Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Milli Hökumət dövrü Həsən Həsənovun xatirələrində - Rəhim Əliyev yazır

24-04-2025 [ 10:29 ] [ oxunub:9 ]
printerA+ | A-

(Əvvəli ötən sayımızda)

Həsən Məmməd oğlu Həsənov 1904-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində doğulmuş, buradakı rus-tatar məktəbində oxumuş, sonra isə orta təhsilini Qaryagindəki ikinci dərəcəli məktəbdə tamamlamışdı. Zəngəzur qəzasında Kommunist gənclər hərəkatında fəal iştirak etmiş, təhsilə, xüsusilə rus dilinə böyük maraq göstərmişdi. O vaxt rus-tatar məktəbləri əsasən rus dilini öyrədirdi. Orta təhsilini tamamladıqdan sonra 1929-cu ildə Ağdam Partiya təşkilatı onu Moskvaya, Krupskaya adına Kommunist Tərbiyəsi akademiyasına təhsilə göndərir, 1932-ci ildə oranın kütləvi təşviqat şöbəsini bitirib vətənə qayıdır. Onu Qasım İsmayılov raykomuna təbliğat və təşviqat şöbəsinə müdir göndərirlər. Burada fəallığı, rus dilində arayışlar tərtib edə bilməsi ilə fərqlənir. 30-cu illərin əvvəllərində bunu bacaran yerli kadrlar çox az idi, bu işi ruslar və yəhudilər görürdü.

1934-cü ildə M.C.Bağırov AK(b)P-nin birinci katibi seçiləndə H.Həsənovu MK aparatında görürük. Yeni katib digər işçilər kimi, onun da bioqrafiyası ilə tanış olub onu aparatda saxlamaq qərarı verir. Buradan da memuarların roman kimi oxunan siyasi hissəsi başlanır. O zaman azərbaycanlı kadrlar rus və ermənilərə yarınmaqla özlərini qoruyurdular. Bağırova isə birinci katib olandan sonra yerlilərdən olan sadiq adamlar lazım idi, bunsuz aparatda işləmək olmazdı. H.Həsənov isə öz fanatik zəngəzurlu düzpərəstliyi ilə bu işə yarayırdı. O, M.C.Bağırov haqqında rəğbətlə, amma emosiyalara yol vermədən, öz obyektivliyinə inamla yazır. Ən xırda tapşırıqlara da prinsipiallıq göstərir və rəhbərin xırdaçılığına haqq qazandırır. Nəhayət, illər keçdikcə H.Həsənovun da elastik bir aparatçıya necə çevrildiyini müşahidə edirik. M.C.Bağırovu isə memuar boyu xroniki nevrozdan əziyyət çəkən, boş yerdə problem yaradıb həll edən orta səviyyəli icraçı məmur kimi görürük.

1935-ci ildə Azərbaycan MK-si Həsən Həsənovu Moskvaya Qırmızı Professura institutuna göndərir, 1938-ci ildə Bakıya qayıdır və Partiya Tarixi institutuna əvvəlcə direktor müavini, sonra isə direktor təyin olunur. Bu təyinatla M.C.Bağırov özünü erməni, rus, yəhudi aparat yazarlarının monopoliyasından xilas edir. Ciddi partiya tədbirlərindəki çıxışlarının, imzaladığı arayışların hazırlanmasında və son redaktəsində Həsən Həsənov iştirak etməyə başlayır. 1944-cü ilin aprelinə qədər Azərbaycan MK aparatında şöbə müdiri, katib, üçüncü katib və sair vəzifələrdə çalışır.

lll

1944-cü ilin aprelində Həsən Həsənov azərbaycanlı ziyalı və hərbçilərin ikinci qrupunun rəhbəri kimi Cənubi Azərbaycana işə göndərilir. Bu tam məxfi partiya və dövlət əməliyyatı olubdur. Ona görə memuarında bu barədə təxmini ifadələrlə danışır, amma mətndən nədən söhbət getdiyini anlamaq mümkündür. 1941-1942-ci illərdə İrana ezam olunmuş birinci Azərbaycan qrupunun rəhbəri AK(b)P-nin üçüncü katibi, görkəmli dövlət xadimi Əziz Əliyev idi. O, Dağıstanın Partiya təşkilatına rəhbər göndəriləndən sonra Bakıda üçüncü katib yeri boş idi. Protokola görə İrana partiya işinə gedən qrupun rəhbəri azı respublika partiya MK-sının üçüncü katibi olmalı idi ki, partiya xətti ilə rəhbərlik səlahiyyəti olsun. Həsən Həsənov Təbrizə getmək ərəfəsində bu vəzifəyə seçildi. Üçüncü katib kənd təsərrüfatına və səhiyyəyə baxırdı. Onun yeni təyinatı 1943-cü ilin baharın axırında baş verdi. H.Həsənov Azərbaycan rəhbərinə həmin ilin kənd təsərrüfatı məhsulunu itkisiz toplamaq və dövlət anbarlarına təhvil vermək üçün lazım idi. O zaman kəndlərdə acından ölənlər az deyildi, amma biçilmiş zəmi yerindən bir sünbülü evə aparmağa görə on il həbs verirdi məhkəmələr. H.Həsənov lazım gələndə sərt, partiya siyasətini hərfən anlayan tipik bolşevik idi. 23 yaşacan yarımköçəri maldar ailəsində, at belində böyümüşdü, kənd yerlərinə həvəslə gedir, hər xırdalıqlara müdaxilə edirdi, təftişi xoşlayır, Bakıya qayıdıb hər şeyi Bağırova danışırdı. Onlar arasında oxşarlıq çox idi.

Lakin maraqlı olan İ.Stalinin idarə üslubu idi. Rəhbər İranda Kommunist çevrilişinə hazırlaşırdı, H.Həsənov və onlarla digərləri bu işə cəlb olunmuşdu. Amma onlar heç biri çevriliş planı barədə dəqiq məlumata malik deyildilər. Nə üçün? Ona görə ki, çevrilişi icra edənlər belə onu təşkil olunmuş hadisə kimi yox, İranda kommunist və demokratik hərəkatların nəticəsi kimi qəbul etməli idi. Bu, Moskvadan idarə olunan Dünya Kommunist hərəkatının zorakı və qanlı üzünü gizlətməli, onun hərbi yolla icra olunmasını pərdələməli idi.

Üçüncü katib seçiləndən sonra H.Həsənov SSRİ Xarici işlər Nazirliyinin xətti ilə Təbrizdə vitse-konsul təyin edildi. Bu vəzifə diplomatik status verir və H.Həsənovun İranda həbsi ehtimalını aradan götürürdü. Bu fakt göstərir ki, onun İrana qrup rəhbəri kimi getməsi barədə qərar onun xəbəri olmadan İ.Stalin və M.C.Bağırov tərəfindən artıq qəbul edilmişdi. Amma məxfilik protokollarına görə qəbul edilən qərarlar bolşevik aparatında gizli saxlanırdı. Həsən Həsənov memuarında İranla bağlı əksər qərarları M.C.Bağırovun iradəsi kimi təqdim edir. Amma Rusiya diplomatiya tarixçiləri, bizdə isə Cəmil Həsənli arxivlərdəki konkret faktlarla sübut edirlər ki, İranla bağlı ən xırda qərarları belə İ.Stalin özü qəbul edirdi. Kommunist hərəkatını dünyaya yaymaq onun hobbisi idi. O, tək İranda yox, Çində, Almaniyada, İtaliyada, Fransada və bir çox digər ölkələrdəki Kommunist hərəkatları ilə gündəlik məşğul idi.

Ona görə H.Həsənovun üçüncü katib seçilməsi, şübhəsiz ki, İ.Stalinlə razılaşdırılmışdı. Lakin İ.Stalin istəmirdi ki, Azərbaycan KP aparatındakı çoxlu iranlı kommunist bu işlə onun şəxsən məşğul olduğunu bilsin, bu, səhəri gün İran bazarlarında belə hamıya məlum olardı. Bunu 1921-ci ildən bolşevik çekasında işləyən M.C.Bağırov da gözəl anlayırdı. O, Bakıda İ.Stalinin kölgəsi idi. Ümumiyyətlə, Milli Hökumət dövrünü öyrənən hər kəs bilməlidir: Milli Hökumət layihəsində hansısa Azərbaycan vətənpərvərinin ideya müəllifi kimi iştirakı, o sıradan M.C.Bağırovun vətənpərvərliyi haqda söhbətlər mifdir. Onun üçün İ.Stalinin bütün tapşırıqları müqəddəs idi, soyuqqanlılıqla icra edilirdi. Milli Hökumət qurulan mərhələdə də, 1946-cı ilin martından ləğv edilən mərhələdə də belə idi.

Memuarlardan bir məsələ də aydınlaşır. Bu, İran Kommunist Partiyasının idarə olunmasıdır. 1941-1946-cı illərdə bu səlahiyyət Moskvada qalırdı.M.C.Bağırova İranla bağlı böyük səlahiyyətlər verilməsinə baxmayaraq, onun İran Kommunist partiyası ilə heç bir rəsmi münasibətləri yox idi. İrana göndərilən hər üç hərbi və məmur desantı Azərbaycan K(b)P aparatında formalaşdırılırdı. Birinci və ikinci desantlara (1941-1942 və 1944-cü il qrupları) ümumi rəhbərliyi SSRİ-nin İrandakı səfirliyi həyata keçirirdi. Lakin üçüncü desant qrupu, yəni Muxtar Milli Hökumətin qurulması işi Bakı şəhərində oturan M.C.Bağırov tərəfindən idarə olunurdu. Bu mərhələdə SSRİ-nin İrandakı səfirliyi hərəkatın idarə olunmasında nəinki iştirak etmir, əksinə, ona qısqanclıqla yanaşırdı. H.Həsənovun gündəliklərində bu barədə xeyli epizodlar vardır. Belə vəziyyətin bir səbəbi məxfiliyinin qorunması, digəri isə Cənubi Azərbaycandakı hərəkatın dünyadakı Kommunist partiyalarına Milli azadlıq hərəkatı kimi təqdim etmək istəyi idi.

Milli Hökumət layihəsinin hazırlanıb həyata keçirilməsini birbaşa M.C.Bağırov icra edirdi. Bu, birinci, hadisələri Cənubi Azərbaycanda milli hərəkat kimi təqdim edir, ikinci, Moskvanın təşkilatçılığını pərdələyir, üçüncü, İran Kommunist partiyasını gələcək üçün kənarda saxlayırdı. Məsələn, Milli Hökumət layihəsindən əvvəl Şahsevən tayfa başçıları ilə Bakıda Azərbaycanın rəhbəri olan M.C.Bağırov görüşmüşdü. Eyni münasibətlə Bağırov Bakıda Əli Şəbüstəri ilə görüşmüşdü, bu barədə H.Həsənovun memuarında qeydlər var. O, İran Kommunist partiyasının azərbaycanlı fəallarından idi. Bu detallar göstərir ki, Milli Hökumət üçün kadrlar seçilməsini, onların təyinatı məsələlərini də iranlı inqilabçılar M.C.Bağırovdan eşidirdilər. Lakin Bağırov təyinatları ancaq icra edirdi, onlar barədə qərarlar istisnasız olaraq Moskvada İ.Stalin tərəfindən qəbul edilirdi.

Bu baxımdan memuarlarda H.Həsənovun Azərbaycan rəhbəri M.C.Bağırovla bir vaxtlar İran Kommunist partiyasının birinci katibi olmuş M.C.Pişəvərinin təsdiq görüşü barədə qeydləri çox maraqlıdır. Mətndən görünür ki, H.Həsənov bu barədə bildiklərini tam açıqlamır, amma qeyd edir ki, 1945-ci ilin yayında Pişəvərinin İran Kommunist partiyasının rəhbərləri ilə münasibətləri pis idi. Güman ki, bu da onun Milli Hökumət quruculuğuna rəhbər təyin edilməsinə təsir edən səbəblərdən olub.

1941-1946-cı illərdə SSRİ və İ.Stalin İran siyasətinə çox böyük maddi vəsaitlər sərf etmişdi. Mərhum tədqiqatçı Cavanşir Vəkilovun "1920-1940-cı illərdə Azərbaycan-İran mədəni əlaqələri" kitabını (Bakı, Elm, 1978) vərəqləyəndə heyrət edirsən: 1941-1946-cı illərdə SSRİ-də adamlar acından öldüyü halda İ.Stalin nə üçün İranda bu qədər vəsait xərcləyib? Yəqin, güman edib ki, Dünya Kommunist hərəkatının qələbəsi acından ölənlərin taleyindən çox-çox önəmlidir.

lll

H.Həsənovun memuarında Milli Hökumətlə bağlı "İran gündəlikləri"ndə olmayan detallar var və onlar baş verənlərin tam xronikasını bilmək üçün çox mühümdür. Bunlardan birincisi odur ki, SSRİ-nin və İ.Stalinin 1944-cü ildə İranda şah rejimini ləğv edib respublika yaratmaq, ikinci mərhələdə kommunistləri hakimiyyətə gətirmək planı olubdur. Həmin ilin aprel-dekabr aylarında bu plan həyata keçirilməyə başlayıb, H.Həsənov başda olmaqla Azərbaycan SSR kommunistlərindən ibarət dəstə Cənubi Azərbaycanda bu işdə iştirak edibdir.

Bu iştirak barədə memuarında H.Həsənov xeyli maraqlı detallar verir. İrandakı məxfi missiya ilə bağlı Azərbaycan MK-sı xətti ilə onunla İrana gedəcək yoldaşlarla birgə Moskvada xüsusi kursları keçib, İranın iqtisadiyyatını, siyasi quruluşunu, etnik tərkibini, oradakı Kommunist partiyasının tarixini öyrənib. Həmçinin məxfi operativ işin əsaslarını mənimsəməyə çalışıb.

(Ardı var)

SİZƏ MARAQLI OLA BİLƏR