Erməni millətçiləri tarixin müxtəlif dövrlərində “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə azərbaycanlılara qarşı dəfələrlə etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirib. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında bolşevik Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin və “Daşnaksütun” partiyasının tabeliyində olan erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Bu tarixlərdə erməni silahlıları Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə silahsız xalqa dəhşətli faciələr yaşadıb. Təkcə, Bakıda törətdilən qırğınlarda 15 mindən çox azərbaycanlı qətlə yetirilib. Şamaxıya hücum zamanı 58 kənddə təxminən 7 min nəfər vəhşiliklə öldürülüb, onların 1653-ü qadın və 965-i uşaq olub. Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Şamaxıda 8 minə qədər, Qubada 6 min, Salyanda 2 mindən çox adam öldürülüb. Digər rayonlarda törədilən qırğınlarda öldürülən insanların sayı dəqiq bilinmir. Hücumlar zamanı üzlərlə kənd, mədəniyyət abidələri, tarixi yerlər tamamilə məhv edilib.
1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə də 1919-cu və 1920-ci illərdə 31 Mart Ümummilli Matəm Günü kimi qeyd edilib.
Tarixi hadisələr zaman-zaman ədəbiyyata, incəsənətə də mövzu olub. 1918-ci il Mart faciəsinin şahidləri olan Üzeyir Hacıbəyov, Məhəmməd Hadi, Mirzə Bala Məhəmmədzadə, İbrahim Xəlil və digər ziyalıların müxtəlif səpkili əsərləri məlumdur. Hələ XX əsrin əvvəllərində milli mətbuatda “erməni məsələsi”nə yer verən Azərbaycan Türk aydınları (Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Yusif Talıbzadə, M.Səid Ordubadi və b.) yazırdılar ki, “erməni məsələsi” Qərbin və Rusiyanın oyunudur. Milli aydınımız Əli bəy Hüseynzadə hesab edirdi ki, ermənilər Qərbin və Rusiyanın oyununun bir parçasına çevrilib. O, üzünü ermənilərə və onların havadarlarına tutaraq yazırdı: “Xeyir sizi qorxudan ittihad və ittifaq degildir!.. Bu zatən min üç yüz sənədən bəri mövcuddur. Qəribədir aranızdakı qitalın nədəni cəhalət, qəflət və zəlalət olduğu mühəqqəq ikən, ermənilərin əksəriyətincə dəxi mühəqqəq ikən, siz hər nədənsə aləmi-İslamın ittihadından degil, xabi-qəflətdən oyanıb, yeniləşməgə və maarifə sülukindən qorxursunuz!”.
Tarixi mənbələrdə sırf 31 mart hadisələrinə dair dövrün ədəbiyyat və siyasət adamlarının məqalələrində, publisistik yazılarında maraqlı faktlara rast gəlmək mümkündür. O faciəvi günü Məmməd Əmin Rəsulzadə “Unudulmaz faciə” adlı məqaləsində belə xatırlayır: “...Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmaz. 31 mart ikinci günlərdən idi. O gün, o qətl, o öldürüş bizə, biz türklərə bağlanmış idi. O gün biz müsəlmanlara elani-hərb eləmişlərdi”.
Nəriman Nərimanov Şamaxı qırğını haqqında bunları yazırdı: “Əvvəllər Bakıda olan T.Əmirov və S.Lalayevin silahlı dəstələri yaşından və cinsindən asılı olmayaraq bütün azərbaycanlıları məscidlərdə qətlə yetirərək yandırdılar”.
1918-ci ilin 31 martına qədər olan əhval-ruhiyyəni də Əhməd bəy Ağaoğlu “Bakı hadisələri haqqında həqiqət” sərlövhəli məqaləsində çox geniş və ətraflı təsvir edir: “Bakı qırğını ətrafında təşkil olunmuş təbliğat bütün gözlənilən hədləri aşıb keçmişdir. Yalnız bizim rus mətbuatı deyil, əcnəbi mətbuat da hər gün ən qərəzli, kobud və misli-bərabəri görünməmiş məqalə və xəbərlərlə, “işıqlandırılan” və “aydınlaşdırılan” yazılarla doldurulurdu. Təbliğata rəhbərlik edən “bacarıqlı əllər” bütün vasitələrdən istifadə edərək, nə yolla olursa-olsun, müsəlmanları başkəsənlər və soyğunçular kimi qələmə verməkdə idi. Qırğından bir neçə həftə əvvəl şəhərdə həyəcan və təşviş doğuran şayiələr dolaşmağa başladı. Şayiələr isə günü-gündən daha da geniş yayılaraq artıq həqiqi təşviş doğururdu. Camaat arasında gəzən şayiələrdə bunu iki erməninin - zənginlərdən Balabəy Lazarevlə Çaxmaqsazovun iblisanə əməlləri ilə əlaqələndirirdilər. Doğrudan da ermənilərlə müsəlmanlar arasında qırğın başlandı. Əvvəlcə bir erməni bir müsəlmanı öldürdü. Müsəlmanlar həmin ermənini təqib etməyə başladılar. O isə daha bir müsəlmanı öldürdü, bir başqasını yaraladı və açıq şəkildə bildirdi ki, bundan sonra yenə də müsəlman öldürmək fikrindədir. Bundan sonra bir müsəlman qatil ermənini güdərək başından böyük sözlərinə görə onu qətlə yetirdi. Ermənilər bu öldürülən üçün təntənəli dəfn mərasimi düzəldib qəbiristanlıqda nitqlər söylədilər, ailəsi üçün böyük məbləğdə pul topladılar. Qətli törədən müsəlman həbs olundu. O, istintaq kamerasından qazamata aparıldığı zaman yolda konvoydakı erməni əsgərlər tərəfindən öldürüldü. Deyirdilər ki, Lalayev bu əsgərləri pulla ələ alıbmış. Onlar məhbusu erməninin heyfini almaq üçün öldürmüşdülər”.
Bu mövzuda ilk bədii əsər kimi, yəqin ki, Cəfər Cabbarlının 1918-ci ildə baş verən Bakı soyqırımına həsr etdiyi “Bakı müharibəsi” əsərinin adını çəkmək olar. Lakin 1923-cü ildə Cəfər Cabbarlı bir istiqlalçı kimi öz dostları ilə birlikdə həbs olunanda onun evində axtarışlar aparılarkən bir sıra əsərləri kimi “Bakı müharibəsi” əsəri də müsadirə olunub. Təəssüf ki, bütün müsadirə olunan əsərləri kimi o da yox edilib və əsər kimi yazılı variantı heç bir yerdə qalmayıb. Amma əsərin proqramı qalıb və proqramdan aydın olur ki, əsərdə Bakıda baş verən qanlı hadisələr, erməni daşnaklarının azərbaycanlılara qarşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla, qəhrəman, xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılır. Hətta həmin faciə 1919-cu il sentyabr ayının 16-da Abbas Mirzə Şərifzadənin rəhbərliyi ilə “Türk ocağı”nda (Türk Dövlət Teatrı, digər mənbələrdə Azərbaycan Dövlət Teatrı) tamaşaya da qoyulub. Mətni məlum olmasa da, afişa və qəzet məlumatlarından aydın olur ki, Cəfər Cabbarlının “Bakı müharibəsi” adlı pyesi 5 pərdəli, 7 şəkilli dram əsəridir.
C.Cabbarlının eyni mövzuya həsr etdiyi digər dəyərli sənət əsəri onun “Əhməd və Qumru” hekayəsidir. Əsərin mövzusu əslən şamaxılı olan iki gəncin - Əhməd və Qumrunun saf və ülvi məhəbbətindən, şirin arzularından, bir-birilərinə layiq yüksək mənəviyyata malik insan olmaqlarından, mart faciəsinin bu günahsız şəxslərə gətirdiyi müsibətlərdən bəhs edir. Müəllif, valideynləri erməni quldurları tərəfindən qətlə yetirilmiş, evləri dağıdılmış Əhməd və Qumrunu “Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş”, “əti tökülmüş baş skeletinə bənzəyən möhtəşəm” İsmailiyyə binasının önündə dilənçi vəziyyətində qarşılaşdırır. Faciə və məhrumiyyətlərin məngənəsində tanınmaz hala düşmüş, “Yaralıyam, şikəstəm, Şamaxı əsiriyəm”, - yalvarışlarından bir-birini çətinliklə tanıyan iki sevgili görüşlərinə sevinsələr də, birbirini qucaqlamırlar, daha doğrusu, qucaqlaya bilmirlər. Çünki erməni barbarları onların qolunu kəsmişdir. Hekayə vəhşiliyə, barbarlığa, qəddarlığa qarşı oxucu qəzəbini, oxucu nifrətini ifadə etməklə yanaşı, haqqa, ədalətə rəğbət hissi aşılayır.
Həmin ildə bu mövzuya bir çox əsərlər həsr olunub. Hətta Cəfər Cabbarlının ən yaxın silahdaşlarından olan Mirzə Bala Məhəmmədzadənin də “Bakı uğrunda müharibə” adlı pyesi var olub. Məhz Mirzə Bala Məhəmmədzadə Bakı faciəsini ilk dəfə öz adı ilə - qətli-am - yəni ümumin qətli, soyqırımı adlandırıb, əsl caniləri adbaad göstərib. O yazırdı: “31 mart 1918-ci sənə. Bu gün... Bakımızda qanlar axıdılmış, evlər talanmış, atababalarımız şəhid düşmüş, ana-bacılarımız əsir edilmiş. Bu gün Bakı əhli kəndi yurdunda qətli-amə, əsarətə və məhkumiyyətə qalmışdır. Bu gün Bakının ətrafında axan neft çeşmələri qan çeşmələrinə mübəddəl olmuşdur. Bu gün Bakı sahilini yuyan Quzğun dəniz qan dənizinə çevrilmişdir. Bu gün şaumyanlar, suxartsyevlər... oyanmış türk mənliyini... öldürmək üçün daşnak qüvvələrinə müraciətən unudulmayacaq qanlı günlər vücudə gətirmişdilər”.
Bu dəhşətli tarixi faciəyə nəsrlə yanaşı, nəzmlə də münasibət sərgilənib. Buna ən yaxşı nümunə kimi Məhəmməd Hadinin bu soyqırımına həsr etdiyi, 31 mart 1919-cu il çap edilən “Şühadeyi hürriyətimizin ərvahinə ithaf” (“Azərbaycan” qəzeti, № 147, 31 mart 1919) şeirini göstərmək olar:
Sizin məzariniz iştə qülubi-hürriyətdir,
Bu sözlərim ürəgimdən qopan həqiqətdir,
Sizi unutmayacaq şanlı millətim əsla,
Əmin olun buna, ey ziynəti cəhani-fəna.
Əlbəttə ki, soyqırım faktlarının ehtiva olunduğu məxəzlər bu gün ən ciddi ədəbi qaynaq sayılır. Bu müstəvidə iki əsər xüsusilə seçilir: Məmməd Səid Ordubadinin “Qanlı sənələr” və Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərləri. Və bəlkə də tarixi gerçəkləri ifadə etmək baxımından tarixin bir parçasına çevrilir. Hər halda törədilən faciə o qədər tükürpədici və amansız hadisələrlə zəngindir ki, yazıçı təxəyyülünə yer qalmır.
Məmməd Səid Ordubadinin “Qanlı sənələr” əsərində erməni-müsəlman davasının tarixi aspektləri
XX əsr Azərbaycan nəsrinin formalaşmasında böyük rolu olan yazıçı Məmməd Səid Ordubadi “Qanlı Sənələr” tarixi əsərini 1908-ci ildə yazıb başa çatdırmış, əsər ilk dəfə onun «Tazə həyat» qəzeti vasitəsilə millətin sərvət sahiblərinə müraciətindən sonra Bakı milyonçu-xeyriyyəçisi Murtuza Muxtarovun maddi yardımı ilə 1911-ci ildə nəşr olunmuşdur.
XX əsrin əvvəllərində baş vermiş erməni-müsəlman davasının müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsviri XX əsrin əvvəllərində erməni terrorçularının törətdiyi cinayətlərin məzmunu və gedişi haqqında geniş təsəvvür yaradır.
Məlumdur ki, XX əsrin əvvəllərində Qarabağda azərbaycanlı əhaliyə qarşı ermənilər tərəfindən kütləvi qırğınlar törədilmiş, dinc əhaliyə divan tutulmuşdur. Məmməd Səid Ordubadinin qələmə aldığı hər fakt, hər detal çağın gerçəklərini dərk etməkdə, erməni havadarlarının iç üzünü tanımaqda tarixi məxəz rolunu oynayır. M.S.Ordubadi “Qanlı sənələr” əsərində Şuşada baş verən hadisələrlə bağlı yazır: “1905-ci il avqust ayının 8-də gecə saat iki radələrində ermənilər küçədə şəhər fanarlarını yandıran Kərbalayı Məmmədhüseyin adlı müsəlmanı xəncərlə doğrayıb vəhşicəsinə öldürməklə ermənilərlə müsəlmanlar arasında yeni münaqişə toxumları səpdilər”.
“Qanlı sənələr” əsərində erməni hiyləsi və qurnazlığı, bu üzdəniraq xalqın, nəyin bahasına olursa-olsun, türkü yer üzündən silmək, məhv etmək istəyi, bu yolda həyata keçirdiyi fitnə-fəsadları incə detallarla sərgilənir. Ordubadinin təhkiyəsinin əsas özəlliklərindən biri əsərdə təsvir olunan hadisələrin reallığa söykənməsi, gerçək həyatı əks etdirməsidir: “Avqust ayının 17-də daşnak ermənilər “Köçərli məhəlləsində 8 evi yandırıb əhalisini qətlə yetirdilər. Xəlfəli adlanan məhəllədə 10 evin müsəlmanlarının qətl-qəraət edilməsi xəbəri kədərli bir surətdə yetişdi. Qəddar erməni daşnaklarının belə təcavüz və ədalarını görən islam cavanları artıq ruhani və rəislərinin nəsihətlərinə baxmayıb ermənilərə qarşı ümumi hücuma başlayırlar. Ermənilər Port-Artur misalında olan səngərlərini daha saxlaya bilməyib boşaltmağa məcbur oldular… Avqustun 18-də daşnak ermənilər dağılmış qüvvələrini bərpa edib yenidən müharibəyə girişdilər… Ermənilər çox təlaş edib keçən günün təlaşını çıxmaq istəsələr də ağır təlafata məruz qalaraq öz hissələrini müsəlmanlara verdilər”.
“Qanlı sənələr” əsərində yazıçı Şuşada törədilən qanlı toqquşmaları geniş təsvir etmiş, rus kazakları və rus piyada birliyinin, eləcə də erməni daşnaklarının əlbir olub azərbaycanlı evlərinə basqınlar təşkil etməsini, ancaq azərbaycanlıların müdafiəsi qarşısında geri çəkilməyə məcbur olmasını bildirmişdir: “Daşnak erməniləri başladıqları müharibədə məğlub olduqlarını görüb hiyləyə əl atmağa başladılar. Avqustun 19-da erməni arximandriti və qubernator Baranovski məscidin həyətinə gələrək, müsəlmanlara yalvarmağa başladı: “Amandı müsəlmanlar Şuşada ermənilər müqəssir olsalar da, daha erməni qalmadı. İndi bir ovuc əlsiz – ayaqsız erməni qalıbdır, onlara rəhm ediniz!” deyib, ağlaya-ağlaya sülh təklif etdi. Müsəlmanlar sülh sözünü eşidən kimi güllə atmağı dayandırıb sakit oldular. Ermənilər isə evə qayıdan qubernatoru atəşə tutdular.
Daşnaklar realnı məktəbin təmirində işləyən 17 nəfər iranlı fəhlənin başını kəsmişdilər. Beləliklə 1905-ci il avqustun 16-da başlayan müharibə, avqustun 21-də sülh elan edilməsi ilə başa çatdı. Bu müharibədə yüzlərlə azərbaycanlı qətlə yetirilmişdi”.
Ordubadinin əsərində diqqət çəkən digər məqam general Qoloşşapa münasibətdir. Onun müsəlmanlara nifrəti, terror hadisələrində ermənilərə kömək göstərməsini yazıçı xüsusi vurğulamış, bu rus generalının qəddarlığını tarixin yaddaşına köçürmüşdür: “Qoloşşapovun müsəlmanlara iblis münasibəti bəslədiyini anlayan ermənilər hər an bir bəhanə axtarırdılar ki, generalı müsəlmanların üstünə qaldırsınlar. 1906-cı ilin iyul ayının 12-də bir neçə gün bundan qabaq ölmüş bir erməninin meyitini generala nişan verib, “budur bu saat sənin qonşuluğunda müsəlmanlar qətlə yetirmişlər” deməklə, onsuz da bəhanə axtaran general Qoloşşapov dərinə getməyib, Köçərli məhəlləsini topa tutmaq əmrini vermişdir. Bunun ardından Kazak dəstələri ilə birlikdə 10.000-ə qədər daşnak dəstələri azərbaycanlılara qarşı hücuma keçdilər.
Dava başlayanda ermənilərə və ruslara qarşı vuruşan ancaq Qalada yaşayan müsəlman igidləri və cavanları idi. Onlara yalnız 3 gündən sonra kömək gəlmişdi.
Ruslar və ermənilər qarşılarına çıxan insanları güllələyir, onları ölmüş halda ya da diri-diri alova atıb yandırırdılar. Şuşada toplardan açılan atəş nəticəsində minlərlə ev dağıdılmış, yüzlərlə insan qətlə yetirilmişdir”.
“Qanlı sənələr” 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi aspektlərini öyrənməyə imkan verən aktual bir əsərdir və bu gün də milli yaddaş problemlərimizin çözümü və məsələlərə yaradıcı münasibətin öyrənilməsi baxımından mühüm ictimai-tarixi əhəmiyyət daşıyır.
Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində erməni vəhşiliklərinin apokaliptik mənzərəsi
Mir Möhsün Nəvvabın son dövrdə aşkarlanaraq ilk dəfə 1993-cü ildə nəşr edilmiş "1905-1906 illərdə erməni-müsəlman davası" kitabı müəllifin yaşadığı dövrün mürəkkəb və kəşməkeşli hadisələrə fəal vətəndaş mövqeyini əks etdirməklə yanaşı, onun vətənpərvər ədib obrazını ifadə edən mətn kimi qiymətlidir. "Təvarixi-rəzm və şurişi-taifeyi-əraməniyyeyi-Qafqaz ba firqeyi-müsəlmanan" ("Qafqaz erməniləri tayfasının müsəlmanlarla savaş və iğtişaş tarixləri") adlandırdığı bu kitabı Nəvvab real faktlar əsasında qələmə almış, ermənilərin 1905-1906-cı illərdə xalqımıza qarşı törətdiyi vəhşilik və cinayət əməllərini, mənfur niyyətlərini tam gerçəkliyi ilə əks etdirmişdir.
Türkcə qələmə aldığı bu əsərinin əvvəlində müəllif Şuşa qalasının Pənah xan tərəfindən inşa edilməsi və onun varisi İbrahim Xəlil xanın başına gətirilən müsibətlər haqqında qısa bilgilər verir, sonra isə erməni-müsəlman davasının tarixçəsinə nəzər salır. Yazıçı hadisələrin başlanğıc məqamına diqqət yönəldərək yazır: “Ermənilər təpədən dırnağa qədər silahlandırılırdı. Erməni daşnaklar müsəlmanlarda olan silahı ələ keçirmək üçün belə bir hiylə işlətmişlər. Tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata satılırdısa, 30 manata alırdılar. Nəticədə müsəlmanlarda olan silahların ermənilər tərəfindən belə baha qiymətə alınması, müsəlmanların evlərində nə qədər silah sursat var idisə, tamamən ermənilərin əlinə keçməsinə səbəb oldu”.
16 avqust 1905-ci ildə ermənilərin Şuşada yenidən hücumu ilə bağlı M.M.Nəvvab tükürpədici faktlar qələmə almışdır: “Erməni qımdatları dəstə-dəstə olub bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Yuxarı Xəlifəli qapısına, başqa bir dəstə isə meydana tərəf getdilər. Qalan ermənilər isə səngərlərə doldular… Köçərli məhəlləsinə gedən dəstənin içərisində bu məhəllədən olan Çopur bəyin oğlu və Kolya adlı iki erməni 90 yaşlı Abbas bəyi, onun yeganə oğlunu, qardaşı oğlunu dilə tutaraq siz bizim qonşumuzsunuz, sizinlə işimiz yoxdur deyib eşiyə çağıraraq güllələmişlər, evlərinə və meyidlərə neft töküb yandırmışlar”.
Mir Möhsün Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsəri törədilən cinayətin, azərbaycanlıların başına gətirilən amansız müsibətin çalarlarını geniş əks etdirən əsərdir. Baş verən fəci proseslərin ictimai-sosial mühitdə doğurduğu əks-sədalar, insanların mənəvi-psixoloji aləmindəki buraxdığı dərin izlər, ağrı-acıların yüksək estetik çalarlarla təsviri yazıçı müşahidəsinin itiliyindən xəbər verir. Nəvvab 1905-1906-cı illər hadisəsindən bəhs edən əsərində daşnak terror birləşmələrinin Qarabağın müxtəlif rayonlarında həyata keçirdikləri kütləvi basqın, soyqırım, qarət faktı ilə bağlı önəmli məlumatlar açıqlayır. Şuşada azərbaycanlılar yaşayan evlərin top atəşinə tutulması, basqın və talanlar, yandırılan evlər, insanlara tutulan divanlar, başı kəsilən insanlar, südəmər körpələrin divarlara çırpılıb param-parça edilməsi, bir sözlə, tarixdə misli görünməmiş türk qətliamı.
Məmməd Səid Ordubadi kimi Mir Möhsün Nəvvab da müsəlmanların öldürülməsində Rusiya tərəfindən Qarabağa və Şuşa uyezdinə təyin edilən generalların da fəal iştirak etdiyini qeyd edir: “Bunlardan general Qoloşşapov daha qəddar idi. Qoloşşapov Şuşaya gələn kimi ermənilər məhəlləsində milliyyətcə erməni olan duma qalavası Kiki Kələntərovun hazırladığı iqamətgaha yerləşdirildi. Hər gecə Kiki Kələntərovun başçılığı ilə, ermənilərin hesabına general Qoloşşapovun mənzilində kef məclisləri qurulur. Kələntərovun seçdiyi və generalın qulluğuna təyin etdiyi 2-3 nəfər xoşsurət erməni qızları gecə-gündüz ona xidmət edirdilər. Bir gecə erməni Kələntərov Qoloşşapova 10.000 rubl rüşvət verərək, erməni-müsəlman davasında rusların onlara açıq surətdə kömək etməsini generaldan xahiş etdi. Qoloşşapovun tədbiri ilə ətraf kəndlərdən, İrəvandan, Gəncədən və başqa yerlərdən 7.000 erməni silahlıları, 850 nəfər rus kazakları, neçə min Qalada (Şuşada) olan erməni, eləcə də 11 top və topxana səfərbər edilmişdi”.
Əsərdə Şuşa od içində təsvir edilir. Su yerinə axan qanlar, yandırılan evlər, məscidlər, insanlar, ah-nalə səslərinin göyə bülənd olduğu əzablı şəhər. Qəddarlığın son həddini yaşayan Şuşa tarixin növbəti sınağının ən ağırı ilə üz-üzə qalmalı olur. Nəvvab od içində qalan Şuşanın tarixi mənzərəsini belə canlandırır:
- “O evin ətrafında qəbristanadək od vurdular. Külək vasitəsilə ətraf evlərdən Cəmşid bəyin evinə də od düşüb yandı. Bəhram bəy və Qriqor bəyin evləri də alovların cənginə keçdi”;
- “Müsəlman səngərlərinin qarşısında olan həmin evlərin divarların linglə deşib içəri daxil olub, od vurub yandırdılar”;
- “Evlərə düşmüş yanğın artıq gəlib Təzə kilsənin ətrafına çatmışdı”;
- “Yanan evin və dükanların alovu və tüstüsü kəhkəşana yetişmişdi. Həmin günün gecəsi yanan evlərin işığına neçə mil məsafədə kağız yazıb oxumaq mümkün idi”;
- “Ərşə qalxan alov ətraf kəndlərdən və qayalardan görünürdü”;
- “Xüsusən taxtalarla dolu olan bir neçə dükanın alovu fələyin yanına qalxmışdı. Belə ki, həmin dükanların alovu dörd ağac məsafədən görünürmüş. Kərgicahan kəndinin adamları deyirdi ki, həmin gün yanğın vaxtında saysız – hesabsız yarım yanmış kağızlar dalbadal kəndin üstünə tökülürdü”.
Nəvvab əsərində sanki apokaliptik bir mənzərə yaradır. Miqyasına görə hüdudsuz şəkil alan alov, atəş, yanğının göz önündə vizuallaşması üçün gərəkli təfərrüatlara varır. Hadisələrdəki gerçəklik effektinin lazımı şəkildə ötürülməsi baxımından bu cür təfərrüatların rolu əlbəttə ki, çox böyükdür. Bu, hər şeydən əvvəl yazıçının öz içindəki can yanğısının nümunəsi kimi təcəssümlənir. Gələcək üçün isə tutarlı, dəyərli tarixi məxəz olaraq səciyyəvilik qazanır.
Elnarə Akimova,
YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda şöbə müdiri