibliyini vurğulayıb və bu məqsədlə tədbirlər planının hazırlanması barədə müvafiq tapşırıqlar verib. Müzakirə zamanı Seyid Əzim Şirvaninin yubileyi ilə bağlı elmi konfransın təşkili, tədbirin həm Bakıda, həm də şairin doma yurdu Şamaxı şəhərində keçirilməsi məsələsi də diqqətə çatdırılıb.

Daha sonra Prezident İlham Əliyevin Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinin qeyd edilməsi barədə 8 may 2025-ci il tarixli Sərəncamı ilə bağlı məsələyə baxılıb, bir sıra təşəbbüslər müzakirə olunub. Şairin yubileyinə həsr olunmuş tədbirin Ədəbiyyat İnstitutunda təşkili və onun doğulduğu Ağdaş şəhərində elmi konfransın keçirilməsi təklif edilib.

Hər iki şairin həyat və yaradıcılığına həsr olunmuş “Sənətkarın pasportu” seriyasından kitabların nəşri, bu sahədə aparılacaq elmi tədqiqatların mətbuatda dərc edilməsi və elmi məqalələrin hazırlanması ilə bağlı tapşırıqlar verilib.

İclasda, həmçinin Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına da toxunulub. Akademik İsa Həbibbəyli milli mətbuatın ölkənin ictimai-siyasi və mədəni həyatındakı əvəzsiz rolunu, maarifçiliyin inkişafındakı əhəmiyyətini vurğulayaraq, yubiley çərçivəsində Ədəbiyyat İnstitutunda xüsusi tədbirin keçirilməsini, eləcə də institutun müvafiq şöbələri tərəfindən ötən əsrə aid jurnalların transliterasiya işlərinin davam etdirilməsini tövsiyə edib.

İclasda “Ədəbi proses – 2024” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti barədə də məlumat verilib. Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru Vaqif Yusifli çıxış edərək cari ilin iyun ayında keçirilməsi nəzərdə tutulan müşavirənin proqramı üzrə müəlliflərin siyahısını təqdim edib.

Eyni zamanda Elmi şurada Ədəbiyyat İnstitutunun əməkdaşlarının xarici ezamiyyətləri barədə məlumatlar dinlənilib.

Daha sonra institutun elmi katibi filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı müzakirəsi nəzərdə tutulan cari məsələləri səsləndirib. İnstitutun bir qrup dissertant və doktorantlarına elmi rəhbərlərin təyin edilməsi, o cümlədən elmi müəssisənin əməkdaşlarının müəllifi olduğu kitab, monoqrafiya və konfrans materiallarının çapa tövsiyə edilməsi barədə məsələlərə baxılıb və müvafiq rəy verilib.

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR