Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbiyyat İnstitutunun dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib. Tədbirdə Ədəbiyyat İnstitutunun alimləri, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva, Elektron xidmətlər şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva, həmçinin təcrübəçi tələbələr də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan institutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli Ədəbiyyat İnstitutunun dünəni, bu
günü və sabahı haqqında geniş məlumat verib. Bildirib ki, Ədəbiyyat İnstitutunun elm tariximizdəki yerinə həsr olunmuş tədbirdə dörd ali təhsil
ocağının tələbələri iştirak edir. Həm XX əsr boyu, həm də müasir dövrdə ədəbiyyatşünaslıq elminin inkişafında Ədəbiyyat İnstitutunun böyük rolu olduğunu deyən Mehman Həsənli, tələbələrin belə bir elm ocağında olmasını onların həyatında əhəmiyyətli mərhələ kimi mənalandırıb.
Əlavə edib ki, 27 mart Elm günüdür. Bu günün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamı ilə təsis edildiyini vurğulayıb. Eyni zamanda Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladığını da xatırladıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatının ən qədim dövründən bu
gününə qədər hərtərəfli öyrənildiyini də diqqətə çatdırıb. Müxtəlif şöbələrdə ədəbiyyatın müxtəlif sahələri öyrənilməklə yanaşı, dünya və türk xalqlarına həsr olunmuş bir neçə Mərkəzin də açıldığını qeyd edib. Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin dəstəyi ilə çap olunmuş çoxsaylı nəşrlər haqqında məlumat verib. On cildlik Azərbaycan Ədəbiyyat tarixi, indiyədək 60 kitabı işıq üzü görən “Sənətkarın elmi pasportu”, üç dilddə hazırlanması nəzərdə tutulan Türk xalqları ədəbiyyatı tarixi, mühacirət ədəbiyyatına həsr edilmiş kitablar, çap olunmuş və hazırlanan ensiklopediyalar, AAK-ın tövsiyə etdiyi jurnallar sırasına daxil edilən üç akademik jurnal, istifadəyə verilməsi nəzərdə tutulan Ədəbiyyat İnstitutunun elektron kitabxanası və başqa işlər barəsində iştirakçıları məlumatlandırıb.
Tədbirdə filologiya elmləri doktorları, professorlar Ortaq başlanğıc və intibat dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri İmamverdi Həmidov və XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Asif Rüstəmli də Ədəbiyyat İnstitutunun yaradılması və keçdiyi inkişaf yolu mövzusunda çıxış ediblər.
İctimaiyyətlə əlaqələr şöbəsi