AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayevin “Kərküklü Növrəs Qədim (Həyatı və yaradıcılığı, “Tarixçeyi-Növrəs” əsəri, qəzəlləri)” adlı kitabı işıq üzü görüb. Kitabda müəllifin XVIII əsr İraq-türkman ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəzar Növrəs Qədimin həyat və yaradıcılığı, eləcə də qədim Azərbaycan şəhəri olan İrəvan haqqında yazdığı “Tarixçeyi-Növrəs” əsəri ilə bağlı araşdırmaları yer alıb.
Orxan İsayev XVIII əsrdə Osmanlı və Səfəvi qoşunlarının İrəvan uğrunda mübarizəsindən bəhs edən “Tarixçeyi-Növrəs” əsərini əski osmanlıcadan Azərbaycan dilinə çevirərək kitabın ikinci hissəsində oxuculara təqdim edir. Bundan əlavə, kitabda görkəmli şairin türkdilli “Divan”ından seçilmiş qəzəllər də öz əksini tapıb. Orxan İsayevin “Kərküklü Növrəs Qədim (Həyatı və yaradıcılığı, “Tarixçeyi-Növrəs” əsəri, qəzəlləri)” kitabı klassik İraq-türkman ədəbiyyatı ilə bağlı yazılmış ilk kitabdır.
Kitabın elmi redaktoru və məsləhətçisi Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, Ön sözün müəllifi “Kərkük Kültür Dərnəyi”nin rəhbəri Dr.Şəmsəddin Kuzəçi, rəyçiləri filologiya üzrə fəlsəfə doktorları İsmixan Osmanlı, Kübra Quliyeva və Elnur Mustafayevdir.