XII əsr Azərbaycan şairi Nizami Gəncəvi "Xəmsə"sini açan ilk əsər - "Sirlər xəzinəsi" məsnəvisi Şərq ədəbiyyatındakı əxlaqi, fəlsəfi-didaktik poeziyanı mövzu və ideya baxımından yeni mərhələyə yüksəltməklə yanaşı, türk dövlətçilik ənənələrinin, dərin sosial-siyasi məsələlərin, məsələn: dövlətin idarə olunması, hökmdar-xalq, hökmdar-məmurlar-rəiyyət, ordu və qoşuna diqqət və s. kimi hər zaman aktuallığını qoruyub saxlayan mətləblərin nəzəri və illüstrativ şəkildə işləndiyi, bədii sözün məcaz imkanlarını sərgiləyən ölməz sənət əsəridir. Orijinal adı dövrün ədəbi ənənəsinə əsasən ərəb dilində "Məxzənül-əsrar" olan məsnəvi şairin milli təfəkkür və düşüncə tərzinin, dil və üslub özəlliklərinin öyrənilməsi, epik şeir şəklinin inkişaf trayektoriyasının izlənilməsi baxımından da əhəmiyyətlidir.
Nizaminin Ərzincan hökmdarı Məlik Fəxrəddin Bəhram Şah ibn Davuda ithaf etdiyi ilk epik əsəri yazıldığı dövrdən elm və sənət bilicilərinin, söz xiridarlarının diqqətini cəlb etmiş, XIII yüzillikdən başlayaraq ona nəzirə və cavablar, şərh və izahlar yazılmış, əsər zaman-zaman bir çox dillərə tərcümə olunmuş, nəsr variantları işlənib hazırlanmışdır. Zamanın ədəbi zövqünə və tələblərinə uyğun olaraq fars dilində qələmə alınmış "Sirlər xəzinəsi"ni bu gün dünyanın bir çox xalqları öz dillərində oxuya bilirlər. Məsnəvinin xarici dillərə ən məşhur tərcümələri isə Qriqori Viktoroviç Ptitsın (parçalar), Konstantin Lipskerov, Sergey Vasilyeviç Şervinski, Marqarita Şaginyan, Rüstəm Əliyev (filoloji) tərəfindən rus dilinə, Ales Baçilo və Qriqori Nexay tərəfindən belorus dilinə edilmiş poetik çevirmələrdir. Əsər ingilis dilində Qulam Hüseyn Darabın tərcüməsində işıq üzü görmüşdür.
"Sirlər xəzinəsi"nin ən çox istinad edilən elmi tənqidi mətnlərini Əbdülkərim Əlizadə, Vəhid Dəstgirdi, Bəhruz Sərvətyan və Barat Zəncani hazırlamışlar.
Ədalət naminə qeyd etmək lazımdır ki, əsərin ən uğurlu tərcümələri məhz türk xalqlarının dillərinə edimiş çevirmələrdir. Bu da təbiidir: çünki türk hansı coğrafiyada və dövrdə olursa-olsun, prinsip etibarilə eyni cür düşünür və bir türk mütəfəkkir-şairi də məhz bir türk düşüncə insanı incəliklərinə qədər anlayıb dərk edə bilər.
"Mənbələr şairin "Sirlər xəzinəsi" əsərinin XVI əsrdə Üskublu Şəm tərəfindən mənsur şəkildə tərcümə edilərək şərh olunduğunu göstərir" (Araslı Nüşabə. "Yeddi gözəl" Əmin Yümni tərcüməsində. // AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu, "Elmi əsərlər", № 2 (9), 2019, səh. 3.). XX əsrdə Türkiyə alimi Mehmet Nuri Gənc Osman da "Sirlər xəzinəsi"ni orijinal qaynaqlar əsasında Türk dilinə nəsrlə tərcümə etmiş və həmin tərcümə 1946 (Ankara: Milli Eğitim Bakanlığı), 1960 (Ankara: Ankara Üniversitesi), 1964 (Ankara), 1986 (Ankara), 1990 (Ankara-İstanbul: Milli Eğitim Bakanlığı) və 2019-cu (İstanbul: Ataç Yayınları) illərdə nəşr olunmuşdur. 2019-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Azərbaycan Kitablarının Dünyada Tanıdılması Layihəsi" çərçivəsində Yurtseven Şen Nizami "Xəmsə"sinə daxil olan digər əsərlərlə yanaşı, "Sirlər xəzinəsi"ni də Xəlil Rza Ulutürkün Azərbaycan dilinə tərcüməsi əsasında müasir Türkiyə türkcəsinə uyğunlaşdırmışdır (İstanbul: Zəngin Yayıncılık).
Əsərin Azərbaycan dilinə filoloji tərcüməsi professor Rüstəm Əliyevə məxsusdur. Süleyman Rüstəm, Abbasəli Sarovlu, Xəlil Rza Ulutürk, Xəlil Yusifli, Mir Cəlal Zəki kimi dövrünün görkəmli şair və alimləri isə məsnəvini Azərbaycan dilinə poetik tərcümə etmişlər. Mir Cəlal Paşayev bəzi hekayələrin nəsr variantını işləyib hazırlamış, dosent Siracəddin Hacı əsərə on cildlik şərh yazmışdır. "Sirlər xəzinəsi"nin türk xalqlarının dillərinə tərcüməsindən danışarkən özbək ədibi Jamol Kamolun da (Toşkent: Kamalak naşriyoti, 2016) çevirisini mütləq qeyd etmək lazımdır.
Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başladığı bir il ərzində mədəniyyətimiz və ədəbiyyatımızın, sənət və söz xadimlərimizin yaradıcılıqlarının təbliği və tanıdılıması, yayılması və öyrənilməsi sahəsində çox dəyərli layihələr həyata keçirməkdə davam edir. Xüsusilə, Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin Türkiyə türkcəsinə tərcüməsi və nəşri, onların qardaş ölkənin elmi-ictimai mühitində təqdimat mərasimlərinin keçirilməsi istiqamətində Mərkəz bir çox tədbirlər həyata keçirmiş və bu sahədəki işlər davam etməkdədir. Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və dəstəyi ilə həyata keçirilən layihələrdən biri də Nizami Gəncəvi "Xəmsə"sinin orijinaldan Türkiyə türkcəsinə tərcümə və nəşr edilməsidir. Artıq beşliyə daxil olan "Sirlər xəzinəsi" və "İskəndərnamə" əsərlərinin tərcümə və nəşri başa çatmışdır.
Bu il (2025) Türkiyənin nüfuzlu nəşriyyatlarından olan Dərgah Yayınlarında işıq üzü görmüş "Sirlər xəzinəsi"nin (və digər məsnəvilərin) tərcüməsini Atatürk Universitetinin professoru, Fars dili və ədəbiyyatı kafedrasının müdiri Nimet Yıldırım həyata keçirmişdir. Prof. Nimet Yıldırım klassik Şərq ədəbiyyatı və onun tərcüməsi sahəsində çox dəyərli işlərə imza atmış və bu sahədə kifayət qədər təcrübəsi olan tanınmış alimlərdəndir. Nizami Gəncəvi əsərlərinin tərcüməsinin məhz prof. Nimet Yıldırıma həvalə edilməsi, fikrimcə, olduqca doğru bir seçimdir. Qeyd etmək lazımdır ki, işin nəticəsi də bu fikri bir daha təsdiq edir.
Qədim ənənələri olan tərcümə sənəti ədəbi yaradıcılığın əhəmiyyətli və məsuliyyətli sahələrindən biridir. Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, "Tərcümə, amma həqiqi bir tərcümə təlifdən və təsnifdən daha müşküldür. Çünki təlifdə fikir və mənalar yazanındır. Onları istədiyi qəlibə tökə bilər və zehni ancaq məqamı ifadə edə biləcək ləfzləri aramaqla məşğuldur. Halbuki tərcümədə zehni iki şeylə məşğul olmaq məcburiyyətindədir. Bir ifadənin tərkib və tərdifi, bir də tərcümə olunan əsərin mənasının bəkarətini mühafizə. Ancaq bu iki nöqtədə müvəffəq olan mütərcimlərdir ki, gözəl tərcümə edə bilərlər" (Məhəmməd Əmin Rəsulzadə. "Tənqid və təqriz". / "İqbal" № 497. 5 noyabr 1913). Ayrı-ayrı kəlmə və sözlərin bütün semantik imkanlarından fövqəladə məharətlə istifadə etmiş Nizami Gəncəvi kimi dili misilsiz bədiiliyi və obrazlılığı ilə fərqlənən, məcazlarla, orijinal söz birləşmələri ilə süslənmiş, dərin fəlsəfi fikirlərinin şərhi üçün cildlərlə kitablar yazılmış və məhz elə bu səbəbdən də başqa dilin leksik fondu ilə ifadə edilməkdə çətinliklər yaşanan sənətkarların əsərlərini isə tərcümə etmək ikiqat çətin və məsuliyyətli işdir. "Və nəhayət, Nizami poeziyası tərcüməçilərinin qarşısında dayanan çətinliklərdən biri də şairin əsərlərində həddən ziyadə çox olan obrazlar bolluğunun hamısının verilməsidir" (Yelena Teyer. Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının rus dilinə ilk poetik tərcümələri. / Nizami Gəncəvi Almanaxı. I Kitab. Bakı: "Zərdabi Nəşr" MMC, 2019. s. 143). Bu çətinliyi Nizaminin əsərlərini tərcümə və təhlil etməyə çalışmış akademik Yevgeni Eduardoviç Bertels, professorlar - Rüstəm Əliyev, Andrey Yevgenyeviç Bertels, Yuri Dmitriyeviç Qranin və digər alimlər də etiraf etmişlər.
Odur ki, professor Nimet Yıldırımın üzərinə götürdüyü Nizami Gəncəvi "Xəmsə"sinin, xüsusilə də, şairin ən dərin fəlsəfi əsəri hesab olunan "Sirlər xəzinəsi"nin tərcüməsi kifayət qədər elmi biliklərə sahib olmağı, dilin leksik fonduna, semantik qatlarına, ayrı-ayrı sözlərin məna çalarlarına dərindən bələd olmağı, poetika və şeir sənətinin incəliklərinə vaqif omağı tələb edən çətin və məsuliyyətli bir işdir.
Prof. Nimet Yıldırım tərcüməni nəsrlə nəzmin növbələşməsi şəklində həyata keçirmişdir və qeyd etmək lazımdır ki, tərcüməçi burada stabil bir prinsipə riayət etmişdir. Orta əsrlərdə yazılmış digər əsərlər kimi, "Sirlər xəzinəsi" də ənənəvi başlıqlarla - tovhid, minacat, nət, kitabın yazılması səbəbi kimi hissələrlə başlayır və əsərdəki bu hissələr nəzmlə tərcümə olunmuşdur. Məsnəvinin hekayə bölümləri nəsrlə tərcümə edilmiş, hər bir hekayədən çıxan tərbiyəvi-didaktik qənaətlər, şairin özünə və müasirlərinə ünvanlanmış şəkildə qələmə alınmış öyüd-nəsihət məzmunlu lirik ricətlər və məqalatlar isə nəzmlə verilmişdir.
Kitab iki bölümdən ibarətdir və bu bölümləri şərti olaraq tədqiqat və tərcümə fəsilləri adlandırmaq olar. Prof. Nimet Yıldırım birinci hissədə Nizami Gəncəvinin sənəti, yaradıcılığı, "Sirlər xəzinəsi"nin mövzusu, yazı dili və üslubu, məzmunu, əsərə yazılmış nəzirələr haqqında bəhs etmişdir. Alim Azərbaycan və Türk dünyasının fəsahət və bəlağət ustası Nizami Gəncəvinin şeir və sənətin, hikmətli sözün yüksək zirvəsində dayandığını və onun fəth etdiyi yüksəkliyə ulaşa biləcək başqa bir şairin hələ yetişmədiyini həm öz araşdırmaları və qənaətləri, həm də digər alimlərin əsərlərindən gətirdiyi sitatlarla isbatlamışdır.
Kitabın sonunda məsnəvidə adıçəkilən tarixi şəxsiyyətlərin adlarından ibarət isimlər sözlüyü də verilmişdir.
Ağır zəhmət bahasına, Nizaminin öz sözlərilə desək, "can bahasına" ərsəyə gəlmiş, ədəbiyyat və mədəniyyətimiz üçün olduqca dəyərli kitabın tədqiqat hissəsindəki bəzi məqamlar üzərində dayanmağa ehtiyac olduğunu düşünürük:
Prof. Nimet Yıldırım tərcümə zamanı istifadə etdiyi mətnləri sadalamışdır. Təəssüf ki, onların sırasında Azərbaycan alimi Əbdülkərim Əlizadənin hazırladığı elmi-tənqidi mətn (Redaktor: Yevgeni Eduardoviç Bertels. Bakı: Azərbaycan Respublikası Elmlər Akademiyası, 1960. 263 s.) yer almamışdır. Adıçəkilən nəşr Nizami Gəncəvi əsərlərinin sanballı və etibarlı əlyazmaları - Paris Milli Kitabxanası, Oksford Bodleyn Kitabxanası, London Britaniya Muzeyi, Leninqrad Dövlət Ermitaj Muzeyi, Leninqrad Şərqşünaslıq İnstitutu və s. kimi nüfuzlu kitabxanalarda qorunub saxlanılan əlyazmaları əsasında hazırlanmışdır və şairin əsərlərinin ən mötəbər nəşrlərindən sayılır.
Hörmətli alim və tərcüməçi Nimet Yıldırım "Sirlər xəzinəsi"ndəki hekayələrin məzmun özəlliyindən bəhs edərkən, "Sultan Səncər və qarı" hekayəsi haqqında yazır: "Sultan Sencer Gence`ye komşu Abhaz`a hiç gelmemiş olsa da Nizami hayali bir hikaye ile kocakarının, Sencer`e itirazlarını olağanüstü ifadelerle dillendirmektedir" (Nizami Gencevi. Sırlar Hazinesi. Çeviren: Nimet Yıldırım. İstanbul: Dergah Yayınları, 2025. s. 37). Alimin bu izahından elə anlaşılır ki, sanki hekayədəki hadisələr Abxazda (Gürcüstanda) baş vermişdir. Çox güman ki, tədqiqatçının bu qənaətə gəlməsinə səbəb hekayədə aşağıdakı beyt olmuşdur:
Yetimlərin malını qəsb etmək (yaxşı) iş deyil,
Ondan əl çək, o ki Abxaz qarəti deyil.
Məsələ burasındadır ki, əsərlərində dövrünün tarixi-siyasi hadisələrini, hətta təbii fəlakətlərini xatırlayan, ictimai xadimlərə, sələfi və müasiri olmuş sənət insanlarına münasibətini bildirən Nizami Gəncəvi bu beytdə də Azərbaycan tarixi ilə bağlı bir hadisəyə təlmih yolu işarə etmişdir. Belə ki, hekayədə işlədilən "Abxaz yağması" ifadəsi ilə şair qarının dili ilə ölkədəki vəziyyəti, şihnələrin, darğaların özbaşınalığını 1139-cu ildə baş vermiş dəhşətli Gəncə zəlzələsindən sonra gürcülərin şəhərə hücumuna və onsuz da yerlə-yeksan olan şəhərin amansızcasına yağmalanmasına bənzətmişdir (məlumdur ki, hazırda Gürcüstanıın Gelati monastrında saxlanılan, 1063-cü ildə usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmış məşhur Gəncə qapıları da həmin yağma zamanı əsirlərin belində aparılmışdır).
Nizami Gəncəvi əsərlərinin tərcümə və nəşrindən bəhs etmişkən, bir arzunu da qeyd etmək yerinə düşərdi. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Nizamişünaslıq şöbəsi fəaliyyət göstərir. Sovet dövründə mövcud olmuş, sonra isə ləğv edilmiş şöbə 2014-cü ildə institutun direktoru akademik İsa Həbibbəylinin sərəncamı ilə fəaliyyətini bərpa etmiş və şöbənin elmi-tədqiqat işləri birbaşa Nizami irsinin öyrənilməsi ilə bağlıdır. AMEA-nın müxbir üzvü Nüşabə Araslının rəhbərlik etdiyi şöbədə Nizami Gəncəvi irsinin araşdırıcıları, müasir dövrün nizamişünas alimləri fəaliyyət göstərir. Yaxşı olardı ki, şairin irsi ilə bağlı nəşrlər yayımlanmadan öncə şöbəyə təqdim olunsun, müzakirə olunduqdan və tövsiyələr verildikdən sonra işıq üzü görsün. Və belə mötəbər nəşrlərin bir Azərbaycan və bir Türkiyə aliminin elmi redaktəsi ilə yayımlanması onun nüfuzunu və elmi sanbalını daha da artırmış olardı.
Sonda dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"sinin orijinaldan Türkiyə türkcəsinə tərcüməsi layihəsinin təşəbbüskarı və dəstəkçisi Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinə şairin irsini öyrənənlər adından təşəkkürümü bildirir, bu çətin və ağır zəhmət tələb edən məsuliyyətli və şərəfli işi öhdəsinə götürmüş Prof. Nimet Yıldırıma uğurlar arzılayıram.
"Ədəbiyyat qəzeti", 2025, 17 aprel