Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Digər xəbərlər

“Sözdən işə, əmələ! Hər cəhd gələcək əlaqələrimizə xidmətdir” – beynəlxalq simpoziumdan qeydlər

11-05-2025 [ 15:19 ] [ oxunub:201 ]
printerA+ | A-
105447

Bu ilin 5-6 may tarixlərində Daşkənd şəhəində  Özbəkistan Ali təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Renessans Təhsil Universitetində  türkdilli ali təhsil müəssisələrinin təşkilatçılığı ilə  “Türk dünyasında sosial elmlər və texniki mühəndislik” mövzusunda beynəlxalq simpozium keçirildi.  Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və digər ölkələrin nüfuzlu universitetlərinin birgə təşkilatçılığı ilə baş tutan  beynəlxalq simpozium Türk  dünyasının alimlərini birləşdirən elmi-mədəni körpü kimi dəyərləndirilə bilər. 

Simpoziumun “Sözdən işə, əmələ, hər cəhd gələcək əlaqələrimizə xidmətdir“ məramı ilə başlayan plenar iclasında Özbəkistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, ABŞ, Rusiyanın aparıcı ali təhsil müəssisələrinin ziyalıları, rektorlar, səfirlər, texnolji-mühəndislik bilikləri üzrə mütəxəssislər  iştirak edirdi.  Simpozium iştirakçıları təmsil etdikləri ölkələrin elmi qurumlarında aparılan tədqiqatlar, praktiki təcrübələr və reallaşdırılan innovativ ideyalar haqqında məruzələr etdilər. Simpoziumda qardaş Türkiyəni  İzzet Baysal,  17 Eylul,  Hacı Bayram Veli,  Gelişim,  Biruni, Ankara universitetlərindən geniş tərkibdə ziyalılar qrupu təmsil edirdi.

Beynəlxalq simpoziumda Azərbaycandan  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun  əməkdaşlarından filologiya elmləri doktoru Salidə Şərifovanın “ Ağa Mirzə İsmayıl Asəfin “Dastani-Şükufət-sərgüzəşti-yetiman” əsəri bədii tərcümə nümunəsi kimi” (onlayn), filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevanın “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu  elmmetrik diapazonda: elmmetrik portret”,  Mənzər Hüseynovanın (Niyarlı) “Salidə Şəmməd qızının kiçik nəsrində postmodernizm”  məruzələri də maraqla qarşılandı. Məruzələr ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Simpozium çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və Mənzər Hüseynova (Niyarlı)  Renessans Universitetinin filologiya fakültəsinin tələbələri üçün Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq elmi  mövzusunda tanışlıq  icmalları ilə çıxış edərək, Açıq dəsrlərin iştirakçısı oldular.

Maraqlı və gərgin praktiki dialoqlarla işini davam etdirən beynəlxalq simpoziumun bölmələrinin əsas mövzuları Filologiya: elmi tədqiqat və təhsil,  Mühəndislik, Riyazi Modelləşdirmə, İnformasiya Sistemləri və Texnoloji Biliklər, Avrasiya regionunda türk dövlətlərinin tarixi və mədəniyyəti, Davamlı inkişafın təmin edilməsində yaşıl iqtisadiyyat və rəqəmsal texnologiyaların rolu və əhəmiyyəti, Müasir cəmiyyətdə pedaqoji biliklər və tədqiqatlardan ibarət idi. 

“Rezident Park” otelinin konfrans zalında,  Renessans Təhsil Universitetinin binasında, Özbəkistanın birinci katibi olmuş, yazıçı Şərəf Rəşidovun rezidensiyasında keçirilən beynəlxalq simpoziumun bölmələrində məruzələr  özbək, türk, rus və ingilis dillərində sinxron tərcümə aparılaraq təqdim edilirdi.  

Simpoziumun gedişində Türk dünyası ölkələrində, xüsusilə postsovet məkanında çalışan  mütəxəssislərin qarşılıqlı əməkdaşlığını təmin edən elmi-praktik platformanın təşkili, elmi layihələrdə birgə iştirakı nəzərdə tutan həmkarlıq əlaqələrinin qurulması istiqamətində gələcək  inkişafa töhfə verəcək təkliflər, tövsiyələr əsasında yol xəritəsinin hazırlanması təklif edildi.

Türkdilli dövlətlər arasında elm, təhsil, iqtisadiyyat və texnoloji-mühəndislik üçün təklif edilən yol xəritəsində süni intellekt, rəqəmsal resurslar, dil, qabaqcıl təcrübə sahəsində layihələri və proqramları birləşdirən ümumi hibrid elm və təhsil platformasının yaradılması aktual məsələ kimi müzakirə edildi.

Elmi biliklərin multidissiplinar əsasları üzərindən qarşılıqlı  elmi araşdırmalar şəbəkəsi üçün texnoloji-mühəndislik  infrostrukturu layihələrinin, hərəkətlilik proqramlarının hazırlanması, texnologiya parkı, innovasiyalar mərkəzinin yaradılması  təklif və müzakirə edildi.

Simpoziumun keçirilməsində əsas məqsəd Türk dünyasında qlobal elmi həmrəyliyin yüksək imicinə nail olmaqdır. Xüsusilə humanitar elmlərlə  texniki fənlərin bir araya gətirilməsi  və akademik iş birliyinin yaradılması  Türk dünyasının ortaq gələcəyi, sosial rifahı üçün zəruridir və  yeni elmi araşdırmalar üçün əhəmiyyətli təməl olacaqdır. 

FOTO QALEREYA

SİZƏ MARAQLI OLA BİLƏR