Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Həqiqi ədəbiyyatın qədirşünası - Asif Rüstəmli

05-05-2025 [ 14:19 ] [ oxunub:9 ]
printerA+ | A-

Böyük ədəbiyyat məbədinə qədəm qoyanda o çox gənc idi, cəmi 23 yaşı vardı. Beş illik Universitet təhsili və üç aylıq Quşçu kənd orta məktəbində müəllimlik təcrübəsi arxada qalmışdı. Öndə isə ədəbiyyatşünaslıq elmimizin çağdaşlıq duyğusu ilə yoğrulmuş, yeni milli təfəkkürlə incələnmiş çətin və mətin mərhələləri - geniş ədəbi üfüqlər, uca zirvələr onu gözləyirdi... Reallığın zaman və məkan əqrəbi 1976-cı ilin yanvar ayını və Nizami adına Ədəbiyyat İnstitutunu nişan verirdi. İlk ədəbi tənqidi məqalələrini həmin il, baş laborant işlədiyi vaxtlarda, dövrün ən nüfuzlu mətbuat orqanlarında dərc etdirmişdir. "Konfliktsizlik" simfoniyasının sədaları altında mürgüləyən ədəbi mühitin səmasında "Həqiqi poeziyanın xətrinə" adlı tənqidi yazı şimşək kimi çaxdı, göy gurultusunu andıran dalğavari əks-sədaları gündəmə çevrildi. "Nəşriyyatlarımızın buraxdığı onlarca kitabda əsl poeziya ilə "nəzm" arasındakı sərhədlər gözlənilmir. Oxucuya şeir adı altında təqdim olunan qafiyəli, vəznli söz yığını zövqləri korlayır" - deyə ədəbi məmura qarşı etiraz hayqırtısı qulaqlarda cingildədi. Çoxlarının (elə bu sətirlərin müəllifinin də!) yaddaşına əsl, həqiqi poeziyanın xətrini istəyən, qədrini bilən, təəssübünü çəkən gənc və istedadlı tənqidçinin imzası həkk olundu - Şirindil Alışanlı! 

Ötən yüzilliyin 70-80-ci illərində Nizami adına Ədəbiyyat İnstitutunun qaynar ədəbi mühitini formalaşdıran Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Bəkir Nəbiyev, Məmmədhüseyn Təhmasib, Yaşar Qarayev, Kamran Dadaşoğlu, Arif Hacıyev, Qasım Qasımzadə, Mirəli Seyidov, Qafar Kəndli, Azadə Rüstəmzadə və b. görkəmli alimlərin sıralarına gənc, coşğun, kükrəyən dağ çayına bənzər yeni qüvvələr: Vilayət Quliyev, Teymur Kərimli, Kamran Əliyev, Nizaməddin Şəmsizadə, Zaman Əsgərli, Şirindil Alışanlı və digər, eyni nəsli təmsil edən, güclü ədəbiyyatşünaslar dəstəsi daxil oldu.

Ş.Alışanlı təhsilini davam etdirməyə, elmi-nəzəri biliyini yüksəltməyə xüsusi önəm verdi. Ədəbiyyat İnstitutunun göndərişi ilə 1977-1980-ci illərdə Moskva şəhərində fəaliyyət göstərən M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda elmi təcrübəyə yiyələndi, dünya ədəbiyyatının qanunauyğunluqlarını, tarixi-ədəbi prosesini, bədii metod və ədəbi məktəblərini dərindən araşdırdı və mənimsədi. Bakıya, doğma instituta qayıtdıqdan bir müddət sonra bu elmi-tədqiqat müəssisəsinin elmi katibi vəzifəsinə seçildi və beş il (1982-1987) ona həvalə edilmiş missiyanı şərəflə, ləyaqətlə yerinə yetirdi...

Şirindil müəllimin "Mənəvi sabahın sorağında", "Bədii metodun tipoloji tədqiqi", "Milli realizmin tipologiyası", "İşıqlı poeziya", "Müasirlərimiz bədii ədəbiyyatda" və s. elmi-nəzəri aspektdə yazdığı məqalələrini hələ tələbəlik illərindən böyük diqqət və maraqla oxusam da, özü ilə 1986-cı ilin payızında şəxsən görüşüb tanış oldum: ucaboy, şux qamətli, gülərüz, zarafatcıl, qara, qalın saçlı, şümal bir oğlan idi. O vaxt institutun elmi katibi vəzifəsində çalışırdı və məni dissertasiya mövzusunun təsdiqi ilə əlaqədar Elmi şuraya dəvət etmişdi. Bir neçə yazımı "Ədəbiyyat və incəsənət"də dərc etmiş və həmin qəzetin şöbə müdiri işləyən Rəhim Əliyev mövzu məsələsində qayğılandı, haqqımda məlumat vermək üçün elmi katibə zəng vurdu. Məlum oldu ki, Şirindil müəllimdə dissertant haqqında geniş məlumatlar var... Elmi şurada mövzu ilə bağlı ilkin məlumatlar təqdim edildikdən sonra görkəmli ədəbiyyatşünaslar arasında ciddi polemika baş verdi... Suallara dissertantın cavabları qaneedici təsir bağışlasa da, nəticə bəlli olmadı. İclasdan sonra elmi katib mövzunun təsdiq olunduğunu bildirərək elmi işi sürətlə yazmağı mənə tövsiyə etdi. 

Sonralar Şirindil müəllimlə tez-tez görüşdük, eyni institutda işlədik, həmkarlıqdan əlavə uzaq səfərlərdə yol yoldaşı olduq. Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə 1994-cü ilin sentyabrında Bakıdan Bağdada gedən nümayəndə heyətinin tərkibində eyni avtobusla yola düşdük. Şirin, baməzə söhbətləri yol yoldaşlığına unudulmaz məziyyətlər əlavə edirdi. O, dərin biliyə, dünyagörüşə malik, safürəkli, səmimi, səxavətli, mərd, prinsipial şəxsiyyət idi. Onunla İraqın Bağdad, Kərkük, Kərbəla, Nəcəf, Kufə şəhərlərini ziyarət etdik, Məhəmməd Füzulinin qəbri önündə, İmam Hüseyn Məscid-məqbərə kompleksi qarşısında, Babil festivalında yadigar şəkillər çəkdirdik. Tehran, Urmiya (1995) səfərlərimiz də yaddaqalan xatirələrlə zəngin oldu. 

Şirindil müəllim Azərbaycanın müstəqilliyi ərəfəsində - 1990-cı ildə ilk müstəqil yayın evini - "Sabah" nəşriyyatını qurdu, təsis etdi. Yaratdığı yeni müəssisəyə ad seçərkən bəlkə də, 1977-ci ildə qələmə aldığı, "Azərbaycan" jurnalında nəşr olunan "Mənəvi sabahın sorağında" məqaləsinin sərlövhəsi dadına çatıb. Bu üç kəlməlik cümləni 34 il fasiləsiz fəaliyyət göstərən, milli kitab mədəniyyətimizə peşəkarlıqla xidmət edən "Sabah"ın manifesti də adlandırmaq olar. Vaxtilə nəşriyyatlarımızın yol verdikləri qüsurları, yanlışlıqları aradan qaldırmaq, oxucuların zövqünü yüksəltmək üçün daha müasir, məzmunlu, keyfiyyətli kitab nəşrini təşkil etmək qayəsi, amalı onun çatmaq istədiyi hədəflərdən idi. "Çırpınırdı Qara dəniz" (1992), "Tufanlardan keçən ömür" (1995) adlı ilk kitablarım "Sabah" nəşriyyatının zəhməti və qayğısı nəticəsində araya-ərsəyə gəlmişdir. 

Şirindil müəllim əsl söz adamı idi, amma yersiz, mənasız söz-söhbəti xoşlamazdı, sevməzdi. Sözü bütöv, sözünün üstündə dayanan, sözünün yerini bilən, sözün düzünü deyən, düz sözü üzə deməyi bacaran, sözün qədir-qiymətini artıran, sözün hikmətini və estetikasını dəyərləndirən, onun yaşamaq haqqını tanıyan söz sərrafı idi. Bu ölçülü-biçili qənaətlərə gəlmək üçün onun "Sözün estetik yaddaşı" (1992), "Romantizm: mübahisələr, həqiqətlər" (2000), "Sözün yaşamaq haqqı" (2022) adlı fundamental tədqiqat işləri yetərincə əsas verir. 

Yeri gəlmişkən, müəllif qəlbinin hərarətini, alim ruhunun səmimiyyətini özündə təcəssüm etdirən avtoqraflar müxtəlif zaman kəsimində yazılsa da, hər birində eyni ürək döyüntüsünün ritmi duyulmaqdadır: "Əziz Asif Rüstəmli üçün hədiyyə. 14.01.02. Ş.A.", "Köhnə dostum, eloğlum Asif Rüstəmliyə hədiyyədir. Ş.A. 04.05.2022", "Qarabağın ətrini, duzunu özündə təcəssüm etdirən Asif Rüstəmliyə hədiyyədir. Ş.A. 07.04.2023" və s.

Professor Şirindil Alışanlı 1992-2003-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Humanitar siyasət şöbəsinin müdir müavini, Nizami adına Ədəbiyyat İnstitutunda Nəşr və mətn sektorunun müdiri, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, Tarixi poetika şöbəsinin müdiri vəzifələrində çalışmış, 2003-cü ildən ömrünün sonunadək (14 mart 2024) - düz 21 il XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik etmişdir. 
"Sovet ədəbiyyatı şöbəsi" adı ilə bu qurum ilk dəfə Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin 15 oktyabr 1947-ci il tarixli (protokol №32) qərarı ilə yaradılmış, şöbənin ilk rəhbəri professor Mir Cəlal Paşayev təyin edilmişdir. Mir Cəlal müəllim şöbənin 1947-51 və 1957-61-ci illərdə müdiri vəzifəsində işləmiş, üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi" kitabının həmmüəlliflərindən biri olmuşdur. Ondan sonra şöbəyə müxtəlif vaxtlarda akademiklərdən Məmməd Cəfər Cəfərov, Məmməd Arif Dadaşzadə, Bəkir Nəbiyev, o cümlədən, Yəhya Seyidov, Qasım Qasımzadə, Arif Abdullazadə, Bədirxan Əhmədli başçılıq etmişdir. Professor Şirindil Alışanlıya qədər şöbənin böyük tarixi ənənələri təşəkkül tapmış, ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi, ədəbi tənqid yönümündə mühüm işlər görülmüşdür. Ş.Alışanlının şöbəyə rəhbərlik etdiyi dövrdə on cildlik Azərbaycan ədəbiyyatı tarixinin VII cildini (sovet dövrü) əhatə edən əsas icmallar və oçerklər yazılmış, Azərbaycan ədəbiyyatının ədəbi-nəzəri problemlərinin araşdırılmasına həsr olunmuş silsilə məcmuələr ("XX əsr Azərbaycan ədəbiyyatı məsələləri", I-IV kitablar) nəşr edilmiş, janrlar üzrə antologiyaların nəşrinə başlanılmışdır. Poeziyaya həsr edilmiş ilk dörd cild çap olunmuş, növbəti janrlar üzrə tədqiqat işləri davam etdirilməkdədir. 

XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsində professor Mir Cəlalın bünövrəsini qoyduğu, akademiklərdən - Məmməd Cəfər Cəfərovun, Məmməd Arif Dadaşzadənin və Bəkir Nəbiyevin davam və inkişaf etdirdiyi ənənələr prof. Ş.Alışanlının şöbə müdiri olduğu son 21 il müddətində formalaşdırılaraq daha da təkmilləşdirilmiş, müstəqillik dövrünün məfkurəvi, mədəni, mənəvi dəyərləri və meyarları nəzərə alınmaqla zamanın çağırışlarına cavab vermək əzmi, yaşamaq haqqı qazanmışdır. 

Prof. Şirindil Alışanlı böyük sözün, canlı poeziyanın, həqiqi ədəbiyyatın əvəzsiz xiridarı, bənzərsiz qədirşünası idi. Zaman keçdikcə onun ədəbiyyatşünaslıq elmimizdəki xidmətləri, ədəbiyyat tarixindəki uca və şərəfli yeri daha aydın görünəcəkdir.

SİZƏ MARAQLI OLA BİLƏR