Bu ilin 5-6 may tarixlərində Daşkənd şəhərində Özbəkistan Ali təhsil, Elm və İnnovasiyalar Nazirliyi, Renessans Təhsil Universitetində türkdilli ali təhsil müəssisələrinin təşkilatçılığı ilə “Türk dünyasında sosial elmlər və texniki mühəndislik” mövzusunda beynəlxalq simpozium keçirildi. Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Azərbaycan və digər ölkələrin nüfuzlu universitetlərinin birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq simpozium Türk dünyasının alimlərini birləşdirən elmi-mədəni körpü kimi dəyərləndirilə bilər.
Simpoziumun “Sözdən işə, əmələ, hər cəhd gələcək əlaqələrimizə xidmətdir“ məramı ilə başlayan plenar iclasında Özbəkistan, Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, ABŞ, Rusiyanın aparıcı ali təhsil müəssisələrinin ziyalıları, rektorlar, səfirlər, texnolji-mühəndislik bilikləri üzrə mütəxəssislər iştirak edirdi. Simpozium iştirakçıları təmsil etdikləri ölkələrin elmi qurumlarında aparılan tədqiqatlar, praktiki təcrübələr və reallaşdırılan innovativ ideyalar haqqında məruzələr etdilər. Simpoziumda qardaş Türkiyəni İzzet Baysal, 17 Eylul, Hacı Bayram Veli, Gelişim, Biruni, Ankara universitetlərindən geniş tərkibdə ziyalılar qrupu təmsil edirdi.
Beynəlxalq simpoziumda Azərbaycandan AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarından filologiya elmləri doktoru Salidə Şərifovanın “ Ağa Mirzə İsmayıl Asəfin “Dastani-Şükufət-sərgüzəşti-yetiman” əsəri bədii tərcümə nümunəsi kimi” (onlayn), filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyevanın “Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu elmmetrik diapazonda: elmmetrik portret”, Mənzər Hüseynovanın (Niyarlı) “Salidə Şəmməd qızının kiçik nəsrində postmodernizm” məruzələri də maraqla qarşılandı. Məruzələr ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Simpozium çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva və Mənzər Hüseynova (Niyarlı) Renessans Universitetinin filologiya fakültəsinin tələbələri üçün Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslıq elmi mövzusunda tanışlıq icmalları ilə çıxış edərək, Açıq dəsrlərin iştirakçısı oldular.
Maraqlı və gərgin praktiki dialoqlarla işini davam etdirən beynəlxalq simpoziumun bölmələrinin əsas mövzuları Filologiya: elmi tədqiqat və təhsil, Mühəndislik, Riyazi Modelləşdirmə, İnformasiya Sistemləri və Texnoloji Biliklər, Avrasiya regionunda türk dövlətlərinin tarixi və mədəniyyəti, Davamlı inkişafın təmin edilməsində yaşıl iqtisadiyyat və rəqəmsal texnologiyaların rolu və əhəmiyyəti, Müasir cəmiyyətdə pedaqoji biliklər və tədqiqatlardan ibarət idi.
“Rezident Park” otelinin konfrans zalında, Renessans Təhsil Universitetinin binasında, Özbəkistanın birinci katibi olmuş, yazıçı Şərəf Rəşidovun rezidensiyasında keçirilən beynəlxalq simpoziumun bölmələrində məruzələr özbək, türk, rus və ingilis dillərində sinxron tərcümə aparılaraq təqdim edilirdi.
Simpoziumun gedişində Türk dünyası ölkələrində, xüsusilə postsovet məkanında çalışan mütəxəssislərin qarşılıqlı əməkdaşlığını təmin edən elmi-praktik platformanın təşkili, elmi layihələrdə birgə iştirakı nəzərdə tutan həmkarlıq əlaqələrinin qurulması istiqamətində gələcək inkişafa töhfə verəcək təkliflər, tövsiyələr əsasında yol xəritəsinin hazırlanması təklif edildi.
Türkdilli dövlətlər arasında elm, təhsil, iqtisadiyyat və texnoloji-mühəndislik üçün təklif edilən yol xəritəsində süni intellekt, rəqəmsal resurslar, dil, qabaqcıl təcrübə sahəsində layihələri və proqramları birləşdirən ümumi hibrid elm və təhsil platformasının yaradılması aktual məsələ kimi müzakirə edildi.
Elmi biliklərin multidissiplinar əsasları üzərindən qarşılıqlı elmi araşdırmalar şəbəkəsi üçün texnoloji-mühəndislik infrostrukturu layihələrinin, hərəkətlilik proqramlarının hazırlanması, texnologiya parkı, innovasiyalar mərkəzinin yaradılması təklif və müzakirə edildi.
Simpoziumun keçirilməsində əsas məqsəd Türk dünyasında qlobal elmi həmrəyliyin yüksək imicinə nail olmaqdır. Xüsusilə humanitar elmlərlə texniki fənlərin bir araya gətirilməsi və akademik iş birliyinin yaradılması Türk dünyasının ortaq gələcəyi, sosial rifahı üçün zəruridir və yeni elmi araşdırmalar üçün əhəmiyyətli təməl olacaqdır.