Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Xalq yazıçısı Anarın "Gözmuncuğu" romanı haqqında düşüncələr - Elnarə Qaragözova

14-05-2025 [ 11:09 ] [ oxunub:16 ]
printerA+ | A-

Xalq yazıçısı Anarın “Gözmuncuğu” əsəri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının polifonik bədii nümunələrindən biridir. Qeyd etmək yerinə düşər ki, ilk olaraq povest  janrına aid edilsə də ("Azərbaycan" jurnalında nəşr edilən zaman əsərin janır "povest" kimi qeyd edilmişdi.) sonralar tədqiqatçılar əsərin strukturunu, əhatə  diapazonunu nəzərə alaraq "Gözmuncuğu" nun roman poetikasına uyğun olduğu qənaətinə gəldilər. Bu roman  haqqında mübahisəli  fikirlərdən biri də onun postmodern əsər olması ilə bağlıdır.  Lakin bizim fikrimizcə Anarın “Gözmuncuğu” romanı sinkretik bir əsərdir. Bu romanda magik realizm, neorealizm, postmoderizm elementlərinə simbioz şəkildə rast gəlinir. Əsərin qəhrəmanı, el arasında “bəd nəzər” adlanan qüdrətə sahib olan Əhliman bu sayədə əfsanəvi Diri baba ilə görüşə nail olaraq ondan Hörmüzd olduğunu və öz daxilindəki Əhrimənlə daim mübarizə aparmalı olduğunu öyrənir. Süjet irəlilədikcə yazıçı əsərə bəd nəzərdən əlavə digər magik elementlər də daxil edir: göz muncuğu və qədim, dünyanın sonu haqqında məlumatın yazıldığı xalça. Anarın bir insanın cismində birləşən Xeyir və Şərin təcəssümü olan qəhrəmanı öldükdən sonra yenidən dirilir: “Əhliman: -Bunu sən etdin, – dedi, – sən öldürdün onu… Otağına yenə də yuxulu gəlmişdi. Getmək istəyəndə sən də yuxulu-yuxulu bağırdın:amandı, getmə. O, artıq karnizin üstündəydi, qışqırığa oyandı və elə o andaca həyətə uçdu. Yaxşıdı yazıq əziyyət çəkmədi, ani oldu ölümü. Bunları deyə – deyə Əhliman mənə yaxınlaşırdı, onun niyyətini bilirdim. Açıq qapıdan eyvana çıxdı. Aşağı baxırdı. Arxası mənə tərəf idi. Ani tərəddüddən sonra qəfil həmləylə var gücümlə onu itələdim, eyvanın məhəccərindən aşıb aşağı uçdu. Bir an sonra Ay qızının yanında onun da cəsədi sərələnmişdi.

MÜƏLLİFDƏN. Tizfəhm oxucu, yəqin, anladı ki, əsərin Əhliman (Əhriman və Hörmüzd) adlandırılan iki personajı, əslində, eyni adamdı. Belə olan surətdə sual oluna bilər: müəllifin demək istədiyi nədi – Xeyir timsalı Hörmüzd Şər timsalı Əhrimanı itələyib məhv edir? Amma onda – ikisi eyni şəxsdirsə – ikisi də məhv olur axı…

Elədir. Amma əsərin əvvəlinə qayıdın. Demə, diri-diri torpağa gömülən ölməyibmiş. Bir təsadüf, ya bəlkə, zərurət nəticəsində dirilib məzardan çıxır, dünyaya qayıdır, yaşamağa başlayır. Bəs onda hansıdır qayıdan- Hörmüzdmü, Əhrimanmı; Xeyirmi, Şərmi? Ya hər ikisimi?

Bu sualın cavabını – yəni bu qərarı verməyi – oxucunun ixtiyarına buraxıram.” 

Biz də öz növbəmizdə araşdırmaçı kimi, qeyd edirik ki, bu əsərdə təsvir edilən sadəcə bir ölünün xortlaması deyil, reinkarnasiyadır. Buddistlərin təliminə görə insan öldükdən sonra onun ruhu yenidən dünyaya gələrkən dəyişilib tam fərqli bir həyat yaşayır. Dirilənin Xeyirmi yoxsa Şərmi, Əhrimənmi yoxsa Hörmüzdmü olduğunu müəyyənləşdirməyi oxucuya həvalə edən yazıçı əsər boyu təhkiyə vasitəsilə bu iki zidd qüvvəni fərqləndirir. Əsərdə Xeyir I şəxsdə, Şər III şəxsdə təsvir olunur. Anar bununla Şəri də Xeyirin vasitəsilə müşahidə edərək insanın əsas qayəsinin, mayasının Xeyir olduğunu vurğulayır. Qəbirdə dirilən Əhlimanın monoloqu da maraqlıdır. Bu monoloq həm I, həm də III şəxsdə qələmə alınıb. Demək, dünyaya həm xeyir, həm də şər birgə qayıdır. Bunlardan hansının üstünlük əldə edəcəyi isə sirdir. 

Anarın "Gözmuncuğu" əsəri çoxqatlılığı, çoxplanlılığı sayəsində  müstəqillik dövrü ədəbiyyatımızın unikal nümunələrindən biri kimi ədəbiyyat tariximizə daxil olmuşdur. 

SİZƏ MARAQLI OLA BİLƏR