Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Üzeyir Hacıbəylinin missiyası... - Şahbaz Şamıoğlu

09-04-2025 [ 10:13 ] [ oxunub:29 ]
printerA+ | A-

Antik dövrün böyük alimi Arximed deyirdi ki, mənə bir dayaq nöqtəsi verin, dünyanı yerindən oynadım... Azərbaycan ədəbiyyatı və mədəniyyəti dünyası əsl həqiqətdə ən azı iki dəfə yerindən oynayıb; birinci dəfə 1850-ci illərdə M.F.Axundzadə milli ədəbiyyata yeni ədəbi növ və janrlar gətirəndə, ikinci dəfə 1908-ci ildə Üzeyir Hacıbəyli "Leyli və Məcnun" operasını yazanda. İlk dəfə məhz M.F.Axundzadə əlində olan "dayaq nöqtə"si ilə yol üstündəki bütün müqavimət qüvvələrini qıraraq ənənəvi başıdumanlı fərdi əhval-ruhiyyənin ifadəçisi olan ədəbiyyatın diqqətini ictimai dirilik məsələsinə yönəldə bildi. Və hər şey də elə buradan başlandı. Böyük yazıçı-filosofun səpdiyi toxumlar səmərəsiz qalmadı, ədəbi ardıcılları yetişdi, sələf-xələf xətti özünü doğrultdu, M.F.Axundzadədən başlanan ictimai fikir yolu H.Zərdabi, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Ə.Ağaoğlu, Ə.Hüseynzadə və b. tərəfindən davam və inkişaf etdirildi, ədəbi-mədəni düşüncə onların sayəsində çox əsrlərdən sonra ilk dəfə öz həqiqi missiyasını yerinə yetirməyə başladı və Azərbaycan milli hərəkatını dünyaya gətirdi. Azərbaycan milli hərəkatı da Azərbaycan Xalq Cümhuriyyətini doğurdu. Siyasi istiqlalçıların böyük mücadilələrinə dərin minnətdarlıq hissini ifadə etməklə onu vurğulayaq ki, millətin milli azadlıq mübarizəsinə hazırlığında ədəbiyyat adamlarının müstəsna rolu oldu. Müxtəlif ədəbi cərəyanları təmsil edən, hətta ayrı-ayrı dünyagörüşlərin daşıyıcıları olan yazıçılar millətin öz müqəddəratını təyin etməsi məsələsinə bu və ya digər şəkildə töhfələrini verdilər. Ədəbiyyat cəmiyyəti azadlığa hazırlamaq missiyasını uğurla yerinə yetirməyi bacardı. Azərbaycan yazıçıları bu baxımdan Şekspir, Milton, Volter, Russo, Monteskyö və onlarca başqa yazıçı və filosofların vaxtı ilə Qərbi Avropa cəmiyyətində oynadıqları rolu təkrarladılar. Təsadüfi deyildir ki, Əhməd Ağaoğlu ədəbiyyat və ictimai fikrin cəmiyyətin həyatındakı rolundan bəhs edərkən, ümumən Şərqdə milli hərəkatın məhz ədəbiyyat və ictimai fikrin bu yola düşdüyü gündən başladığını vurğulayaraq yazırdı ki, Volter və Jan Jak Russo yetişməsəydilər, "Bəşər Hüququ Bəyannaməsi" işıq üzü görərdimi? Zamanın yetişdirdiyi ədəbi proses Azərbaycanda məhz zamanın tələb etdiyi missiyanı gerçəkləşdirməyi bacardı. Mühacir alim Hüseyn Baykara özünün məşhur "Azərbaycanda yeniləşmə hərəkatı XIX əsr" əsərində yazırdı: "... Azərbaycan xalqının öz milli şüurunu dərk edərək müstəqil millət kimi bir dövlət halında yaşamağa başlamasının kökündə tarixin dərinliklərində sağlam təməllərinin olması dayanır. 28 may 1918-ci ildə elan edilən Azərbaycan İstiqlal Bəyannaməsi heç də təsadüfi bir əsər deyil və ya hər hansı bir şəxsin əsəri də deyil... Azərbaycan tarixinin çox önəmli hadisələrinə əsaslanır..." H.Baykaranın vurğuladığı sağlam təməlləri, önəmli hadisələri, əlbəttə, yaxın-uzaq tarixlə yanaşı, XX əsrin əvvəlləri Azərbaycanda cərəyan edən hadisələr kontekstində də qavramaq lazım gəlir. 

 

Azərbaycan milli hərəkatının formalaşmasında, millətin öz taleyini müəyyənləşdirməyə hazırlanmasında M.F.Axundzadədən üzübəriyə böyük fikir adamları içərisində, heç şübhəsiz ki, Üzeyir Hacıbəylinin müstəsna xidmətləri vardır. Yazıçı, musiqişünas, publisist, pedaqoq, jurnalist kimi çoxcəhətli fəaliyyəti ilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və mənəviyyatı tarixində xüsusi yeri olan Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin müstəqillik illərində yenidən və hərtərəfli araşdırılması günün aktual vəzifələrindəndir.

Üzeyir Hacıbəylinin XX əsrin əvvəllərində fəaliyyət göstərən dövri mətbuat orqanlarında açıq və gizli imzalarla dərc olunan yüzlərlə müxtəlif səpkili yazısı onun publisistikasının möhtəşəmliyindən xəbər verməkdədir. Müxtəlif illərdə "Həyat", "İrşad", "Tərəqqi", "İqbal", "Yeni İqbal" qəzetlərinin səhifələrində müntəzəm çıxış edən Ü.Hacıbəyli 1905-1909-cu illərdə daha çox Əhməd Ağaoğlu ilə əməkdaşlıq etmiş, onun təsis etdiyi qəzetlərdə aparıcı yazar olmuşdur. Onu dövrünün əsl söz sahibi kimi təsdiqləyən və məşhurlaşdıran "Filankəs" imzası ilə "Ordan-burdan" başlıqlı yazılarını Ə.Ağaoğlunun "İrşad" və "Tərəqqi" qəzetlərində dərc etdirmişdir. Ü.Hacıbəyli Ə.Ağaoğlunun qəzetlərinin qapadılması və onun İstanbula köçüb getməsindən sonra - 1912 və 1915-ci illərdə "İqbal" və "Yeni İqbal" qəzetlərində də "Filankəs" imzası ilə "Ordan-burdan" silsilə yazılarını davam etdirmişdir. Bütövlükdə Ü.Hacıbəylinin publisistikası mövzu və mündəricə baxımından kifayət qədər rəngarəngdir; onun publisist kimi düşüncələrini bir rəsmdə ifadə etmək mümkün olsaydı, XX əsrin əvvəllərindəki narahatlıqlarla dolu Azərbaycanın gerçək tablosu alınardı. Ü.Hacıbəylinin ən müxtəlif janrlı əsərlərini - məqalələrini, felyetonlarını, hekayələrini, komediyalarını birləşdirən bir xətt mövcuddur; onun bütün yazılarının leytmotivini Azərbaycan məsələsi təşkil edir.

Ü.Hacıbəylinin zəngin irsində resenziyalar mühüm yer tutur. Ədibin həyat və yaradıcılığının mahir tədqiqatçısı Mirabbas Aslanov 1985-ci ildə Ü.Hacıbəylinin seçilmiş əsərlərini çapa hazırlayarkən müəllifin "İkinci il", "Zənbur" jurnalı", "Yeni məktəb", "Vətən dili" və "Tənqid əvəzinə" resenziyalarını təqdim etmişdir və biz həmin mənbəyə istinad edirik. Burada ədibin ancaq ""Zənbur" jurnalı" resenziyası üzərində dayanacağıq. Resenziya "Tərəqqi" qəzetinin 24 avqust 1909-cu il tarixli 190-cı sayında dərc edilmişdir.

""Zənbur" jurnalı" resenziyası adıçəkilən jurnalın nömrələrindən birinin üz qabığında Əhməd Ağaoğlunun karikaturasının verilməsinə Ü.Hacıbəylinin kəskin etirazı fonunda hazırlansa da, yazıda həm də ədibin XX əsrin əvvəllərində Azərbaycanda bəzi pərdələnmiş şəxslərin milli tərəqqi əleyhinə yönəlmiş məqsədyönlü fəaliyyətinə münasibəti ifadə olunmuşdur. Ü.Hacıbəyli həmin məsələ kontekstində satirik mətbuat orqanları və onların vəzifələri, şəxsi toxunulmazlıq hüququ, şərəf və ləyaqətin qorunması və s. ilə bağlı düşüncələrini də qələmə almışdır.

Ü.Hacıbəyli bu qənaətdə idi ki, milli-mədəni tərəqqi ilə bağlı bütün təşəbbüslərin elə beşiyindəcə boğulmasının səbəblərindən biri bəzilərinin mübarizə meydanına millətpərəstlik maskası altında daxil olub, özlərinin mənafelərini güdmələri ilə bağlıdır. Belələri öz əməlləri ilə çarizmin müasirləşmə əleyhinə yeritdiyi məqsədyönlü siyasətə, eləcə də hər cür yeniliyin ağzına daş basan konservativ düşüncə tərzinə malik qüvvələrə dəstək verirdilər. Bu qüvvələr daha qorxulu idilər; onlar millətpərəstlik maskası altında əllərində olan resurslardan, konkret halda mətbuat orqanlarından istifadə edərək dövrün qabaqcıl şəxslərini, fikir adamlarını qaralamaq, onları cəmiyyətin gözündən salmaq yolunu tutmuşdular. Üzeyir Hacıbəyli belələrini saf niyyətləri və ibadəti pozan müfsidlərlə eyniləşdirirdi: "Bizim hər bir xeyir işimizi, hər bir nəfli və tərəqqimizə xidmət edəcək təşəbbüslərimizi ibtidadan boğub puç etməklə, bir qədəm irəli, iki qədəm geri qoymağımıza başlıca səbəb aramızda olan bəzi müfsidlərin meydani-mücahidəyə millətpərəstlik maskası altında qərəzi-şəxsi və mənfəəti-xüsusilərini yeritmələridir".

Ü.Hacıbəyli "Zənbur" satirik jurnalı yarananda ona bəslənilən ümidlərin bir qədər sonra puça çıxdığını yazır və bunun səbəblərini söyləyir. Jurnalın başında "intelligent və ürəfa qismindən hesab olunan" doktor Əbdülxalıq Axundov dayansa da, "Zənbur"un məqsədi heç də xalqa xidmət etmək olmamışdır, "...bəlkə bu ünvan altında gizlənib də öz qərəzi-şəxsisini yeritməklə, müqəddəs qələmi ehtiramdan salmaq və mətbuatı xalq nəzərində palçıqlamaq imiş". Ü.Hacıbəyli "qələmi ehtiramdan salmaq və mətbuatı xalq nəzərində palçıqlamaq" deyəndə, əslində dünya jurnalistikasında bu gün də dönmədən əməl olunan beynəlxalq doktrinaların "Zənbur" tərəfindən pozulmasından bəhs edirdi. "Zənbur"da Ə.Ağaoğlunun karikaturasının verilməsinə Ü.Hacıbəylinin kəskin etirazı yalnız öz əqidə dostunu müdafiə etməklə bitmirdi. O, "Zənbur"u mətbuatın funksiya və prinsiplərini açıq-aşkar pozmaqda, insan ləyaqətini alçaltmaqda ittiham edirdi: "Haman jurnal qərəzi-şəxsi oxunu bizim qəzetin müdiri Əhməd bəy Ağayev cənablarına dəxi tuş edib, bu axırkı nömrəsində jurnalın üz səhifəsində müdirimizi nalayiq surətlərdə çəkibdir". Ü.Hacıbəyli "Zənbur"u fikir azadlığından öz çirkin məqsədləri üçün sui-istifadə etdiyinə görə qınayırdı: "Məzhəkənəvis jurnallar, zatən, hər bir kəsi hər bir tövrdə çəkməyə muxtardırlar. Buna bir sözümüz yox, lakin bir şəxsi özgə jurnallarda çəkməyə mənafeyi-ümumi nöqteyi-nəzərincə bir bəhanə, bir səbəb lazımdır". Ü.Hacıbəylinin fikrincə, jurnalda o adamın şəklini çəkərlər ki, onun gördüyü işlər, tutduğu yol və məslək ümumi camaatın mənafeyinə, hüququna, tərəqqisinə zidd və müxalifdir: "Əcaba, Əhməd bəy nə iş görübdür və nə iş görür ki, ondan camaata zərər gəlsin? Əhməd bəyin qəbahəti nədir?" Ü.Hacıbəyli yaxşı bilirdi ki, Ə.Ağaoğlu məhz xalqın mənafeyinə, tərəqqisinə, hüquqlarına zidd olanlara müxalifdir. Ə.Ağaoğlunun "qəbahəti" əslində onun əqidəsinə bağlı bir məsələ idi. Ə.Ağaoğlunun "günah"i "irşad"çı - "doğru yol göstərən" olması, "Tərəqqi"də milləti tərəqqi yoluna çəkməsində idi. Onun əqidəsi "yuxarı"ların siyasəti ilə daban-dabana zidd olduğu kimi, saxta millətpərəstlərin də işinə yaramırdı. Əqidəsinə zidd olan qüvvələrin hər biri ona qarşı öz çəkisinə, öz miqyasına uyğun mübarizə aparırdı; siyasi rejimin total  təzyiqləri ilə "Zənbur"dakı kimi, bəzi "milli məxluq"ların cılız qaralama və ləkələmə kampaniyası eyni məqsədə xidmət edir, biri digərini tamamlayırdı. 

Əgər sələfi M.F.Axundzadə müasirləşməyə gedən yola bütöv Şərqin modernləşməsi prosesinin tərkib hissəsi kimi baxırdısa, Ə.Ağaoğlu millətlə bağlı bütün məsələlərə ümumtürk kontekstində yanaşırdı və bu, onu XX yüzilliyin əvvəllərində Azərbaycanda ən müxtəlif zümrələrdə arzuolunmaz personaya çevirirdi. Ü.Hacıbəyli Ə.Ağaoğlunu fəaliyyətinin bütün spektrləri boyunca müdafiə edirdi. Bu müdafiə şəxsi simpatiyadan deyil, siyasi-tarixi proseslərə ədəbi-nəzəri düşüncənin yanaşmasından, ədəbi fikrin ampluasından qaynaqlanırdı. Bir az da dəqiqləşdirsək, Ü.Hacıbəyli ilə Ə.Ağaoğlunu bir araya gətirən, onları birləşdirən əslində biri digərini tamamlayan azərbaycançılıq və türkçülük ideyaları idi. Təxminən, bir əsr sonranın, indiki günlərimizin gerçəklikləri prizmasından baxanda XX əsrin əvvəllərindəki azərbaycançılıq və türkçülük hərəkatlarının millətin tarixi taleyi və diriliyində eyni dərəcədə oynadığı müstəsna əhəmiyyətli rolu tamamilə aydın qavramaq olur. Ü.Hacıbəyli bir tənqidçi-realist olaraq azərbaycançılıq ideyasının daşıyıcısı idi. Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, tənqidçi-realist yazıçıların mübarizəsinin əsaslarını məhz "azərbaycançılıq idealını ədəbi fikrin gündəminə daxil etmək, cümhuriyyətçilik ideyalarını diqqət mərkəzinə çəkmək, demokratik dəyərlər və respublika tipli dövlət quruluşu uğrunda mübarizə aparmaq" təşkil edirdi. Ə.Ağaoğlu isə nicatı türkçülükdə, türk birliyində görürdü, türkə həqarətlə baxanları, onu qəhr etməyə çalışanları ittiham edərək gələcəyin proqnozunu verirdi: "Fəqət sabah bu yeni iman daşıyan Türk uşaqları meydana atılacaqlar və İstanbuldan yüksələn bir səsə Bakıda, Səmərqənddə, Kaşğarda eyni dil və eyni vicdanla cavab veriləcəkdir". Ə.Ağaoğlunun nəzərində türk birliyinin ən mükəmməl düsturu belə idi: "Türklük bölünmə qəbul etməyən bir bütündür".

Ü.Hacıbəyli "Zənbur"un satirik mətbuatın təməl prinsiplərini pozmasını yolverilməz sayır,  məzhəkə və rişxəndin söyüş söymək, tərbiyəsiz sözlər işlətmək demək olmadığını vurğulayaraq, məzhəkənəvisin heç vaxt ədəb və tərbiyə dairəsindən çıxmamalı olduğunu yazır. Ü.Hacıbəyli sağlam gülüş tərəfdarı kimi çıxış edir və bu mənada sələfi M.F.Axundzadənin təlimini davam etdirir. M.F.Axundzadənin mövqeyinə görə, məsələn, pyesin məzmununda qətiyyən ədəbsiz sayılan keyfiyyətlər, sözlər və hərəkətlər olmamalıdır. Ü.Hacıbəyli diqqəti "Zənbur"un səhifələrinə yönəldir: "Halbuki "Zənbur" jurnalında bir məqalə çıxmayıbdır ki, ondan insan bir ləzzət anlasın, zövqü artsın. Məqalələrin hamısı dadsız, şit, insan oxuduqca əti tökülür..." Ü.Hacıbəyli tənqidçi-realist kimi cəmiyyətin mənəvi cəhətdən sağlamlaşdırılmasında tənqidin mühüm rolunu dərindən dərk edir. Onun zəngin bədii və publisistik irsinin leytmotivini sağlam tənqid təşkil edir, onun üçün satirik gülüş və sağlam tənqidin kriteriyası "Molla Nəsrəddin" jurnalıdır: "Möhtərəm "Molla Nəsrəddin" jurnalı tərəqqi və təalimizə mane olan bütün qəbahətləri ən gözəl ədibanə və ləzzətli, dadlı, duzlu sözləri ilə yazmaqla bütün xalqın, hətta ondan incik olanların dəxi məhbubəlqəlbi olubdur; çünki bu jurnal bir dənə olsun tərbiyəsiz və ədəbsiz sözü özünə rəva görmədi". Ü.Hacıbəyli "Zənbur"un "Molla Nəsrəddin"i üzdə təqlid yolu ilə mollalara sataşmağı özünə qalxan edib, şəxsi qərəzi olanların ünvanına ədəbsiz sözlər yazmasını qətiyyən qəbul edə bilmir. "Bütün Quba camaatının cəhalət və zillətinə səbəb olan" Hacı Babanı kənarda qoyub Bakının tərəqqipərvər mollalarının ünvanına nalayiq ifadələr işlətməyi yolverilməz sayır və belə hesab edir ki, "bütün qələm sahiblərinin borcu millətin tərəqqisinə mane olan mollaları - zəmm və qədh etməklə, ədalət və mənafeyi-millət naminə olmaq üzrə; tərəqqiyə çalışan mollaları dəxi müraat və müdafiə etməkdir, onların arzusunu gözləməkdir".

Resenziyanın sonluğundakı emosional çalar - "Yazıq qələm, yazıq oxucular, yazıq ədəbiyyat ki, tərbiyəsizlər əlinə düşübdür! Nifrət, nifrət olsun müqəddəs qələmi qərəzi-şəxsi aləti edənlərə, nifrət" - əslində iyirmi dörd yaşlı Ü.Hacıbəylinin zamanın bulanıq tərəfinə kəskin ironiyası ilə bağlıdır.  

""Zənbur" jurnalı" Ü.Hacıbəylinin yaradıcılıq irsinin dəyərli nümunələrindəndir. Ü.Hacıbəyli Ə.Ağaoğlunun timsalında millətin tərəqqisi uğrunda mübarizə aparan Azərbaycan ziyalılarının, eləcə də ədəbi məktəb yaratmış "Molla Nəsrəddin"in sağlam gülüş və tənqidlə bağlı mövqeyini müdafiə edir. Yazı XX əsrin əvvəlləri Azərbaycanda mədəni-mənəvi məsələlərə münasibət baxımından dəyərlidir.

SİZƏ MARAQLI OLA BİLƏR