Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Narıngül Nadirin yaradıcılığında qadın dünyası - Mənzər Niyarlı

01-05-2025 [ 11:12 ] [ oxunub:7 ]
printerA+ | A-

Narıngül Nadirin mətbuatda çap etdirdiyi, saytlarda paylaşdığı istər şeirlərini, istərsə də nəsrini həmişə izləyirəm. Onun ürəyə yatan, qısa, mənalı şeirləri ilə yanaşı nəsrini oxuduğuca diqqətimi cəlb edən əsas cəhət dilinin şirinliyi, üslubunun özünəməxsusluğu oldu. Şeirlərindəki kəndin və şəhərin hər fəslə uyğun təbiətinin təsviri – yağışın yağması, ağacların duruşu, payızda yarpaqların tökülüşü, yazda çöl cicəklərinin çəmənlikdə baş qaldırması, onların ətri oxucunu riqqətə gətirir.
Müəllif yaradıcılığa kiçik həcmli, lakonik hekayələrilə başlasa da, sonralar bir neçə povestini də nəşr etdirir. Yazarın əsərlərinin əsas qəhrəmanları qadınlardır, – desək yanılmarıq. Həm də o hər bir əsərində onların bir-birindən fərqli talelərini, hiss və həyacanlarını, duyğusal məqamlarını, həyatlarında baş verən təlatümlərini, kədər və sevinclərini, tənhalıqarını oxucuya təqdim etməyi bacarır. Elə götürək povestlərindən biri olan “Çilli qız”ı. Adından bəlli olduğu kimi əsərin qəhrəmanı da çilli qızın özüdür. Adını Səma qoysalar da hamı – evdəkilər, yaxınları onu üzündəki çillərə görə “Çilli” deyə çağırırlar.
Müəllif personajlarına ad qoyarkən onları çox vaxt xarici görkəminə, diqqət çəkən xasiyyətinə, hər hansı sözünə görə adlandırır (Bəzi kəndlərdə bu dəb şəkilini aldığı kimi). “Yuva” povestinin qəhrəmanı Günəş üzlü qadın, həmin əsərdə oğlunun ölümünə dözməyib özünü dənizə atmaq istəyən saçları uzun olan Saçlı, təkəbbürü ilə seçilən, biliyinə, savadına arxalanıb ailə qurmaqdan vaz keçən, onu sevən oğlana rədd cavabını verən Professor, şəhərdə azıb yolda tanış olduğu oğlana Adsız oğlan deməyi və s. Bu da müəllifin qəhrəmanlarının istər daxili, istərsə də xarici görkəmlərinin təsvirində böyük rol oynayır. “Çilli qız” povesti öz müasirliyi və aktuallığı ilə seçilir. Ümumiyyətlə, əsərin qəhrəmanı Səmayla tanış olanda istər-istəməz tez-tez eşitdiyimiz, rastlaşdığımız evdən qaçan qızlarımız göz önünə gəlir. “Hansı kənddənsə hansısa bir qiz ya ərini, ya da valideynlərini aldadaraq evdən gedib. Hara gedib bilinmir”. O evdən qaçan qızlardan biri də Səmadır. Qadın yazarımız əsəri yazarkən maraqlı bir sujet qurub. Kim olursa olsun insan heç vaxt öz isti yuvasından səbəbsiz qaçmaz. Anasının təkidilə sevmədiyi oğlana nişanlanan Səma gizlicə öz arzularının arxasınca şəhərə üz tutur. Təhsilini davam etdirmək, rəssam olmaq, həm də televiziyada görüb vurulduğu məşhur rəssamla görüşmək, çəkdiyi rəsmləri ona göstərmək istəyir. Demək, onun evdən qaçmağı səbəbsiz deyil. Çilli qız istəyinə nail ola bilirmi? Böyük çətinliklərlə, sosial problemlərlə, psixoloji sarsıntılarla üzləşən Səma rəssamla görüşsə də, rəssamın emalatxanasında işlə təmin olunsa da, bu uzun sürmür. Nə yaxşı ki, nabələd olduğu şəhərdə qayğıkeş insanlar da var. Makla Anya. Qız təsadüf nəticəsində yaxşı, xeyrxah insanlara rast gəlir.
Müəllif əsəri Çilli qızın evdən qaçıb şəhərə gəlməyini və şəhər vağzalında ürək döyüntüsü ilə ətrafını seyr etməyini, eyni zamanda vağzalın təsviri, onun görünüşü, küçədə yerləşən vaqon-bufeti idarə edən Qafarla, arvadı Düsyala necə tanış olmağı ilə başlayır. Narıngül xanım vağzalda Çilli qızı “küçəyə azdırılmış pişiyə” oxşadırdı. “Vağzal yenə oyaqdı, dipdiridir. Elə bil qulağını şəkləyib nəyisə gözləyirdi”. Doğrudan da bu yerdə doğmalarını gözləyən insanlar kimi vağzalın özü də sanki kimisə gözləyir.
Narıngül xanımın əsərlərində bir səmimiyyət var. O əsərlərini yazarkən bir müəllif kimi qəhrəmanlarının həyatına müdaxilə etmir. O, qələminin arxasında gizlənib onların başına gələn hadisələri sanki uzaqdan müşahidə edir. Ziyalı təhkiyəsi və təmkini ilə əsərlərini ətə, qana doldurur. Hörmətli yazarçımız Anar müəllimin “Çılli qız” əsərinə yazdığı ön sözdə dediyi kimi: “Müəllif real həyat həqiqətlərini özünəməxsus üslub və aydın, səlist dillə qələmə alıb. Onun nəsrində insan psixologiyasının bədii dillə ifadə edilməsi, dərin müşahidə detalları, oxucunu təsirləndirmək və inandırmaq kimi xüsusiyyətlər ilk abzasdan özünü büruzə verir. Ən əsası isə bu əsərlərdə bir səmimiyyət var”. Doğrudan da təbiilik müəllifin yaradıcılığında önəmli yerlərdən birini tutur.
“Çilli qız”da biz həm də naqis adamlarla da rastlaşırıq. Səmanın qohumunun evini alan kişinin qıza təcavüz etmək istəməsi, ancaq niyyətinin baş tutmaması, qızın nabələd şəhərdə ilk günlər keçirtdiyi sarsıntılar və bir təsadüf nəticəsində səfil həyat sürən ər-arvada Makla Anyaya rast gəlməsi və onlar sonda öz evlərini Çilli qıza bağışlamasının şahidi oluruq. Əsərin sonunda Səma böyük çətinliklər bahasına arzularına çatır.
Müəllifin qadın qəhrəmanlarının əksəriyyəti xarakter etibarı ilə romantikdir.
Yazarımız qadınların həyatı ilə bağlı seçdiyi mövzularda mənəvi-əxlaqi problemlərə toxunur. “Yuva” povestində olduğu kimi. Müəllif bu əsərindəki qəhrəmanların həyatlarının ən duyğusal, düşündürücü məqamlarını vermək istəmişdir. “Yuva” da qoyulan problem olduqca təsirli və düşündürücüdür. Bildiyimiz kimi ailəli kişilərin başqa qadına meyllənməyi, öz halal, təmiz həyat yoldaşına xəyanət etməyi adi hal alıb. İşsiz olan və pul sarıdan çətinlik çəkən kişinin Günəş üzlü qadına meyl salmağı və tez-tez onun evinə getməyi diqqət çəkir. Günəş üzlü qadın kişini sevsə də, başqa imkanlı iş adamıyla puluna görə görüşür. Kişi təsadüfən qadının xəyanətinin şahidi olur və sonda səhvini başa düşüb ailəsinin yanına qayıdır.
Müəllif hər bir əsərində, qadın mənəviyyatında baş verən təlatümləri, iztirabları, tənhalıqları, sevinc və sarsıntıları təsvir etməyi bacarır. Onun yaratdıqları qadın personajlarını tipikləşdirilmiş obrazlar qalereyasına salmaq olar. Bu qadınlardan biri də (Professor) təkəbbürlüyü ucbatından onu sevən qrup yoldaşına rədd cavabı verib, sonda tənhalığının əzabını çəkən professor xanımdır. Və yaxud başqa diqqət çəkən “Ağrı” hekayəsindəki müharibədə yaralanıb xəstəxanada əli biləyindən kəsilmiş oğlunun dərdini çəkən ana obrazıdır. Oğlunun kəsilmiş biləyi yadına düşəndə bu vaxt ananın da istər-istəməz sağlam biləyi ağrıyır. Bu dərdi ürəyində gəzdirən qadın ikinci ağrıyla rastlaşır. Əsir düşən erməni oğlanın aqibəti onu narahat edir. Erməni əgər təsadüfən (ananın yaşadığı kənd sərhəd zonasında yerləşir) yolu azaraq sərhədi keçibsə öz evinə yola salınacaq, yox, əgər kəşfiyyata gəlibsə o da ananın oğlu kimi cəzalanacaq. Ananı düşündürən isə “Görən, onundamı əlini biləyindən kəsəcəklər?” sualıdır. Narıngül xanım qadının iztirablarını verməklə yanaşı, həm də onun simasında Azərbaycan qadınının humanistliyini – erməni millətindən olan əsgərin taleyinə biganə qalmamağını da göstərmək istəmişdir. İstedadlı yazarımız Narıngül Nadirin qadın dünyasına həsr etdiyi yuxarıda adlarını çəkdiyimiz “Professor”, “Ağrı” hekayələri ilə yanaşı “Uğur böcəyi”, “Güzgüdəki qadın”, “Pul qabı”, “Qar çiçəyi” və.s əsərləri də istər mövzu cəhətdən, istərsə də bədiilik baxımından təsirli və yaddaqalandır.
 

SİZƏ MARAQLI OLA BİLƏR